“Azərbaycan Avropa Oyunları üçün Rusiyanın təcrübəsini nəzərə alacaq”
Tarix: 15.05.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Dmitri Savelyev: “Bakıda keyfiyyətli, bir çox baxımdan unikal infrastruktur inşa edilir”

Rusiya mətbuatı Bakıda qarşıdan gələn birinci Avropa Oyunlarını fəal işıqlandırmağa davam edir. “Runews24.ru” internet nəşri bu ilin əsas idman hadisəsi haqqında material yerləşdirib. Məqalədə qeyd edilir ki, iyunun 12-də Azərbaycanda Avropa Oyunları başlayacaq. Qırx doqquz ölkənin ən güclü atletlərinin iştirak edəcəyi yarışlara biletlərin çoxu artıq satılıb. Birinci Avropa Oyunlarının himni yazılıb, hər gün möhtəşəm açılış mərasiminin məşqləri keçirilir.
Bakı Olimpiya stadionunda məşəli alovlandırmaqla, yarışlara start verəcək günə son hazırlıqlar başa çatdırılır. Azərbaycan Prezidenti bu hadisəyə 29 gün qalmış Bakıda birinci Avropa Oyunları Parkını açıb. Çox yüksək səviyyədə inşa edilmiş, üç idman qurğusundan ibarət bu stadion Bakının cənub-qərbində, Bayraq Meydanının və Dənizkənarı Milli Parkın yaxınlığında yerləşir. Parkın hovuzunda əsas etibarilə su polosu yarışları keçiriləcək, məşqlər üçün ehtiyat hovuzu da elə burada yerləşir. 3x3 formatında Oyunlar üçün basketbol meydanı, çimərlik futbolu və voleybol üçün meydan yaradılıb. Hər bir idman zonasında 1,5 mindən çox azarkeş yeri nəzərdə tutulub. Elə həmin gün İlham Əliyev Oyunlar üçün tikilmiş daha bir obyektin - müasir veloparkın lentini kəsib. Burada təqribən 1200 tamaşaçı yeri, o cümlədən əlillər üçün yerlər var. İkimərtəbəli ofis binasında dopinq-nəzarət və dopinq-analiz üçün otaqlar yerləşir, damda isə xüsusi örtülü start meydançası və idmançıların hazırlaşması üçün 20 çadır inşa edilib. Oyunlar üçün inşa edilmiş bütün obyektlərdə olduğu kimi, burada da ən yüksək beynəlxalq standartlara riayət olunub. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Bu səviyyədə yarışları qəbul etmək təkcə böyük məsuliyyət deyil, həm də idmanın gələcəyinə böyük sərmayələrin cəlb olunması deməkdir. Vaxtilə Rusiya da Olimpiadanın keçirilməsinə az xərc cəkməyib. İndi isə idmançıların məşq etməsi üçün gözəl meydançalarımız var. Çempionatlar qəbul edirik. Burada bizim uşaqlar ən güclü idmançılarla mübarizə aparırlar. Bakıda keyfiyyətli, bir çox baxımdan unikal infrastruktur inşa edilir. Avropa Oyunları başa çatandan sonra bütün bunlar ölkəyə xidmət edəcək. Azərbaycanın bu səviyyəli yarışların keçirilməsi ilə bağlı Rusiyanın təcrübəsindən faydalanmasını müşahidə etmək də sevindirir”. RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bu yaxınlarda Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşü belə əməkdaşlıq nümunələrindən biridir. Tərəflər digər məsələlər sırasında birinci Avropa Oyunlarının təhlükəsizliyinin təmin olunmasını müzakirə ediblər. Azərbaycanlı ekspertlərin qeyd etdikləri kimi, Rusiyanın təcrübəsi çox əhəmiyyətlidir. Axı Soçi Olimpiadası zamanı mühafizə və təhlükəsizlik elə yüksək səviyyədə təmin olunub ki, Oyunların keçirildiyi bütün müddətdə heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Bu arada Rusiya və Azərbaycanda Avropa Oyunlarında iştirak edəcək komandaların təşkil olunması işləri davam etdirilir. Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Cəmşid Heyrəbadi bildirib ki, onun yetirmələri yarışlara tam hazırdırlar və azarkeşlərə yüksək nəticələr vəd ediblər. Şəksiz ki, rusiyalı güləşçilər də uğur qazanmaq əzmindədirlər. Onlar Tehranda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yalnız azərbaycanlı güləşçilərə məğlub olublar. İndi isə revanş götürmək istəyirlər. Yunan-Roma güləşi üzrə üçqat Olimpiya çempionu Aleksandr Karelin qeyd edir ki, idmançılar çəkdikləri zəhməti, məşqçilərin zəhmətini və azarkeşlərin ümidlərini Bakıda medalların parıltısına çevirməlidirlər. Rusiyalı güləşçilərin çox layiqli rəqiblər üzərində qələbə qazanmaq şansı olduqca böyükdür.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info