“Vəzifəli şəxs ona edilən etimadın mənəvi yükünü hər zaman hiss etməlidir”
Tarix: 22.05.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Eldar Aslanov: “Məmurların fəaliyyəti cəmiyyət üçün bir nümunəyə çevrilməlidir”
Vüqar Qədirov: “Etimaddan və etibardan sui-istifadə edən səlahiyyətli şəxslər cəzasız qalmır və qalmayacaqlar”
Azərbaycan dövlətçiliyi müstəqillik illərindən bu yana çox uğurlu inkişaf yolu keçib. Bu inkişaf və uğurlar dövlətimizin bütün sahələr üzrə inkişafında, sosial-iqtisadi, mədəni, idman, təhsil və sair sahələrdə ciddi göstəricilər əldə edilməsində özünü bariz şəkildə göstərir.
Bu gün Azərbaycan regionun iqtisadi lideri, inkişaf göstəricilərinə görə dünyada lider mövqelərdə olan bir dövlət kimi xarakterizə edilir. Dövlətimiz regionda və dünyada həyata keçirilən meqa iqtisadi və enerji layihələrinin əsas təşəbbüsçüsü olmaqla da, özünün beynəlxalq imicini və reytinqini xeyli dərəcədə yüksəldə bilib. Bütün bunlar isə ilk növbədə, rasional dövlət idarəçiliyi nəticəsində ərsəyə gəlib. Bütün bunlarla yanaşı, dövlət idarəçiliyində dövlət qulluqçuların, məmurların kulturoloji səviyyəsinin yüksəldilməsi, onların öz üzərlərinə düşən məsuliyyətlərini tam dərk etməsi və cəmiyyət, dövlət qarşısında məsuliyyət daşımaları da əsasdır. Bu məqam Prezident İlham Əliyevin son çıxışlarından birində ciddi şəkildə bir daha ifadə edildi. Rütbəsindən asılı olmayaraq, hər bir dövlət məmurunun Prezidentin onlar qarşısında qoyduğu tapşırıqlardan nəticə çıxarmaları isə qaçılmaz və zəruridir. Əks təqdirdə, dövlət başçısının dediyi kimi, onları qanun qarşısında müvafiq məsuliyyət və cəza gözləyir və bu cəza mənsəbindən və rütbəsindən asılı olmayaraq, hamıya aiddir: “Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir”. Prezident bildirib ki, cəmiyyətə ilk növbədə, bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər: “Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib”.
Prezident qəti şəkildə bildirib ki, heç bir şəxs xüsusilə dövlət məmuru məsuliyyətdən qaça bilməz: “Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək, vəssalam. Ona görə, bir daha demək istəyirəm ki, bu hadisə ilə bağlı konkret təkliflər verilməlidir. Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək”.
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov qəzetimizə bu barədə fikirlərini belə bildirdi: “Məmurların məsuliyyəti və işgüzarlığından, ölkənin, ayrı -ayrı sahələrin, bəzən isə konkret rayonun və ya şəhərin gələcək inkişafı asılı olur. Məmurların seçilməsi, yerləşdirilməsi, hazırlığına son illər xüsusi fikir verilsə də, bu sahədə görüləcək işlər də çoxdur. Xüsusilə, müasir dövrdə məmurun hərəkət və davranışları, verdiyi qərarlar cəmiyyətin gözü önündədir və onların hər bir hərəkəti bəzən onun tək özünün deyil, bütün hökumətin fəaliyyətinə qiymət kimi dəyərləndirilir. Məmurların mənəvi siması və fəaliyyəti cəmiyyət üçün bir nümunəyə çevrilməlidir. Dolayısı ilə məmurların kifayət qədər məsuliyyətli, peşəkar, xalqın xidmətçisi kimi çevik bir insan olması çox vacibdir. Bu mənada son müşavirədə ölkə Prezidentinin məmurlarla bağlı qeyd etdiyi fikirləri hər bir vəzifəli şəxsin düzgün anlayıb, əldə rəhbər tutması çox zəruridir. Məncə, hər bir vəzifəli şəxs ona edilmiş etimadın mənəvi yükünü öz çiyinlərində hər zaman hiss etməlidir”.
Mövzuya münasibətini bildirən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov isə dedi ki, Prezident İlham Əliyevin bəzi vəzifəli şəxslərin, övladlarının və yaxın qohumlarının onlara verilən səlahiyyətlərdən sui-istifadə edərək bəzi qanunsuz hərəkətlərə yol vermələri barədə etdiyi xəbərdarlıqlar və bununla bağlı atılan ciddi addımlar doğrudan onu göstərir ki, etimaddan və etibardan sui-istifadə edən şəxslər cəzasız qalmır və qalmayacaqlar: “Cənab Prezident dəfələrlə məmurlar qarşısında ciddi tələb qoyub ki, onlar xalqa və dövlətə sədaqətlə xidmət etsinlər. Prezident “Xalqın birinci qulluqçusu mənəm” deməklə, həmin məmurların üzərinə düşən vəzifəni ləyaqətlə icra etmələri üçün dəfələrlə xəbərdarlıq edib. Amma çox təəssüflər olsun ki, bəzi səlahiyyətli şəxslər öz üzərlərinə düşən məsuliyyəti dərk etməyərək öz şəxsi maraqlarını dövlətin və xalqın ümumi maraqlarından üstün tuturlar. Bunun nəticəsində bir çox neqativ halların baş verməsi onu deməyə əsas verir ki, bəzi səlahiyyətli şəxslərin yarıtmaz fəaliyyəti insanlarımıza zərbə vurmaqla bərabər, Prezidentimizin etimadına xəyanət kimi qiymətləndirilməlidir”.
V.Qədirovun fikrincə, dövlətlə xalq arasında uçurum, xaos yaratmağa çalışan qüvvələrin dəyirmanına su tökən bəzi səlahiyyətli şəxslərin də məhz ən layiqli cəzasını Prezident verir: “Xalqımız əmindir ki, cənab Prezident İlham Əliyevin apardığı siyasətə xələl gətirən, onun etimadını doğrultmayan, düşmən dəyirmanına su tökən səlahiyyətli şəxslər öz ciddi cəzalarını almaqla bərabər, Prezidentin apardığı uğurlu siyasət nəticəsində qarşıda duran bütün vəzifələr uğurla yerinə yetiriləcək”.
Əlavə edək ki, son dövrlərdə pul maxinasiyalarına və digər cinayət əməllərinə görə, səlahiyyətli şəxslərin həbsi də bu baxımdan çox şey deyir: Dəfələrlə edilən xəbərdarlıqlardan və cəzalardan nəticə çıxarmayan iri səlahiyyət sahibləri artıq həbsə atılıblar və bu, məmur fəaliyyətlərində səhvlərə yol verən digərləri üçün ciddi siqnal olmalıdır. Prezidentin son müşavirədəki çıxışında səsləndirdiyi sərt xəbərdarlıqlar isə özbaşına məmurlara bundan sonra heç bir aman olmayacağını bariz göstərmiş olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info