Odlar diyarı - Azərbaycan növbəti “İLK”-ə imza atacaq!
Tarix: 16.05.2015 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Çox qədim və şərəfli, zəngin mədəniyyətə və ədəbiyyata malik xalqımız ötən tarixi dövr ərzində bəşər tarixinə böyük töhfələr vermiş, dünya mədəniyyətini daha da zənginləşdirmişdir. Tarixi-arxeoloji qazıntılarla sübuta yetirilmişdir ki, Azərbaycan təkcə ilk insan məskənlərindən biri (Azıx mağarası) deyil, eyni zamanda qədim mədəniyyət mərkəzlərindən biri kimi də, dünya mədəni irs tarixində ilk yerlərdən birini tutur.
Qədim, böyük Şərqin bir çox mütərəqqi yeniliklərində, nailiyyətlərində, uğurlarında “İLK”-lərin məhz ölkəmiz Azərbaycanın adı ilə bağlı olması, əlbəttə ki, qürurvericidir. Nümunə olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operasını, 28 may 1918-ci ildə yaratdığımız islam dünyasında ilk demokratik və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Demokratik Respublikasını, 1798-ci ildə dünyada ilk dəfə olaraq Azərbaycanda, Bibiheybət kəndində sahildən 30 m aralı dənizdə qazılmış əl quyusunu, Azərbaycan neftçiləri tərəfindən 1949-cu il noyabrın 7-də dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenlərin əldə edilməsini və s. saydıqca fərəh hissi keçirdiyimiz onlarla belə “İLK”-lərimiz vardır.
Hazırda xalqımız tarixdə növbəti bir “İLK”-ə imza atmaq ərəfəsində və əzmindədir. 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunmuş tarixi qərar bütün xalqımızı və bütün azərbaycansevərləri çox sevindirdi. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermədə iştirak edən 48 səsdən 38-ni (əleyhinə 8 səs, bitərəf 2 səs) alan Azərbaycan ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail oldu. Tarixi qərarın qəbul olunmasında bir neçə amil öz rolunu oynamışdır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, qərarın qəbul olunmasına ilk növbədə, qeyd edilənlər təsir göstərib: “Ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır.
Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüşdür. Bu da qərarın qəbul olunmasına təsir göstərən vacib amillərdəndir.
Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynamışdır.”
Yuxarıda qeyd olunan fikirləri ümumiləşdirərək deyə bilərik ki, bu qərarın qəbul olunması məhz elə cənab Prezidentimiz İlham Əliyevin özünün beynəlxalq arenada olan nüfuzunun növbəti təntənəsidir, eyni zamanda Azərbaycan Respublikasına dünyada olan inam və etibarın ifadə formasıdır.
Tarixi qərarın - ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqda qərarın qəbulundan sonra qarşıda duran ən vacib məsələlərdən biri sözügedən oyunlara yüksək səviyyədə hazırlaşmaq və onları qüsursuz təşkil etmək üçün bütün prosesə rəhbərlik edəcək şəxsin müəyyənləşdirilməsi idi. Cənab Prezidentin 17 yanvar 2013-cü il sərəncamı ilə oyunlara hazırlıq üçün yaratdığı təşkilat komitəsinə rəhbər olaraq Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı təyin etməsi oyunların ən yüksək səviyyədə təşkil olunacağına cəmiyyətdə əminlik yaratdı. Mehriban xanımın məhz bu günə qədər olan fəaliyyəti xalqa bu əminliyə gəlməyə əsas verirdi.
Təbii ki, “Bakı-2015”. I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi tərəfindən böyük işlər görülüb. Artıq bu gün əminliklə deyə bilərik ki, Təşkilat Komitəsi qarşısına qoyduğu bütün məqsədlərə catıb, hədəfləri uğurla dəf edib. Azərbaycan öz tarixində yeni bir şərəfli “İLK”-ə imza atacaq.
Amma cəmiyyət də bu işlərə nə qədər yaxından kömək olsa, nəticə bir o qədər uğurlu olar. Hər bir gənc, vətəndaş eyni zamanda öz üzərinə sözügedən tədbirin yüksək səviyyədə baş tutmasında müəyyən vəzifələr, öhdəliklər qoyulduğunu təsəvvür etməlidir.
Məsələn, hər bir vətəndaş şəhərimizin təmizliyinə riayət olunması, asayişin qorunması üçün özünü də məsul hesab etməlidir. Şəhərimizi çirkləndirməməli, çirkləndirənləri isə qınaq obyektinə çevirməlidir. Asayişi pozmamalı, pozanları qınamalı və lazım gəldikdə çəkinmədən hüquq mühafizə orqanlarına operativ məlumat verməlidir. Tədbir dövründə şəhərimizdə olacaq qonaqlarla maksimum nəzakətli, onlara qarşı yaxşı mənada diqqətli olmağın da vacibliyini qeyd etməliyik. Əks təqdirdə bizi istəməyən, inkişafımızı gözü götürməyən qüvvələr xalqımız, millətimiz haqqında xoşumuza gəlməyəcək fikirlər səsləndirəcəklər. Biz çalışıb xalqımızın nə qədər qonaqpərvər, nəzakətli və səmimi olduğunu qonaqlarımıza hiss etdirməliyik. Hər birimiz piyada və ya sürücü kimi iştirak etdiyimiz yol-hərəkət sistemində maksimum qaydada normativlərə, yol nişanlarının tələblərinə riayət etməli, piyada keçidlərindən istifadə etməliyik ki, yollarımızda xoşagəlməz hadisələr, tıxaclar baş verməsin.
İlk Avropa Oyunları nə qədər yüksək dərəcəli bir idman tədbiri olsa da, hamımıza məlumdur ki, onlar eyni zamanda Avropaya, dünyaya tariximizi, mədəniyyətimizi, milli kimliyimizi çatdırmaq üçün bir vasitə olacaqdır. 17 gün davam edəcək Avropa Oyunları barədə 50 ölkə üçün teleyayım təmin ediləcək. 100 minlərlə qonaq respublikamızı ziyarət edəcək. Bütün bu rəqəmlər əslində tədbirin necə böyük miqyaslı təbliğat vasitəsi olduğunu ifadə edir.
Son günlərdə ölkəmiz ətrafında bəzi xarici siyasi dairələr tərəfindən idarə olunan dezinformasiya kampaniyası növbəti uğurumuza kölgə salmaq, ölkəmizin günü-gündən möhkəmlənən beynəlxalq imicinə zərbə vurmaq məqsədi daşıyır. Amma hesab edirəm ki, bu tip əməllər bizi öz məqsədimizə çatmaqdan yayındıra bilməyəcək, əksinə xalqımız daha böyük əzmkarlıqla öz hədəflərinə çatacaq.
Daşqın Qənbərov
BDU-nun müəllimi, h.ü.f.d.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info