“Azərbaycan özünün yeni inkişaf modelini yaradıb“
Tarix: 23.05.2015 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


“The Buisnes Year: Azerbaijan - 2015” nəşri Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfə olacaq
"Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür".
Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Buisness Year: Azerbaijan - 2015” xüsusi buraxılışının təqdimat mərasimindəki çıxışında deyib
.
Ə.Həsənov bildirib ki, dünyanın gündəminin formalaşmasında bilavasitə iştirak edən müasir informasiya resursları da bu nümunəni göstərmək, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bölüşmək missiyasını prioritet vəzifələrdən biri hesab edirlər: "Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də var ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini özlərinə cəlb edir. Konkret olaraq Azərbaycan haqqında danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-a yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir". Ə. Həsənov bir neçə həftədən sonra Azərbaycanın tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşdığını xatırladıb: "Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcək. l Avropa Oyunlarına hazırlıq mərhələsində təşkilat və əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülüb və bütün işlər vaxtında başa çatdırılıb. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə edib. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaq. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. Hesab edirəm ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış “The Buisness Year” nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir". PA rəsmisi qeyd edib ki, “The Business Year” dünyan ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir: "2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış “The Buisnes Year” nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyada “İlin Prezidenti” elan edib. Bunun əsas səbəbləri dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olub. Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində, aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılıb, bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün formalaşmasına töhfəsini verib". Ə. Həsənov bildirib ki, nəşrin builki layihəsi olan “The Buisnes Year: Azerbaijan - 2015” xüsusi buraxılışı l Avropa Oyunlarına həsr edilib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, l Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunmuş və təhlil edilib. Eyni zamanda, l Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti, oyunların təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Xüsusi buraxılışda Monako Şahzadəsi ll Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin müsahibələrində ölkələrarası münasibətlərin inkişafına dair dəyərli fikirlər əksini tapmışdır. Nəşrin əhəmiyyətli hissəsini təşkil edən dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin müsahibələrində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, biznes və investisiya mühiti, sahibkarlıq subyektlərinin fəaliyyəti barədə geniş məlumat verilib. Hesab edirəm ki, “The Buisnes Year: Azerbaijan - 2015” nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq".

***

“Hakimiyyət vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir”
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisinin açılış mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ofisin açılış lentini Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu kəsib. Daha sonra ofisə baxış keçirilib. Mərasimdə çıxış edən U.Rəhimoğlu deyib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövrlərində fəaliyyətə başlayıb, dünyada sülhün təbliğinə çalışıb: “Fəaliyyətimizdən 23 il keçir. Bu müddət ərzində BAMF dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər və beynəlxalq QHT-lərlə əlaqə qurub. Fondumuz BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi hüquqlu üzvüdür. Bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibədən əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. Azərbaycanda vətəndaş cəmiyyətinə diqqət və qayğı olmasaydı, sözsüz ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu uğurlara imza ata bilməzdi”. Tədbir çıxışlarla davam edib. Qeyd edək ki, Azərbaycan Prezidenti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib. Mükafat Umud Rəhimoğlu tərəfindən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. Ə. Həsənova isə BAMF-in “Fəxri diplomu” təqdim edilib. BAMF prezidenti Ə. Həsənova vətəndaş cəmiyyətinin inkişafında dəstəyinə görə təşəkkür edib. Əli Həsənov qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatların ittihamlarına Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi əsl cavabdır: “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb". Ə.Həsənov qeyd edib ki, BAMF kimi uğur qazanan bir neçə təşkilatımız var. Qeyri-hökumət təşkilatlarımız, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərirlər. Prezidentin köməkçisi bildirib ki, bu gün Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlıq edilir, bu əməkdaşlıqdan biri də vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi sahəsindədir.
Ə.Həsənov deyib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir ki, Azərbaycanda səmərəli fəaliyyət göstərir. Onun sözlərinə görə, bu gün BAMF kimi Azərbaycanda 3 500 təşkilat fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir: "Təməli Heydər Əiyev tərəfindən qoyulmuş vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün Prezident tərəfindən qətiyyətlə davam etdirilir".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info