Misir, Nepal və laoslu gənclərdən “Bakı-2015”ə dəstək
Tarix: 08.05.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Vanmaly Jick: “Avropa Oyunlarından sonra da bütün dünyanın gözü ölkənizdə olacaq”

Fatma Baha El Din: “İlk Avropa Oyunları yaxşı təşkilatçılığı ilə tarixə düşəcək”


Əcnəbi tələbələr- Asiya, Avropa və Afrikadan olan gənclər Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəstək nümayiş etdirirlər. Onlar təkcə Avropanı deyil, bütün qitələri Bakıda birləşdirməyi təklif edirlər. Olimpiya Oyunlarının da Azərbaycanın paytaxtı Bakıda keçirilməsinin daha ədalətli addım olacağını deyən gənclər hələlik dünya idman həyatının gündəmində olan Avropa Oyunları haqqında fikirlər səsləndiriblər. İndoneziyada oxuyan və eləcə də digər ölkələrdə yaşayan, Çin, Serbiya, Seneqal, Misir, Tunis, Pakistan, Özbəkistan, Laos, Nepal, Banqladeş, Hindistan, Sudan, Nigeriya, Konqo, Zimbabve, Madaqaskar, Keniya və Malidən olan tələbələrdən qısaca Avropa Oyunları haqqında fikirlərini öyrəndik və eləcə də onlar “Bakı-2015”-ə xüsusi formada - əllərində “Bakı-2015” yazılan plakatlarla dəstəklərini göstəriblər.
Laosdan olan tələbə Vanmaly Jick ölkələrimiz arasında olan uzun məsafəyə baxmayaraq Azərbaycan haqqında məlumatlı olduğunu deyir. O, Avropa Oyunlarının təkcə bu yarışa qatılacaq idmançılar üçün yox, bütün qitə və eləcə də dünya idmanı üçün mühüm əhəmiyyət daşıdığını düşünür: “Gənclər təbii ki, idmanla daim maraqlanırlar. Bu mənada Avropanın idman həyatında baş verəcək bu hadisə haqqında məlumatsız olmaq mümkün deyil. Azərbaycandan olan tələbə Elmar İskəndərovun sayəsində ölkəniz haqqında da ətraflı məlumatlı olmuşuq. Oyunlardan sonra bütün dünyanın gözü yenə də ölkənizdə olacaq. Azərbaycana turistlərin axını olacaq. Çünki belə genişmiqyaslı idman tədbirlərindən sonra həmişə təşkilatçı ölkə ən azı bir il turist qəbul edir. Ümumiyyətlə, dünya sülhü sevir, dünya idmanı sevir. Bakı isə sülh rəmzi olan ədalətli idman yarışlarına ev sahibliyi edəcəksə, demək, dünya ölkənizi sevir! Bu etimadı doğrultmaq təkcə ölkə rəhbərliyinizin boynuna düşmür. Zənnimcə, paytaxt sakinləri də öz töhfələrini verməlidirlər. Çində Olimpiya oyunları təşkil olunan zaman minlərlə könüllü bu yarışa öz töhfəsini vermişdi, insanlar qonaqları xüsusi qonaqpərvərliklə qarşılamışdı. Azərbaycanda da belə olacağına əminəm. Bilirəm ki, Şərq mədəniyyətinin zəngin koloritlərini özündə cəmləşdirən belə bir ölkənin sakinləri tolerant və qonaqpərvərdirlər. Uğurlar arzu edir, səbirsizliklə bu böyük idman bayramının başlanmasını gözləyirəm. Buradan “Bakı-2015” tarix yazacaq” deyirəm.
Misirdən olan tələbə Fatma Baha El Din Azərbaycanın bir müsəlman ölkəsi olaraq belə uğura imza atmasını yüksək qiymətləndirdi: “Təkcə Azərbaycanda belə yarışların problemsiz təşkil olunacağı yox, həm də bu Oyunlar üçün seçimin ölkəniz olmasının özü böyük uğurdur. Buna əminəm ki, Bakı Oyunları uğurla təşkil edəcək. Qədim tarixə malik Azərbaycanda belə mötəbər yarışlar çoxdan keçirilməli idi. Misir Azərbaycanla dost ölkədir. Bizi məsafələr ayırsa da, mədəniyyət və din oxşarlığı bir-birimizi sıx şəkildə bağlayır. Dünyada İslama qarşı bəzi qüvvələr tərəfindən məqsədli siyasət yürüdülür. Əsrlərdən bəri heyrətamiz olan dinimizi indi gözdən salmaq üçün radikal meyilli insanları önə çəkib radikal din olduğunu göstərməyə çalışırlar. Bunları niyə dedim? Çünki Azərbaycan əsas əhalisi müsəlmanlardan olan ölkə kimi bu beynəlxalq yarışı təşkil etməklə, həm də Avropa və ümumilikdə dünyaya göstərəcək ki, müsəlman bir ölkədə necə tolerant mühit, qonaqpərvərlik, sabitlik və radikallığın zərrə qədər də olmadığı cəmiyyət var. Bunu mən dəfələrlə azərbaycanlı tələbənin bizə verdiyi məlumatlardan da eşitmişəm. İlk dəfə keçiriləcək Avropa Oyunlarının necə baş tutacağını isə yalnız bir ay sonra biləcəyik. Misirli tələbə olaraq buradan “Bakı, inşallah tarix yazacaqsan” deyirəm”.
Nepaldan olan Sanju Singh Azərbaycanın nisbətən kiçik ölkə olmasına baxmayaraq bəzi böyük dövlətlərin imza ata bilmədiyi uğurlara imza atmasını təəccüblü hal sayır: “Mən Bakının cazibəsini kənardan hiss edirəm. Azərbaycan son zamanlar inanılmaz uğurlara imza atır. Bilirəm ki, Bakıda “Avroviziya” yarışması keçirilib, neft sahəsində böyük layihələr həyata keçirilir və qazla bağlı da ciddi layihələr planlaşdırılır. Azərbaycan artıq nəinki regionun mərkəzinə, həm də Avropanın əsas, vacib ölkələrindən birinə çevrilməkdədir. Bildiyiniz kimi, bu günlərdə ölkəm ağır günlərini yaşayır və zəlzələdən sonra ilk yardım əlini uzadan ölkələrdən biri də Azərbaycan oldu. Mən əminəm ki, belə müdrik, xeyirxah insanların yaşadığı ölkədə təşkil olunacaq yarışlar yüksək səviyyədə keçiriləcək. Adı Avropa Oyunları olsa da, miqyasına görə bu yarışın Olimpiya Oyunlarından fərqlənməyəcəyinə əminəm. Əslində “Bakı-2015” adı gələndə artıq bir anlıq çaşıb bunun Olimpiya Oyunları olduğunu düşünürsən. Avropadan gələn qonaqların necə qarşılanacağı, idman meydançalarındakı şəraitin necə olacağı və ümumilikdə bu yarışlarla bağlı hər bir xırda detalın necə olacağını yarışlar başlayanda biləcəyik. Nepallı gənclərin bu yarışda olmayacağından təəssüflənirəm və bu da məlum səbəblərə görədir. Amma istənilən halda yarışları izləyəcək və ölkənizin də uğurları üçün sevinəcəyik. Asiya ölkəsindən olan gənc kimi bu yarışları yaxından izləyə bilməsəm də, qəlbən sizə dəstəkçi olacağam və “İlk Avropa Oyunları Bakıdakı uğurlu təşkilatçılığı ilə tarixə düşəcək”-deyirəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info