Yaxın Şərqdə ilk demokratik dövlət
Tarix: 27.05.2015 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Heydər Əliyev
Ümummilli lider


Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, fəaliyyətini həmişə yüksək qiymətləndirirdi. Həmçinin həmin dövr tariximizi çox gözəl bilən böyük dövlət xadimi deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən qat-qat çətindir. Bunu ADR-in tarixi taleyi də dönə-dönə sübut edir. Çünki ötən əsrin sonunda, demək olar ki, eyni proseslərlə üzləşdik və daha təhlükəli vəziyyətlə qarşılaşdıq.
Əgər ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtmasaydı, yəqin ki, dövlətçiliyimizi itirəcəkdik, ölkəmiz bir neçə dövlət arasında bölünəcəkdi. Nəticədə Azərbaycanın bir dövlət kimi mövcudluğu xəyal olaraq qalacaqdı.
Sözün həqiqi mənasında müasir Azərbaycanı ulu öndər Heydər Əliyev qurdu, inkişaf etdirdi, böyük dövlətlərin cərgəsinə çıxartdı. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini bərpa etdi, yaşatdı, inkişaf etdirdi, sivil bir dövlət qurdu. Bu gün həmin dövlət regionda söz sahibidir, böyük və güclü dövlətlərin sırasında layiqli yerini tutur.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salanda, ilk növbədə onun yarandığı şərait qiymətləndirilməlidir. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra noyabrın 15-də Tiflisdə Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı yaradıldı. Cənubi Qafqazın hər üç xalqı burada təmsil olunurdu. Lakin xarici gərginlik, daxildə ciddi fikir ayrılıqları Komissarlığın fəaliyyətini çətinləşdirirdi. 1918-ci ilin fevralında Komissarlıq fəaliyyətini dayandırdı və həmin ayın 10-da Zaqafqaziya Seymi yaradıldı. Seymdə menşevik, müsavat və daşnaq fraksiyaları təmsil olunurdu. Çoxluq müsəlman partiyalarının blokuna məxsus idi.
İstər Komissarlıqda, istərsə də Seymdə xüsusən erməni fraksiyası azərbaycanlılara qarşı təxribat xarakterli iddialarla çıxış edirdilər. Cənubi Qafqazı tərk edən rus orduları da silahlarını onlara təhvil verib gedirdilər. Zaqafqaziya Seymi öz fəaliyyətinə Osmanlı dövləti ilə sülh danışıqlarının müzakirəsi ilə başladı. Martın 3-də Sovet Rusiyasının Almaniya ilə Brest-Litovsk sülh müqaviləsi imzalanması ermənilərin “Türkiyə Ermənistanı” planlarını puça çıxardı. Bu müqavilə ilə Qars, Ərdəvan və Batum Osmanlı imperiyasına verilir, rus qoşunları isə Osmanlı və sərhəd ərazilərində yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməliydi. Məhz bu səbəbdən martın 14-də keçirilən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti müqavilənin Cənubi Qafqaza aid olan hissəsinə etiraz etdi. Azərbaycan fraksiyasının bütün cəhdlərinə baxmayaraq, erməni və gürcü nümayəndələri Seymin 23 tarixli iclasında Osmanlı dövlətinə qarşı müharibə etmək barədə qərarın qəbul edilməsinə nail oldular. Azərbaycanlı tərəfi bu müharibədə iştirak etməyəcəyini bildirdi.
Müharibə cəmi 8 gün davam etdi. Aprelin 15-də Osmanlı ordusu Batumu tutdu, erməni və gürcü orduları məğlub olub, geri çəkildilər. Aprelin 22-də Seym Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi, həmçinin Cənubi Qafqazı müstəqil federativ respublika elan etdi. Bu respublika isə cəmi 34 gün yaşadı.
Həmin tarixi şəraitdə maraq doğuran ciddi bir məsələ var. Bakı Cənubi Qafqazda Zaqafqaziya Komissarlığının bundan sonra Seymin səlahiyyətlərindən kənar olan yeganə şəhər idi. Buna əsas səbəb Rusiyada oktyabr çevrilişindən sonra Bakının bolşevik-daşnak qüvvələrinin əlində olmasıydı. Məsələn, noyabrın 2-də (1917) bolşeviklər Bakıda Sovet hakimiyyətini elan etdilər. S. Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri oldu. Dekabr ayında isə bu qatı daşnak Lenin tərəfindən Cənubi Qafqazın fövqəladə komissarı təyin edildi.
