“Azərbaycanı möhtəşəm Oyunlar, rəqiblərini isə daha artıq həsəd gözləyir”
Tarix: 10.06.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Yusif Babanlı: “Oyunların təşkili çox gözəl koordinasiya olunub və orijinal, zövqverici, cəlbedici tədbirlərlə aparılır”
Məlum olduğu kimi, Azərbaycan tarixdə daha bir ilkə imza atacaq - ölkəmizdə “Bakı-2015” birinci Avropa Oyunları keçiriləcək. Oyunlarda qitənin ən güclü 6 mindən artıq atleti idmanın 20 növü üzrə qızıl medallar uğrunda mübarizə aparacaq. Bu Oyunlarla bağlı dünya mediasının diqqəti Azərbaycana yönəlib. Azərbaycan üçün Oyunların önəminin miqyası çox böyük və çoxtərəflidir.
Mövzu ilə bağlı müsahibimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri, Azərbaycan Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yusif Babanlıdır.
- Yusif müəllim, Azərbaycanda bu həftəsonu artıq ölkənin və Avropanın çoxdan gözlədiyi ilk Avropa Oyunları başlayır. Sizin bu Oyunlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
- Bu Oyunlar bütün dünya, Avropa və ələlxüsus da Azərbaycan üçün olduqca böyük önəm daşıyır. Biz bununla Avropada və dünyada yeni bir tarix yazır və çox möhtəşəm bir ilkə imza atmış oluruq. Çünki ilk dəfə məhz Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına görə, Avropanın, həm də dünyanın diqqəti məhz bizim ölkəmizə yönəlib, dünya bir daha Azərbaycanın qüdrətinin və bu cür Oyunlara möhtəşəm bir səviyyədə ev sahibliyi etmək qabiliyyətinin şahidi olur. Bəli, təsadüfi deyil ki, bu Oyunları keçirmək məhz bizə həvalə olunub. Bəllidir ki, Avropa Olimpiya Komitəsi Oyunların keçirilməsi üçün çox ciddi tələblər irəli sürmüşdü. Buraya müasir infrastruktur şərtləri - aeroportların yüksək səviyyədə olması, ən yeni dünya standartlarına cavab verən idman qurğuları, yollar və sair məsələlər daxil idi. Azərbaycanda isə illərdir, bu yöndə dayanmadan quruculuq işləri aparılır, beynəlxalq hava limanları, bir çox Avropa ölkələrində olmayan ən müasir hotellər tikilir, Olimpiya kompleksləri inşa edilir, yollar, turizm mərkəzləri və sair istifadəyə verilir. Bütün bunlar uzun illər aparılan yeni infrastruktur quruculuğunun nəticəsidir ki, bu da müasir dövlət quruculuğu çərçivəsində çox uğurla həyata keçirilir. Bütün bu göstəricilərə görə də Avropa ölkələri içərisində ilk dəfə məhz biz belə bir şərəfə və etimada layiq görüldük. Bu isə ilk növbədə onunla bağlıdır ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə çox uğurlu bir inkişaf modelinə nail olub. Dünyada yüksək beynəlxalq imicə, sosial-iqtisadi və infrastruktur göstəricilərinə görə regionda və dünyada lider mövqelərə yüksələn bir dövlətik. Buna qədər keçirilən digər möhtəşəm beynəlxalq tədbirlərin, yarışların, hətta digər Avropa dövlətlərindən də yüksək səviyyədə keçrilməsinə görə özümüzü dəfələrlə təsdiq etmişik. Bu sahədə bütün rəqabətqabiliyyətli göstəricilərimiz, eyni zamanda dövlətimizin apardığı uğurlu siyasət, onun beynəlxalq səviyyədə güclü mövqeyi imkan verdi ki, bu Oyunlar məhz bizdə keçirilsin. Buna görə də Oyunlarla bağlı estafet məhz bizdən başladı. İndiyə qədər Oyunlarla bağlı aparılan işlər, həyata keçirilən tədbirlər, Oyunların Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlər isə deməyə imkan verir ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək və Avropa, dünya bir daha Azərbaycana göstərilən etimadın yüzdəyüz özünü doğrultduğunun şahidi olacaq. Oyunların təşkili çox gözəl koordinasiya olunub və original, zövqverici, cəlbedici tədbirlərlə aparılır. Əsas önəmli cəhətlərdən biri də Azərbaycanın bütün rayonlarının bu Oyunlarda iştirakçılığının, töhfə vermələrinin təmin edilməsi, Avropa Oyunları Məşəlinin bütün rayonlara səfər etməsi kimi məqamlardır. Ümumiyyətlə, isə ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbirin önəmi olduqca böyükdür. Bizim bu yarışlara qədər də çox güclü yarış təcrübəmiz olub. Məsələn, hər il ölkəmizdə orta hesabla 50-dən çox beynəlxalq idman yarışı təşkil olunur. Həmin yarışlar həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini əhatə edir. Bu cür yüksək təcrübə də Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarını məhz Azərbaycana həvalə etməsinə ciddi təsir göstərib. Bu isə yeni bir tarixin yazılmasına sübutdur.
