Aqrar sahədə fəaliyyət göstərən tədqiqat müəssisələrində ciddi elmi axtarışlar aparılmır
Tarix: 26.01.2013 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Aqrar Elmlər Bölməsinin 2012-ci il üçün hesabatına həsr olunmuş növbəti iclası keçirildi. Tədbirdə AMEA AEB-in akademik-katibi, akademik Qərib Məmmədov bölmənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatla çıxış etdi.
Ölkə başçısı tərəfindən aqrar elmlər qarşısında çox mühüm vəzifələr qoyulduğunu deyən Q.Məmmədov bildirdi ki, bu vəzifələrin səmərəli icrası üçün aqrar sahədə elmi fəaliyyətlərin canlandırılması və elmi tədqiqatların koordinasiyasının dövrün tələbləri səviyyəsində gücləndirilməsi vacibdir: “Bu gün söhbət, ilk növbədə, ölkədə aqrar elmin nüfuzunun artırılması, onun Azərbaycan iqtisadiyyatının və xalqın rifahının gələcəyinə hədəflənmiş inkişaf strategiyasının hazırlanması və reallaşmasında rolundan gedir”. Bildirildi ki, Prezidentin 17 yanvar 2011-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər və əlavələr edilməsi haqqında” fərmanı ilə AMEA-nın Aqrar Elmlər Bölməsi yaradılması təsdiq edilib. Bundan sonra, AMEA Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli “Aqrar Elmlər Bölməsi strukturu haqqında” qərarı qəbul edilib.
Akademikin sözlərinə görə, 2012-ci ili Azərbaycanda aqrar və bitki genetik ehtiyatları elmlərinin inkişafı sahəsində yeni bir dövrün başlanğıcı hesab etmək olar. AMEA Aqrar Elmlər Bölməsi öz fəaliyyətinə başlayıb ki, bu da müvafiq elmin daha yaxşı koordinasiyasına və müasir səviyyəyə qaldırılmasına, elmi nailiyyətlərin praktikaya tədbiqinin sürətləndirilməsinə və intensivləşdirilməsinə, müxtəlif təşkilatlar tərəfindən birgə tədqiqatların aparılmasına çox böyük yardım göstərir. Qeyd edildi ki, ötən hesabat dövründə “Mədəni Bitki Genetik Ehtiyatlarının Mühafizəsi və Səmərəli İstifadəsi” haqqında Azərbaycan Respublikası Qanununun Milli Məclis tərəfindən qəbul edilməsi və ölkə başçısı tərəfindən təsdiq olunmasını, Nazirlər Kabinetinin 4 sərəncamını xüsusi qeyd etmək lazımdır. Ötən müddət ərzində həyata keçirilən işlərlə bağlı bildirildi ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” üzrə Genetik Ehtiyatlar İnstitutunda ciddi elmi axtarışlar aparılıb. Fəaliyyətlər 4 istiqamətdə-Üzümün yerli genetik ehtiyatlarının toplanması, yerli sortların təbliği və yeni ampeloqrafiya kitabının hazırlanması, sənaye əhəmiyyətli üzüm sortları ilə kolleksiyanın zənginləşdirilməsi və Böyük Qafqaz bölgəsində üzüm bitkisinin mənşə və mədəniləşdirilmə məsələlərinin tədqiqi istiqamətlərində aparılıb, bir sıra mühüm nailiyyətlər əldə edilib. Hesabat dövründə bölmənin institutlarında çoxşaxəli elmi tədqiqat işləri aparılıb və bir sıra mühüm nəticələr əldə edilib.
Elmi tədqiqatların istiqaməti isə “Flora, fauna, torpaq örtüyünün biomüxtəlifliyinin və su ehtiyatlarının öyrənilməsi, genefondun qorunması və səmərəli istifadəsi” olub. Bölməyə daxil olan institutlarda 6 elmi problem üzrə tədqiqatlar aparılıb. Belə ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda beynəlxalq tələbata cavab verən torpaq-coğrafi informasiya bazasının yaradılması üçün lazımi hazırlıq işləri görülüb. İlk dəfə olaraq irriqasiya eroziyası nəticəsində suvarılan torpaqlarda ərazinin səthinin pozulma dərəcəsi və irriqasiya çöküntülərinin sahəsi sonunda toplanma qalınlığı müəyyən olunub. Azərbaycan torpaqlarının Qırmızı kitabının elmi əsaslarının hazırlanması məqsədilə itmiş, mövcud olan və antropogen təsirə məruz qalmış torpaqların hansı kateqoriyaya aid olduğu müəyyənləşdirilib, onların qorunub saxlanmasını təmin etmək üçün həmin torpaqların fiziki, kimyəvi və bioloji diaqnostik göstəriciləri dəqiqləşdirilib, torpaq-coğrafi informasiya-məlumat bazası yaradılıb və onun əsasında torpaq profillərinin morfoloji təsviri hazırlanıb.
