Çadırların yolu kəsməsi sıxlığı daha da artırır
Tarix: 29.01.2013 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Paytaxtda tıxacların yaranmasının bir səbəbi də yollarda qurulan mərasim çadırlarıdır

Kənd yerlərindən fərqli olaraq paytaxtda yas mərasimini təşkil etmək daha çətin və problemlidir. Belə ki, mərasimi başa vurmaq üçün lazım olan hər şey kirayə götürülür. Kirayə edilən avadanlıqlar içərisində istifadə edilən məişət avadanlığından tutmuş çadırlara qədər var. Bütün xərcləri hesablayanda heç kimə ölmək məsləhət deyil.

Amma mövzumuz heç də ölmək deyil, ölümdən sonra təşkil edilən yas mərasimlərinin harda keçirilməsidir. Paytaxtda yas mərasimini keçirmək üçün kirayə edilən çadırlarsa adətən avtomobil yollarında qurulur. Bu da nəqliyyatın gediş-gəlişinə maneə yaradır. Ötən il çadırların yolu bağlamasının qarşısını almaq üçün aidiyyəti qanunlara müvafiq düzəlişlər qəbul edildi. Qanuna görə, yas mərasimi vermək üçün qurulan çadırlar avtomobil yollarını bağlayırsa, İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsinə əsasən, cərimə tətbiq edilir. Cərimələrsə müxtəlif məbləğlərdədir. Fiziki şəxslər buna görə 40-50, vəzifəli şəxslər 250-300, hüquqi şəxslər isə 500-600 manat ödəməlidir. Bununla yanaşı, “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsində göstərilib ki, yol yalnız xüsusi hallarda bağlana bilər, bu da səlahiyyətli şəxsin xüsusi əmri ilə. Məcəlləyə edilən dəyişikliyi həm nəqliyyatda problemlərin yaranması, həm də başqa bir qanunun pozulmasının qarşısının alınması baxımından doğru hesab etmək olar. Çünki hər keçən gün daha da çoxalan paytaxt avtomobillərinin yaratdığı sıxlıq onsuz da kifayət qədərdir. Bir tərəfdən də belə çadırların yolu kəsməsi bu sıxlığı daha da artırır. Elə paytaxtda tıxacların yaranmasının bir səbəbi də yollarda qurulan mərasim çadırlarıdır. Amma məsələnin başqa tərəfləri də var. Belə ki, yas mərasimlərinin keçirilməsi üçün istifadə edilən xüsusi tikililər (söhbətgahlar-”besedkalar”) sovet zamanında olsa da, sonradan demək olar ki, ləğv edilib. Bu tikililərin bir çoxu müasir formalı yaşayış binaları tikildikcə, şəhərin gözəlliyinə xələl gətirdiyinə görə sökülüb. Bir çoxu da özəlləşdirilib çayxana, restoran və s. obyekt kimi fəaliyyət göstərir. İndi belə tikililər olmadığı halda, küçədə çadır qurub yas mərasim keçirənləri də hardasa qınamaq olmur. Bəs yas mərasimləri harada keçirilməlidir?
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətindən məsələ ilə bağlı bildirdilər ki, Bakıda “Təzə Pir” və “Cümə” məscidlərində yas mərasimlərini keçirmək üçün şərait yaradılıb. Gələcəkdə isə başqa məscidlərdə də belə şəraitin yaradılması gözlənilir. Sirr deyil ki, “Təzə pir”in təklif etdiyi qiymətlər heç də sıravi müsəlmanların cibinə uyğun deyil. QMİ rəhbəri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə ötən ilin mayında məsələ ilə bağlı KİV-lərə açıqlama vermişdi. C.Paşazadə qeyd etmişdi ki, “Təzə pir”də bir dəfəyə üç min nəfərlik yemək hazırlamaq üçün mətbəx fəaliyyət göstərir: “Hər biri 300 nəfərlik olmaqla, 6 zal var. Bu zalların təmizliyi ən yüksək səviyyədə təmin olunub. Artıq insanların küçələrdə çadır qurub yas mərasimi keçirməsinə ehtiyac qalmayıb”. O deyib ki, qiymət sifarişdən asılıdır:” Adam var, ehsan çay süfrəsindən ibarət olur. Orta hesabla götürsək, yas mərasimində adamın biri üçün 10 manat tələb olunur”. Yas çadırlarının ləğvinə gəlincə isə qurum bu məsələ ilə onların maraqlanmadığını bildiridi. Hərçənd ki Çadırların ləğvindən ən çox uduşlu mövqeyi olan tərəfin xeyir-şər evlərinin olacağı şübhə doğurmur.
Əslində vəziyyətdən çıxış da var. Belə bir çıxışı Səbail rayonu təqdim edir. Belə ki, hələ məhdudiyyətlər tətbiq edilməzdən qabaq Səbail rayonu ərazisində xeyir-şər evləri əsaslı təmirlə sakinlərin istifadəsinə verilirdi. Bu barədə qəzetimizə açıqlama verən Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun sözlərinə görə, Badamdar qəsəbəsində icra hakimiyyəti başçısının sakinlərlə açıq görüşü zamanı edilən müraciətlərə əsasən, xeyir-şər üçün istifadəsi nəzərdə tutulan xüsusi bina da tikilib: “Bina tikmək məqsədilə ordakı yarğan dolduruldu. Əvvəllər vəfat edən şəxləri şəriətə uyğun olaraq yumaq üçün də problemlər yaranırdı. Camaat ölülərini yumaq üçün başqa məscidlərə aparmağa məcbur olurdu. İndi isə həmin yerdə dünyasını dəyişənləri yumaq məqsədilə hər bir şəraiti olan xüsusi otaq var”. İ.Kərimov qeyd etdi ki, 250 nəfərlik yeri olan xüsusi binada mərasimi aparmaq üçün molla da var: “Avadanlıqlara nəzarət etmək üçün bir nəfər nümayəndə də təyin edilib. Ötən ilin yanvar ayında “Mətbuat prospekti 2” ünvanında 4 binanın yerləşdiyi ərazidə daha belə bir bina inşa edilib. Bu binalarda bütün xərclər icra hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir. Qeyd edim ki, Səbail rayonu ərazisində olan bu evlərdən Badamdar və 20-ci sahənin sakinləri də istifadə edirlər”. Bundan başqa, “Abad həyət” layihəsi çərçivəsində Səbail rayonu ərazisindəki köhnə söhbətgahlar təmir edilir və ya yeniləri inşa edilir”.
Deməli, tətbiq edilən məhdudiyyətlər vətəndaşlara heç bir maddi sıxıntı gətirməyə bilər. Yetər ki, yerli strukturlar problemin həlli yolunda addımlar atsınlar.
FUAD




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info