London aksiyası: Qərb texnoloqlarını ifşa edən daha bir addım
Tarix: 11.06.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Missiyası ekoloji sahədə maarifləndirmə olan Platform London təşkilatının insan hüquqları müdafiəçisi qismində təqdim edilməsi AntiAzərbaycan kampaniyasını idarə edənlərin mahiyyətini tamamilə açır

London aksiyasının təşkilatçısı

İyunun 12-də BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Platform Londonun təşkilatçılığı ilə keçiriləcəyi elan edilmiş aksiyanın vaxt və məkanı təsadüfi seçilməyib: eyni gündə Bakıda I Avropa Oyunlarının açılış mərasimi olacaq. Aksiya ““Neft “oyunlarının” qarşısında dur” şüarı ilə başlanan kampaniyanın tərkib hissəsidir.

Londonda yerləşən bir təşkilatın stereotipləri qıraraq Böyük Britaniya maraqlarının təmsilçisi olan şirkətə qarşı çıxış etmək cürəti tapması heç də heyrətləndirici deyil. Aksiya təşkilatçılarını cürətləndirən məqam, hədəfin Azərbaycan olmasıdır. Platform London-un “BP-yə qarşı etirazının” səbəbi BP şirkətinin Bakıda keçirilən I Avropa Oyunlarının sponsorları sırasında durmasıdır. QHT təmsilçiləri elan ediblər ki, “Azərbaycanda insan haqlarının durumundan narahatdırlar və BP insan haqları ilə bağlı narahatlıq olan ölkədə keçirilən tədbirə dəstək verməməlidir”. Aksiya iştirakçıları BP ofisindən sonra Azərbaycanın bu şəhərdəki səfirliyi qarşısında toplaşmağı planlaşdırırlar.
Aksiyanı əzəmətli göstərmək üçün PL bütün vasitələrdən istifadə edib. Təşkilat bir həftə öncədən mediada elan verib, sosial şəbəkələrdə kampaniya başladıb. Bakıya gəlmiş idmançılara və jurnalistlərə ünvanlanmış bəyanat da hazırlanıb və aksiya zamanı oxunacağı ehtimal edilir. Bəyanatın məzmunu “Həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılmasına yardım göstərmək”dən ibarətdir. Həmçinin, aksiyanın gedişində BP-nin Azərbaycanda fəaliyyətinə həsr edilmiş və daha çox Azərbaycanın tənqidi üzərində qurulmuş kitabın təqdimatı keçiriləcək.
Yuxarıda təsvir edilənlər Platform Londonun rəsmi açıqlamalarından götürülüb. Açıqlamaya ilk baxışdan belə təəssürat yarana bilər ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durum “normal deyil”. Dünyanın yüksək imicli təşkilatları isə beynəlxalq ictimaiyyəti səfərbər etməklə Avropanın aparıcı paytaxtlarından birində çox ciddi aksiya keçirib, bu “qeyri-normallığın” aradan qaldırılmasına çalışır.
Amma qısa bir araşdırma aparmaq kifayət edir ki, təqdimatı təmtəraqlı olan bu mətnin aldadıcı köpükdən başqa bir şey olmadığı üzə çıxsın. AntiAzərbaycan ovqatı aksiyanın sifarişçilərini və təşkilatçılarını o qədər çaşdırıb ki, ilk baxışdan özlərini ifşa edəcək faktları yığışdırmağı unudublar. Azərbaycanda insan hüquq və azadlıqları barədə PL-in yanlış təqdimatı bir yana, təşkilatın özünün durumu, qeyri-məqbul imici, təşkil etmək istədiyi aksiyanın qeyri-ciddiliyi və ən əsası, aksiyanın real səbəbləri barədə qeyri-səmimi açıqlamaları aşkara çıxaracaq arqumentlər ortada qalıb.

