Açıq hökumət yolunda
Tarix: 25.01.2013 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


“Hökumət yeni idarəetmə
modelinin yaradılması istiqamətində mühüm addım atıb”

Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

Mütəxəssislər hesab edirlər ki, “Elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində “Elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan MDB məkanında “Elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir.
Bu layihənin davamı olaraq ötən il dövlət başçısı “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
“Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq informasiya əldə edilməsi asanlaşdırılmalıdır. Bu məqsədlə 2012-2014-cü illər ərzində dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması həyata keçirilməlidir. Bundan başqa, sözügedən sahədə Milli Fəaliyyət Planı dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsini də əks etdirir. Bu məqsədlə nəzərdə tutulan işlər sırasında dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi və s. tədbirlər yer alıb.
Adıçəkilən sənədlərin hazırlanmasında iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qəzetimizə bu işlərin fasiləsiz bir proses olduğunu bildirdi. Onun fikrincə, bu o deməkdir ki, korrupsiyaya qarşı mübarizə formal xarakter daşımır: “Eyni zamanda bu proses özündə aydın bir strategiyaya uyğun olan dəqiq addımları müəyyənləşdirir. Əslində hər iki fəaliyyət planı bir-birini tamamlayan sənədlərdir. Çünki birinin icra edilməsi digəri üçün də geniş imkanlar açır. Məsələn, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın tədbirlərinin icra edilməsi istər-istəməz hökumətin şəffalığını artırır. “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin həyat keçirilməsi isə korrupsiyanı məhdudlaşdırır. Ona görə də bunlar bir-birilə sıx bağlıdır”.
Ə.Nuriyev korrupsiyaya qarşı mübarizənin bütövlükdə cəmiyyət üçün hesablandığını vurğuladı: “Bunlar iqtisadi münasibətlərin daha da gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli formada müdafiə edilməsinə yönələn addımlardır. Çünki hökumətin əsas qayəsi vətəndaşa xidmət etməkdir. Bu sərəncamlar da birbaşa məhz bu proseslərin həyata keçirilməsini nəzərdə tutur. Digər tərəfdən də bu fəaliyyət planları onu sübut edir ki, korrupsiyaya qarşı mübarizə və hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması ölkənin davamlı olan prioritetləridir”.
Fond rəhbərinin fikrincə, bu fəaliyyət planları əvvəlkilərə nisbətən daha konkret və təkmildir: “Bunlarda daha aydın indiqatorlar müəyyənləşdirlilib. Eyni zamanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində ardıcıllıq var”.

Hökumət məmurlara
hansı mesaj verir?

Onun sözlərinə görə, burada həm də məqsəd korrupsiyaya qarşı mübarizədə təkcə dövlət orqanlarının yox, cəmiyyətin bütün seqmentlərinin fəaliyyət göstərməsidir. O qeyd etdi ki, dövlət həm də bununla bu işlərin birgə həyata keçirilməsinə hazır olduğunu göstərir: “Yeni xüsusiyyətlərdən biri ondan ibatədir ki, burada Korrupsiyaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb. Onlar mütəmadi monitorinqlər aparacaq. Eyni zamanda bütün digər dövlət orqanları görülən işlərlə bağlı cəmiyyətə məlumat verəcəklər”.
Ə.Nuriyev bildirdi ki, burada cəmiyyəti düşündürən məsələlər üzərində tədbirlər fokuslaşıb: “Əslində bu ona gətirib çıxarır ki, həm dövlət orqanlarının fəaliyyətinin xeyli dərəcədə səmərələşdirilməsi prosesi davam edəcək, həm də modern idarəetmə porsesinə keçid daha da sürətlənəcək. Həmçinin korrupsiyanın da səviyəsinin məhdudlaşdırılmasının bunda nəticəsini görəcəyik”.
Nəzərə çatdıraq ki, Prezident tərəfindən dövlət orqanlarının vətəndaşlara açıq xidmətlər göstərməsi, eləcə də elektron xidmətlərə keçidlə bağlı çoxsaylı fərmanlar imzalanıb. Ə.Nuriyevin fikrincə, bütün bunlar kompleks tədbirlərdən xəbər verir: “Məmurlarmız da məhz müəyyən edilmiş bu göstərişlər, tapşırıqlar əsasında planlarını qurmalıdırlar. Onlar bu posesi daha da sürətləndirməlidirlər ki, neqativ hallardan cəmiyyət uzaq olsun. Həmçinin vətəndaşa xidmət sferası daha keyfiyyətli olsun. Bu, Azərbaycanın inkişaf etmiş ölkələr srasına daxil edilməsinin ən vacib şərtlərindən biridir. Eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasına böyük töhfə ola bilər”.
Onun sözlərinə görə, bu fərman və sərəncamların vətəndaş-dövlət münasibətlərinin sıxlaşmasında böyük əhəmiyyəti var: “Prezidentin son illərdə bu istiqamətdə imzaladığı bütün normativ hüquqi səndlərin bir ana xətti var- hər şey insan naminə. Hər şey dövlət-vətandaş münasibətlərinin daha da inkişaf etməsinə xitmət etməlidir. Bunlar həmçinin məmurlar üçün xüsusi olaraq bir mesajdır ki, mövcud olan stereotipləri atsınlar. Vətəndaşlarla işləməyi genişləndirsinlər. Kanbinetdə qapanıb qalmasınlar. Fəaliyətlərləri ilə bağlı ictimaiyyətə geniş məlumat versinlər”.

