“Millətin dünyada imza atdığı tarixi ilklər onun milli qürurudur”
Tarix: 18.06.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Yəhya Babanlı: “Bu gün Azərbaycan dünyaya Şərq klassikliyi ilə Qərb müasirliyinin vəhdətini nümayiş etdirir”

Bu gün Azərbaycanın “Bakı-2015” ilk Avropa Oyunlarına çox möhtəşəm bir şəkildə ev sahibliyi etməsi və həmçinin, idmançılarımızın çox böyük uğurla Oyunlarda çıxış etməsi, bir-birilərinin ardınca qızıl, eləcədə gümüş və bürünc medallar qazanmaları əsas müzakirə mövzularındandır. Bu uğurlarımız beynəlxalq media qurumları tərəfindən də işıqlandırılır. Eləcə də bəzi xarici media qurumları bu Oyunların Azərbaycanda belə uğurla keçirilməsinə qısqanclıqlarını da sərgiləməyə bilmirlər. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir və ölkəmizdə keçirilən Oyunlar cəlbediciliyi ilə dünyanı özünə valeh edib.
Bu barədə müsahibimiz “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri, Odlar Yurdu Universitetinin müəllimi Yəhya Babanlıdır.
- Azərbaycan ilk Avropa Oyunlarının keçirməklə daha bir ilkə imza atdı. Bununla bağlı nə düşünürsünüz? Ölkəmizin tarixən bir çox sahələrdə bir ilk olduğunu necə izah edərdiniz?
- Azərbaycan dünyada ilk insan məskənlərindən biri kimi tarixə düşüb. Xalqmız bu qəbildən olan yeniliklərə tarixin bütün dönəmlərində öz möhürünü vurub. Qürurverici məqam isə bütün bunların bir deyil, bir neçə sahədə, müxtəlif istiqamətlərdə olmasıdır. Bir sözlə, millətin və ya xalqın dünya miqyasında imza atdığı tarixi ilklər onun milli sərvəti və milli qürurudur. Gəlin birgə ölkəmizin müəllifi olduğu ilklərə nəzər salaq. Dünya ədəbiyyatında ilk “Xəmsə” şəkilli bədii yaradıcılıq nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. "Xəmsə" beşlik deməkdir. “Xəmsə”yə daxil olan əsərlər beş böyük poema şəklində olur. Nizamidən sonra hind şairi Ə.X. Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqaları bunun bənzərini yaradıb. Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası Güney Azərbaycanın Marağa şəhərində yerləşir. Bu rəsədxananın banisi böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusidir. Türk elminin bu şah əsəri 1259–cu ildə yaradılıb. Şərqdə ilk diplomat qadın – Ağqoyunlular dövlətinin banisi Uzun Həsənin anası Sara xatundur. O, Osmanlı sultanı və Qərb diplomatları ilə çoxlu sayda görüşlər keçirərək ölkəsinin maraqlarını müdafiə edib. Dünya tarixində ilk dərin neft quyusu. 1844-cü ildə F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub. Dünya neft tarixində ilk dəfə vurma üsulu. 1884-cü ildə ilk dəfə bu vurma üsulu ilə qazmadan istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində “Bakı üsulu” adı ilə məşhurlaşıb. Dünya neft tarixində ilk kompressor üsulu.1905-ci ildə dünya neft qazmaları tarixində ilk dəfə Balaxanıda olaraq kompressor istismarı tətbiq edilib. Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Müsəlman Şərqində ilk demokratik cümhuriyyət – Azərbaycan Xalq Cümhuriyyətidir. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-20-ci illərdə mövcud olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində də bir sıra dünya miqyaslı ilklərə imza atıb. Demokratik quruluşlu dövlətlərin dünya bayraqlarının tarixində ilk dəfə səkkizguşəli ulduz simvolundan Azərbaycan Xalq Cümhiriyyətinin dövlət bayrağında istifadə edilib. Bu bayraq əvvəlcə qırmızı, sonra isə göy, qızmızı, yaşıl zolaqlı rənglərin əhatəsində ayparanın ağuşunda təsvir edilib. Müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ da 1918-ci ildə Xalq Cümhuriyyətimizin fəaliyyət göstərdiyi zaman verilib. Xatırladaq ki, ABŞ senatının qadınlara səsvermə hüququ haqqında qərarı AXC-dən bir neçə il sonra təsdiq edilib. Müsəlman Şərqində ilk opera yazan kişi bəstəkar – da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə, həm də bu uğuruna imza atıb. Dünyada ilk dəfə anelgeziyanı kəşf edən alim – Mustafa Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi. Dünyada ilk dəfə olaraq -1941-ci ildə Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili quyu qazılıb istifadəyə verilib. Şərqdə ilk opera yazan qadın bəstəkar mərhum Xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində bu uğura imza atıb. Dünyanın ən hündür bayraq dirəyi - 2010-cu ilin sentyabrın 1-də Azərbaycan paytaxtında istifadəyə verilib. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Nəhayət, tarixə ilk imzasını yazan I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir. Yeni dünya nizamında dövlətin uğuru onun inkişaf dinamikası, beynəlxalq nüfuzu ev sahibliyi etdiyi tədbirlərin sayı və sanbalı ilə ölçülür. Hazırda inkişaf etmiş dövlətlər özü üçün yeni brend yaradır və patentə sahib olmaq istəyir. Çünki dünyada rəqabət bu amillərin üzərində qurulubdur. Mübaliğəsiz deyə bilərik ki, son illər Azərbaycanda keçirilən tədbirlər dünyanın heç bir ölkəsində keçirilməyib. Bunun formulu, müstəqil dövlət, güclü iqtisadiyyat və beynəlxalq nüfuzun olmasıdır.
