Səfir Avropa Oyunları barədə geniş müsahibə verib
Tarix: 08.06.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin geniş oxucu kütləsinə malik “Standard” qəzetinə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı müsahibə verib. Müsahibə qəzetin 7 iyun nömrəsində dərc edilib.
Bütün suallara ətraflı cavab verən səfir ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə danışaraq, bu qərarın 2012-ci ildə, Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunmasından, Oyunlarda 20-yə yaxın idman növündə 6000-dən çox idmançının iştirak edəcəyindən və ümumilikdə, 253 medal uğrunda mübarizənin aparılacağından bəhs edib. Bundan əlavə, səfir Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə 2013-cü il yanvar ayının 17-də Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalandığını diqqətə çatdırıb.
E.Kərimov Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə olan “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin bu il aprelin 26-da alovlandırılması mərasimindən söz açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin həmin mərasimdə iştirak etmələrindən, birinci Avropa Oyunlarının məşəlinin səyahətindən danışıb.
Diplomat “Bakı-2015” ilk Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri barədə də ətraflı məlumat verərək, açılış mərasiminin yeni inşa edilmiş, 65000 nəfərlik Bakı Olimpiya Stadionunda olacağını diqqətə çatdırıb. Bununla yanaşı, Oyunlar ərəfəsində idmançılar və komanda rəsmiləri 7300 nəfərlik “Olimpiya kəndi”ndə yerləşdiriləcək.
Səfir, həmçinin “Bakı-2015”-də Bolqarıstandan 127 idmançının müxtəlif medallar uğrunda yarışacaqlarını bildirib.
E.Kərimov Azərbaycanda idmanın inkişafı və ölkəmizdə tarixən ənənəvi idman növləri barədə də danışıb. Bildirilib ki, Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növü olan güləşin Şərqdə qədim Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsi “Kitabi Dədə Qorqud” dastanlarında adı çəkilir. Güləşdən əlavə, XI əsrdə yazıb-yaratmış, bütün Şərqdə tanınan Azərbaycan şairi Xəqani Şirvaninin əsərlərində də çövkən, at çapmaq, şahmat, qılıncoynatma və sair kimi oyunlardan bəhs olunub.
Tarixi mənbələrə istinadən çövkən oyunu barədə ətraflı məlumat verən səfir Orta Asiya, Türkiyə, İran və İraqda məşhur olan bu oyunun Azərbaycanda VI-VII əsrlərdə yarandığını və XII əsrdə tarixdə ilk dəfə beynəlxalq çövkən yarışlarının Bağdad şəhərində keçirildiyini xatırladıb. Qeyd olunub ki, XIX əsrdə ingilislər tərəfindən İngiltərəyə gətirilən bu oyun onların təşəbbüsü ilə “polo” adlandırılıb və ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib. 1960-cı ildən Azərbaycanda rəsmi çövkən üzrə yarışların keçirilməsi bərpa olunub, 1979-cu ildə “Çövkən” oyunu haqqında sənədli film çəkilib. Bundan əlavə, 2006-cı ildə Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində çövkən oyunu üzrə turnir keçirilib, 2013-cü ildə Bakıda müasir polo yarışları üzrə qarışıq dünya yığmaları və Azərbaycanın çövkən üzrə komandası arasında polo Dünya kuboku yarışları təşkil olunub. Daha sonra Azərbaycanın ənənəvi çövkən milli oyununun 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi gündəmə gəlib.
Səfir orta əsrlərdə Azərbaycanda idmanın intellektual növü olan şahmatın da geniş yayıldığını, XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin mahir şahmat oyunçusu olduğunu, bundan əlavə, XIX əsrdə Fransa yazıçısı Aleksandr Dümanın Azərbaycana səfəri zamanı Qarabağ xanının qızı, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanla şahmat oynadığını və Natəvanın gözəl oyunundan heyran qaldığı barədə məlumatları diqqətə çatdırıb.
E.Kərimov hələ sovet hakimiyyəti dövründə güləş, boks, yüngül atletika, qılıncoynatma, tennis və s. kimi idman növləri üzrə SSRİ-nin yığmasında olan Azərbaycan idmançılarının dünya və beynəlxalq yarışlardakı nailiyyətlərindən söz açaraq, XX əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun bütün dünyada məşhur olmalarından, onların dünyanın ən böyük şəhərlərində - Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük məharət göstərmələrindən danışıb. Müsahibədə dörd dəfə SSRİ çempionluğunu qazanan Azərbaycan futbolçusu Ələkbər Məmmədov və SSRİ çempionatlarında 136 qolun müəllifi, SSRİ yığmasının 1966-cı il dünya çempionatının bürünc mükafatçısı və 1972-ci ildə Avropanın gümüş mükafatçısı olmasında böyük rolu olmuş futbolçu Anatoli Banişevskidən də söz açılıb.
Diplomat, həmçinin voleybol idman növünün ölkəmizdəki inkişafından bəhs edərək, bu istiqamətdə voleybol üzrə qadınlardan ibarət milli yığma komandamızın baş məşqçisi Faiq Qarayevin böyük rolundan, 1993-cü ildə onun rəhbərliyi ilə Azərbaycan milli komandasının Bolqarıstanda dünya çempionatının seçmə oyunlarında birinci olmasından, 1994-cü ildə Rumıniyada “Bahar” Kubokuna yiyələnərək, elə həmin il dünya çempionatında dünyanın 10 ən güclü qadın komandası sırasına düşməsindən danışıb.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra idmana xüsusi diqqətin ayrıldığını və 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradıldığını, habelə gənclər və idman siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdıran E.Kərimov aparılan müdrik siyasət nəticəsində 1994-2003-cü illər ərzində Azərbaycan idmançılarının beynəlxalq və dünya yarışlarında 456 qızıl, 360 gümüş və 515 bürünc medal qazandıqlarını xatırladıb.
Qeyd olunub ki, son 10 ildə ölkədə bir çox beynəlxalq və dünya yarışları keçirilib. Bədii gimnastika üzrə Dünya Kuboku və Avropa çempionatı, boks üzrə dünya çempionatı, gənc qadınlar arasında futbol üzrə dünya çempionatı, sərbəst güləş üzrə Avropa çempionatı və s. buna misaldır.
Diplomat 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş dövlətimizin başçısı İlham Əliyevin gördüyü nəhəng işlər nəticəsində ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövrün başlandığını, respublikamızın ilk dəfə olaraq 1996-cı ildə Atlanta Olimpiadasında 1 gümüş, 2000-ci ildə Sidney şəhərində 27-ci Yay Olimpiya Oyunlarında 2 qızıl və 1 gümüş, 2004-cü ildə Yunanıstanda 28-ci Yay Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medal qazandığını xatırladıb, habelə 2006-2014-cü illərdə keçirilən Yay və Qış Olimpiya, eləcə də Paralimpiya Oyunlarında da əldə olunan nailiyyətlərdən də danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info