Genetik Ehtiyatlar İnstitutunda elmi ekspedisiya tədqiqatları ilə Böyük Qafqazın mərkəzi hissəsində paxlalılar və taxıllar fəsillərindən 6 cins üzrə 12 növün yeni yayılma sahələri aşkar edilib, paxlalılardan 3 cins üzrə 12 növün nadir, nəsli kəsilməkdə olan və endemik bitkilər olması aşkar edilib. Azərbaycan mənşəli 102 yumşaq və 83 bərk buğda nümunəsinin genom sekvens analizi nəticəsində yumşaq buğdalar üzrə 897, bərk buğdalar üzrə isə 1832 tək nukleotid polimorfizmi aşkar edilib.
Eroziya və Suvarma İnstitutunda GIS texnologiyasından istifadə etməklə Ağsu rayonunun ərazisinin 1:50000 miqyasında yüksəklik xəritəsi və yer səthinin mailliyi xəritələri işlənib hazırlanıb.
O da vurğulandı ki, 2012-ci ildə bölmənin əməkdaşları tərəfindən, ümumiyyətlə, 464 elmi əsər, o cümlədən 9 kitab (1 kitab xaricdə), 8 monoqrafiya, 300 məqalə (98-i xaricdə), 147 tezis (73 xaricdə) dərc edilib. Hesabat dövründə bir neçə qabaqcıl xarici təşkilatla Kew Botanika Bağları (Böyük Britaniya), Akademik D.N.Pryanişikov adına Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası (Rusiya), Sum Milli Aqrar Universiteti (Ukrayna) və Selcuk Universiteti (Türkiyə) ilə əməkdaşlıq müqavilələri bağlanıb. 2012-ci ildə bölmənin institutlarının beynəlxalq əlaqələri daha çox elmi xarakter daşıyıb. Bildirildi ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən 2012-ci ilin son qrant çağırışında Genetik Ehtiyatlar İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1.3 milyon manat dəyəri olan birgə pilot layihə ilə qalib gəlib ki, bu layihə əsasında 2013-cü ildə institutlara ən müasir elmi avadanlıqlar alınacaq.
Mövcud problemlərə toxunan akademik vurğuladı ki, ötən hesabat dörünün ciddi təhlili göstərib ki, Genetik Ehtiyatlar İnstitutu və qismən də Torpaqşünaslıq və Aqrokimya İnstitutu istisna olmaqla ölkədə aqrar sahədə fəaliyyət göstərən heç bir tədqiqat müəssisəsində ciddi elmi axtarışlar aparılmır. Aqrar Elmlər Bölməsinə daxil olmayan elmi tədqiqat müəssisələrindən yalnız 6-dan hər-hansı bir nəticə almaq mümkün olub ki, onların da əksəriyyəti aşağı səviyyədədir. Bundan başqa, institutların qarşısında qoyulmuş genişmiqyaslı vəzifələrin həllinə mane olan problemlərdən biri AMEA nəzdində Aqrar Elmlər üzrə Problem Şurasının fəaliyyət göstərməməsi, bölmədə aqrar sahədə Müdafiə Şurasının olmaması, institutların (həmçinin bazaların və dayaq məntəqələrinin) inzibati binalarının yararsız vəziyyətdə olmasıdır. Həmçinin bildirildi ki, elmi işçilərin orta aylıq əmək haqqının aşağı olması, gənclərin mənzil problemi var. Bundan başqa institutların bəzi laboratoriyalarında tədqiqat cihazları və digər avadanlıqlar köhnələrək sıradan çıxıb ki, bu, müasir səviyyədə tədqiqat işlərinin aparılmasına ciddi maneçilik törədir. Perspektivlərə gəldikdə isə bildirildi ki, burada dünya genbanklarında cəmlənmiş Azərbaycan mənşəli nümunələrin geriyə qaytarılması, beynəlxalq və yerli ekspedisiya və elmi mübadilə yolu ilə yeni nümunələrin toplanması işinin müntəzəm davamı, Kənd təsərrüfatı muzeyinin Aqrar Elmlər Bölməsinin tabeliyinə keçirilməsi öz əksini tapıb. Həmçinin Azərbaycanın aqrar elmi üzrə koordinasiyanın gücləndirilməsi, kadr hazırlığında beynəlxalq təşkilatların və xarici elm mərkəzlərinin köməyindən ardıcıl istifadə edilməsi perspektiv planlar sırasına daxildir.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info