“Arzum odur ki,hər bir həkim qarşısında əyləşən insanın dərdinə şərik ola bilsin”
Tarix: 17.06.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Fariz Babayev: “Azərbaycan səhiyyəsi bu gün qabaqcıl dövlətlərin standartlarına uyğun səviyyədə qurulur”
Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1980-cı ildə orta məktəbi “Qızıl medalla”, 1986-cı ildə Azərbaycan Tibb İnstitutunu “Fərqlənmə diplomu” ilə bitirib. 1989-1991-ci illərdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və Operativ nefrologiya kafedrasının ordinaturasını bitirib. 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün elmi işini uğurla müdafiə edərək, Ali Attestasiya Komissiyası tərəfindən bu ada layiq görülüb. 1994-cü ildən Ə. Əliyev adına AzDHTİ-nin hemodializ laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb. Hal-hazırda Akademik M. C. Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiridir. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli həkim, Avropa Nefroloqlar Cəmiyyətinin və Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. Dünya və Avropa Nefroloqlarının ABŞ, İspaniya, İtaliya, Şotlandiya, Çexiya, Fransa, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya, Qazaxıstan,Hollandiya, Türkiyədə keçirilən konfransların iştirakçısıdır. 2009-cu ildə Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyə Cümhuriyyətində ixtisasartırma kursu keçib. 2 monoqrafiyanın, 4 elmi-metodiki vəsaitin, 1 səmərələşdirici təklifin, 30-dan artıq elmi və 23 elmi-publisistik məqalənin müəllifidir. Ulu öndər Heydər Əliyev, ölkə Prezidenti İlham Əliyev və akademik Zərifə xanım Əliyeva haqqında elmi-kütləvi informasiya vasitələrində bir çox məqalənin müəllifidir. Azərbaycan İnkişaf Mərkəzinin “Peşəkar Həkim” diplomuna layiq görülüb.

Müsahibimiz M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri, tibb elmləri namizədi, ali dərəcəli həkim Fariz Babayevdir:

- Fariz müəllim, respublika üzrə xəstəxanalarda şəraitin vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Son illərdə bütün sahələrdə olduğu kimi səhiyyədə də böyük inkişaf gedir. Nə zamansa bizə xülya kimi görünən səhiyyə ocaqları bu gün artıq reallıqdır. Ən müsbət cəhət ondan ibarətdir ki, dövlət başçısının sərəncamı və Səhiyyə Nazirliyinin rəhbərliyl ilə nəinki Bakıda, həmçinin regionlarda müasir tibb ocaqları yaradılır. Məqsəd də ondan ibarətdir ki, regionlarda yaşayan hər kəs şəhərə axın etmədən öz yerlərində, öz yurdunda müayinə və müalicə ala bilsinlər. Son 10 ildə Azərbaycan səhiyyəsində sıçrayış baş verib.
İllərlə hansısa tomaqrafiya aparatının alınması, hansısa yeni bir cihazın gətirilməsi böyük problem idisə, elmi texnologiyanın ən son nailiyyətləri Azərbaycanda bu gün var. Bu aparatlar nəinki Bakıda ixtisaslaşmış klinikalarda, həmçinin təqdirəlayiq haldır ki, regionlarda və ucqar rayonlarda da var. Bu o deməkdir ki, xalqımız əziyyət çəkmədən hər bir səhiyyə ocağında lazım olan müalicəni ala bilir. Bu cəhətdən səhiyyədə olan inkişafı qeyd eləməmək mümkün deyil.
Səhiyyənin inkişafında başqa məqam o oldu ki, son 10 ildə Nazirlər Kabineti tərəfindən səhiyyə üzrə 11 dövlət proqramı qəbul olunub. Dövlət proqramları səhiyyənin müxtəlif istiqamətlərini özündə cəmləyib. Məsələn, böyük maliyyə vəsaiti tələb edən diabet xəstəliyi, onkoloji xəstəliklərin, böyrək çatışmazlığı olan xəstələrin, qan xəstəliklərinin, uşaq xəstəliklərinin tam maliyyələşməsi üçün Dövlət proqramları qəbul edilib. Bu o deməkdir ki, ayrılan maliyyə vəsaiti imkan yaratdı ki, dövlət səviyyə sektorunda adını sadaladığım xəstəliklər bir istiqamət kimi müəyyən edildi və artıq bu sahələrdə olan problemlərin həlli də asanlaşdı.