Reallıq

Platform Londonun vergidən yayınma və digər maliyyə maxinasiyalarına görə həbs edilmiş Rəsul Cəfərovun müdafiəsi üçün sosial şəbəkələrdə apardığı 7 günlük onlayn kampaniyanı yalnız 2 nəfər dəstəkləyib. Xədicə İsmayılovaya həsr edilmiş kampaniyanın dəstəkçiləri isə 3 nəfərdir, baxmayaraq ki, təşkilat facebook kampaniyası çərçivəsində dəstək almaq üçün ümumi elan verməklə yanaşı, 694 nəfərə adlı müraciət göndərib . Amma bütün bunlardan sonra nəinki ciddi sosial dəstək ala bilməyib, əksinə, kampaniyanı tənqid edənlər tapılıb.
Təbii, məqalənin dərcindən sonra, “yanlışlarını” aradan qaldırmaq üçün facebookda “Like”-ləri sürətlə artıracaqlarını istisna etmirik. Həmçinin, keçirəcəkləri piket zamanı sifarişçilərinə göstəriş olaraq “süni izdiham yaratma” vasitələrindən sui-istifadə edəcəkləri də gözləniləndir. Qərb texnoloqları tərəfindən dəfələrlə sınanan bu taktika aksiya hazırlayan QHT-lərə ən sıx tövsiyə olunanlar sırasındadır: əhalinin intensiv axın etdiyi yerdə durub buklet paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir. Marağında olmayan mövzuya həsr edildiyini görüncə, adam təqdim edilmiş bukleti zibil qabına tullasa da, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətçil fotoqrafları onu şəklə çevirərək arxivləşdiriblər. Bu, reallıqda 2 nəfər dəstəkçisi olan kampaniyanın auditoriyaya izdihamlı təqdimatı üçün yetərlidir. “Beynəlxalq ictimai rəy Azərbaycana qarşıdır” tezisini isbatlamaq istəyənlər bir neçə saat ərzində yüzlərlə adamın aksiya təşkilatçısı ilə “həmrəylik nümayiş etdirən” şəkillərini paylaşıb sifarişi tamamlamış olurlar.
PL-in rəsmi internet saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, onun nəinki üzvlər baxımından dəstəkçiləri yoxdur, ümumiyyətlə nüfuzlu şəbəkələrlə də effektiv əlaqə qura bilməyib. PL-in adı ekoloji müdafiə üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq şəbəkələrin siyahısında yoxdur. Tərəfdaşı kimi yalnız Nigeriyada yerləşən Təbiət Hüquqları Aksiyası (Enviromental Rights Action) və Avropada təbiətin dostlarını (Friends of the Earth Europe) göstərib. Baxmayaraq ki, Friends of the Earth Europen onu özünün tərəfdaşı sayması barədə rəsmi saytında heç bir qeyd verməyib. PL ekoloji məsələlərə dair məşhur QHT şəbəkə və birliklərinin heç birində: nə Qlobal Ekoloqlar Fondunda (http://www.globalenvironmentfund.com), nə də Ekoloqların beynəlxalq şəbəkəsində (http://www.environmentnetwork.org ) üzvlüyə layiq görülməyib. BMT-nin Ətraf Mühit (Ekoloji) Proqramının (http://www.unep.org/ ) ekoloji sahədə uğurlu fəaliyyət göstərən QHT-lər siyahısında da PL-in adına təsadüf olunmur. İnsan hüquq müdafiəçiliyi sahəsində də, PL-in hər hansı addımı qeydə alınmır. Təşkilat bu sahədə fəaliyyətini Amnesty İnternational-la həmrəy olduğunu bildirməklə çərçivələndirir.
