“I Avropa Oyunlarının təsiri nəticəsində ölkəmizə gələn turistlərin sayı 3 milyonu keçəcək”
Tarix: 13.05.2015 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Eldar Aslanov: “Bu tədbir nəinki bu il, eləcə də növbəti illərdə turistlərin ölkəmizə axınına gətirib çıxaracaq”

I Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstərisidir. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunmuş böyük təcrübə, müasir idman infrastrukturunun formalaşdırılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini şərtləndirən başlıca faktorlardır. Mütəxəssislərin fikrincə, bu Oyunların Bakıda keçirilməsi ölkəmizin təbliği, xüsusilə də turizmin inkişafında mühüm rol oynayacaq. Oyunların başlanmasına bir aydan da az vaxt qalmasına baxmayaraq bu gün artıq Bakıda müxtəlif xalqların nümayəndələrini görmək mümkündür. Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, Birinci Avropa Oyunları Azərbaycana dividentlər gətirəcək: “Bu xüsusilə turizm sahəsində daha çox hiss ediləcək. Ümumiyyətlə, turizmi inkişaf etdirmək istəyən ölkələr bu sahənin inkişafı ilə bağlı müxtəlif istiqamətli tədbirlər həyata keçirirlər. Bu tədbirlərdən biri də ölkədə turizm sənayesinin bütün mövsümlərdə, fəsillərdə işləməsinə, ilin 365 günü turistlərin gəlişinə nail olmaqdır. Əgər turizm mövsümi xarakter daşıyarsa, yalnız yay və ya qışda olarsa, bu sektor digər fəsillərdə işləməyəndə çox böyük çətinliklərə, bu sahədə çalışanların başqa işlə məşğul olmasına, beləliklə də peşəkarlıqlarının zəifləməsinə, restoran, hotellərin müəyyən itkilərə məruz qalmasına gətirib çıxarır. Ona görə də hər mövsümdə turizmi inkişaf etdirmək çox vacibdir. Hər mövsümdə turizmin inkişafını təmin etməyin yollarından da biri ölkədə müxtəlif beynəlxalq tədbirlər keçirməkdir. Təkcə may ayının əvvəllərindən ölkəmizdə keçirilən beynəlxalq tədbirləri buna misal göstərmək olar. Belə ki, may ayının əvvəlində Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən III Qlobal Bakı Forumu, onun ardınca Asiya İnkişaf Bankının toplantısı keçirildi. Mayın 18-19-u tarixlərində mədəniyyətlərarası dialoq forumu baş tutacaq. Həmçinin bu günlərdə velosipedçi idmançıların Bakıda tədbiri keçirildi. Nəhayət, iyun ayında Bakıda Birinci Avropa Oyunları baş tutacaq. Növbəti ildə isə Bakıda kardioloqların və sosioloqların dünya forumu keçiriləcək. Həmin tədbirlərə də dünyaca tanınmış minlərlə mütəxəssisin gəlməsi gözlənilir. Bu tədbirlərin keçirilməsinin əsas məqsədlərindən biri ölkəmizin tanıdılmasıdır. Bu da eyni zamanda Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi deməkdir. Həmin tədbirlər Azərbaycanda yaradılmış infrastrukturun səmərəli istifadə edilməsi üçün lazımdır. Bu tədbirlər yeni konqres mərkəzləri, sərgi salonları, meydança və digər idman arenalarında keçirilir. Həm tədbirlərdən, həm də onların yayım hüququndan Azərbaycan dividentlər əldə edir”. Eldar Aslanov deyir ki, bu kimi tədbirlər ölkəmizin mədəniyyəti, tolerantlığı, mətbəxi, qonaqpərvərlik ənənələrimizin təbliğ olunmasına xidmət edir və bununla da Azərbaycan dünyada parlayan bir turizm destenasiyası kimi görünür. Ekspert hesab edir ki, bu tədbirlər maddi baxımdan da ölkəmizin iqtisadiyyatı üçün böyük təsirə malikdir. Prorektor bildirdi ki, Dövlət Statistika Komitəsinin ötən ilin turist statistikasının nəticələrinə əsasən 2014-cü ilin nəticələrinə görə, Azərbaycanda turizm gəlirlərindən 2 milyard 404 milyon dollarlıq dövriyyə var. Bunun isə Ümumi Daxili Məhsulda payı 4,1 faizdir. Əgər 10 il əvvələ nəzər yetirsək, bu, təxminən 1 faiz civarında idi. E.Aslanov Birinci Avropa Oyunlarının Azərbaycanın təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırdı: “I Avropa Oyunları zamanı dünyanın elə bir ölkəsi, qitəsi olmayacaq ki, Azərbaycandan canlı yayım verməsin. 2500 nəfər jurnalist Azərbaycanda keçirilən müxtəlif idman növləri barədə reportaj yayımlayacaq. Fasilələr zamanı reklam çarxlarında Azərbaycanın mətbəxi, turizm potensialı ilə bağlı bilgilər nümayiş etdiriləcək. Bu, Azərbaycanın kifayət qədər tanınması olacaq. Nəinki bu il, eləcə də növbəti illərdə turistlərin ölkəmizə axınına gətirib çıxaracaq”. Prorektor deyir ki, Birinci Avropa Oyunları Azərbaycan turizminə marağı daha da artıracaq. Onun sözlərinə görə, 2012-ci ildə keçirilən «Eurovision» musiqi yarışması Azərbaycan turizmində yeni bir dövrə gətirib çıxardısa, I Avropa Oyunları bu dövrün daha da inkişaf etməsinə səbəb olacaq: “Əminəm ki, I Avropa Oyunlarının təsiri nəticəsində ölkəmizə gələn turistlərin sayı 3 milyonu keçəcək. Növbəti illərdə isə biz 5 milyonu hədəfləyəcəyik. Beləliklə, getdikcə hədəfləri böyüdəcəyik”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info