Arıçılıqla məşğul olan sahibkarların dəstəyə ehtiyacı var
Tarix: 28.01.2013 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının toxunduğu məsələlərdən biri də sahibkarlığın inkişafıdır. Sahibkarlara verilən kreditlərin həcminin artdığını deyən ölkə başçısı bildirib ki, bu real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür.

“Arıçılığın inkişafı ilə bağlı müəyyən işlər görmək,
o cümlədən damazlıq yetişdirmək istəyirik”


Eyni zamanda, regionların, xüsusilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də yüksək qiymətləndirən ölkə başçısı qeyd edib ki, fondun xətti ilə bu günə qədər təxminən 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilib və çox şadam ki, bu vəsait qaytarılır: “Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcək və bu vəsaitin 83 faizi regionların payına düşür. Hesab edirəm ki, biz görülən işlər nəticəsində regionların inkişafına böyük xidmət göstərmişik, regionlarla paytaxt arasındakı fərqi azalda bilmişik”. Ərzaq təhlükəsizliyi məsələlərinin də daim diqqət mərkəzində olduğunu deyən ölkə başçısının sözlərinə görə, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik: “Amma, əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə, iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaq. Həmçinin bu, gələcəyə hesablanmış bir addım olacaq. Çünki biz dünya iqtisadiyyatının bir parçasıyıq və Azərbaycanda çatışmayan, yəni istehsalı lazımi səviyyədə olmayan məhsulları idxal edirik. Ancaq hesab edirəm ki, hər bir ölkə əsas ərzaq məhsulları ilə özünü təmin etməlidir. Bu həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, həm də yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün demək olar ki, hər şeyi edir. Kreditlər sahibkarlara dövlət qurumları tərəfindən güzəştli şərtlərlə verilir ki, onlar öz bizneslərini qursunlar”.
Bu gün ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox sahibkarlar var. Belə sahibkarlardan biri Tovuz Arıçılar Birliyinin sədri Qabil Hacıyevdir. Arıçı kimi fəaliyyətə 1973-cü ildən başladığını deyən birliyin sədri hazırda 100-ə qədər arı ailəsinə malik olduğunu bildirdi: “Tovuzda arıçıların sayı çox olsa da, Arıçılar Birliyinin rəsmi olaraq 70 nəfər üzvü var. Birliyin toplantılarında adətən müəyyən məsləhətləşmələr aparırıq, bir-birimizə şifahi kömək edirik. Arıçılığın inkişafı ilə bağlı müəyyən işlər görmək, o cümlədən damazlıq yetişdirmək istəyirik. Bir-birimizdən yaxşı növ arı mübadiləsi edirik”. Son illər Bakıda keçirilən bal sərgilərində hər il iştirak etdiklərini deyən arıçı son iki ildə bal zəif olduğuna görə sərgiyə bal gətirə bilmədiklərini söylədi: “Ancaq sərgiyə gəlməkdə məqsədimiz odur ki, burada həmkarlarımızla bir araya gəlirik. Balın zəif olmasının səbəbi isə odur ki, iki ildir rayonda quraqlıq oldu. Məsələn, 2012-ci ildə də yazda 3 ay yarım yağış yağmadı,quraqlıq oldu, külək əsdi, çiçəkləri qurutdu və ona görə də bal az oldu. İstərdik ki, damazlıq təsərrüfatları yaradaq ki, yaxşı sortlar yetişsin”. Q.Hacıyevin sözlərinə görə, belə bir fikir də var ki, son vaxtlar yaxşı, təmiz bal yoxdur. Arıçı belə düşünmədiyini deyir: “Mənim fikrimcə, yaxşı, təmiz bal var. Yəni, bazarlardan fərqli olaraq əsasən evlərdə var. Sadəcə bütün bu şübhələri aradan qaldırmaq üçün dəqiq analizlər aparmaq lazımdır ki, bununla istehsalçılara inam artsın. Yəqin ki, bu yoxlamalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılmalıdır, bunun üçün laboratoriyalar olmalıdır. Alıcılıq qabiliyyətinə gəldikdə isə hazırda alıcı var, amma inam az olduğuna görə bir qədər zəifdir. O inamı qaytarmaq lazımdır. Balın təmizliyini sübut etmək üçün müxtəlif üsullar təklif edirlər, amma onların hamısı aldadıcı yollardır. Elə ballar hazırlayırlar ki, ağıza aldıqda tamından belə aldana bilərsiz. Bütün bunlar üçün də laboratoriyalar, dəqiq yoxlamlar olmalıdır. Arıçı ilə istehlakçı arasında etibarı tənzimləmək lazımdır”.
Balın qiymətində gəldikdə isə arıçı bu rəqəmin 20-25, bəzən də 30 manat təşkil etdiyini deyir. O da vurğulandı ki, indi baldan yalnız qida kimi deyil, həm də dərman kimi istifadə edilir, hətta indi daha çoxdur: “Çünki apiterapiya adlı müalicə üsulu var ki, nəinki arının zəhərindən, südündən, çiçək tozundan, vərəmumundan çox istifadə edilir. Sırf bu istiqamətdə fəaliyyət qurmaq üçün tək maddi deyil, həm də hüquqi dəstək lazımdır ki, o sahə üzrə ixtisaslaşma olsun”.

