The Guardian: “ABŞ-da qaradərili olmaq, günahsızlığın sübut olunana qədər günahkar olmaq deməkdir”
Tarix: 09.06.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


“ABŞ-da qaradərili həyatı çox asan bir şəkildə qeyri-qanuni sayılır: maşın sürmək, gəzmək, hətta üzmək də polisdə şübhə yaradır”

Azərbaycanın suverenliyi, dünyanın və regionun enerji, mədəniyyət, idman mərkəzlərindən birinə çevrilməsi, modern və öncül dövlətçilik göstəricilərinə malik olması, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi antiazərbaycan dairələrini çoxdandır qıcıqlandırmaqdadır. Bu sıradan, Birinci Avropa Oyunları kimi dünyaca mötəşəm bir ilkə imza atmağımız da həmin dairələrin yuxusuna haram qatıb. Odur ki, sözügedən dairələr ölkəmizə qarşı müxtəlif fəaliyyətlərini bu ərəfədə intensivləşdiriblər. Məsələn, iyunun 10-da - ilk Avropa Oyunlarının başlamasına iki gün qalmış Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçiriləcək. İlk Avropa Oyunlarına həsr olunacaq dinləmədə ABŞ dövlət katibinin keçmiş müavini, hazırda Makkeyn İnstitutunun baş elmi işçisi olan Devid Kramer, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariç, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev və “Aqos” qəzetinin jurnalisti Arzu Qeybullayeva da iştirak edəcəklər. O da qeyd edilir ki, dinləmədə guya Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti müzakirə olunacaq. Təbii ki, bəzi Qərb qurumlarının, o cümlədən, ABŞ-dakı bəzi dairələrin Azərbaycanla bağlı qərəzli və dezinformativ məlumatlar yaymağa cəhd etdiklərini nəzərə alanda, onların ölkəmizlə bağlı hansı “müzakirələr” keçirəcəyini təxmin etmək çətin deyil.
Bütün dünyanın diqqətinin ölkəmizə yönəldiyi bir vaxtda,
“dünyanın demokratiya mərkəzi” adına iddia edən Amerikada Azərbaycanla bağlı qərəzli olacağı indidən bəlli olan dinləmələr keçirilir. Çox istərdik ki, həmin “dinləmələr”i keçirənlər “The Guardian”da və digər Qərb, dünya media qurumlarında ABŞ-dakı “demokratiya”, “sosial ədalət” və “insan haqları” barədə tez-tez gedən bu cür yazılara diqqət etsinlər.

“Amerikada ağdərililərin üstünlüyü bizə qaradərili uşaqlarımızın uşaq kimi yaşamasına, uşaq olmasına, üzməsinə və sair normal haqlara malik olmasına imkan vermir”

