“Bakı-2015” dövlətimizin və xalqımızın uğurudur”
Tarix: 17.06.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


İradə Əliyeva: “İstər ölkə daxilində, istərsə də xaricdə hər kəs idmançıların uğurlarını sevinclə izləyir”

Azərbaycanda vətəndaş cəmiyyəti həmrəyliyi “Bakı-2015”-lə də bağlı özünü göstərdi. Oyunlardan əvvəl və hazırda ölkəmizdəki QHT-lərin apardıqları təbliğat işləri bunu aydın sübut edir. Bu, eyni zamanda III sektor arasında əməkdaşlığın inkişafı deməkdir. Elə Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin sədri İradə Əliyeva ilə də müsahibəmizin mövzusu ilk Avropa Oyunları və bu Oyunların təbliğində QHT-lərin roludur.
-Öncə İlk Avropa Oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik.
-Azərbaycan siyasət, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə dünyanın döyünən ürəyinə çevrilib. İdman sahəsi də buraya əlavə olunmaqdadır. Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafı ilə bağlı irəli sürdüyü fikirləri deməyə zəmin yaradır ki, artıq ölkəmizin mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl və əsaslı təcrübəsi vardır. İlk Avropa Oyunlarının Bakıda reallaşması ölkəmizin əldə etdiyi tərəqqi və inkişaf faktorunun bariz göstəricisidir. Belə ki, buna qədər Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməklə mütərəqqi yol keçib. Həmin yolun davamı ilk Avropa Oyunları məşəlinin Azərbaycanımızdan bütün Avropa qitəsinə şölə saçması ilə nəticəsini tapıb. Daha dəqiq desək, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə verilən qərar ölkəmizin dünya arenasındakı nüfuzunun növbəti göstəricisidir. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparması Azərbaycanımızın tanınması, nüfuzu və hörməti demək deyilmi? Bu həm də, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, turizm potensialının nümayiş olunması, artan sosial-iqtisadi-siyasi inkişafının tanıdılması, milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi özünəməxsus ali keyfiyyətlərimizin və s.) Avropa cəmiyyətinə təqdim olunması, multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın təbliği, Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan respublikamızın obyektiv şəkildə qiymətləndirilməsi üçün şərait yaratmaq demək deyilmi? Beləliklə, reallaşan çoxşaxəli fəaliyyətin əsas məqsədi Oyunların maksimum şəkildə planlı, məntiqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də sosial-iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir.
Belə ki, bir-birindən gözəl və müasir standartların ən yüksək tələblərinə cavab verən idman qurğularının göz oxşaması, Oyunlarda iştirak edəcək xarici ölkə idmançıları üçün yaradılmış şərait, jurnalistlər üçün qurulmuş Media kəndi və s. kimi infrastrukturlar ölkəmizin yaxın illərdə dünya Olimpiya Oyunlarına da layiq olan məmləkət olduğunu təsdiq edir.
-“Bakı-2015”-in açılış mərasimi sizdə hansı təəssüratlar yaradıb?
-Həqiqətən də açılış mərasimi mənim üçün sürpriz dolu gecə oldu. Gözləmədiyimiz səhnələrlə qarşılaşdıq. Çox gözəl səhnə ustalığı göstərildi. Həmin anlarda ürəklər riqqətə gəlməyə bilmirdi. Xüsusən idmançılarımız səhnəyə çıxanda hər kəsin alqışlarla “Azərbaycan” deyərək ayağa qalxması qürurverici anlar idi. Milli adət-ənənələrimizin də gecədə nümayiş olunması insana fəxarət hissi yaşadı. Burada həmçinin Avropa və ümumiyyətlə, dünyəvi simvollar da nümayiş olundu. Bu o deməkdir ki, Azərbaycan bütün dünya dəyərlərinə qiymət verir. Beynəlxalq aləmə bir daha sülhsevər, tolerant ölkə olduğumuzu göstərdik. Açılış mərasimində ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın öz çıxışında “...Avropa Oyunlarının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz, Azərbaycan xalqı yazır” fikrini işlətməsi, “Bakı-2015”in dövlətimzin və xalqımızın uğuru olması deməkdir.