Bolşevik-daşnak qüvvələri Bakını Cənubi Qafqazda “inqilabla əks-inqilab arasında mübarizə” meydanı elan etmişdilər. Bu zaman Bakıda S. Şaumyanın ixtiyarında böyük əksəriyyəti ermənilər olan 20 minlik qoşun vardır. O, min bəhanə ilə qırğın törətmək, azərbaycanlıları məhv etmək üçün işlər aparırdı. Amma Azərbaycanın siyasi xadimləri və ziyalıları bunların qarşısını alırdı. Bakıda müsəlmanları müdafiə edəcək qüvvə yox idi. Şaumyan isə “qızıl ordu əsgəri” adı altında qatı daşnaklardan ibarət ordunun gücünü artırırdı.
Nəhayət, Şaumyan martın 15-də Bakı Sovetinin iclasında göstəriş verdi: ”Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir”. Bununla da müsəlman əhalinin qırğınına start verilmiş oldu. Martın 30-da isə qırğına rəhbərlik etmək, onu mütəşəkkil və qısa müddətdə həyata keçirmək üçün Bakı Soveti yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı.
Qırğın ərəfəsində yalandan öz bitərəfliyini elan etmiş “daşnaksütyun” və erməni Milli Şurası Bakı Sovetinin qərarını müdafiə etdilər. Martın 31-də qırğın başlandı, aprelin 2-də gecədən xeyli keçənədək davam etdi. Daşnak və bolşevik ordusu uşağa, qadına, qocaya fərq qoymadan ağlagəlməz vəhşiliklər törətdilər.
1918-ci il aprelin 13-də S.Şaumyan V.İ.Leninə yazırdı:”Müsəlman millətçi partiyalarının müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti tükdən asılı idi. Əgər onlar Bakıda üstün gəlsə idilər, şəhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar”. Göründüyü kimi, S.Şaumyan milli qırğının qəsdən təşkil olunduğunu etiraf edir, ancaq bunu qeyri-müsəlmanların qırğınının qarşısını almaq maskası ilə pərdələyir. Bolşevik-daşnak qüvvələri bununla sakitləşmədilər. Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda, Lənkəranda soyqırımı aktlarını davam etdirdilər.
Mart soyqırımından sonra bolşevik və erməni siyasi partiyalarının mətbuat orqanlarından başqa, bütün qəzet və jurnallar bağlandı. Erməni milli şurası istisna olmaqla bütün milli şuraların fəaliyyəti qadağan edildi. F. X. Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər Duması buraxıldı. 1918-ci il aprelin 25-də S. Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. Erməni lideri Xatisov bu komissarlığı “erməni sovet hökuməti”adlandırdı.
Ermənilər böyük iddia ilə yaşayırdılar. Onlar Azərbaycanda böyük dövlət qurmaq istəyirdilər. Hətta Azərbaycana muxtariyyət vermək məsələsini də yaxın qoymaq istəmirdilər. Araşdırmalar göstərir ki, S. Şaumyanın Zaqafqaziya Seymindəki erməni fraksiyası ilə, Androniklə, Leninlə, xarici erməni təşkilatları ilə əlaqəsi çox sıx olub. Bu birlik yalnız Azərbaycana qarşı yönəlmişdi.
Bir tarixi fakta diqqət yetirək Andronik Culfanı işğal edəndən sonra-1918-ci il iyunun 22-də S. Şaumyana belə bir teleqram göndərir: “Culfa mənim əlimdədir, istədiyiniz vaxt onu sizin sərəncamınıza verə bilərəm”. S. Şaumyanın isə cavab teleqramında deyilir:
“Culfa, xalq qəhrəmanı Andronikə
Sizin 577 nömrəli teleqramınızı aldım. Tam mətnini Moskvaya-Mərkəzi hökumətə xəbər verdim. Öz tərəfimdən sizin şəxsinizdə əsl xalq qəhrəmanını salamlayıram, türk süngüsündən ziyan çəkən bütün cəsur döyüşçülərə salam yetirin”.
Bax, belə ağır şəraitdə, Bakıdan uzaqlarda, respublika sərhədlərindən kənarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi: 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı. Bir gün sonra Azərbaycan fraksiyası M. Ə. Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura yaratdı. Mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu, Milli Şura çox mühüm tarixi hüquqi sənəd olan “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Altı bəndlik bu Bəyannamədə deyilirdi:
1. Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və qərb hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Müstəqil Azərbaycanın syasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvlərilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
6. Məclisi-Müəssisanın çağrılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti hökumət sayılır.
“İstiqlal Bəyannnaməsi” Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını,siyasi quruluş formasını bəyan etməklə yanaşı, onun bütün fəaliyyətinə hüquqi təminat verən qanun rolunu oynadı.