- Bu Oyunların Azərbaycanın təbliği, dünyada güclü mövqeyinin təsdiqi və eyni zamanda sosial-iqtisadi faydaları baxımından müxtəlif aspektlərdən fikirlər bildirilir. Siz buna daha hansı məqamlardan yanaşardınız?
- Bu tədbirlər eyni zamanda mötəbər beynəlxalq yarışlar təcrübəsinin qazanılması, milli kadrların formalaşdırılmasına bir töhfədir. Belə ki, gənclərin iştirakına nəzər salsaq, görərik ki, 12 min könüllü gənc artıq beynəlxalq praktikaya sahib olmaqla, gələcəkdə müxtəlif ölkələrdə keçirilən belə yarışlarda respublikamızı təmsil edəcək. Onlar bu yarışlar zamanı qazandığı dostlar vasitəsilə dünyaya çıxacaq ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdıracaq. Ümumilikdə təhlil edəndə aydın şəkildə görürük ki, bu, dövlətimiz üçün strateji əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı inkişaf konsepsiyası ölkəmizin yeni iqtisadi model yaratmasına gətirib çıxarıb.
- Azərbaycanın keçirdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərin önəmi barədə nələri bildirmək olar?
- Məlumdur ki, Azərbaycan dünya miqyasında bir nömrəli beynəlxalq forum olan Davos İqtisadi Forumunun fəal iştirakçısıdır. 2013-cü ildə ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilib. Yaxı haldır ki, nüfuzlu beynəlxalq qurumlar, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. O cümlədən,2011-ci ildən etibarən ölkəmizin Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etməsi də mühüm hadisə olmaqla regionda və dünyada Azərbaycanın aparıcı dövlət olmasını bir daha təsdiq edir. Qloballaşmanın geniş vüsət aldığı yeni dünya nizamında milli və bəşəri dəyərlərin qorunmasına xidməti özündə əks etdirir. Bu Forum beynəlxalq və humanitar əməkdaşlıq üçün yeni töhfə hesab edilə bilər. Qəbələ Beynəlxalq Musiqi və Şəki Beynəlxalq Teatr Festivallarının keçirilməsi və digər tədbirlər bütövlükdə respublikamızın beynəlxalq aləmdə çəkisinin artdığını göstərir. Təkcə 2014-cü ildə Bakı şəhəri 3 beynəlxalq tədbirə ev sahibliyi edib. Dünya Gənc Alimlərin Bakı Forumunun, Gənclər Siyasəti üzrə I Qlobal Forumun və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi Bakının diqqət mərkəzində dayandığını və dünyəvi mərkəzə çevirildiyinin göstəriciləridir. Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirib. Hazırda da bu istiqamətdə yürütdüyü nümunəvi siyasətini davam etdirir. Həmçinin, Azərbaycan Respublikasının ilk 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilməsi və 2014-cu ildə isə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrlik etməsi ölkəmiz üçün əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi təcrübənin, xüsusilə tolerantlıq ənənələrinin dünyaya çatdırılmasına səbəb olub.
- Son zamanlarda, digər beynəlxalq və mötəbər tədbirlərlə yanaşı, ölkəmizdə mötəbər idman tədbirlərinin ardıcıl keçirilməsinə başlanılıb. Bu, həm də Azərbaycanın bir idman ölkəsi kimi ən öncül infrastruktura və imkanlara malik olduğunu göstərir. Siz bu barədə nə düşünürsünüz?
- Bəli, bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının, 2017-ci ildə “IV İslam Həmrəyliyi Oyunları”nın və 2020-ci ildə “Futbol üzrə Avropa çempionatı”nın ölkəmizdə keçirilməsi mütərəqqi haldır. İstər iqtisadi-siyasi, istərsə də sosial-mədəni nöqteyi-nəzərdən olduqca böyük bir hadisədir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə özünə mühüm yer qazanması, demokratik inkişafın yeni modelini yaratması bütün dünya tərəfindən etiraf olunur. Əminik ki, bu çərçivədə ölkəmizə gələn turistlər də respublikamızın inkişafı ilə yaxından tanış olur, Azərbaycanın dünyaya bəxş etdiyi tolerantlıq modelini öyrənmək imkanı əldə edirlər. Azərbaycan dövləti hər zaman inkişafı hədəfləyən siyasi kurs yürüdür. Bu inkişaf isə istər dövlətimizin dünya dövlətləri arasında əhəmiyyətli yer tutmasında, istərsə də vətəndaşlarımızın sosial rifahının yüksəlməsində böyük rol oynayır. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
Onu da xüsusilə qeyd etməyə dəyər ki, bu tədbir zamanı Azərbaycan xalqının həmrəyliyi onun müdrikliyindən xəbər verir. Biz qonaq qəbul edəndə öz tarixi keçmişimizi, zəngin mədəniyyətimizi ortaya qoyuruq. Bir sözlə, bu gün Azərbaycan dünyaya Şərq klassikliyi ilə Qərb müasirliyinin vəhdətini nümayiş etdirir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info