“E-ASAN” xidmətin
yaradılması nəzərdə tutulur

Xatırladaq ki, “Konstitusiya” Araşdırmalar Fondu Beynəlxalq təcrübənin öyrənilməsi əsasında ən yaxşı nümunələrin Azərbaycanda tətbiqi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin müasir standartlara uyğun qurulması məqsədilə təkliflər paketini dövlətə təqdim etmişdi. Təkliflər paketinə “ASAN xidmət” mərkəzlərinin işinin asanlığının qiymətləndirilməsi ilə bağlı meyarlar, ilk vaxtlarda hansı xidmətlərin göstərilməsi, xidmət standartları, mərkəzlərin yerləşməsi, təşkili, onlayn xidmət göstərilməsi, telefon-məsləhət xidmətinin təşkili, iş yükü ilə bağlı konkret tövsiyələr daxildir. Eyni zamanda mərkəzlərə müraciət edəcək vətəndaşların rahatlığının təmin olunması ilə bağlı hansı zəruri standartlara riayət olunması barədə təkliflər də bu paketdə əks olunub.
Bütün bunları fond “Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması” layihəsi çəçivəsində edib. Layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Vahid pəncərə” modeli əsasında dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi ilə bağlı Braziliya, Almaniya, Kanada, Böyük Britaniya, Yunanıstan təcrübəsi öyrənilib. Həmçinin MDB ölkələrindən Rusiya, Qazaxıstan, Qırğızıstan təcrübəsində “vahid pəncərə” modelinin necə fəaliyyət göstərdiyi araşdırılıb.
Ə.Nuriyev hökumətin onların təkliflərini qəbul etməsindən məmnunluğunu ifadə etdi: “Sevinirik ki, bu işlərdə bizim də töhfəmiz nəzərə alınıb. Yeri gəlmişkən, biz bu proseslərdə mütəmadi olaraq məsləhətləşmələr aparırıq. Artıq neçə illərdir ki, əməkdaşlıq münasibətlərimiz yaranıb. Faktiki olaraq nəyi nəzərdə tururduqsa, onların əksəriyyətini həmin fərmanlarda gördük. Hesab edirəm ki, hökumət yeni idarəetmə modelinin yaradılması istiqamətində mühüm addım atıb. Bu, hökumətin klassik bürokratiyadan imtina olunmasının ortaya qoyulmasıdır”.
Azərbaycan İnternet Birliyinin sədri, keçmiş duputat Qalib Qurbanov qəzetimizə açıqlamasında dedi ki, artıq vətəndaş birbaşa dövlətə müraciət edib lazım olan sənədləri əldə edə bilir: “Bu da Açıq hökumətin özəyini təşkil edir. Açıq hökumət geniş anlayışdır. Buna da addım-addım irəliləmək lazımdır. Bu sahədə ən böyük layihə “Elektron hökumət” dövlət proqramının həyata keçirilməsidir. Bu, birinci hökumətin açıqlılığıdır. Bütün məlumatlar hər hansı dövlət qrumunun saytında yerləşdirilir”.
Onun fikrincə, Açıq hökumət korrupsiyaya qarşı mübarizənin tərkib hissələrindən biridir: “Çünki şəxsi təmaslar burada qat-qat azalır. Belə olanda korrupsiyanın da mümkünsüzlüyü ortaya çıxır”.
Q.Qurbanov təklif edir ki, “İnformasiya təhlükəsizliyi haqqında” qanun yenilənməlidir: “Bu qanun 1996-cı ildə qəbul olunub. O qanun artıq köhnəlmiş hesab olunur və bugünkü tələblərə cavab vermir. Çünki artıq yeni texnologiyalar meydana gəlib. O qanunda elektron xidmətlər, eləcə də elektron hökumət haqqında heç bir şey yoxdur”.
Artıq bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılıb. 2012-ci ilin sentyabrından internet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilib. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilib. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilib və internetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilib. Elektron imza sisteminin kompyuter və mobil telefon versiyası işə salınıb. 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə ediblər.
Bu ilin yanvar ayının 15-dən isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzləri Nəsimi və Nərimanov rayonlarında fəaliyyətə başlayıb. Qeyd edək ki, ASAN mərkəzlərində vətəndaşlar 9 dövlət qurumuna aid olan 23 növ xidmətdən yararlana bilərlər.
Gələcəkdə “E-ASAN” adlanan xidmətin yaradılması nəzərdə tutulur ki, bu ASAN mərkəzinə getmədən bütün xidmətlərdən internetlə istifadə etməyə imkan verəcək.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info