Maariflənmə önəmlidir

Bu sahədə fəaliyyət göstərən digər sahibkar isə arıçı avadanlığı istehsalçısı Qəzənfər Yusifovdur. Polistrol arı yeşikləri istehsalı ilə məşğul olan sahibkar bu işdən zövq aldığını deyir: “Polistrol materialdan hazırlanan arı yeşiklərinin çəkisi 6 kq olur. Buna baxmayaraq 400 kq yükə davamlıdır. Bu çox yüngül olduğuna görə, arıçılıq üçün çox əlverişlidir. Əvvəlki ənənəvi taxta yeşikləri əvəz edir. Lakin onlardan fərqli olaraq, daha çox üstünlükləri var. Həmin materialın istilikkeçirmə qabiliyyəti çox azdır. İstilik, soyuqkeçirmə qabiliyyətinə görə, 20 sm qalınlığında taxtanı əvəz edir. Eyni zamanda taxtadan fərqli olaraq bunun içərisində xəstəliklər yaranmır. Taxta yeşiklərdə qışda temperatur mübadiləsi zamanı tərləmələr, nəmlik yaranır və göbələk xəstəliyi əmələ gəldiyi halda, polistrol yeşiklərdə bu hallar baş vermir. Nəhayət, son nəticədə bu yeşiklərin məhsuldarlığı taxta yeşiklərə nisbətən 30 faiz yüksək olur. Biz həmin yeşiklərlə yanaşı, şam, çərçivə də istehsal etsək də, istehsalın ana xəttini yeşik təşkil edir”. Arıçılıq məhsulları istehsalına 10 ildir ki, başladıqlarını deyən Q.Yusifovun sözlərinə görə, yeşik istehsalı 4 ildir davam etsə də, ilk istehsal dövründə bir çox uğursuzluqlar, çətinliklər olub: “Bir ilin içində çətin bir istehsal prosesini mükəmməl olaraq ortaya qoymaq çətin məsələdir. Belə bir dövrdə alıcılar ondan istifadə etməklə bizə yardımçı oldu. Yəni, onun çatışmayan cəhətlərini, əksikliklərini bildirdilər. Biz istehlakçıların tələbinə uyğun yenilənmə apardıq və bu gün mükəmməl yeşiklər ortaya qoya bilmişik. Amma buna baxmayaraq, axtarışlarımız yenə davam edir. Lakin bu gün üçün bizim istehsal çox azdır, yəni bizim istehsal vasitələrimiz imkan vermir ki, kifayət qədər yeşik istehsal edək. Əgər istehsal etsək də, o qədər bazarımız yoxdur ki, kütləvi istehsala başlayaq. Biz hazırda istehsalda heç bir kommersiya məqsədi də güdmürük. Məsələn, xaricdə bu yeşiklər taxta yeşiklərdən baha başa gəlirsə, bizdə əksinədir, xeyli ucuz alınır. Səbəbi isə odur ki, arıçılıq avadanlıqları istehsalına dövlət tərəfindən vergi qoyulmur. Digər tərəfi isə məqsədimizin kommersiya məqsədli olmamasıdır, əsas odur ki, alıcılar bunu tanısın. Gələcəkdə istehsal sayı, qiymət müəyyənləşdirmək olar. Düzdür, Sahibkarlğıa Yardım Fondu tərəfindən kreditlər verilir. Amma mən hazırda kredit götürsəm, onu qaytarmaq iqtidarında deyiləm. Yəni, həm bizim bazar geniş deyil, həm də arıçılar bu məhsulu tanımır və bu baxımdan da ehtiyatla yanaşıram. Hazırda yalnız öz imkanım daxilində fəaliyyət göstərirəm. Biz bu məhsulu xarici bazara da çıxara bilərik. Yol xərci baha başa gəldiyindən xaricə ixrac edə bilmirik”. Qiymətinə gəldikdə isə polisrtrol yeşiklər o qədər də baha deyil, 38-46 manata başa gəlir. Amma taxta yeşik 60 manat civarındadır. Q.Yusifov deyir ki, arıçılar çox məlumatsızdır və hazırda müasir yeşikləri qəbul edə bilmirlər: “Xaricdə bu yeşiklərdən uzun illərdir ki, istifadə edilir. Bizdə arıçılar bir qədər ehtiyatla yanaşırlar. İlk növbədə, ehtiyacımız olan arıçıların maariflənməsidir. Əgər KİV və yaxud digər vasitələrlə arıçılar maariflənərsə, bu yeşiklərə də tələbat çoxalar və istehsalı genişləndirə bilərik. Nəticədə qarşılıqlı gəlir əldə edə bilərik. Telekanallarda reklamdan istifadə həm baha başa gəlir, həm də əhalinin maraq dairəsində deyil. Ancaq maarifləndirici məlumatlar, verilişlərlə bunu reallaşdırmaq olar və bu yolla biz inkişaf edə bilərik”. Ölkədə təşkil olunan bütün bal sərgilərində iştirak etdiklərini deyən sahibkar hətta ötən il Türkiyədə keçirilən Muğla bal konqresində iştirakçı olduqlarını, orada nümayiş etdirmək üçün istehsal etdikləri polistrol yeşik nümunəsini apardığını deyir: “Onu da qeyd edim ki, bizim məhsul heç də Türkiyə istehsalından geri qalmır. Əksinə, iki addım qabaqdadır, türk arıçılar çox bəyəndilər və bildirdilər ki, həmin məhsuldan burada olsaydı, biz ondan almaq istərdik. Ölkəmizdə də gələcəkdə yaxşı perspektivini görürəm”.

