“Ziyalının öz bacardığı sahədə fəaliyyəti cəmiyyət üçün daha faydalıdır”
Tarix: 28.01.2013 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Fərəc Quliyev: “Kimlərsə diletant
səviyyədə, milli maraqlarımıza uyğun
olmayan, xüsusilə də başqa dövlətlərin maraqlarına
uyğun çıxışlar edirsə, bu ziyalılıq sayılmaz”

Bünyad Kazımov: “Son dövrlər bir qrup ziyalının
siyasətə qoşulmaq cəhdləri onların özləri üçün də zərərlidir”


Son günlər bir sıra ziyalıların siyasətə axını diqqəti cəlb edən məsələ olaraq gündəmdədir. Maraqlıdır ki, bu şəxslər əsasən Ziyalılar Forumunda təmsil olunanlardır. Əslində ziyalı və siyasət uzaq məfhumlardır. Ziyalı cəmiyyətin əsas qaymaqları hesab olunan və ictimai inkişafda xüsusi rol oynayan təbəqədir ki, hazırda Azərbaycan ziyalıları bu xüsusda mühüm yerə malikdirlər.
Siyasətsə nə qədər ictimai münasibətlərə əsaslansa da, bura manevrlər, qarşılıqlı tənqidlər və digər gedişlərlə zəngindir. Bu mənada tarix boyu ziyalı təbəqəsi siyasətdən uzaq olub. Çünki ziyalının bir mövqeyi olur ki, o da birbaşa cəmiyyətlə bağlı olan mövqedir. Amma Ziyalılar Forumunda təmsil olunanlar ziyalıdan çox siyasətçi kimi hərəkət edirlər. Onların tez-tez mövqe dəyişkənliyi isə ziyalılıq kriteriyalarından uzaq amillərdir. Bunu son günlərin prosesləri ilə yanaşı, forumu təsis edənlərin qurumun siyasətə aid olmadığını bəyan etməsinə baxmayaraq, özlərinin siyasətə daxil olması, yaxud da buna cəhdlər etməsində də görmək mümkündür. Burada diqqəti cəlb edən əsas məqamlardan biri də bu şəxslərin “tez-tez incik düşmələridir”. Belə ki, siyasi çıxışlar edən bu şəxslər onlara qarşı olan hansısa kiçik tənqidə belə dözümsüzlük nümayiş etdirir və irəli sürdükləri fikirlərdən belə bir nəticə ortaya çıxır: “Biz ziyalıyıq və hər şey deyə bilərik, amma heç kim bizə cavab verə, yaxud dediklərimizə qarşı fikir bildirə bilməz ”. Maraqlıdır ki, bu şəxslər ziyalı olduqlarını deyirlər, eyni zamanda siyasətə də qarışırlar. Siyasətdə isə siyasətçinin təmsil olunduğu qrupun maraqlarını qorumaq baxımından, digər qrupların fəaliyyətini tənqid etməsi normal haldır. Amma, siyasətə “transfer” olunan bu şəxslər belə hesab etmirlər. Bunu forumun üzvü Əkrəm Əylislinin son müasahibəsində də görmək olar. Belə ki, Ə.Əylisli onlara qarşı tənqidlər səslənməsindən və digər məsələlərdən gileylənib. Ə.Əylisinin bir yazıçı olaraq istedadına heç kimin şübhəsi yoxdur, amma, onun bir siyasətçi kimi çıxış etməsi qəbuledilən deyil. Çünki onun təmsil olunduğu forumun digər üzvləri kimi siyasi təcrübəsi yoxdur və bundan sonra belə bir təcrübə toplamağı da çətin görünür. Onun siyasi təcrübəsizliyi tənqidlərə dözümsüzlüyündə də özünü göstərir. Hansı ki, dünyanın ən böyük siyasətçiləri belə opponentləri tərəfindən tənqid edilir və bunu aqresiya ilə qarşılamır. Belə olan təqdirdə bu şəxslərin hansı siyasətdən danışdıqları olduqca absurddur. Digər tərəfdən Ə.Əylisinin deputat olduğu dönəmlərə diqqət yetirsək, onun həqiqətən də siyasət adamı olmadığı bir daha məlum olur. Çünki Ə.Əylisli parlament iclaslarında çıxışı zamanı ona əks mövqe eşidən kimi küsüb gedərdi. Təbii ki, siyasətdə belə hərəkətlər qəbul olunmur. Bu baxımdan, Ə.Əylislinin ədəbiyyatda daha çox işlər görməsi mümkündür, nəinki siyasətdə. Siyasətə qarışmağın acı təsirləri Rüstəm İbrahimbəyovun timsalında özünü daha aydın şəkildə göstərdi. Məhz onun siyasətə can atması ətrafındakı insanların uzaqlaşmasına səbəb oldu.
