Mübariz Qurbanlı: “Bu, İslamı qorumaq deyil, İslam adı altında bu dinə ziyan vurmaqdır “
Tarix: 03.06.2015 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


“Zəngin mədəni-mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan həm də nümunəvi dövlət-din münasibətləri modelinə malikdir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
-Azərbaycanda tolerantlıq ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində hansı işlər görülür?
- Bu gün Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Ötən ay Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev öz nitqində bütövlükdə İslam dünyasında gedən prosesləri, həmçinin dünyada mədəniyyətlərarası münasibətləri çox məntiqli və elmi şəkildə təhlil etdi. Dövlətimizin başçısı xüsusi qeyd etdi ki, bu gün Azərbaycanın tolerantlığı bütövlükdə ayrı-ayrı dünya ölkələri üçün bir örnək rolunu oynaya bilər.
Azərbaycan həm də multikultural bir cəmiyyətdir. Multikulturallıq öz mədəniyyətini inkar etmək demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə, başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə hörmətlə yanaşmaqdır. Tolerantlığın bir çox növləri var və Azərbaycanda bunların hər birinin özünəməxsus yeri var. Lakin Azərbaycan xalqının milli mentalından, adət-ənənələrindən irəli gələrək dini tolerantlıq daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan cəmiyyətinə baxdıqda bu, daha aydın şəkildə görünür. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2050-dək məscid, 10-dan çox kilsə var. Ölkəmizdə xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 10-a qədər sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü dinlərarası qarşıdurma kimi yozmağın tərəfdarı deyilik. Təəssüf ki, ermənilər bütün təbliğatlarında bu münaqişəni hətta az qala dinlərarası qarşıdurma kimi də təqdim etməyə çalışırlar.
Bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında bizim xalqımıza xas olan humanizmin və multikultur dəyərlərin müstəsna rolu var.
Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, öz xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Bəzən tolerantlığı başqaları qarşısında geri çəkilmək kimi təbliğ etmək istəyənlər olur. Bu, yanlışdır.
İslam dünyasının bir parçası olaraq Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Xalqımızın tarixdən gələn bu xüsusiyyətlərini gələcək nəsillər də yaşatmalıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq.
Qloballaşma prosesinin sürətlə getdiyi bir dövrdə hər bir xalq, hər bir mədəniyyət özünü qoruma instinktini işə salır. Qloballaşma milli adət-ənənələri, milli xüsusiyyətləri tədricən qlobal formaya çevirir. Belə bir şəraitdə ən yaxşı yol milli xüsusiyyətlə qloballaşmanın göstərdiyi təsiri uzlaşdırmaqdır.
Milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ulu öndərin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıqdır. Milli-mənəvi dəyərlərimizi qorumaq bizim ən ümdə vəzifələrimizdən biridir. Bu gün milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərlə də rastlaşırıq. Milli-mənəvi dəyərlərimiz xarici təsirlərə məruz qalır. Bu təsirlər müasir dünyamızın reallığıdır. Bizim milli-mənəvi dəyərlərimizin başqa xalqların mənsub olduqları dəyərlərlə qovuşması prosesi gedir. Biz də dünyada gedən bu prosesdən kənarda deyilik. Milli-mənəvi dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq üçün işlərin görülməsi zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər.
Biz bu gün Qərb mədəniyyətinin ciddi şəkildə dünyaya yayılması prosesini müşahidə edirik. Bu prosesdə xalq öz milli-mənəvi dəyərlərini qorumaq üçün lazımi tədbirlər görmürsə onun mədəniyyəti də mütləq assimilyasiyaya uğraya bilər. Bu, qloballaşmanın böyük problemlərindən biridir. Dində də belədir. Əgər biz İslam dininin dəyərlərinə diqqət yetirməsək öz ərazimizdə İslam dini əvəzinə başqa dinlərin də tədricən yer tutmasına gətirib çıxaran hadisənin şahidi olacağıq. Ona görə, milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dinimizin özünün də qorunmasına ehtiyac var.
Biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik.
Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Məlum olduğu kimi, dövlətimizin başçısının 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə gün əvvəl dini icmalara maliyyə yardımı ayırmağa başlayıb. Bu yardım ölkəmizdə dini maarifləndirmə işinə və milli-mənəvi dəyərlərin təbliğinin daha da gücləndirilməsinə sərf ediləcək. Milli-mənəvi, o cümlədən dini dəyərlər insanlara olduğu kimi çatdırılmalıdır. İcmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.
-Ölkədə dini radikalizmin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
-Təəssüf ki, bu gün İslam dünyasının içərisində çox ciddi bir proses gedir. İslamın içəridən zəiflədilməsi üçün cəhdlər müşahidə edilir. Bu cəhdlər İslam dini daxilində radikal qrupların yaradılmasına, İslamı gözdən salan qruplara kimlərinsə dəstək verərək onların səhnədə qalmasına gətirib çıxarır. Əslində bütün dinlər sülhü, əmin-amanlığı, insanların bir-birinə ehtiramını və bərabərliyi təşviq edir. Amma dinlərin daxilində zamana bağlı olaraq radikal qruplar meydana gəlib və indi də gəlir. Radikal qruplar bütün dinlərin içərisində var və onlar din pərdəsi altında müxtəlif siyasi maraqlarını həyata keçirmək istəyirlər. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Bu qruplar İslamı içəridən dağıtmağa, bu dini zəiflətməyə, gözdən salmağa çalışırlar. Bu qruplar həm sivilizasiyalararası mübarizənin, həm beynəlxalq iqtisadi güc mərkəzləri arasındakı mübarizənin, həm də müəyyən mənada dinlərarası mübarizənin törəmələridir. Çox təəssüf ki, həmin qrupların içərisində nadanlıqdan onlara qoşulanlar da var. Milli-mənəvi dəyərlərə xələl gətirmək istəyən bu cür qruplara qarşı ciddi mübarizə aparılmalıdır. Bu gün məlumdur ki, din pərdəsi altında, İslamı qorumaq adı ilə fəaliyyət göstərən xeyli qruplaşmalar var. Bu, İslamı qorumaq deyil, İslam adı altında bu dinə ziyan vurmaqdır. Milli-mənəvi dəyərlər geniş anlayış olaraq bütün sahələri əhatə etməklə bərabər, islami dəyərlərimizi də özündə ehtiva edir. İslami dəyərlər isə olduğu kimi qorunmalı, öyrədilməli, gənc nəslə çatdırılmalıdır. Əgər kimsə din adı altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında durmaq lazımdır. İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir. Lakin bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir. Ona görə də Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılıb. Proqram var və bu proqrama uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə fəaliyyət göstəririk. Bu istiqamətdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bütün bu işlər milli-mənəvi dəyərlərin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konseptual yolun icrası üçün çox böyük rol oynayır. Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik.
Dini radikalizmə, dini ekstremizmə qarşı mübarizə üçün bir neçə istiqamətdən istifadə edilməlidir: İdeoloji yol - buraya əsasən medianın fəaliyyəti, müxtəlif maarifləndirici kitabların nəşri, milli-mənəvi dəyərlərə ziyan vura biləcək amilləri görərək qarşısını vaxtında almaq istiqamətində işlərin görülməsi daxildir. İnzibati yol – buraya radikal, ekstremist qruplar qanunu pozduğu, qanuna zidd hərəkətlər etdiyi zaman görülən tədbirlər daxildir. İqtisadi yol – buraya isə kimlərinsə qeyri-qanuni yolla vəsait əldə edərək milli-mənəvi dəyərlərimizin zədələnməsi üçün istifadə edilməsinə yol verilməməsi istiqamətində tədbirlərin həyata keçirilməsi daxildir.
Biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli-mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm Xristianlıqdan, həm də İslamdan gələn radikal cərəyanların qarşısını almalıyıq və alırıq da.
Milli-mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir. Düzdür, Azərbaycanda müəyyən dini cərəyanların, radikal dini qrupların təzahürlərini müşahidə edirik. Bu cür qrupların Azərbaycanda kök atması, yayılması cəhdləri olur. Amma biz həmişə demişik ki, həmin qrupların kök atması, dərinləşməsi mümkün deyil. Çünki Azərbaycan xalqı bütövlükdə ənənəvi islami dəyərlərə tərəfdardır. Kənardan Azərbaycana gətirilərək burada təşviq və təbliğ edilən radikal qrupların yaymaq istədikləri müxtəlif xarakterli fikirlər xalq tərəfindən dəstək almır. Radikal qrupların yaydıqları bu və ya digər fikirlərin arxasınca gedənlər demək olar ki, yox səviyyəsindədir. Gedənlər də dini inanc üçün yox, xırda maraqlar üçün gedirlər. Bu, bir daha sübut edir ki, Azərbaycanda radikal qrupların dayaqları yoxdur. Onların hər hansı bazasının yaradılması imkansızdır. Azərbaycanda radikal qrupların fəaliyyətinə hər hansı bir mühit yoxdur. Azərbaycanda radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Amma bu da bizi arxayın sala bilməz. Bu, o demək deyil ki, biz sakit durub müşahidə etməliyik. Biz ətrafımızda gedən hadisələri görürük, izləyirik, onlardan nəticə çıxarırıq.
Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Azərbaycanın bölgələrində gənclərlə, ziyalılarla, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələri ilə daha çox görüşlərə ehtiyac var, biz bu görüşləri daha da artırırıq. Biz gənclərlə görüşürük, bu görüşlərdə milli-mənəvi, islami dəyərlər, müasir dünyamızda din-dövlət münasibətləri, radikalizm və onun fəsadları, dini radikalizmlə mübarizə, dini maarifləndirmə, tolerantlıq, multikulturalizm kimi mövzular müzakirə edilir. Biz regionlarda ağsaqqalların, ziyalıların gücündən istifadə edirik. Belə görüşlər davam edəcək. Qafqaz Müsəlmanları İdarəsinin də apardığı işlər – imamlar və axundlar üçün təşkil etdiyi kurslar, yas mərasimlərində israfçılığın aradan qaldırılması, axundlar və imamlar üçün xüsusi nəşrlərin hazırlanması, radikalizmə qarşı mübarizə məqsədilə əyani vəsaitlərin dərc olunması – bütün bunlar ölkəmizdə İslam dininin və digər dinlərin ənənəvi formada fəaliyyətinin inkişafına öz təsirini göstərəcək, radikal qrupların hərəkətlərinin qarşısını almağa kömək edəcək. Eyni zamanda, dindən istifadə edib kimlərsə ictimai-siyasi sabitliyi pozmağa cəhd edə bilməyəcək. Çünki Azərbaycan dövləti güclüdür. Dövlətin, iqtisadi, siyasi, mənəvi dayaqları güclüdür.
-Azərbaycanda dövlət-din münasibətlərinin hazırkı vəziyyəti barədə məlumat vermənizi xahiş edirik.
-Bildiyimiz kimi, Azərbaycanda dövlət-din münasibətlərini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları tənzimləyir. Azərbaycanın seçdiyi dünyəvi dövlət modelinə uyğun olaraq ölkəmizdə dövlət-din münasibətləri qanun çərçivəsində tənzimlənir. Azərbaycanda dövlət dinin işlərinə müdaxilə etmir, vicdan azadlığı təmin edilir, insanların öz dini inanclarını sərbəst icra etmələrinə hər cür şərait yaradılır. Dövlət həm də insanları hər hansı dini inanca zorla yönəltməyin qarşını alır. Dünyəvilik dövlətin dini himayə etməsini də inkar etmir. Dövlət dinə kömək edir, məscidlər, kilsələr, sinaqoqlar tikilir, bərpa olunur. Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri üzərində qurulub. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Zəngin mədəni-mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan həm də nümunəvi dövlət-din münasibətləri modelinə malikdir.
