Millət vəkili: “Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”
Tarix: 06.06.2015 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Avropa Oyunları kimi nəhəng idman tədbirini keçirməyə hazırlaşan Azərbaycan bu sahədə yeni standartlar müəyyən edəcək. Qitənin ilk Oyunlarına ev sahibliyi etmək ölkəmizin dünyada nüfuzunu daha da artırır. Hazırlıq dönəmini izləyən bütün xarici ekspertlər Azərbaycanın qısa zaman kəsiyində böyük işə imza atdığını və ölkəmizdə Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyini bildirirlər.
Amma bəzi dairələr yenidən fəaliyyətə keçərək Azərbaycanın bu uğuruna kölgə salmaq istəyir. Analoji prosesi “Avroviziya” yarışması zamanı da müşahidə etmişdik. Müəyyən dairələrdən gələn sifarişdən sonra fəaliyyətə keçən şəbəkə yenidən eyni ssenari ilə işləməyə başlayıb. Azərbaycana qara yaxmaq, müxtəlif təxribat, dezinformasiya xarakterli məlumatlar yaymaq, ölkəmizlə bağlı yalan-saxta hesabatlar hazırlama və bunları özlərinin təsir dairəsində olan beynəlxalq media orqanlarında yaymaq prosesi sürətlənib.
Qərbin müəyyən dairələrinə işləyən “emissarlar” müxtəlif institutlarda yerləşərək antiazərbaycan fəaliyyətlərini ört-basdır etməyə çalışırlar. Amma prosesi yaxından izləyənlər yaxşı bilir ki, ölkəmizə qarşı Avropa Oyunları ərəfəsində başlayan kampaniya sifarişlidir. Müəyyən güc mərkəzləri Azərbaycanın inkişafını, dünyada siyasi nüfuzunun artmasını, müstəqil siyasi-iqtisadi siyasət aparmasını qəbul etmək istəmir. Yəni Azərbaycan həmin güc mərkəzlərinin sifarişlərini, istəklərini qəbul etməyərək müstəqil, milli maraqlara əsaslanan siyasət həyata keçirir. Onlara isə müstəqil siyasət həyata keçirən, güclü, nüfuzlu Azərbaycan sərf etmir. Qəribədir ki, bu işdə Avropa İttifaqının Bakı ofisi də fəallığı ilə seçilir. Azərbaycan Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirərək yeni strateji saziş imzalanmasını təklif edir. Amma nədənsə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanı əməkdaşlığa dəvət edən Brüssel ölkəmizin Ermənistan tərəfindən işğal edildiyini və bununla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edildiyini rəsmi şəkildə elan etmək istəmir. Halbuki Azərbaycan alternativ enerji mənbəyi kimi Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynayır və yaxın gələcəkdə bu rol daha da artacaq. Amma APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumat Avropa İttifaqının qərəzli mövqeyini ortaya qoyur. Məlumat Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyini ortaya çıxarır. Məlumata görə, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub. Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək. Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.
Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib. Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb. O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.

Yunanıstan və
Aİ nümayəndəliyi təkzib edir


Amma Yunanıstanın Bakıdakı səfirliyi Avropa Oyunlarına qarşı səfirin təxribat etməsi barədə məlumatı təkzib edib.
“Gün.Az”ın sorğusuna cavab olaraq səfirlikdən bildirilib: “Səfirlik Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb” adı altında dərc olunan məqalənin bütün məzmununu qəti şəkildə təkzib edir. Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcək”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də bildirib ki, Aİ-yə üzv dövlətlərin Avropa Oyunlarının açılışını boykot etməyə çağırması barədə mediada verilən informasiya heç bir şəkildə düzgün deyil. Qeyd edilib ki, Aİ-yə üzv dövlətlərin Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək nümayəndəliyin səlahiyyətinə daxil deyil: “Aİ nümayəndəliyi fürsətdən istifadə edərək oxucularına xatırlatmaq istərdi ki, Şərq Tərəfdaşlığı sammitinin birgə bəyanatında (Riqa 21-22 may 2015) xüsusi istinad verilir ki, burada deyilir: “Sammitin iştirakçıları iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir”.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Yunanıstanın Azərbaycandakı səfirinin addımı diplomatik normalara uyğun gəlməyən bir addımdır. A.Mirzəzadənin dediyinə görə, ümumiyyətlə, istənilən səfirin vəzifəsi öz ölkəsi ilə nümayəndə təyin olunduğu ölkə arasında dostluq münasibətlərini yaratmaq və münasibətlərin daha da genişlənməsinə kömək etməkdir. Q qeyd edib ki, iyunun 12-də açılışı keçiriləcək ilk Avropa Oyunları - möhtəşəm idman festivalı da Azərbaycanın tədbiri deyil, əslində, Avropanın tədbiridir: “Tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilir və həmin Oyunlar Azərbaycandan daha çox Avropaya lazımdır. Bu baxımdan, bəzi ölkə nümayəndələrinin Avropa Oyunlarına siyasi prizmadan yanaşması, bunu sırf Azərbaycandaxili bir iş kimi qəbul etməsi, sadəcə, başa düşülən deyil. Hesab edirəm ki, burada da diplomatik yanaşmadan daha çox, siyasi yanaşma var. Avropadakı bəzi antiazərbaycan dairələri buraya müəyyən ölkələri də cəlb edə biliblər. Amma nə etmələrindən asılı olmayaraq, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək, o cümlədən dünyanın diqqət mərkəzində olacaq. Bu Oyunlara idman yarışı, dostluq-qardaşlıq yarışı kimi baxan ölkələrin rəhbərləri yarışları izləmək üçün Azərbaycana gələcəklər və Azərbaycan da öz üzərinə düşən bu yüksək missiyanı yerinə yetirəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info