1983-cü ildə təsis olmasına baxmayaraq, PL-in 32 illik fəaliyyəti dövründə cəmi 3 yadda qalan aksiyası (daha doğrusu, araşdırması) olub ki, bunların da hər biri Böyük Britaniyanın hədəfində olan regionlara yönəlməklə, dolayısı ilə bu ölkənin maraqlarının müdafiəsi məqsədini güdüb. Yadda qalan aksiyalardan biri 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə həsr edilib. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin ekoloji problemlər yarada biləcəyini səbəb göstərməklə aparılan kampaniya, nəticə etibarilə Azərbaycanın neft gəlirlərində güzəştə getməsi üçün aparılan ümumi kampaniyanın tərkib hissəsi olub. Bu cür sifarişli aksiyalardan kənarda, PL-in hansısa ciddi bir aksiyası nəzərə çarpmır. Zatən, rəsmi büdcəsi “10-35 avroluq ianələrdən ibarət olan” (http://platformlondon.org/donate/ ) bu təşkilatdan fərqli gözlənti də yoxdur.
GONGO-ları (Qeyri-rəsmi olaraq hakimiyyətlərin maraqlarına xidmət üçün yaradılan Qeyri-Hökumət Təşkilatları) təkcə hakimiyyətlər yaratmırlar. Transmilli şirkətlərin də QHT sektorunda qeyri-rəsmi tərəfdarlar yaratdıqlarını hər kəs bilir. Nüfuz etdikləri ölkələrdə ictimai rəyi nəzarətdə saxlamaq üçün hər bir transmilli şirkətin beynəlxalq statuslu onlarla QHT (GONGO tipli) yaratması taktikası yeni deyil. Həmin “Beynəlxalq QHT”nin “yerli tərəfdaşları” vasitəsilə iş qurduqları ölkələrin ictimai sektorunu nəzarətə götürməklə, transmilli şirkətlər bu ölkələrin hökumətlərinə təsir etmək mexanizmi qazanıb, öz maraqlarını diktə etmiş olurlar. Təbii, özlərinə qarşı formalaşa biləcək etirazları önləmək üçün də bu QHT-lərdən istifadə variantı çox əlverişlidir. Bu baxımdan PL-in son aksiyasını onun BP-nin peykləri sırasında yerini möhkəmlətmək çabası kimi də qiymətləndirmək olardı. BP təmsilçilərinin 05 iyun tarixdə BBC-yə verdikləri açıqlamada PL-in etirazlarını əhəmiyyətsiz saydıqlarını elan etmələrindən sonra PL-in aksiya keçirməkdə israr etməsi isə məsələdə fərqli məqamların olması ehtimalını da artırır.
PL-lə bağlı məsələnin araşdırılması zamanı ciddi məqamlar diqqəti çəkir. Missiyası ekoloji maarifləndirmə olan və uğur qazana bilməsə də, 32 il müddətində bu sahəyə nüfuz etməyə çalışan bir təşkilatın gözləniləmədən aktivləşərək Londonda insan hüquqlarının müdafiəçisi qismində təqdim edilməsi maraq doğurmaya bilməz. İnsan hüquqları sahəsində ixtisaslaşmış onlarca QHT varkən, künc-bucaqda unudulmuş qeyri-ixtisaslı birini tapıb tozunu təmizləmək kimə və nə üçün lazımdır? Sualın cavabını PL-in insan hüquqlarının müdafiəsi sahəsində ilk debütünü antiAzərbaycan aksiyalara qoşulmasında axtaraq. Cavab axtarışı təkcə PL-lə bağlı deyil, həm də ümumilikdə antiAzərbaycan kmpaniyasını idarə edən Qərb texnoloqlarının faydalandıqları çirkin texnologiyalar, həmçinin, onların üzləşdikləri çıxılmaz durum barədə əhəmiyytli bilgilər verir.