Müvəqqəti hökumətin ilk başçısı Fətəli xan Xoyski mayın 3-də radioteleqrafla xarici dövlət başçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması məlumatını çatdırdı. Cümhuriyyətin xarici siyasətdə ilk uğuru iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi imzalaması oldu. Daşnak ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərin qarşısını almaq üçün bundan sonra həmin müqavilənin 4-cü bəndinin tələblərinə uyğun olaraq Milli Şura və Xarici İşlər Nazirliyi Osmanlı dövlətlərindən hərbi kömək istədi. Bu köməyin qarşısını almaq üçün Şaumyan Gəncə üzərinə hücuma hazırlaşdı. Eyni zamanda, Leninin göstərişi ilə Gürcüstan hökumətinə məktubla müraciətində göstərdi ki, Osmanlı qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası Gürcüstanın muxtariyyətini tanıyacaq. Ancaq Gürcüstan Osmanlı qoşunlarının qarşısını ala bilmədi. Əvəzində Gürcüstan hökuməti Milli Şurasına Gürcüstan ərazisində fəaliyyətini qadağan etdi. İyunun 16-da Milli Şura Gəncəyə köçürüldü. Ancaq Gəncəyə gələn Nuru paşa Milli Şuraya etimadsızlıq göstərdi. Odur ki, hökumət böhranı qaçılmaz oldu, Milli Şura fəaliyyətini dayandırdı və səlahiyyətlərini F. X. Xoyskinin rəhbərlik etdiyi Müvəqqəti hökumətə verdi ki, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılsın. İki gün sonra Azərbaycan hökuməti hərbi vəziyyət elan etdi:”Yaranmış fövqəladə vəziyyətlə əlaqədar olaraq bütün Azərbaycanda hərbi vəziyyət elan edilsin. Qafqaz İslam ordusunun komandanı ilə razılıq əsasında bu fərmana uyğun tədbirlərin hazırlanması daxili işlər nazirinə həvalə edilsin”.
Bakı hələ də Şaumyanın əlində idi. Azərbaycan Osmanlı hərbi qüvvələri bolşevik-daşnak ordularının hücumunun qarşısını alıb, onları qovmağa başladılar. Artıq iyulun 20-də Bakının azad olunması üçün bu istiqamətdə hücum gücləndirildi. Şaumyan Moskvaya və İrandakı rus-kazak dəstələrinə ümid bəsləyirdi. Ancaq onlar da heç nə edə bilmədilər
Lenin Almaniya ilə danışıqlara getdi. O, Bakı neftinin bir hissəsini onlara verməklə, Osmanlı ordusunun Bakıdan çıxarılmasına çalışırdı. Şaumyana isə belə bir tapşırıq vermişdir ki, Bakı əldən çıxarsa, iri neft müəssisələrini məhv etsin. Amma heç nə Bakı Kommunasının süqutunun qarşısını ala bilmədi.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Nuru paşanın başçılığı ilə Osmanlı qoşunları Bakıya daxil oldular. İki gün sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli hökuməti Gəncədən Bakıya köçürüldü. Azərbaycanın bütün ərazilərində öz fəaliyyətini bərpa etmək üçün təsirli tədbirlər görməyə başladı. Yaranmasından 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, əslində Xalq Cümhuriyyəti fəaliyyətini bundan sonra qura bildi.
Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan dili dövlət dili elan edildi. İyunun 24-də üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Noyabrın 9-da bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əksi olan üçrəngli bayraqla əvəz edildi. İyunun 26-da Milli Ordunun yaradılması haqqında fərman verildi. Hərbi Nazirlik noyabrın 1-də yaradıldı. 1919-cu ilin yayında Xəzər Donanması yaradıldı. Avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman oldu.
Milli Şuranın fəaliyyəti 1918-ci il noyabrın 16-da bərpa edildi. Noyabrın 20-də keçirilən iclasında “Azərbaycan parlamentinin yaradılması haqqında ” Qanun qəbul edildi. Bu qanunda hər iki cinsin seçki hüququ təsbit edildi. Bununla da Azərbaycan demokratik dəyərlərin reallaşmasında Şərqdə yenə birinci oldu.