Ümumilikdə ziyalıların siyasi proseslərdə tutduğu mövqe son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bununla bağlı “Palitra”ya münasibətini bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, əsas məsələ hər kəsin siyasətdə Azərbaycan dövlətinin maraqlarından çıxış etməsidir. Onun sözlərinə görə, ziyalı sözü aydınlıq deməkdir ki, bu da aydınlaşdırmaq, yol göstərmək, milləti düzgün yola yönəltməkdir.
“Azərbaycanın düşmənləri çoxdur. Biz Azərbaycan olaraq sıfır problemli siyasət yürüdən ölkəyik. İstəmirik ki, kiminləsə düşmən olaq. Lakin, bizim iradəmizdən aslı olmayaraq qonşu dövlətlərin hər birində Azərbaycana qarşı təpkilər var. İran, Ermənistan və Rusiyanın mövqeləri bəllidir. Belə bir zamanda Azərbaycanın ziyalıları gerçək bir ziyalılıq göstərməlidir. Millətin toparlanmasında, güclənməsində rol oynamalıdırlar. Lakin əgər birisi özünün statusundan, tanınmasından istifadə edib, millətin parçalanmasından çıxış edirsə artıq bu ziyalılıq deyil”-deyə millət vəkili qeyd edib.
F.Quliyev diqqətə çatdırıb ki, bütövlükdə hər kəs daha çox bildiyi sahədə millətə xidmət etməlidir, o cümlədən, siyasətə qoşulmağa cəhdlər edən bu şəxslər: “Kimlərsə diletant səviyyədə, milli maraqlarımıza uyğun olmayan, xüsusilə də başqa dövlətlərin maraqlarına uyğun çıxışlar edirsə, bu ziyalılıq sayılmaz”.
Bu şəxslərin tənqidə qarşı dözümsüzlük göstərməsinə gəlincə F.Quliyev bildirib ki, birincisi onlar tənqid etdikləri məsələlərə alternativlər göstərməli, ikincisi isə özlərinə qarşı olan tənqidi fikirlərə tolerant davranmalıdırlar.
Azərbaycan Yaradıcı Ziyalılar İctimai Birliyinin sədri Bünyad Kazımov isə qəzetimizə açıqlamasında bildirib ki, ziyalılar cəmiyyətin ağır yükünü öz üzərində daşıyan təbəqədir. Onun sözlərinə görə, bəzi ziyalılarsa bu yükü, ya lazımi səviyyədə daşıya bilmirlər, ya da fəaliyyətlərini düzgün qura bilmirlər: “Ziyalının öz bacardığı sahədə fəaliyyətinin cəmiyyət üçün daha faydalı olduğunu hesab edirəm. Yəni cəmiyyətə faydalı olmaq istəyən şəxs bildiyi işi görməlidir. Lakin, son dövrlər bir qrup ziyalının siyasətə qoşulmaq cəhdləri onların özləri üçün də zərərlidir. Həmçinin, cəmiyyətə heç bir xeyri yoxdur. Digər tərəfdən ziyalılıq həm də böyük bir tarixə xas olmaq deməkdir. Yəni təkcə intellektual biliklə ziyalı olmaq olmaz. Ziyalı özündə milli dəyərləri də daşımalıdır. Milli dəyərləri əsas götürürüksə ilk növbədə milləti düşünmək lazımdır”. B.Kazımov qeyd edib ki, bir qrup ziyalının sərgilədiyi mövqenin isə milli dəyərlərdən uzaq olduğu aydındır və onların siyasətə gəlməsi, ya gəlməməsi o qədər də əhəmiyyət kəsb etmir, əgər milli dəyərlərə sahib deyillərsə.
NƏRIMAN




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info