“Yaratdığım bütün sənət nümunələrinin həm fəhləsi, həm də rəssamıyam”
Tarix: 28.01.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Saleh Məmmədov: “Bu sənəti unudulmağa qoymamalıyıq”


Arayış :
Saleh Məmmədov 1970-74- cü illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedadoji Məktəbində “Rəsm və rəsmxəttin tədrisi” ixtisası üzrə təhsil alıb. 1985-ci ildə şüşə -keramika ixtisası üzrə V.Muxin adına Leninqrad Ali Bədii -Sənaye Məktəbini bitirib. 1985-1996- cı illərdə Gəncə çini qablar zavodunda aparıcı rəssam -baş rəssam müavini, bədii laboratoriyanın rəhbəri olub. 2000-ci illərdə Bakı saxsı qablar zavodunda çalışıb. 1987-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının , 1997- ci ildən isə Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. O 2009-cu ildə Bakı şəhərində keçirilən dekorativ tətbiqi sənət festivalında uğurlu iştirakına görə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin Fəxri Fərmanı ilə təltif edilib. 2002- ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimidir.


Dulusçuluq (keramika) Azərbaycanda dekorativ-tətbiqi sənətkarlığının ən qədim sahələrindən biridir. Belə ki, mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Mənim müsahibim isə deyir ki, bütün sivilizasiyanın dünyada keçən yolunu, mədəniyyətini məhz keramikada tapırlar. Ona görə bu sənət itməyən, unudulmayan, tarix yaşadan sənətdir. Dulusçuluqla məşğul olmaq istəyənlər gərək həm rəssam, həm heykəltəraş, həm də tədqiqatçı olsunlar.

