Monumentalist rəssamın dəzgah rəngkarlığı əsərləri
Tarix: 08.05.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


XX əsrin 60-cı illərində Azərbaycan təsviri sənətində bir sıra gənc rəssamlar yaratdıqları sənət nümunələr ilə diqqəti cəlb etmişdilər. Belə sənətçilərdən biri də dəzgah və monumental rəngkarlığında uğurlar qazanan rəssam Oqtay Şıxəliyev idi. 60-cı illərdə respublikada mədəniyyət evlərinin, məktəblərin, metro stansiyalarının, restoranların, kafelərin, şəhər sirkinin və digər inzibati binaların tərtibatında onun da böyük rolu var. Oqtay Şıxəliyev Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri olarkən Azərbaycan rəssamlığının bu sahəsində dəyərli işlər görmüşdü. Rəssam öz əsərlərini freska rəngkarlığı ilə yanaşı mozaika və kaşı sənətinin bütün imkanlarından, yeni plastik materiallarından istifadə etməklə yaradıb.
Oqtay Şıxəliyev sözsüz ki, məhz monumental dekorativ təmayüllü rəssamlardan biri olmuşdur. Ancaq buna baxmayaraq sənətkar özünü təsviri sənətin bütün janrlarında sınayır: rəngkarlıq sahəsində çalışır, çoxlu portret və mənzərə təsvirləri, plakatlar işləyir, dekorativ vazalara və boşqablara tərtibat vermişdir, xırda tematik lövhələr düzəltmişdir, keramika və metaltökməyə meyl göstərmişdir. Lakin bütün bunlara baxmayaraq O.Şixəliyev yaradıcılığının böyük bir hissəsini rəngkarlığa həsr etmişdir. Onun rəngkarlığı bütünlüklə dekorativ xarakter daşıyır.
O, lokal rənglərə daha çox üstünlük verir. Çox vaxt bu rənglərin ahəngini onların təzadı ilə yaradır. Rəssam üçün rəng obrazın əsas ifadə vasitəsidir. “İnşaatçı”, “Mənim qaracam”, “Tarzən Bəhram Mansurov”, “Nigar”, “Qız”, “Kimyaçı” kimi portretlərdə yaxud, “Qobustan”, “Kürün ram edilməsi”, “Müharibənin nəticələri” adlı mənzərələrində bu, açıq-aşkar görünür.
Oqtay Şıxəliyev təhsilini Sankt-Peyerburq (Leninqrad) şəhərində bitirdikdən sonra vətənə qayıdıb və qısa müddətdə aparıcı rəssam-monumentalistlər qrupuna daxil olub. Rəssam Azərbaycan memarlığında təsviri sənətin sintezi ilə meydana gəlmiş bir çox yeniliklərin müəllifi olmuşdur.
Dəzgah rəngkarlığında işlətdiyi çoxsaylı üsul və yenilikləri O.Şıxəliyev çox böyük ustalıq və bacarıqla monumental sənətdə istifadə edir. Meksikada, Almaniyada, Kanadada, Rusiyada olarkən o öz yaradıcı rəssam diapazonunu nəzərə çarpacaq qədər artırmışdır. Hər bir ölkənin gündəlik həyatı ilə tanışlıq, sözsüz ki, rəssamın müşahidə təcrübəsini artırır, onu yeni-yeni kompozisiyalar və sənət əsərləri yaratmağa ruhlandırır.
Onun hər bir kompozisiyası sanki dəzgah rəngkarlığında yenilik, uğurlu addımdır. Fiqurların hər biri digərindən seçilir və obrazların ifadə olunmasında qətiyyən nəzərə çarpmır, əksinə onların hər biri mənalı və konkret xarakterlə təsvir olunur.
1980-ci ildə Meksikada dünya şöhrətli monumental rəssamlar R.Tamayo və D.O.Sikeyrosla görüş O.Şıxəliyevə Meksika monumental boyakarlığı ilə yaxından tanışlığa imkan verdi. Rəssam onların xalqa, azadlığa və böyük Meksika inqilabına olan münasibətlərilə tanış oldu. Onlar öz əsərlərində fəhlə, kəndli, əsgər və fermerlərin fədakarlıqla inqilaba qoşulduqlarını və bu yolda etdikləri qəhrəmanlıqları əks etdirmişdilər.
Rəssam Meksika təəssüratları əsasında çoxsaylı, kiçik həcmli, həm rəngkarlıq, həm də qrafik əsərlər işləmişdir. Məsələn: “Dağların ətəyində”, “Gün batanda”, “Piramida”, “Köhnə qəsr”, “Mexiko”, “Tasko”, “Kilsə”, “Açal-pala abidələri”, “Quadalxara”, “Akapulko” və digər Meksika təsvirləri.
Bütün bu əsərlərində O.Şıxəliyev Meksika təbiətinin gözəlliyini, qədim memarlıq abidələrini, şəhər və kəndlərin müasir görüntülərini əks etdirməyə çalışmışdır. Rəssam bu ölkənin insanlarını da öz təsvirlərində böyük məharətlə əks etdirmişdir. “Toreador”, “Balıqçı” və s. əsərləri ölkə vətəndaşlarının xarici görünüşləri və geyimləri haqqında təsəvvür yaradır. O.Şixəliyev rəssam-monumentalçı olmağına baxmayaraq, daim dəzgah kompozisiyaları axtarışındadır. Ümumiyyətlə, rəssam həm rəngkarlıqda, həm də qrafikada özünəməxsusluğu ilə yadda qalan təsvirlər və kompozisiyalar yaradır.
