Müxalifətin namizəd siyahısı uzanır
Tarix: 29.01.2013 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


KXCP öz namizədini irəli sürdü, Azadlıq
Partiyasının da bu addımı atacağı istisna edilmir


Müxalifət düşərgəsində bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən partiyaların sayı artmaqdadır. Belə ki, “vahid namizəd” məsələsinin arxivə göndərilməsindən sonra partiyalar bir-bir öz namizədlərini ictimaiyyətə təqdim edirlər. Prosesə əvvəldən nəzərə saldıqda fərqli gedişlərin olacağını demək çətin idi. Bu baxımdan, “vahid namizəd”in müəyyələşdiriləcəyi ilə bağlı uzun müzakirələr, ictimaiyyətə verilən pafoslu mesajların arxasından, müxalifətin ortaq mövqedən deyil, fərqli, müxtəlif və daha çox pərakəndə formada seçkilərə getməsi heç də təəccüblə qarşılanmadı.

Çünki düşərgədəki qarşıdurmalar, partiyalararası ziddiyyətlər məlum idi və seçkilərin vaxtı yaxınlaşdıqca bu qarşıdurmalar daha da sürətləndi. Buna səbəbsə müxalifət düşərgəsindəki hər bir partiyanın özünü daha güclü görməsi və ya belə təqdim etməsi, həmçinin, güzəşt mühitinin olmamasıdır. Bu ilk növbədə “ictimai palata” adlanan qurumdakı AXCP və Müsavat partiyaları arasında özünü göstərdi. Bu partiyaların müstəqillik tarixinin ilk illərindən “qanlı-bıçaq” olması məlum idi. Lakin, müxtəlif dönəmlərdə bir araya gələrək, birlik görüntüsü yaradan partiyalar həmişə son mərhələdə yollarını ayırmışdı. Bu dəfə də proqnozlar özünü doğrultdu. Belə ki, “ictimai palata”nın məhz AXCP və Müsavatın “birlik layihəsi”nə uyğun yaradıldığı və hər iki partiya rəhbərlərinin siyasi ambisiyalarına hesablandığı ilə bağlı müxtəlif fikirlər var idi. Bu fikirlər arasında “birliyin” tezliklə dağılacağı ehtimalı da yer alırdı. Hazırda “birlik” görüntüsü mövcud olsa da qurumdakı partiyaların “ayrı hava çaldığı” da aydın görünür. Təsadüfi deyil ki, Müsavat Partiyası AXCP-dən qabağa düşmək və əlavə xal qazanmaq məqsədilə tələsik İsa Qəmbərin namizədliyini irəli sürdü. AXCP düşərgəsində bunun nə qədər tənqid etsələr də onların da tezliklə öz namizədi ilə çıxış edəcəyi gözlənilir. Əslində seçkilərdə iştirak məsələsi burada ikinci plandadır. Birinci planda yer alan məsələ isə bu partiyaların yarışmasında kimin önə çıxmasıdır. Bununsa həm xarici maliyyə, həm seçkilərdən sonra siyasi müstəvidə varlığın qorunması və digər səbəbləri var. Bütün siyasi oyunlara rəğmən bu gün İ.Qəmbərin seçkilərdə namizəd olaraq iştirakı yəqinləşib ki, Müsavatın bu addımının tezliklə AXCP-yə də sirayət edəcəyi və bu partiyanın da öz namizədi ilə çıxış edəcəyi aydın görünür. Namizədlərini irəli sürmüş digər partiyalar sırasına Müasir Müsavat Partiyası və Azrbaycan Sosial-Demokrat Partiyası da daxildir. Bununla yanaşı, Ziyalılar Forumundan Eldar Namazov öz namizədliyini verib. Lakin onun forumun yeganə namizədi olmayacağı ehtimalı da var. Çünki forum E.Namazovun namizədliyini dəstəkləmir. Bu isə digər üzvlərin də namizəd ola biləcəyi ehtimalını gücləndirir.
Müxalifətin növbəti namizədi isə Klassik Xalq Cəbhəsi Partiyasından irəli sürüldü. Belə ki, partiyanın Ali Məclisinin sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi təsdiqlənib. KXCP Ali Məclisinin sədri Bəybala Əbil bildirib ki, M.Mirəlioğlunun hələ ötən ildən seçkilərdə iştirak edəcəyi ilə bağlı niyyəti var idi: “Lakin partiyanın bununla bağlı qərarı yox idi ki, bu qərar da verildi”.
