Azadlıq Radiosunda özbaşınalıq hökm sürürmüş
Tarix: 23.06.2015 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Radionun Azərbaycan xidmətinin rəhbəri işdən qovulub

Son illərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin fəaliyyətində dəfələrlə anormal hallar müşahidə olunurdu. Hətta bu qurumda bir sıra maliyyə pozuntularının olması barədə də xəbərlər yayılırdı. Görünür bu səbəbdəndir ki, artıq sözügedən radionun himayədarları da yaranmış bu özbaşınalıqlarla bağlı həyəcan təbili çalmağa başlayıblar və kosmetik “islahatlar” aparıblar.
Belə ki, bu “islahatlardan” biri kimi Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlunun işdən qovulmasını göstərə bilərik.
Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilib. Yoxlamalardan sonra məlum olub ki, o, radionun iş prinsiplərini pozurmuş, hətta nizamnaməyə əməl etmirmiş.
Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Bakı bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya hökumətindən sığınacaq istəyən bu əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Maraqlısı budur ki, təkcə onun şikayətində deyil, digər jurnalistlərin də sosial şəbəkələrdə paylaşdıqları bəzi fikirlərdə deyilir ki, büronın keçmiş rəhbəri Xədicə İsmayılova xoşu gəlmədiyi, sərbəst fəaliyyət göstərib ona tabe olmayan işçilər arasında təfriqə yaradırmış, ayrı-seçkilik salırmış, hətta kənar maliyyə qaynaqlardan radioya vəsait cəlb edirmiş. Bu da azmış kimi o, bu vəsaitləri özünə yaxın çevrə arasında bölüşdürürmüş. Bütün bunlar ortaya çıxmamışdan qabaq da biz dəfələrlə yazmışdıq ki, başqa bir ölkədən maliyyələşən bu kimi təşkilatların maliyyə durumunda ciddi nöqsanlar olur, burada araşdırma aparmağa ehtiyac var. Artıq bunu özləri öz dilləri ilə etiraf edirlər!
O da məlum olub ki, etiraf etdikləri bu fakt-radioya kənar maliyyənin cəlb edilməsi isə nizamnaməyə zidd imiş. Belə ki, Azadlıq Radiosunun nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi yasaqdır.
Araşdırmalar zamanı o da ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub. Sual yaranır-əgər belə gizli pullar hesabına reportajlar, verilişlər hazırlanırmışsa, o zaman onlar nə dərəcədə obyektiv olurmuş? Demək ki, pulu verən istədiyi havanı da çaldırımış!
Qayıdaq Kənan Kazımoğlunun məsələsinə. Onun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti isə bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, onun heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə, özü prosesin iştirakçısına çevrilib.
Maraq üçün onu da bildirək ki, Kənan Kazımoğlu ABŞ vətəndaşıdır. O, jurnalist fəaliyyətinə “Azadlıq” qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.
Azadlıq Radiosunun baş ofisinin başlatdığı araşdırmaların davam etdiyi də bildirilir. Amma yoxlamanı çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə məsul əməkdaşı da daxil, bir sıra işçilərin Azərbaycandan getməsidir. Onlar Avropa ölkələrinə sığınıb və hələlik yaşayış statusu almaları ilə bağlı hüquqi prosedur tamamlanmayıb. Belə bir məqamda onların maliyyə problemləri ilə bağlı araşdırmalara cəlb edilməsi arzuolunan sayılmır.

Azadlıq Radiosu ilə bağlı ilginc xəbərlərdən biri də uzun illər radionun veb bölümünün redaktoru olan Ayaz Əhmədovun işdən getməsidir. Ayaz Əhmədovun işdən öz ərizəsi ilə getdiyi söylənilir və indi Azadlıq Radiosunda işləyənə qədər yaşadığı Norveçdədir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda haqq-ədalət “axtarışına” çıxan Azadlıq Radiosunun Azərbaycan xidmətində baş verən qanunsuz məqamlar artıq ABŞ administrasiyasının xüsusi diqqətindədir. Görünür Vaşinqton Azərbaycan-Qərb münasibətlərində soyuqluğun yarandığı vaxtda Azadlıq Radiosunun “işgüzar” nüfuzuna ziyan vuran bu əməllərə görə narahatlıq keçirməyə başlayıb.
Doğrudan da anormal bir durum yaranıb. Təsəvvür edin ki, daim “obyektiv” olduqlarını, “şəffaflıq” tələb etdiklərini və bərabərhüquqlu cəmiyyətin olması arzusu ilə “alışıb yandıqlarını” göstərən bir radionun özündə sadalanan məsələlərlə bağlı ciddi problemlər yaşanırmış. O da maraqlı məqamdır ki, özləri də etiraf edirlər ki, radioya kənardan gizli maliyyələr gəlirmiş və nizamnaməyə zidd olan bu fəaliyyətlər illər boyu davam edib. Aidiyyəti dövlət qurumları radionun Bakı ofisində araşdırmalara başlayanda az qala bunu mətbuata təzyiq kimi qiymətləndirən bəzi qaragüruhçu qüvvələr görünür bundan sonra gözlərini daha geniş açmalıdırlar və öz dillərindən sadalanan bu gizlin fəaliyyətlər və anormal halların cəmiyyətimizə nə qədər zərər vurduğunu düşünməlidirlər! Bunlar hələ üzdə olan hadisələrdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info