Qeyd edim ki, 2006-cı ildə çalışdığım sahədə Nazirlər Kabineti tərəfindən xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı qəbul olundu. Bu proqramın qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, xroniki böyrək çatışmazlığı olan xəstələr həmin xəstələrdir ki, onlarda böyrəklərin fəaliyyətində müəyyən problemlər yaranıb və bu problemlərin həlli hər hansı qısamüddətli müalicə kursu ilə mümkün deyildir. Bu xəstələr ömürlərinin axırına kimi müalicə almalı olurlar. Daha doğrusu, böyrək çatışmazlığı olan xəstələr daim hemodializ müalicəsi qəbul edirlər. Hemodializ müalicəsi dünyanın hər bir yerində çox bahalı proseduradır. Hər xəstəyə il ərzində 140-150 seans aparılır. Hər seans dövlətə 80-100 AZN civarında başa gəlir. Bu müalicəni xəstə ömrünün sonuna kimi qəbul edir. Təsəvvür edin, bir insan 20 il hemodializ müalicəsi qəbul edirsə, hər il də 150 seans qəbul edirsə, hər seans da dövlətə 80-100 AZN başa gəlirsə... Bu gün Azərbaycanda artıq 2800-ə yaxın belə xəstə var. Bir neçə il bundan qabaq xəstələr aylarla dializ növbəsi gözləyirdilərsə, bu gün artıq bu problem tam həll olunub. Tez-tez keçmiş MDB ölkələrinin nefroloqları ilə birgə konqreslərimiz olur. Konqres zamanı Azərbaycanda bu sahədə görülən işləri çıxışımızda təqdim edirik. Mən deyərdim ki, Rusiya kimi böyük dövlət Azərbaycandakı xroniki böyrək çatışmazlığı üzrə aparılan dövlət proqramının nəticələrini çox böyük təəccüblə və çox böyük maraqla dinləyirlər. Çünki bu, onlarda böyük problem olaraq davam edir. Mən qısaca olaraq, öz çalışdığım sahədən sitat gətirdim. Ümumiyyətlə, bu bütün sahələrə aiddir.
-Hemodializ üzrə mütəxəssislərin və nefroloqların bugünkü hazırlığı barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, kadr hazırlığı səhiyyənin ən priopitet məsələlərindən biridir.15-20 il bundan əvvəl Azərbaycanda Həkimləri Təkmilləşdirmə İnstitutundan başqa, heç bir tibb müəssisəsi yox idi ki, nefroloq-həkim hazırlaya bilsin. Yalnız bu institutda terapeft, yaxud reanimatoloq olan həkimlər ixtisaslaşma yolu ilə nefroloqlar kimi hazırlanırdı. Amma son illərdə Azərbaycan Dövlət Tibb Universitetində rezidentura və magistratura mərhələlərində nefroloq ixtisası müəyyənləşdirilib. Biz də belə kadrların hazırlanmasında çox maraqlıyıq. Çünki 2003-cü ildə ölkə ərazisində 3 hemodializ şöbəsi var idisə, bu gün Azərbaycanda 35 hemodializ mərkəzi fəaliyyət göstərir. Bu o deməkdir ki, əgər yeni hemodializ mərkəzləri yaradılıbsa, tibbi cihazlarla təmin olunubsa, aydın məsələdir ki, orada çalışan kadrlar da olmalıdır. Bu proses 6-7 il ərzində çox sürətlə aparılır. Hər il regionlarda 4-5 hemodializ mərkəzləri açılır. Bu da müəyyən normativlərə uyğun olaraq, həkim, həm də tibb bacısı kadrları olması zərurəti yaradır. Bu istiqamətdə də işlər aparılır. Bu gün Azərbaycanda fəaliyyət göstərən hemodializ mərkəzlərində 170-dən artıq həkim, 380-ə yaxın tibb bacısı çalışır.
- Gənc səhiyyə işçilərinin təhsili və tədrisi haqqında nə deyə bilərsiniz?
- Bu gün bizim yaşadığımız dövr informasiya dövrüdür. Əgər 20 il bundan əvvəl dünyanın hər hansı bir məşhur klinikasının işləri haqqında məlumat almağımız və tanış olmağımız müşkül məsələ idisə, bu gün artıq internet vasitəsilə həkimlərimiz qısa müddət ərzində dünyanın aparıcı klinikalarında aparılan ən son elmi yeniliklərlə tanış ola bilirlər. Bu çox böyük maariflənmədir. Bu cür əlaqələrin artması yeniyetmə həkimlərimiz və gənclərimiz üçün yeni imkanlar açır. Bilirsiniz ki, Səhiyyə Nazirliyi tərəfindən həkimlərimiz üçün yüksək səviyyədə beynəlxalq əlaqələr yaradılıb. Artıq bizim həkimlərimiz Almaniyanın, Türkiyənin və diğər inkişaf etmiş ölkələrin ən aparıcı klinikalarına dövlət tərəfindən təcrübə qazanmaq üşün göndərilir. Həmin klinikalarda həkimlərimiz ixtisaslaşma kursu keçirlər. Artıq həkimlərimiz vətənimizə dünya standartlarına uyğun çalışa bilən mütəxəssislər kimi qayıdırlar. Bunların hamısı təqdirəlayiq haldır. Tibb Universitetində rezidentura, magistratura pillələri həkimlərimizin yüksək səviyyədə yetişməsinə şərait yaradır. Lakin bütün bu müasir inteqrasiya ilə yanaşı, çox istərdik ki, gənc həkimlərimiz yalnız internet vasitəsilə savadlanma və yaxud hər hansı bir ölkələrdə ixtisaslaşma kursu ilə kifayətlənməsinlər. Bizim uzun müddət Azərbaycanda çalışan təcrübəli həkimlərimizdən daha çox bəhrələnsinlər. Ümumiyyətlə, tibb sahəsi təkcə müasir, modern inkişafla bağlı deyil. Çünki, ilk növbədə həkim xəstəyə bir insan olaraq, həkimin qəbuluna ümid və sağalma arzusu ilə gələn bir kəs kimi yanaşmağı bacarmalıdır. Daha sonra xəstəyə diaqnoz qoymaq və məntiqi analiz etmək bacarığı olmalıdır. Ən əsası da hər bir xəstəyə fərdi yanaşma bacarığı olan bir mütəxəssis olmalıdır. Düşünürəm ki, bu gün cavanlarımız müasir metodlara yiyələnsələr də, çox istərdim ki, təcrübəli həkimlərimizin analitik qabiliyyətindən də bəhrələnsinlər. Bu çox vacib məsələdir.