KXCP funksioneri müxalifətin “vahid namizədi”nin olacağına ümid etdiklərini desə də, onun açıqladığı bir fikir bu sözlərin əslində siyasi gediş olduğunu deməyə əsas verir. B.Əbil M.Mirəlioğlunun İ.Qəmbərdən öncə namizədliyi ilə bağlı cəmiyyətə mesaj verdiyini deməklə Müsavata da mesaj göndərmiş oldu. Yəni bununla KXCP “İsa Qəmbər cəmiyyəti ilk namizəd olduğunla bağlı aldatma, səndən öncə biz vardıq” demək istəyir. Eyni zamanda, KXCP “vahid namizəd”ə ümidlərinin hələ ölmədiyini deməklə, perspektivdə dəyişə biləcək vəziyyətdən özlərini sığortalamış olur. Lakin KXCP funksionerinin Müsavat mesajı və digər proseslər “vahid namizəd”in həqiqətən də “öldüyünü” göstərir və qarşıdakı qısa müddətdə onu diriltmək ehtimalı ümumiyyətlə görünmür.
Buna səbəb olacaq amillərdən biri də düşərgədə “ictimai palata” ilə yanaşı, AXCP və Müsavata müxalif olan digər partiyaların Məşvərət Məclisi adı altında birləşməsidir. Bu qurumun öz namizədi olacağı dəqiqdir. Amma KXCP-nin namizədini irəli sürməsi həm də onu deməyə əsas verir ki, Məşvərət Məclisindəki partiyaların ayrılıqda namizədləri ola bilər. Çünki KXCP “ictimai palata” ilə əməkdaşlıq etməklə yanaşı, bu qurumda da təmsil olunurdu. Onun namizədini irəli sürməsi isə qurumdakı digər partiyaları da bu addımı atmağa sövq edəcək ki, bu da müxalifətin namizədlərinin daha da artacağını göstərir.
Çoxsaylı namizədlə seçkilərə getmək isə qüvvələrin və səslərin bölünməsi deməkdir və bu, onsuz da zəif durumda olan müxalifətin daha da zəifləyəcəyini göstərir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə “Palitra”ya açıqlamasında müxalifət üçün ən yaxşı variantın seçkilərə koordinasiya olunmuş şəkildə tək namizədlə getmək olduğunu deyib. Lakin, o, hazırda bunun mümkünsüzlüyünü də diqqətə çatdırıb. Onun sözlərinə görə, partiyalar bir-birinə etimad etmir və hər biri özünü təbliğ etməklə məşğuldur: “Yəni ortada etimad mühiti yoxdursa, hansısa partiyalar özlərini daha imtiyazlı hesab edərək digər partiyalarla bir araya gəlmirsə nə üçün başqa partiyalar gözləmə mövqeyində durmalıdır? Bu mənada digər partiyaların namizəd irəli sürməsi gözlənilən idi. Lakin, hələ də müxalifətin bir araya gələcəyi ilə bağlı ümidlər var. Seçkilərə isə az vaxt qalıb və bu vaxt müxalifətin fəaliyyətinə yenidən baxması, yaxud dəyişiklik edə biləcək addımlar atması üçün olduqca qısadır. Bunu əvvəldən, qarşıdurmalara gedəndə düşünmək lazım idi. Əgər yaxın günlərdə “vahid namizəd” ümidləri reallaşmasa, bu məsələdən ümumiyyətlə danışmaq yersiz olacaq”.
Partiya sədri bildirib ki, daxildəki ziddiyyətlər, uzun müddətdir davam edən qarşıdurmalar müxalifətin hazırkı vəziyyətə düşməsinə səbəb olan amildir.
Azadlıq Partiyasının seçkilərə necə qatılacağına gəlincə, Ə.Oruc partiyasının öz namizədinin olacağını istisna etməyib. Onun sözlərinə görə, partiya hələlik Məşvərət Məclisində fəaliyyət göstərir ki, qurumda seçkiyəqədərki müddət ərzində vahid komanda şəklində işləmək üçün razılaşma var: “Əgər bu alınarsa həmin komandanın öz namizədinin olacağı söhbəti var. Yəni biz liderin komandası yox, komandanın namizədi modelinə üstünlük veririk. Seçkilərə qədər yəqin ki hər şey aydın olacaq. Amma vəziyyət hazırkı pərakəndə formada olacaqsa yəqin ki Azadlıq Partiyası seçkilərə öz namizədi ilə qatılacaq”.
Qeyd edək ki, ortada daha bir fərqli məqam da var. Belə ki, AMİP və Açıq Cəmiyyət Partiyası da Məşvərət Məclisində təmsil olunur ki, bu partiyaların AXCP və Müsavatla gərgin münasibətlərinin olması onların da öz namizədinin olacağı ehtimalını yaradır. Digər tərəfdən nəzərə alınmalıdır ki, ACP hazırda xaricdə olan Rəsul Quliyevdən göstərişlər alaraq fəaliyyət göstərir. R.Quliyev isə Məşvərət Məclisinin namizədinin özünün olmasını istəyəcək ki, bu da digər partiyalara sərf edən namizəd deyil. Bu baxımdan, qurumun parçalanacağı və orda təmsil olunan partiyaların seçkilərə ayrılıqda gedəcəyi ehtimalı güclüdür.
Ümumilikdə isə müxalifətin namizəd siyahısının hələ uzanacağı görünür.
Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info