Oyunlardan əvvəl Azərbaycana qarşı edilən beynəlxalq təhdidlərin iflasa uğradığının bir daha şahidi olduq. “Bakı-2015”-ə start verməklə Azərbaycan düşmənlərinə bir daha öz gücünü göstərdi. Onlara siyasi kimliyini sübut etdi. Artıq iyunun 12-dən bütün dünyanın diqqəti Azərbaycandadır. Dünya mediası hələ də “Bakı-2015”in açılış mərasimindən yazır. Oyunların gedişi yüzlərlə əcnəbi jurnalistlər tərəfindən də işıqlandırılır. İstər ölkə daxilində, istərsə də xaricdə hər kəs idmançıların uğurlarını sevinclə izləyir. Yeri gəlmişkən, idmançılarımızın bu Oyunlarda davamlı uğurlar qazanması Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirir. Bu idmançılarla hər birimiz fəxr edirik.
-QHT-lərimizin İlk Avropa Oyunlarının təbliği ilə bağlı gördüyü işi necə qiymətləndirirsiz?
- QHT-lərimiz İlk Avropa Oyunlarının təbliği ilə bağlı səmərəli fəaliyyət göstərib, dəyərli töhfələr veriblər. Bildiyimiz kimi ölkənin aparıcı QHT-ləri və media orqanları Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşiblər. Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyi də bu Koalisiyanın üzvüdür. Koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin etməkdir. Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işləri aparılıb. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görüb. Həmçinin Koalisiya Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın milli problemləri, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də addımlar atıb.
Bununla yanaşı Azərbaycanı istəməyən, ölkəmizin inkişaf və tərəqqisindən qıcıqlanan qüvvələrə qarşı cavab verilib. Oyunlarla bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlar ölkəmizə qarşı həmişə ikili standart mövqe sərgiləyiblər. Koalisiya üzvləri müxtəlif təşkilat və qurumlar vasitəsilə qarayaxma kampaniyaları aparan bu qüvvələrin qərəzli olduğunu bəyan ediblər.
-Siz ZAUM-a olaraq “Bakı-2015”-in təbliğatını necə aparırsız?
-Mən özüm həm də müəlliməm. İki ildən atıqdır ki, öz tələbələrimə yeri gələndə ilk Avropa Oyunları haqqında məlumatlar verir, bu Oyunların ölkəmiz üçün əhəmiyyətindən danışırdım. Eyni zamanda keçirdiyimiz layihələrdə, görüşlərdə “Bakı-2015” haqqında maarifləndirci söhbətlər edirdik. Bir müddət öncə Gürcüstanda TRACEKA layihəsi çərçivəsində üç Qafqaz ölkə nümayəndələrinin görüşü oldu. Mən o görüşdə İlk Avropa Oyunları ilə də bağlı çıxış etdim. Erməniləri və gürcüləri “Bakı-2015”-ə dəvət etdim ki, gəlib öz gözləri ilə burdakı vəziyyəti görsünlər və Azərbaycan qarşı aparılan kampaniyanın qərəzli olduğunu bilsinlər. Qeyd edim ki, həmin görüşlərdə ermənilərin bizə münasibətdə yaxınlıq etmək istədikləri də müşahidə olunurdu.
Bu günlərdə Qubada keçirdiyimiz layihədə də region əhalisinə bu Oyunlar haqqında məlumatlar verirdik. Onu da deyim ki, ilk Avropa Oyunları əhalidə böyük sevinc və coşqu yaradıb. İnsanlar bayram əhvali-ruhiyyəsi ilə bu Oyunları qarşılayır.
Hazırda “Bakı-2015” günləridir. Biz bu kimi işlərimizi hazırda da davam etdiririk. Ümumiyyətlə, bu işdə hər kəs öz vətəndaş mövqeyini ortaya qoymalıdır. Ümumxalq işi bilərək kimliyindən asılı olmayaraq bu Oyunların təbliği ilə bağlı öz töhfəsini verməyə çalışmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info