Bir nüansı da qeyd etmək istəyirəm ki, dünyada hər bir ölkənin səhiyyə sistemi və inkişaf yolu vardır. Azərbaycanlı həkim olaraq düşünürəm ki, Azərbaycanda həkim adı hər şeydən qiymətli olmalıdır. Çünki elmi dərəcəsindən asılı olmayaraq həkim həmişə həkimdir. O, professor da olsa, sıravi bir sahə həkimi də olsa, ən əsası həkim sözünü doğruldubsa, o, yenə də həkimdir. Nəyinsə hesabına, nəyinsə bahasına elmlər doktoru olmaqdansa, hansısa bir ucqar rayonda sahə həkimi işləmək, 100-lərlə insanın “sağ ol”unu qazanmaq daha qiymətlidir. Ona görə də düşünürəm ri, əsl həkim həkimliyi ilə fəxr etməyi bacarmalıdır. Bu gün səhiyyəmizin inkişafında qardaş Türkiyə dövlətinin rolu çox böyükdür. Bizim səhiyyə nazirliyimizlə Türkiyə səhiyyə nazirliyi arasında çox böyük əlaqələr var. Həkimlərimiz Türkiyədə tez-tez ixtisaslaşma kurslarında olurlar. Bizim həkimlərimizlə türkiyəli həkimlər elm və praktik tibb sahəsində təcrübə mübadiləsi aparırlar. Bu işimizdə heç bir sərhəd yoxdur. Ancaq Türkiyə səhiyyəsində bir ixtisas səviyyəsi var - uzmanlıq dərəcəsi. Mən düşünürəm ki, Azərbaycanda bu adı bəzən hörmətsiz edirlər. Çox zaman bu ad savad və bacarıq səviyyəsindən daha çox, bir təkəbbürlük statusuna çevrilir. Türkiyədə iki aylıq kurs keçmiş həkimlərimiz, artıq vətənə döndükdə vizit kartlarına uzman sözü əlavə edirlər. Elə düşünürəm ki, bu söz bizə yaddır. Biz elə çalışaq ki, əsl həkim olaq. "Həkim" kəlməsi "uzman" sözündən daha doğma və mehriban səslənir. Qoy bizim həkimlərə uzman yox, əsl həkim deyə müraciət etsinlər.
-Həkimlik həyatınızda arzu etdikləriniz və görmək istədikləriniz...
- Mən həkim olmaq istədiyim gündən və ali məktəbə qəbul olduğum vaxtdan arzum o olub ki, qarşımda oturub mənə müraciət edən insana yaxın adam kimi və onun dərdinə şərik olan bir insan kimi yanaşım. Əlbəttə ki, buna nail olmağa çalışmışam. Heç kəs xoş günündən həkimə getmir. Həkimə gələn insan demək nəyəsə möhtacdır. Ya qayğıya, ya müalicəyə və yaxud bir xoş sözə ehtiyac duyur. Mən də istəyirəm ki, həkimlərimiz xəstələrə həkimlikləri, savad və baçarıqları ilə yanaşı, öz ürək yanğılarını da hiss etdirə bilsinlər. Çünki qarşımızda oturan insandır.
Başqa bir məqamı da qeyd etmək istəyirəm. Tövsiyə edirəm ki, əhalimiz bir az həkimlərimizə hörmətlə yanaşsınlar. Düzdür, elə bir zəmanədə yaşayırıq ki, sosial-ictimai-məişət problemləri artıb, bu gün insanlar aqressivləşib, həyat gərginləşib.Lakin heç kəsin böyük dərdi belə ixtiyar vermir ki, həkim təhqir olunsun, ya da həkim təcavüzə uğrasın. Çox təəssüf ki, belə hallar da baş verir. Həkimin cəmiyyətdə statusu qorunmalıdır.
Arzu edirəm ki, Səhiyyə Nazirliyinin əhaliyə yüksək xidmət üçün yaradılan qaynar xətti yalnız qərəzli və əsassız şikayətlərlə deyil, hər gün yüzlərlə insana həyat bəxş edən həkimlərimizə minnətdarlıqlarla bol olsun .
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info