“Avropa Oyunları Azərbaycanın nüfuzunun yüksəldilməsinə xidmət edir”
Tarix: 18.05.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Şahin İsmayılov: “Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana böyük miqdarda investisiyanın qoyulması deməkdir”

Azərbaycanın ev sahibliyi edəcəyi “Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına bir aydan da az vaxt qalır. Bu möhtəşəm idman bayramı yaxınlaşdıqca onun təşkili və təbliğində yaxından iştirak edən gənclər təşkilatları da fəallıqlarını artırırlar. Ölkənin ən böyük gənclər təşkilatlardan biri olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov rəhbərlik etdiyi qurumun bu prosesdə iştirakı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycana nələr vəd edir?
- 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Bu qərarla tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə və Olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Artıq indidən bəllidir ki, birinci Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına böyük töhfə verəcək.
“Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Belə mötəbər idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsi həm dövlətimizin, həm də hər bir vətəndaşımızın qarşısına mühüm vəzifələr qoyur. Bu vəzifələrin icrası üçün bütün cəmiyyətimiz sözün yaxşı mənasında səfərbər edilib. Əvvəla, “Bakı-2015” birinci Avropa Oyunlarının təşkilinə böyük investisiya qoyulub. Bu investisiya həm infrastruktur obyektlərinə, həm də insan kapitalına yatırılan sərmayədir. Birinci Avropa Oyunlarına xidmət edəcək iaşə obyektlərinin, idman qurğularının, eləcə də istirahət və əyləncə obyektlərinin tikilməsi, bəzilərinin yenidən qurulması şəhərimizin görkəmini tamamilə dəyişib. Bu obyektlərin böyük əksəriyyətinin birinci Avropa Oyunlarının keçirilməsi haqqında qərarın qəbul edilməsindən əvvəl tikilməyə başlaması onu göstərir ki, ölkə rəhbərliyi yalnız “Bakı-2015” birinci Avropa Oyunları üçün deyil, ümumiyyətlə ölkədə bütün sahələrin inkişafına hər zaman diqqət və qayğı ilə yanaşır. Qurulan infrastruktur yalnız birinci Avropa Oyunlarına xidmət etməyəcək, eləcə də digər böyük yarışların və idman tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.
İlk Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulan 68 min yerlik Bakı Olimpiya Stadionu gələcəkdə Avropa və dünya miqyaslı mötəbər yarışlar üçün misilsiz arenadır. Avropa Oyunları ilk dəfə keçirilir və onun tarixi Azərbaycanda yazılır. Bu səbəbdən Avropa Oyunlarının gələcəkdə inkişaf perspektivini və standartlarını Azərbaycan müəyyənləşdirir. Prezident İlham Əliyevin dediyi kimi, “Bakı-2015” birinci Avropa Oyunları Olimpiya oyunları ilə bərabər səviyyədə keçirilməli, ən azı Olimpiya oyunları qədər möhtəşəm olmalı, tamaşaçılara və idmançılara böyük zövq verməli, unudulmaz təəssürat bəxş etməlidir.
- Bəs “Bakı-2015” birinci Avropa Oyunları beynəlxalq arenada hansı əhəmiyyətə malikdir?
- Birinci Avropa Oyunları yalnız idman tədbiri olaraq qalmır, eləcə də Azərbaycanın nüfuzunun yüksəldilməsinə xidmət edir. Bu nüfuzun artırılması ilk növbədə Azərbaycanın əsasən iqtisadi gücü, demokratik göstəriciləri, enerji resurslarının ixracından və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz dövlətə çevrilməsi ilə bağlıdır. Lakin Azərbaycan yalnız bu göstəriciləri ilə deyil, eləcə də mədəni və sosial sahələrdəki fəaliyyəti ilə də dünya ölkələri arasında öz nüfuzunu artırır. Azərbaycan digər postsovet dövlətlərlə müqayisədə daha stabil və dinamik inkişaf edən ölkələrdən biridir və dünya ölkələri ilə hər bir sahədə açıq əməkdaşlığa hazırdır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın həm dünyada təbliği və tanıdılması, həm də böyük miqdarda investisiyanın qoyulması deməkdir. Bu, eyni zamanda paytaxtımıza böyük turist axınına səbəb olacaq, xarici qonaqların Azərbaycanla daha yaxından tanış olmasında böyük rol oynayacaq. Bu tədbirdən, eləcə də ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıdan hər bir turist Azərbaycanın potensial təbliğatçısına çevriləcək. Sadə vətəndaşlarla iş, ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına da öz töhfəsini verəcək. Bu Oyunların keçirilməsi ilə Azərbaycan keçdiyi böyük inkişaf yolunu və qazandığı uğurları bir daha nümayiş etdirəcək.