Qərb texnoloqları üçün dilemma

Azərbaycana qarşı son bir ildə aparılan qərəzli kampaniya, əslində, bu kampaniyanın təşkilatçıları olan Qərb texnoloqları üçün bumeranq effekti verdi. Ümumi kontekstdə son bir il təkcə Azərbaycanda deyil, bütövlükdə postsovet məkanında Qərb illuziyasının iflas dövrü kimi xarakterizə edilə bilər. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı müstəvisində 2013-cü ilin noyabrında başlanan böhran, paralel olaraq Avropanın özündə uzun müddət dondurulmuş sosial-iqtisadi, siyasi və ən əsası, mənəvi böhranı aktivləşdirmiş oldu. Ukrayna üzərində oynanılan oyun, postsovet məkanının Qərb üçün tərəfdaş deyil, böyük savaşlar üçün nəzərdə tutulmuş qurbanlıq olduğu faktını ortaya qoydu. Qonşuları vuruşdurmaq, ölkələri qarışdırmaq, daxili çəkişmələri qızışdırmaq fonunda öz maraqlarını təmin etmək taktikasından faydalanmaq bu məkanda nəinki Qərbə olan inamı sarsıdıb, paralel olaraq Qərbin bu oyunlarında hədəf olmaqdan yayınmaq çabalarını artırıb. Prosesin gedişində təkcə qorxunc niyyəti deyil, həm də Qərbin bu regionu qurbanlıq kimi yetişdirmək mexanizmləri ifşa edilib. Xüsusi olaraq vətəndaş cəmiyyəti institutlarından bu oyunda istifadə formalarının qarşısı alınıb.
Fəaliyyətlərinin ifşa edilməsi Qərb texnoloqları üçün gözlənilməz olub və çaşqınlıq yaradıb. Postsovet məkanı üzərində oyunları davam etdirmək üçün yeni metodlar kəşf edilməyib, köhnə metodlar isə ifşa edilib və keçərli deyil. Nə etməli? Müşahidə edilən budur ki, hələlik köhnə metodlardan simvolik dəyişikliklər etməklə faydalanmaq taktikası seçilib. Platform Londonun səhnədə peyda olmasını da bu kontekstdə izah etmək mümkündür. Səhnəyə yeni adlar çıxarılmasına ehtiyac yaranıb.

Qayana Arustamyanla Xədicə İsmayılovanı nə fərqləndirir?

20-21 may tarixlərində Riqada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı üzrə Birinci Media Konfransında yadda qalan hadisələrdən biri Ermənistanın araşdırmaçı jurnalisti (freelance) Qayana Arustamyanın məruzəsi olub. O,Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin qatıldığı sessiyada Ermənistandakı durum barədə dolğun informasiya verilmədiyindən şikayətləndi. Bildirdi ki, may ayının ilk günlərindən başlayarq, ciddi şəkildə təqib olunmağa başlayıb. O, həbs təhlükəsi, hətta həyatına təhdidlərlə üz-üzədir. Buna baxmayaraq, nə dövlət orqanlarına ünvanladığı müraciətlərə lazımi cavab ala bilmir, nə də beynəlxalq təşkilatlardan istədiyi müdafiəni görmür. Məsələnin maraqlı tərəfi budur ki, məhz bu sessiyada Nils Mujnieks Ermənistanı deyil, Azərbaycanı “azad jurnalistikanın boğulduğu” ölkə kimi tənqid edir, Qayana Arustamyanın Azərbaycanlı həmkarı Xədicə İsmayılın həbsini təhrif olunmuş formada auditoriyaya çatdırmağa çalışır. Bu, onun ənənvi mövqeyidir. Amma cənab bir faktı nəzərdən qaçırır ki, iştirak etdiyi tədbir qapalı toplantı deyil, konfransın gedişi onlayn variantda canlı yayımlanır və bütün dünya, bu riyakarlığı şahidi olur (https://www.youtube.com/watch?t=4781&v=Xbr-BMiwy-c). Konfransın gedişində diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, həm konfrans iştirakçıları, həm də təşkilatçılar Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı başlayandan sonra, proqrama daxil olan ölkələrdə medianın durumunun nənki inkişaf etmədiyini, əksinə, 6 illik dövrdə geriləmə müşahidə edildiyini vurğuladılar. Yaranmış durum Proqramın ideya müəllifləri və icraçılarının yarıtmaz fəaliyyətlərinin nəticəsi kimi şərh edildi.
Qısa bir müddət sonra, mayın sonunda isə Avropa məkanının media təşkilatlarının illik toplantısı keçirilir. Müzakirələrin yekunu belə bir faktı aşkarlayır ki, qitə ərazisində ən ağır durum Balkan ölkələrindədir. Bu bölgədə medianın ciddi problemi təkcə maliyyə böhranı deyil. Bölgə həm də medianın qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsindən, jurnalistlərin təqib və təzyiqlərlə üzləşməsindən əziyyət çəkir. Makedoniyadan olan freelance jurnalist Tomislav Kezarovskinin çıxışını göz yaşları boğur. O, ciddi şəkildə təqib və təhdid olunduğunu, jurnalist fəaliyyətini həyatı bahasına davam etdirdiyini bildirir. Amma sonuc yenə də maraqlı alınır: Avropa Birliyinin konfransa qatılmış təmsilçisi Azərbaycandakı durum barədə müzakirələr aparmağı təklif edir...
Misalların sayını onlarca artırmaq mümkün olsa da, vurğulamaq istədiyimiz məqamın oxucu üçün aydınlaşdığını düşünür və yenidən baş verənlərin Platform Londonun aksiyası ilə bağlılığı üzərinə dönməyi faydalı sanırıq.

