Culyetto Kyeza: “Avropa İttifaqı özünü ABŞ-ın vassalı kimi aparır”
Tarix: 24.06.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqının ABŞ-ın tələbi ilə sanksiyalarla bağlı verdiyi qərar bir daha təsdiqləyir ki, avropalı liderlər azad deyil və müstəqil qərar qəbul etmək iqtidarında deyillər”
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzatması əslində qitənin maraqlarına uyğun deyil. Sanksiyaların müddətinin artırılması Birləşmiş Ştatların maraqlarına uyğundur. Avropa parlamentinin keçmiş deputatı, məşhur italyan jurnalisti Culyetto Kyeza hesab edir ki, Avropa İttifaqının ABŞ-ın tələbi ilə sanksiyalarla bağlı verdiyi qərar bir daha təsdiqləyir ki, avropalı liderlər azad deyil və müstəqil qərar qəbul etmək iqtidarında deyillər:
“Avropa İttifaqına üzv olan dövlətlər özlərini ABŞ-ın əmri ilə fəaliyyət göstərən vassal kimi aparırlar. Avropa liderlər özləri müstəqil şəkildə, öz maraqlarına uyğun qərar qəbul etmək iqtidarında deyillər”. İtalyan jurnalist Avropa liderlərinin Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı yekdilliklə qərar qəbul etməsi ilə bağlı deyilənlərlə də razı deyil: “Bu, o demək deyil ki, Avropa İttifaqının liderləri ABŞ-ın siyasəti ilə yekdilliklə razıdırlar. Əksinə, sanksiyaların müddətinin uzadılması ilə bağlı qəbul edilən qərar Ağ Evin Avropaya güclü təzyiqi nəticəsində mümkün olub”. Kyeza fikrini onunla əsaslandırır ki, Avropa İttifaqının sanksiya qərarı təkcə Rusiyaya ziyan vurmayacaq: “Bu sanksiyalar Avropa İttifaqına böyük miqdarda zərbə vuracaq. Bu isə onu göstərir ki, ABŞ-ın əməliyyatı iki məqsədlidir. ABŞ elə situasiya yaradır ki, Avropa müstəqil qərar qəbul etmək imkanında olmasın. Eyni zamanda həm Avropa, həm də onun əsas düşməninə qarşı qeyri-adi aqressiya nümayiş etdirilir. Amma çətin ki, Vaşinqtonun sanksiya planı baş tutsun. Məsələ ondadır ki, Avropanın böyük bankları, iş adamları, müəssisələri Rusiya ilə əməkdaşlıq etməkdə maraqlıdır. Vaşinqtonun təzyiqi ilə davam etdirilən sanksiya siyasətinə rəğmən onlar Moskva ilə əməkdaşlıq etmək istəyirlər”. Qeyd edək ki, vaxtilə Avropa parlamentinin üzvü olmuş cənab Kyeza Avropa siyasi institutlarının, Avropa dövlətlərinin liderlərinin siyasətini, onların Vaşinqtondan nə qədər asılı olduğunu yaxşı bilir. Onun sanksiya məsələsindəki təsbiti yerindədir. Ümumiyyətlə, Avropa dövlətlərinin Birləşmiş Ştatlardan vassal asılılığında olması ilə bağlı yetərincə faktlar var. Avropa İttifaqının rəsmiləri Ağ Evdən gələn tapşırıqlar əsasında siyasətlərini həyata keçirirlər. Avropa İttifaqının ən güclü iqtisadiyyata malik olan ölkəsi olan Almaniya da bu tendensiyadan kənarda deyil. “Shpiegel Online international” dərgisinin məlumatına görə, Almaniyanın ərazisində yerləşən Ramşteyn hərbi bazası ABŞ tərəfindən Yaxın Şərq və Cənub-Şərqi Asiyada “drone” əməliyyatlarının həyata keçirilməsi üçün əsas bazadır. Orada yerləşdirilmiş xüsusi məxfi qərargah və ötürücü antena siqnalı sistemi vasitəsilə ABŞ dünyanın müxtəlif bölgələrində hər hansı səbəb göstərmədən və ya izahat vermədən müxtəlif canlı və ya texniki obyektləri məhv edir. Almaniya hakimiyyəti isə susaraq və bu özbaşınalığa imkan yaradaraq törədilən cinayətlərin iştirakçısına çevrilir. Ancaq rəsmi Berlin təkcə bu məsələdə susqunluq göstərmir, həm də öz xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə amerikalıların geniş regionda hakimiyyətlər, biznes subyektləri, vətəndaş cəmiyyəti institutları da daxil olmaqla hamını dinləməsinə şərait yaradır. Bu yaxınlarda mərkəzi qərargahı Bavariyada olmaqla ABŞ dinləmə mərkəzlərinin Almaniya hakimiyyətinin özünü də izləməsi məsələsi aşkara çıxdıqdan sonra, Angela Merkel Bundestaqda çıxış etməyə və rüsvayçı şəkildə baş verənlərə bəraət qazandırmağa məcbur olmuşdu. Bu, biabırçı vəziyyət Berlinin vassal statusunu təsdiqləmək üçün yetərlidir. İkinci Dünya müharibəsindən ötən dövr ərzində Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq ABŞ-ın işğalı altındakı ölkə qismində qalır. AFR-in keçmiş kəşfiyyat rəisi Komossanın sözlərinə görə, 1949-cu ildən bu ölkənin kanslerləri vəzifələrinin icrasına başlamazdan əvvəl Amerikadan vassal asılılığını təsdiq edən “Kansler Aktı”nı imzalamağa məcburdurlar. Almaniyanın indiki kansleri A.Merkelin Ukrayna hadisələri ilə bağlı özünü necə apardığına əsasən təxmin etmək olar ki, “Kansler Aktı” hələ də qüvvədədir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info