- Bu Oyunların Azərbaycanın beynəlxalq imicinin daha yüksəldilməsində, dövlətimizin, mədəniyyətimizin və turizm imkanlarımızın təbliğində böyük rol oynadığı bildirilir. Bu barədə beynəlxalq ekspertlər də fikirlərini bildirməkdədirlər. Bunlardan əlavə, Oyunların Azərbaycana hansı sosial-iqtisadi faydaları ola bilər?
- Qeyd etdiyiniz kimi, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq imicinin daha da yüksəldilməsində, dövlətimizin, mədəniyyətimizin, maddi-mədəniyyət abidələrimizin və turizm imkanlarımızın təbliğində böyük rol oynayacaq. Bu, şübhəsizdir. Təkcə, “Eurovision” müsabiqəsindən sonra biz dünya əhalisində Azərbaycanla bağlı məlumatların nə qədər artdığının şahidi olduq. Əminəm ki, Oyunların bu baxımdan faydası dəfələrlə artıq olacaq. Çünki həm miqyas baxımından, həm də Oyunlar ilk dəfə məhz bizdə keçiriləcəyindən, 17 gün davam edəcəyindən və sair səbəblərdən bunu qeyd etməyə dəyər. Amma onu da qeyd etmək vacibdir ki, Oyunların ölkəmiz üçün önəmi təkcə, ölkənin mədəniyyətinin, dəyərlərinin, tarixinin təbliği, tanıdılması ilə bitmir. Bu Oyunların həm də çox ciddi sosial və iqtisadi mənfəətləri var. Artıq çoxdandır məhz bu Oyunlarla bağlı ölkəmizdə xarici turistlərin sayının rekord həddə artdığını və artmaqda davam etdiyini müşahidə edirik. Ekspertlərin hesablamalarına görə, təkcə turizm sahəmiz Oyunlara görə 200 milyon dollardan artıq gəlir əldə edəcək. Həmçinin turistlərə görə xidmət, nəqliyyat, bank sektoru xeyli gəlir götürəcək. Rekord sayda turist axını turizmin iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Həmçinin, bunlar sosial gəlirlərin olduqca artmasına şərait yaradacaq. Oyunların keçirilməsinə görə dövlət büdcəsinə daxilolmalar daha da artacaq. Büdcəyə bu yolla daxilolmalar, eyni zamanda, büdcənin sosial öhdəliklərinə müsbət təsir edəcək. Həmçinin, bu gün regionlarda çox gözəl infrastruktur yaradılır, turizm mərkəzləri fəaliyyət göstərir. Xarici turistlərin bu müddət ərzində regionlara da axın etmələri, region əhalisinin müxtəlif xidmətlərindən faydalanması, region turizminin rentabelliyini daha da artıracaq. Regionlara xarici turist axını güclənəcək.Turistlərin müxtəlif xidmətlər sektorundan yararlanması isə istər paytaxtda, istərsə də regionlarda sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafını olduqca stimullaşdıracaq.