AntiAzərbaycan kampaniyasına süni nəfəslik
Qərb texnoloqları on illər boyunca yürütdükləri effektsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə, vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Təsəvvür edək: Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidir. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən bir ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “poulyar ekspertlərin müəllif yazılarından”, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara qarşı dayandı və qarşı tərəfin özünü ifşa edə bildi. Qərb texnoloqları məcbur olub “ağır-artilleriyanı” səhnəyə çıxarır, iyunun 5-də AŞ, ATƏT və BMT insan hüquqları üzrə komissarları birləşmiş bəyanat yayaraq güclərini birləşdirirlər. Azərbaycan vətəndaş cəmiyyəti institutları birgə cavab bəyanatı ilə çıxış edərək bu kampaniyanı da iflasa uğradır. Çıxılmaz durumdur, Qərb texnoloqlarının I Avropa Oyunlarından fürsət kimi yararlanıb Azərbaycanı güzəştlərə məcbur edəcəkləri planı iflasa uğrayıb, bu sahədə onların heç bir uğuru yoxdur. İndi son addımlarını atırlar. Amma səhnəyə çıxarmağa gücləri, deməyə sözləri, isbat üçün arqumentləri yoxdur. Məğlubiyyətlərini etiraf etməmək üçün son ehtiyatlarını meydana çıxarırlar, məsələn, künc-bucaqda qalmış Platform London kimi.
Mövzu ilə bağlı araşdırma apararkən, qarşımıza maraqlı bir fakt çıxdı. Xarici vətəndaş Ema Xyums iyunun 9-da Azərbaycana gələrkən axşam saatlarında Bakı aeroportunda saxlanılıb və hansısa çatışmazlığa görə geri qaytarılıb. Bu informasiyanın birtərəfli qaydada şişirdilərək Azərbaycana qarşı kampaniyada istifadə olunmasına qərar verilir. Bu yöndə ilk informasiya hər hansı bir informasiya agentliyində deyil, gecə yarısı Platform londonun saytında peyda olur. Həm də Rebeka Vinsentin təqdimatı ilə. Rebeka Vinsent imzası Azərbaycan oxucusuna yaxşı tanışdır: 2012-ci ildə Avrovizion müsabiqəsi Bakıda keçirilərkən, ölkəmizin uğurlarına kölgə salmaq üçün yaradılan Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu adlı QHT koalisiyasının koordinatoru məhz bu xanım idi. Amma iflas oldu, onun apardığı antiAzərbaycan kampaniya nəticə vermədi, əksinə, Avrovizion Bakıda uğurla keçirildi və Azərbaycana şərəf gətirdi. Həm də Azərbaycana etimad göstərilərək, I Avropa Oyunlarının da Bakıda keçirilməsinə qərar verildi. 2015-ci ilin əvvəlində İdman və İnsan Hüquqları Koalisiyası yarandı. Bu Koalisiya da I Avropa Oyunları zamanı Azərbaycan əleyhinə mübarizə aparmalı idi, yenə də koordinatorlardan biri Rebeka Vinsentdir. Və yenidən məğlubiyyət: Azərbaycan vətəndaş cəmiyyəti institutları səfərbər olub bu Koalisiyanın fəaliyyətini də uğursuzluğa düçar etdilər. İndi Rebeka özünə yeni platforma seçmək məcburiyyətində qalıb: Platform London. Təcrübə imkan verir deyək ki, Rebeka və himayədarlarının bu aksiyası da iflasa uğrayacaq və özünüifşadan başqa bir nəticə verməyəcək. Rebekanın antiAzərbaycan ovqatda köklənməsi, onu antiAzərbaycan güclərlə bağlayan səbəblər barədə isə növbəti yazıda məlumat verəcəyik.
APA Analitik Mərkəzi




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info