Azərbaycan parlamenti 1918-ci il dekabr ayının 7-də fəaliyyətə başladı. 17 ay çox səmərəli fəaliyyət göstərdi. Bu müddətdə 130 iclas keçirdi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim olundu. Onlardan 230-a yaxını müzakirə edilib, qəbul edildi.
Azərbaycan hökumətinin ilk tədbirlərindən biri də Sosial İqtisadi sahədə islahatlar idi. İlk növbədə ərzaq məhsullarının xaricə daşınmasının qarşısı alındı. Ölkə ərazisində azad ticarətə verildi. Hökumətin 5 oktyabr (1918) tarixli qərarı ilə Bakı Xalq Komissarları Sovetinin neft sənayesinin, ticarət donanmasının, neft sənayesi ilə bağlı digər sənaye sahələrinin milliləşdirilməsi ilə əlaqədar verdiyi bütün dekret və sərəncamları ləğv edildi. Həmin ilin dekabr ayının 10 -da isə Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə büro yaradıldı.
Nəqliyyat infrastrukturunun inkişafı vacib məsələ kimi ortaya qoyuldu. Ələt-Culfa dəmir yolunun tikintisinə 250 milyon manat pul ayrıldı. 1919-cu ilin yayında neft və neft məhsullarının ixracı ilə əlaqədar xarici ölkə şirkətləri ilə müqavilələr imzalandı. Bakı neftinin Avropaya daşınması üçün Batum limanından istifadə hüququ aldı.
Azərbaycan hökumətinin iqtisadi sahədə apardığı islahatlardan biri aqrar məsələ idi. 1920-ci ilin martında hökumət Əmək Nazirliyinin hazırladığı layihəni müzakirəyə çıxartdı. Layihədə kənd əhalisi üçün 7 desyatindən 12 desyatinə qədər torpaq sahəsi verilməsi nəzərdə tutulurdu. Təəssüflər ki, bu islahatları həyata keçirməyə imkan olmadı.
Vergi sisteminin formalaşdırılması istiqamətində də ciddi tədbirlər görüldü. 1918-ci ilin sentyabrında “Bakı bonu” adlı pul vahidini dövriyyəyə buraxmaq qərara alındı. 1919-cu ildə (sentyabr) Dövlət bankı fəaliyyətə başladı.
Xalqın maarifləndirilməsinə xüsusi diqqət verilirdi. Məhz buna görə də ilk hökumətin tərkibində Xalq Maarif Nazirliyi yaradılmışdı. Daha sonra məktəblər milliləşdirildi.Təhsilin Azərbaycan dilində aparılması məcburi sayıldı. Müəllimlər hazırlamq üçün Bakı, Gəncə, Şuşa, Qazax və başqa yerlərdə pedaqoji kurslar açıldı. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa (1918) köçürüldü. Qızlar gimnaziyalarının fəaliyyəti genişləndirildi, əlavə 7 kişi gimnaziyası açıldı. Türk dilində dərsliklər yazılmağa başlandı. 1919-cu il sentyabrın 29-da Bakı Universitetinin nizamnaməsi qəbul edildi, noyabrın 15-də dərslərə başlanıldı. Bu illərdə mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində də böyük inkişaf oldu.
Bu illərdə ciddi problem erməni təcavüzləri idi. Himayədarlarına arxalanan erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə soxulur, qırğınlar törədirdilər. Nə qədər ağrılı olsa da bu bizim tarixdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunandan bir gün sonra-mayın 29-da Milli Şura erməni nümayəndələrinin müraciətini müzakirəyə çıxartdı və onların xeyrinə qərar qəbul etdi. Milli Şura İrəvan şəhərini ermənilərə güzəştə getdi ki, yaradacaqları dövlətə paytaxt etsinlər. Şərt belə idi ki, bundan sonra ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından əl çəkəcəklər. Ancaq gözlənilənin əksinə oldu.
Ermənilər Zəngəzura, Naxçıvana, Dağlıq Qarabağa iddialarını daha da kəskin qoyurdular. Güclərini səfərbər edib hücumlar təşkil edirdilər. Bu işdə ən böyük ümid Andronikin ordusuna idi. 1918-ci il ilin yayında Andronikin quldur dəstəsi Zəngəzura hücuma keçdi. Onlar görünməmiş vəhşiliklər edir, insanları diri-diri yandırır, kəndləri külə çevirirdilər. Həmin ilin sonuna kimi daşnaklar Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini yandırıb məhv etdi, insanları qılıncdan keçirdi, süngülərlə öldürdülər.