Son 8-10 ildə
arıçılıq inkişaf edir


Müsahibimiz olan digər sahibkar isə Şəki rayonunda fəaliyyət göstərən sahibkar Lətif Fikrətoğludur. 17 ildir, arıçılıq təsərrüfatı ilə məşğul olduğunu deyən arıçı ailədə ənənəvi olaraq bu peşə ilə məşğul olduqlarını bildirdi: “Bal istehsalı o qədər də çox deyil, çatmır, amma alıcılıq qabiliyyəti yaxşıdır. 700 arı pətəyimiz var. Əvvəlki illərə baxdıqda arıçılıq inkişaf edir. Son 8-10 ildə sürətlə inkişaf edir. Bəlkə də 1 dəfə yarım artım var. Yeni arıçılar fəaliyyət göstərir, gənclər qoşulur”. O da vurğulandı ki, hazırda balın qiyməti əsasən 20-22 manat arasındadır”. İstehsalçı deyir ki, balın təmiz, qarışıq olmasını laboratoriyalar vasitəsilə yoxlamaq mümkündür ki, bunu da Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yaxud Baytarlıq İdarəsi həyata keçirir. Əvvəlki bal sərgilərində iştirak etdiyini deyən arıçı artıq buna ehtiyac olmadığını, yəni, kifayət qədər bazarının olduğunu deyir: “Bazarı olmayan yeni arıçılar sərgiyə getsələr, daha yaxşı olar. Bizim artıq bazarımız var”. Sahibkar onu da bildirdi ki, Şəkinin gözəl təbiəti var və nə qədər çiçək sayı varsa, balla bağlı o qədər də müxtəliflik var: “Satışa gəldikdə isə Bakının iri supermatketlərində satış aparırıq. Bizim rayon təsərrüfatı Azərbaycanda ən iri arıçılıq təsərrüfatıdır. Texniki təminatına görə, MDB-də analoqu yoxdur. Gələcəkdə fəaliyyəti daha da artırmaq istəyirik”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info