- Birinci Avropa Oyunları idmançılar və ölkə ictimaiyyəti üçün nə kimi əhəmiyyət kəsb edir?
- Birinci Avropa Oyunları ilk növbədə bir idman tədbiri olmaqla ölkəmizin və idmançıların həyatında böyük bir hadisədir. O, eyni zamanda, Oyunlarda iştirak edəcək idmançılar üçün böyük və məsuliyyətli sınaq olacaq. İnanırıq ki, idmançılarımız bu məsuliyyətli imtahandan layiqincə çıxacaqlar. Bu oyunlar həm də yeniyetmə idmançılarımız və idmansevərlərimiz üçün böyük bir stimula çevriləcək. Belə yarışların keçirilməsi yeni-yeni gənclərimizin, gənc istedadlarımızın kəşf edilməsində də əvəzsiz rol oynayır.
Onu da qeyd etmək lazımdır ki, tikilən və yenidən qurulan obyektlər idmançılarımızın məşq etməsi və gələcəkdə də idman yarışlarının keçirilməsi üçün böyük imkanlar açacaq. Ölkə ictimaiyyəti üçün isə bu idman yarışları böyük bayrama çevriləcək və hər bir kəs bu bayrama qoşulmaq və onun bir hissəsi olmaq arzusundadır. Bir sözlə, belə möhtəşəm tədbirin keçirilməsi Azərbaycan xalqının qürur duya biləcəyi və hər bir yerdə fəxr hissi ilə söhbət açacağı bir tədbir olacaq.
- “Bakı-2015” birinci Avropa Oyunlarına çoxlu könüllü cəlb olunub. ATGTİ-nin bu sahədə işi nədən ibarətdir?
- İlk Avropa Oyunlarının təşkilinə 12 mindən çox könüllü cəlb edilib. Könüllülər əsasən tələbə kontingentindən ibarətdir. Onların bu tədbirə cəlb edilməsi üçün işlər bir il əvvəldən başlanılıb. Könüllülərin böyük əksəriyyətinin tələbələrdən ibarət olacağı nəzərə alınaraq “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin və ATGTİ-nin birgə layihəsi olaraq orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri arasında sorğu təşkil olunub. Bu sorğuda 150 minə yaxın tələbə iştirak edib. Sorğu vasitəsi ilə könüllülüyə cəlb oluna biləcək tələbə-gənclərin bazası yaradılıb. Ümumiyyətlə yarışların keçirilməsində könüllü kimi iştirak etmək istəyən gənclərin sayı gündən-günə artır. Könüllülər təşkilatçılıq üçün müxtəlif sahələrə cəlb olunublar. Bura qonaqların qarşılanmasından tutmuş idmançılarla işin tənzimlənməsindək müxtəlif işlər daxildir. “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin və ATGTİ-nin növbəti layihəsi oyunların təşkil olunmasında iştirak edəcək könüllülərə “Könüllülük Pasportu”nun verilməsidir. “Könüllülük Pasportu”nda gənclərin fəaliyyəti, təcrübəsi qeyd olunacaq. Bu pasport gələcəkdə onlar üçün CV rolunu oynayacaq.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə ATGTİ-nin əməkdaşlığı çərçivəsində ən kütləvi tədbirlərdən biri də Heydər Əliyev Mərkəzinin önündə keçirilmiş flaşmobdur. Flaşmobda altı mindən çox tələbə-gənc “Bakı-2015” Avropa Oyunlarının loqosu və Azərbaycan bayrağının təsvirini yaradıb. Bu flaşmob “Euronews” telekanalı vasitəsi ilə bütün dünyada nümayiş etdirilib. Ümumiyyətlə, oyunların təbliği üçün müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində “Bakı-2015” Avropa Oyunlarının təqdimatları təşkil edilib və Tələbə Gənclər Təşkilatları təhsil müəssisələrində Oyunlarla bağlı yaradılmış komitələrin işinə fəal şəkildə cəlb olunub.
Təbliğat kampaniyası çərçivəsində xüsusi ilə böyük bayrama çevriləcək açılış və bağlanış mərasimlərinin təqdimatının keçirilməsini də qeyd etmək yerinə düşər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info