“Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür”
Tarix: 21.05.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin, Əlyazmalar və Folklor institutlarının, həmçinin Türkmənistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr edilmiş “Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür” mövzusunda elmi-praktik konfrans keçirilib.
AMEA-nın vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, əvvəlcə böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin müxtəlif dillərdə çap olunmuş əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığından ətraflı bəhs edib, böyük mütəfəkkirin zəngin bədii irsindən, onun türkmən yazılı ədəbiyyatındakı xidmətlərindən danışıb. Məhtimqulu Fəraqini Türkmənistanda milli istiqlal ədəbiyyatının banisi kimi xarakterizə edən akademik İsa Həbibbəyli şairin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğunu və onun poeziyasında realizmin əsas yer tutduğunu diqqətə çatdırıb.
Məhtimqulu Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi dəyərləndirən akademik İsa Həbibbəyli qeyd edib ki, böyük mütəfəkkir şair dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul olunur: “Bu böyük sənətkarın türkmən ellərini birliyə çağırışları nəticə etibarilə türk ellərini, ümumiyyətlə insanları yaşadıqları torpaqlarda, ömür sürdükləri məmləkətlərdə oturaq həyatın qorunub saxlanması ilə ölkələrin qorunub saxlanmasının və möhkəmlənməsinin zəruriliyini qabarıq şəkildə ifadə edib. Müasir türkmən şeiri, yeni türkmən ədəbiyyatı Məhtimqulu Fəraqi ilə başlayıb. Məhtimqulu Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunis Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içinə geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII əsr türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir. Məhtimqulu Fəraqinin yaradıcılığı xalq şeiri ilə xalqın həyatı və mübarizəsinin birlik çələngidir”.
Akademik İsa Həbibbəyli bu il Məhtimqulu Fəraqiyə həsr olunmuş elmi konfransın Türkmənistanın bitərəf dövlət olmasının 20 illiyi ilə eyni vaxtda keçirilməsini həm də böyük şairin öz xalqının müstəqilliyi və dövlətçiliyi ideyalarını bəyan etməsi ilə səsləşdiyini də qeyd edib. Bildirib ki, elmi konfrans Azərbaycan-Türkmənistan əlaqələrinin yeni bir səhifəsi kimi də əhəmiyyətlidir.
“Məhtimqulu Fəraqi dostluq və həmrəylıiyin tərənnümçüsüdür” mövzusunda məruzə ilə çıxış edən Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov M.Fəraqinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, 1724-cü ildə anadan olan Məhtimqulu “Fəraqi” təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Məhtimqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib.
Səfir azərbaycanlı alim, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi İsmixan Osmanlının Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun müvafiq fərmanına əsasən “Məhtimqulu Fəraqi” medalı ilə təltif edildiyini bildirib. Qeyd edib ki, azərbaycanlı tədqiqatçı bu mükafata türkmən xalqının böyük mütəfəkkiri M.Fəraqinin yaradıcılıq irsinin tədqiqində, geniş yayılmasında və təbliğində xidmətlərinə, həmçinin Türkmənistan ilə dostluq əlaqələrinin, elm, təhsil, mədəniyyət və humanitar sahələrin inkişafına verdiyi töhfəyə, səmərəli iş və bədii nailiyyətlərə görə layiq görülüb. Səfir “Məhtimqulu Fəraqi” medalını Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlıya təqdim edib.
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Məhtimqulu Fəraqinin yaradıcılığında vətənpərvərlik”, Nizami adına Ədəbiyyat İnstitutunun dorektor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Məhtimqulu Fəraqinin poeziyasında klassik və xalq şeiri ənənələri” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrində böyük mütəfəkkirin yardıcılığı barədə geniş və hərtərəfli elmi təhlillər diqqətə çatdırılıb.
Sonra AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edib. Eləcə də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun (“Məhtimqulu Fəraqi və XVIII əsrdə oğuz türklərinin ədəbiyyatı”), Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın (“Məhtimqulu Fəraqinin irsi türkmən və ümumtürk dəyərlər qovşağında”), “Türk xalqları şöbəsi”nin doktorantı Töhfə Talıbovanın (“Müstəqillik illərində Məhtimqulu Fəraqinin yaradıcılığı Nizami adına Ədəbiyyat İnstitutu alimlərinin tədqiqində”) müxtəlif mövzularda çıxışları dinlənilib. Çıxışlarda qədim tarixə, ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirilib, şairin bədii yaradıcılığına müxtəlif elmi istiqamətlərdə nəzər yetirilib.
Elmi konfransda İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib. Tədbir boyu böyük türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yardıcılığını əks etdirən fotoslaydlar nümayiş olunub.
Elmi-praktik konfransda bir sıra ölkələrin diplomatik korpusların təmsilçiləri, elmi əməkdaşlar və televiziyaların, kütləvi informasiya vasitələrinin, eləcə də elektron medianın nümayəndələri iştirak ediblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info