-Dulusçuluqla nə vaxtdan məşğul olmağa başlamısınız?
-Atam Gəncə Teatrında rəssam işləyirdi. Mən də ona görə teatrın bütün premyeralarında iştirak edirdim. Bir sözlə, uşaqlığım teatrda keçib. Amma heç vaxt teatr rəssamlığına həvəsim olmayıb. Niyə bu sənəti seçməyimin səbəbini də bilmirəm. Görünür mənə, ruhuma daha yaxın hiss etmişəm. Peşman deyiləm. Əslində başqa sənəti seçməyə dəfələrlə şansım olub, amma yenə də dulusçuluqdan ayrıla bilməmişəm. Mən başqa sahələrdə təhsil alıb, sonra onu yarımçıq qoyub, Rəssamlıq Akademiyasına gələn çox adamla qarşılaşmışam. Amma rəssamlıqda oxuyub sonra ixtisasını dəyişən adam görməmişəm. İncəsənət elə bir şeydir ki, hər bir insana uşaq vaxtı vergi kimi verilir, incəsənət ünsiyyət növüdür. Kimdəsə bu ünsiyyət bir az çox, kimdəsə az ola bilər. Kimi danışaraq ünsiyyət qurur, kimi rəsm əsəri çəkərək. Amma nəticədə Allah hamıya bu istedadı bəxş edir. Sadəcə gələcəkdə onu bacardığın qədər cilalamaq lazım gəlir. Ona görə deyirlər, hər bir uşaq böyük dahi insandır. Böyüdükcə istedadı cilalamasan itib gedəcək. Görünür, bu mənim həyatımdır. Çünki Leninqradda mənimlə bərabər oxuyan insanların bəziləri indi burda yoxdur, bəziləri də ümumiyyətlə, bu sənətlə məşğul deyillər.
-Bəs siz niyə qayıdıb gəldiniz?
- Mən də orada qala bilərdim, amma vətənə qayıtmaq, burada bu sənətlə məşğul olmaq istədim. Ona görə Leninqraddan birbaşa Gəncəyə gəldim. Qismət belə imiş. Hazırladığım bütün məhsulların formasını da, rəssamlığını da özüm edirəm. Keramik məhsulların ilk mərhələsindən başlayaraq son mərhələsinə qədər öz əllərimin zəhməti ilə edirəm və sonda bütün əşyaların altında öz imzamı qoyuram. Bir sözlə, yaratdığım bütün sənət nümunələrinin həm fəhləsi, həm də rəssamıyam. Yeri gəlmişkən, oğlum da mənə kömək edir. O da Rəssamlıq Akademiyasında oxuyur. Mənim sənətimi davam etdirir. Qızım bədii toxuma ixtisasına yiyələnib, hazırda Gəncədə yaşayır. Kiçik qızım da rəssamdır. Bir sözlə, ailəmizdə hamı rəssamdır.
-Bu sənətə maraq hansı səviyyədədir?
-İndi heç kim bu sənətlə məşğul olmaq istəmir. Çünki keramikada istifadə olunan vasitələr Azərbaycanda satılmır. Məsələn, keramik boyaları əldə etmək çox çətindir. Gili bişirmək üçün istifadə etdiyimiz sobalar da olduqca bahadır. Təsəvvür edin, mən soba almaq üçün maşınımı satmışdım. Keramik boyalar Azərbaycanda ancaq bir- iki rəssamda var. Mənim özüm isə zavodda işlədiyimin vaxtlardan yığıb saxladığım boyalardan istifadə edirəm. Xarici ölkədən də aldığımız boyalar bizə maddi tərəfdən sərf etmir. Bu yaxınlarda Türkiyədən 100 manata bir boya almışam. Niyə hamı rəngkarlıqla məşğul olur? Ona görə ki, rəngkarlıqda işlənən materiallar Azərbaycan bazarında satılır. Kətan, boya, yağlar, fırçaların satışı ilə Bakıda bir neçə mağaza məşğuldur. Keramikada isə kətan və həmin boyalar istifadə olunmur. Keramika sənayedir. Sobalar, xüsusi gillər, müxtəlif xüsusi boyalar , xüsusi fırçalar, yağlar lazımdır. Ona görə də, bu gün Azərbaycanda çox az adam keramika ilə məşğul olur. Üstəlik, çinlilər bizim bazarı tamamilə zəbt ediblər. Bu gün mağazalarda milli suvenir adı ilə insanlara nəinki dulusçuluq, ümumiyyətlə Azərbaycanla əlaqəsi olmayan əşyalar satılır. Həmin əşyalar gildən yox, plastikdən hazırlanır. Satıcılar üçün bu çinlilərlə işləmək çox ucuz başa gəlir. Amma nəzərə alsaq ki, suvenirləri daha çox xaricilər alır, onda belə çıxır ki, biz onları aldadırıq. Amma son nəticədə biz öz millətimizi başqa millətlər içərisində aldadırıq. Çünki bu bizim xalqın adıdır, Çinin adı deyil. Azərbaycan dulusçuluğu, onun ən gözəl nümunələri Azərbaycanı xaricdə layiqincə təmsil edə bilər. Mənim fikrimcə, Azərbaycana xaricdən gələn süvenirlərə qadağa qoyulsa, bazarı yerli istehsalçılar təmin edə bilər. Niyə Türkiyədə çin malları elə də çox deyil? Çünki orda həm özləri suvenirlər istehsal edirlər, həm də xaricdən gələn mallara qoyulan rüsum çox yüksək olduğundan bu, heç kimə sərf etmir. Əminliklə deyirəm, əgər dövlət bu addımı atsa biz özümüz- öz bazarımızı suvenirlərlə təmin edərik. Azərbaycanda həmişə azərbaycanlıların hazırladıqları suvenirlər olub və indi Çində hazırlananlar burada bizimkilərin düzəltdiklərinin forması əsasındadır. Bu sadəcə suvenir satışı ilə məşğul olanların bir oyunudur. Avropada da belə bir problem var. Amma onlarda həmin malların üzərində Çinin istehsalı olduğu yazılır. Bizdə isə Çin istehsalı olduğunu təsdiqləyən heç bir nümunə yoxdur. Əksinə Azərbaycan istehsalı adı altında satışa çıxarılır.Yenə deyirəm bu, Çinin problemi deyil, bu, bizim problemimizdir. Bu peşəyə ömrümü- günümü həsr etmişəm. İndi onun qədim ənənələrinin yaddan çıxdığını görmək mənə çox pis təsir edir. Bu sənəti unudulmağa qoymamalıyıq.
Nərmin MURADOVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info