Ümumiyyətlə, Oqtay Şıxəliyevin yaradıcılğında zəhmətkeş insan obrazı böyük yeri tutur. Uşaqlıqdan çətin şəraitdə böyüyən rəssamın insan əməyinə yüksək qiymət verməsi başa düşüləndi. Onun bu mövzulardakı qəhrəmanları idealizə olunmur, təbii-real şəkildə göstərilir. Sanki, o, işləriylə insanı əməyə çağırır. Müxtəlif səpkili tablolarda işləyən insanlar sevinc içində təsvir olunub. İşlərindən zövq alan neftçilər, inşaatçılar, təmirçilər bununla gənc nəslə örnək olur. Rəssamın bütün tablolarında zəhmət adamları iş prosesi zamanı çəkilib. Səyahət etməyi sevən O.Şıxəliyevin əsərləri onun yüksək müşahidəçilik qabiliyyətinə malik olduğunu sübut edir.
“Ancaq sülh”, “Güllər”, “Neftçinin portreti”, “Aydın səma”, “Bakının yeni tikintisi”, “Kapella”, “Abşeron torpağı” və digər işlərdə Azərbaycanın qüdrətinin ritmini, əzəmətini, romantikasını gözəl ifadə edib. Rəssam ən adi sənaye motivində fəhlə əməyinin qüdrətini ümumiləşdirməyə nail olur. Bu cəhət rəssamın digər mənzərələri, o cümlədən doğma yurdun boyalarını canlandıran “Abşeron torpağı” adlı mənzərə üçün də səciyyəvidir. O, insanın mənəvi və cismani qüdrətini tərənnüm etməyə çalışır. O. Şıxəliyevin yaratdığı insan surətləri və Abşeron torpağıyla bağlı tablolarda həyata nikbin münasibət duyulur. Rəssam vətənini səfər etdiyi bütün ölkələrdən uca tutur. O, hər bir qarışımı sevdiyi Azərbaycanı dünyanın ən gözəl ölkəsi kimi təqdim edir. Sosial realizm çərçivəsində O. Şıxəliyev neftçilərin, inşaatçıların, pambıqçıların, yaradıcı ziyalıların surətlərini bir sıra tematik şəkillərdə və portretlərdə əks etdirib, Azərbaycan şairanə gözəlliklərini təbliğ etməyə can atıb. Rəssam tablolarda kəskin rakurslardan imtina edib, geniş rəng yaxılarına üstünlük verib.
Oqtay Şıxəliyevin maraqlı portretləri sırasında "Mənim qaracam" (1970), "Tarzən Bəhram Mansurov" (1972), "Rəssam Rasim Babayev" (1975), "SSRİ Xalq Artisti Mirzağa Əliyev" (1974), "Nigar" (1975), "Rəssamın ailəsi" (1976) və s. əsərləri qeyd etmək olar. "Qobustan daşları" (1966), "Sumqayıt boruları" (1970), "Meksika həyəti" (1982), "Aydın səma" (1974) və s. əsərləri rəssamın mənzərə janrında yaratdığı əsərləridir. O.Şıxəliyev mənzərə əsərlərində də təbiət görüntülərinə yaradıcı nöqteyi-nəzərdən yanaşmaqla tamaşaçıya bədii zövq aşılayır.
Oqtay Şıxəliyev portret problemini həll edərkən, xarakterin bütün incəliklərinə kimi açıqlanmasını vacib sayır. O, onun düzgün və hərtərəfli dərindən aşkarlanmasını obrazın daxili mənəvi dünyasını zahiri görkəmin əsas cizgilərinin dəqiq və ifadəli şəkildə verilməsində görür. Müasirlərinin yaşayıb-yaratmaq istəyi, onların xarakterik cəhətləri, təkrarolunmaz özünəməxsusluğu yaradıcı insanların portretlərində özünün parlaq ifadəsini tapmışdır. Onun yaratdığı portretlərin çoxu psixoloji məqamların ifadə dərinliyinə və bədii görkəm olub obrazlaşmasına görə yüksək sənət nümunəsi kimi qəbul olunmaqdadır.
Monumental rəngkarlıq sahəsində ardıcıl çalışan Oqtay Şıxəliyevin fərdi iş manerası, dəst-xətti boyakarlıqla dekorativ-tətbiqi sənətin sintezinə - üzvü vəhdətinə əsaslanmışdır. Onun işləri kompozisiyanın lakonikliyi, koloritin dekorativliyi, boyaların sərtliyi, ciddiliyi ilə səciyyələnir. Rəssam adətən təsvir etdiyi müəyyən hadisəni ön planda yerləşdirir. Onun tabloları müəyyən mənada monumental sənətin incə nüanslarını xatırladır. Lakin bununla belə özünün ən uğurlu tablolarını bədii ümumiləşdirmə yolu ilə mənalandıran rəssam obrazlı təfəkkürə əsaslanır, insan xarakterini qabarıq göstərir.
O. Şıxəliyev 1960-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Bütün yaradıcılıq fəaliyyəti dövrü ərzində həm SSRİ məkanında, həm də Azərbaycanda bir çox rəssamlıq məktəblərinə, müəyyən ittifaqlara dəvət olunub. 1964-cu ildən M.Əliyev adına İncəsənət İnistutunda müəllimlik fəaliyyətinə başlamışdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, professor kimi fəaliyyət göstərmişdir.
O. Şıxəliyevin yaradıçılığı sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmış və o, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 1992-ci ildə isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adları verilib. Azərbaycan Respublikasının Prezident təqaüdçüsü olub. 2012- ci ildə Bakı şəhərində vəfat etmişdir.
Samir Sadıqov
Sənətşünas




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info