-Dini kadrların hazırlanması məsələsində hansı amillərə daha çox üstünlük verilməlidir?
-Bu gün ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Biz din xadimləri hazırlayan ali təhsil ocağımızın yüksək səviyyədə təminatına nail olmalıyıq. Din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır. Din üzrə kadr hazırlığı sahəsində mərkəzləşmiş sistem yaradılmalıdır. Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var. Azərbaycan bütün Qafqazda dini sahədə kadr hazırlayan bir mərkəzə çevrilməlidir. Dini kadrlarımız öz ölkəmizdə hazırlanan kadrlar olmalıdır. Din üzrə kadrı hazırlayacaq mərkəz elmi mərkəz olmalıdır. Bu mərkəz həm də din üzrə tədqiqatlar aparmalıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kilsələr və sinaqoqlar üçün kadrları da tədricən həmin ali təhsil ocağında hazırlamaq olar. Hazırda dini kadrların hazırlanmasında mövcud olan bəzi boşluqlar müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli konseptual şəkildə həyata keçirilməlidir.
-Bu yaxınlarda ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının dünyada din azadlığı haqqında illik hesabatında Azərbaycanla bağlı bəzi qərəzli fikirlər də yer alıb. Buna münasibətiniz.
-Həmin hesabatda Azərbaycandakı dini durumla bağlı yer alan məlumatlar təbii ki, qərəzli xarakter daşıyır. Bu məlumatların doğru olmadığını, bütövlükdə Azərbaycandakı mövcud dini durumu ehtiva etmədiyini qarşı tərəfin diqqətinə çatdırmışıq. Bildirmişik ki, bu cür məruzələr hazırlanarkən yaxşı olar ki, həmin məruzələri hazırlayanlar Azərbaycana gələrək ölkəmizdəki dini vəziyyəti öz gözləri ilə görsünlər, söhbətlər aparsınlar. Mətbuatda yanlış yayılmış məlumatdan, xüsusilə ölkəmizi qaralama kampaniyasına yönəlmiş dezinformasiyadan istifadə etməsinlər. Biz öz fikirlərimizi çatdırmışıq. Bizim fikirlərimizlə razılaşırlar.
Azərbaycanda tolerantlıq örnək olduğu bir halda dini durumla bağlı belə yanlış informasiyalar yaymaq nə dərəcədə məntiqə uyğundur? Azərbaycanda heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb. Hər hansı bir tədbir görülsə belə bu, yalnız qanuna uyğun şəkildə həyata keçirilib. Bəzi xristian dini qruplaşmaları var ki, onların fəaliyyətinə heç xristian ölkələrində icazə verilmir. Onlar qeyri-ənənəvi xristian qrupları sayılaraq rədd edilirsə, həmin ölkələrdə insanlar arasında nifaqa çağıran, irqi ayrı-seçkiliyi təşviq edən bu cür dağıdıcı qrupların fəaliyyəti qanunla qadağan edilirsə, əlbəttə, biz də qapılarımızı onlara aça bilmərik. İslam ölkələrində də bəzi radikal qruplar var ki, onlara qarşı mübarizə aparıldığı halda biz qapılarımızı onların üzünə aça bilmərik. Bizim siyasətimiz dövlətimizin milli maraqlarına söykənir. Bizim maraqlarımıza zidd olan nə varsa Azərbaycan xalqının arzusunu ifadə edərək onun qarşısında durmalıyıq. Milli maraqlarımıza toxunulan nə varsa ona qarşı çıxmalıyıq.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info