- Bu gün Azərbaycanın bu Oyunları Avropada ilk dəfə olaraq keçirməsinə və bu sahədə qazanılan digər uğurlarımıza görə, bəzi xarici dairələr müxtəlif formada qısqanclıqlarını büruzə verirlər. Bu barədə hansı fikirləriniz ola bilər?
- Təbii ki, müstəqilliyimizi qazandığımızdan bəri qısa vaxt ərzində kiçik ölkə olmağımıza baxmayaraq, bu qədər uğurlara imza atmağımız, suveren siyasət yürütməyimiz, dünyanın və Avropanın əsas enerji mənbələrindən biri olmağımız, modern dövlət kimi öncül göstəricilərə az vaxtda yiyələnməyimiz və ən nəhayət, bunların məntiqi nəticəsi olaraq, ilk Avropa Oyunlarına ev sahibliyi etməyimiz bəzi xarici dairələri, o cümlədən Azərbaycanın sürətli inkişafını gözü götürməyən dairələri qısqanclığa vadar edir. Amma əminik ki, bu cür dairələrin hər hansı informasiya savaşı və qara piar cəhdləri ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə mane olmayacaq. Çünki hər şey göz qabağındadır - Azərbaycanın az vaxtda bu qədər modern inkişafı və nailiyyətləri danılmazdır. Eyni zamanda həmin dairələrin yerləşdiyi ölkələrdə də insan haqları, demokratiya məsələsində ciddi pozuntular göz önündədir. Onların bizə qarşı hər hansı qərəz və qara piar cəhdləri dərhal öz ölkələrinin əleyhinə işləmiş olur. Belələri öz gözlərində “tir”i görməyib, başqalarının gözündə “çöp” axtaranlardır. Xatırlayırsınızsa, bir neçə il öncə “Eurovision” mahnı müsabiqəsini keçirəndə bu cür qaralama cəhdləri olmuşdu. Amma ölkəmiz həmin müsabiqəni ən yüksək səviyyədə keçirdi. Bu dəfə də bizi belə bir uğur və daha möhtəşəm səviyyədə keçiriləcək Oyunlar, rəqiblərimizi isə daha artıq həsəd və qısqanclıq gözləyir.
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Oyunlarla bağlı fəaliyyəti barəsində nə deyərdiniz?
- Bu Oyunlar bütün dünya və Azərbaycan üçün vacib olduğu kimi, akademiyamız üçün də olduqca vacibdir. Təkcə bu Oyunlarda yox, ümumiyyətlə, bütün Avropa və dünya çempionatlarında bizim akademiyamızın tələbə və müəllim heyəti yaxından iştirak edir. Bizim müəllimlərimizin çoxu istər federasiyalarda məşqçi kimi, istərsə də federasiyaların rəhbər orqanlarında çalışırlar. Tələbələrimiz isə könüllü olaraq artıq 3 aydır bu işlərin təşkilində iştirak edirlər. Oyunlar üçün könüllü kimi qeydiyyatdan keçən 600 nəfərə yaxın tələbəmiz var. Bizim tələbələrimiz arasında bütün federasiyaların yığma komandalarının üzvləri var. İstər dünya, istər Avropa çempionatları, istərsə də ilk Avropa Oyunlarında iştirak edənlərin çoxu bizim akademiyanın tələbələridir. İstər bizim akademiya, istərsə də Gənclər və İdman Nazirliyi tərəfindən həmin könüllü gənclərimizə daim diqqət var, onlara öz fəaliyyətlərini gözəl bir şəkildə həyata keçirmək üçün hər cür texniki və təşkilati dəstək göstərilir. Bu gün bizim birinci Avropa Oyunlarında könüllü iştirak edən hər bir gəncə istər akademiya rəhbərliyi, istərsə də Gənclər və İdman Nazirliyi intensiv dəstək verir. İdman federasiyalarının da hər biri orada fəaliyyət göstərən gənclərə diqqət göstərirlər. Bu gün, ümumiyyətlə, bizim gəncliyə Azərbaycan dövlətinin diqqəti və qayğısı olduqca yüksəkdir, bunun nəticəsində də biz digər uğurlarla yanaşı idman ölkəsinə çevrilmişik.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info