Azərbaycan hökuməti təcili Qarabağ general-qubernatorluğunu yaratdı. Xosrovpaşa Sultanov general-qubernator təyin edildi. O, 1919-cu ilin fevralında Şuşaya gəldi. Qardaşı Sultan bəylə təcili təsirli tədbirlər gördü. Nəticədə Andronikin Şuşaya 3 hücumu dəf edildi. Yayda erməni Milli Şurası Şuşada silahlı toqquşmaya nail oldu. Sultanov qardaşları erməni şura üzvlərini Azərbaycandan çıxartdılar. Andronik, qoşununun tör-töküntüləri ilə qaçmalı oldu.
Bu yerdə bir sənədə diqqət yetirmək yerinə düşər. Onda erməni vəhşiliyinin miqyasını təsəvvür etmək də asan olar. Fövqəladə istintaq komissiyasının üzvü Mixaylov Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirinə göndərdiyi 1919-cu il 29 may tarixli məktubunda yazırdı: ”1918-ci ilin yayı-payızında Sisyan mahalının birinci sahəsinin bütün müsəlman kəndləri, ikinci sahənin kəndlərinin böyük hissəsi, 3-cü, 4-cü və 5-ci sahələrin mühüm hissələri tamamilə məhv edilmiş, 50 minədək müsəlman 4-cü sahəyə və Cəbrayıl qəzasına qaçmışdır. Bütövlükdə qəzada 115 kənd dağıdılmış və yandırılmış,10038 nəfər müsəlman öldürülmüş və yaralanmışdır. Onlardan 7729 nəfəri(3257 kişi, 2276 qadın və 2196 uşaq) məhv edilmiş və 2309 nəfəri isə (1060 kişi, 764 qadın və 485 uşaq ) şikəst edilmiş, qəzanın azərbaycanlı əhalisinə üst-üstə bir milyard manata yaxın maddi ziyan dəymişdir”.
Azərbaycan Xalq Cümhuriyyəti belə ağır şəraitdə fəaliyyət göstərirdi, getdikcə dirçəlir, dövlətçiliyini möhkəmləndirirdi. Amma bolşevik istilası hər şeyə son qoydu. Bu istila o zaman oldu ki, artıq Azərbaycan dünya birliyinin üzvünə çevrilmişdi. 1920-ci ilin aprelində Bakıda 20-dən şox dövlətin nümayəndəliyi vardır.
Aprelin 22-də Leninin razılığı ilə daşnak qoşunları Xankəndi, Qazax və Gəncə istiqamətində hücuma keçdilər. Aprelin 27-də Volqa-Xəzər donanması Yalama yaxınlığına yetişdi, əməliyyat üçün əmr aldı. Bu zaman artıq XI ordu Azərbaycan sərhədlərini keçib, sürətlə Bakıya doğru irəliləyirdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan ordusunun məğlubiyyəti ilə nəticələndi.
Azərbaycan hökumətini aldadırdılar. Deyirdilər ki, guya Xİ -ci ordu Azərbaycandan keçib Anadoluya gedir, Türkyəyə kömək edəcək. Hökumət üzvləri bu güc qarşısında yalana inandırdı özünü. Amma sonra da şərtlərini rəsmi bildirdi:
- Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanması;
- AK(b)P-nin yaratdığı hökumətin müvəqqəti orqan olması;
- Hökumət idarələrindəki qulluqçuların tutduqları vəzifələrdə qalması;
- Hökumət və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığının təmin edilməsi;
- Azərbaycan siyasi partiyalarının tam sərbəst fəaliyyətinin təmin edilməsi;
- Azərbaycan ordusunun saxlanılması;
- Rus ordusunun Bakı şəhərinə daxil olmadan dəmir yolu ilə Türkyənin köməyinə getməsi.
XI ordu isə Bakıya daxil oldu. Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoydu. Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.
1991-ci ildə müstəqilliyimizi qazananda yenə eyni tarixi şəraiti yaşayırdıq. 1993-cü ilin yayı yenidən parçalanma və işğal ərəfəsindəydik. Ümummilli liderimiz Heydər Əliyev xilaskar kimi gəldi, hadisələrin axarını dəyişdi, dövlətçiliyi qorudu, qüdrətli Azərbaycan dövlətini yaratdı.
Hümmət Vəliyev
Məhəmməd Məmmədəliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info