Beləliklə, ABŞ-ın Texas ştatında, Makkinneydə polisin şəhərətrafı küçədə qaradərili uşaqları zorakı bir şəkildə saxlaması və yerə yıxdığı qaradərili qıza tapança dirəməsi ilə bağlı video yayılıb. Hadisə ötən həftə sonu baş verib. Bu barədə Böyük Britaniyanın “The Guardian” media qurumu yazır. Uill Gafney adlı “Tvitter” istifadəçisinin video və şəkil paylaşımına, həmçinin təəssüratlarına bu baxımdan istinad edilir: “İzlədiyim video məni ağlatdı və göstərdi ki, qaradərili uşaqları necə oynamağa qoymurlar. Onların uşaq şıltaqlıqlarına necə qəddarcasına yanaşılır. Onların oyunlarının necə kriminal kimi qəbul edildiyi və onlara yetkin insanlar kimi yanaşıldığı, sanki çox vaxt nəfəs alarkən belə, polisə görə, cinayət işlədikləri buradan da görünür. Video məni həm də ona görə ağlatdı ki, burada hovuz kimi ictimai yerlərin də polis adlanan məsuliyyətsiz təhlükəsizlik nümayəndələri tərəfindən zəbt edildiyi aşkar görünür. Bu polislər isə çox asanlıqla “günahı” istənilən qaradərili uşağın üzərinə yıxa bilirlər. Məni bu uşaqların üstünə silah çəkilməsi də ağlatdı. Yadıma gəlir, bir dəfə polis mənim üstümə silah çəkmişdi və bu, məndə çox ikrah doğurdu, polisə münasibətimi həmişəlik dəyişdi. O vaxt mən yetkin idim. Bəs bu travmadan sonra həmin uşaqlar necə qorxmuş olacaqlar?
Məni o da ağlatdı ki, gənc, zəif qaradərili qız demək olar ki, soyunmuş halda – özünün çimərlik geyimində polis tərəfindən kobud bir davranışa məruz qalır. Polis bu zəif qızı götürüb kənara tullayır, sanki qızın bədəni onun mülkiyyətidir. Daha sonra o, qızın anası üçün ağladığını dinləyə-dinləyə, onun üzünü yerə, otlara sıxır, üstündə oturaraq, dizləri ilə arxasından basır və əllərini qandallayır”.
Daha sonra qaradərili Uill Gafney tərəfindən qeyd edilir ki, çoxlu sayda qaradərili insan, xeyli qaradərili qadının ölümcül yaralanması, zorakılığa, seksual və psixoloji təzyiqlərə, hücumlara məruz qalması barəsində etdikləri etiraflara görə də polis tərəfindən öldürülür: “Məni o da ağladır ki, ABŞ-da qaradərili həyatı çox asan bir şəkildə qeyri-qanuni sayılır: Maşın sürmək, gəzmək,
hətta üzmək də polisdə şübhə yaradır”.

“2010-cu ildə olan statistikaya görə, qaradərili uşaqların 70 faizi üzə bilməyib. ABŞ “Masters Swimming” qurumuna görə, ölkədə hər gün 9 nəfər suda batır, onlardan 6 nəfəri isə rəngli insanlara məxsusdur. Bu isə burada ölüm haqlarına bərabər tutulan rasizmdir və belə getsə, Makkinney bu rasizmi əbədiləşdirəcək”

Uill Gafneyin “The Guardian”da dərc olunmuş fikirlərindən belə görünür ki, ABŞ-da qaradərililərə qul kimi yanaşma əslində mahiyyətcə heç də dəyişməyib: “Mən görürəm ki, bu qaradərili uşaqlar adicə hovuz ətrafında terrora məruz qalırlar və düşünürəm ki, onlar mənim atamın uşaq versiyalarıdır – o da o vaxt gənc serjant olmasına baxmayaraq, gözəl Cənubi Sakit Okean adalarında üzə bilməmişdi, çünki üzə bilməyəcəyindən qorxmuşdu. Çünki buna qədər o, heç yerdə üzməmişdi, buna heç bir şərait yaradılmamışdı. 2010-cu ildə olan statistikaya görə, qaradərili uşaqların 70 faizi üzə bilməyib. ABŞ “Masters Swimming” qurumuna görə, ölkədə hər gün 9 nəfər suda batır, onlardan 6 nəfəri isə rəngli insanlara məxsusdur. Bu isə rasizmdir və belə getsə, Makkinney bu rasizmi əbədiləşdirəcək.
Mən həm də ona görə ağlayıram ki, ABŞ-da qaradərili olmaq, günahsızlığın sübut olunana qədər günahkar olmaq deməkdir”.
Yazıda daha sonra o da bildirilir ki, videoçəkən Brooks bildirib ki, o, polisə görünməz olub, yoxsa ona da atəş açıla və bədəni ilə digər qaradərililərin bədəni kimi davranıla bilərdi: “Buna diqqət edənlər üçün bunların heç biri yeni deyil. Amerikada ağdərililərin üstünlüyü bizə qaradərili uşaqlarımızın uşaq kimi yaşamasına, uşaq olmasına, üzməsinə və sair normal haqlara malik olmasına imkan vermir”.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info