I Avropa Oyunları yalnız geosiyasi yox, həm də ciddi iqtisadi önəm daşıyır
Tarix: 08.05.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “İqtisadiyyatımızın inkişaf səviyyəsi Avropa tarixində yeni bir mərhələni başlatmağımıza imkan verdi”

Ölkəmiz I Avropa Oyunları kimi möhtəşəm idman yarışlarını təşkil edəcək. Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, bəzi hallarda sadəcə xərclər cari gəlirlərlə müqayisə edilir. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır.

Bu baxımdan bizə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanması mümkün olacaq: “Bizim apardığımız ekonometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır. I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin Azərbaycanda makroiqtisadi göstəricilərin və o cümlədən, makroiqtisadi dayanıqlı stabilliyin qorunmasına birbaşa təsiri var. Əvvəlla, sözügedən Oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makrostabillik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif sub-sektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. İkincisi, I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi maliyyə stabilliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirəcək və bu isə o deməkdir ki, dönərli valyuta bolluğu formalaşacaq. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacibdir. Artıq Bakıda turistlərin sayında artımlar müşahidə edilməkdədir. Bizim apardığımız monitorinqlər göstərir ki, manata tələbatın artması və valyutadəyişmə məntəqələrində daha çox dollar və avro təklif edilməsi müşahidə edilməkdədir. Bu isə Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Nəticədə, dövlət rezervlərinin milli valyutanın stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalacaq. Bu isə dövlət ehtiyatlarının artmasına zəmin yaradacaq. Üçüncüsü, mövcud infrastrukturun inkişafı eyni zamanda xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir”.

İnfrastrukturun yenilənməsi və genişlənməsi
ölkəmizin rəqabət
qabiliyyətini artıracaq


Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir: “İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək. İlk Avropa Oyunları aspektindən infrastrukturun daha da genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artıracaq. Bu isə ölkəmizin xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərəcək. Xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. I Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər sadəcə qısamüddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək. Deməli, növbəti illərdə çox cüzi xərclərlə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə I Avropa Oyunlarının əsas strateji iqtisadi üstünlüyüdür. Bu Oyunların təşkilinə xərclənən vəsait uzun müddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin”.

Xüsusilə xidmət, nəqliyyat, bank sektoru gəlir
qazanacaq


Nəzərə alsaq ki, Oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Ekspert qeyd edir ki, yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var: “Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Turistlərin Azərbaycanda olmasından, xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq”.
Əslində, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən ən çox qazanan sahə kimi qiymətləndirilir. Ekspertin fkrincə, turizm sektoru I Avropa Oyunlarının təşkilindən ən çox faydalanan sahələrdəndir: “Turizm üçün sözügedən Oyunların təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverilşlidir. Əvvəlla, I Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər edəcək. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Bu o deməkdir ki, Oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına ən azı 2000 dollar sərmayə yönəldəcək. Bu isə o deməkdir ki, turizm sektoru Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə biləcək. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmayacaq, daha geniş miqyası əhatə edəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalanır və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə biləcək”.
Oyunların keçirilməsindən udan həm də kiçik və orta sahibkarlıqdır

Bu möhtəşəm Oyunların keçirilməsindən iqtisadi baxımdan təbii ki, udan tərəflərdən biri də kiçik və orta sahibkarlıqdır: “I Avropa Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb artacaq. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla, çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artması demək olacaq. Hətta taksi sürücüləri də I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin müsbət iqtisadi təsirlərini hiss edəcəklər. Turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönələcək. Bir məsələyə də diqqəti cəlb etmək istərdim ki, Oyunların təşkili ilə bağlı ayrılan vəsaitlər çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi məhz yerli kiçik və orta sahibkarlar tərəfindən həyata keçirilib. Bu isə o deməkdir ki, sahibkarlarımız hətta oyunlar təşkil edilənədək I Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən iqtisadi xeyir əldə edə biliblər. Eyni zamanda Oyunların ölkəmizdə keçirilməsi bir qismi daimi olmaq şərti ilə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu isə məşğulluğun müdafiəsi baxımdan olduqca əhəmiyyətli məqamdır”.
Yeni infrastruktur digər möhtəşəm yarışların cüzi xərclə təşkilinə və ciddi dvidendlərə imkan yaradacaq
Əslində, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan ibarətdir ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq: “Bircə faktı qeyd etmək lazımdır ki, artıq ölkəmiz bir neçə möhtəşəm yarışa ev sahibliyi etməklə bağlı razılıq əldə edəcək. Azərbaycan “Formula 1”, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizə yenidən çoxlu sayda turistlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu Oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz I Avropa Oyunlarını keçirməklə əslində strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabiliyyətini artırır və bu da sərmayə qoyuluşlarının çoxalması baxımından vacibdir”.
Oyunların keçirilməsinin həm də çoxlu sosial üstünlükləri var
I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri var: “Əvvəlla, bu Oyunların təşkil edilməsi ölkəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait isə birbaşa sahibkarların, işçilərin faydalanmasına səbəb olacaq. Deməli, gəlirlər artacaq. İkincisi, yeni xərcləmələr dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq. Deməli, büdcə sosial öhdəliklərə müsbət təsir göstərəcək. Üçüncüsü, ölkəmizə gələcək turistlərin yalnız paytaxtda deyil, eyni zamanda regionlara getməsinin gözlənilməsi və məhz orada əhalinin müxtəlif xidmətlərindən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyi deməkdir. Dördüncüsü, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək yeni təşəbbüslərin reallaşmasına imkan verəcək. Bu isə növbəti illərin dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək.
I Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici faktdır”.
Ekspert düşünür ki, bu, eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. I Avropa Oyunlarının niyə ölkəmizdə təşkil edilməsinin isə bir cavabı var: “Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizin Avropa tarixində yeni bir mərhələni başlatmasına imkan verdi”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info