“Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir”
Tarix: 25.06.2015 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“Neçə gündür Ermənistanda mitinqlər gedir, polislə qarşıdurma yaranır, insanlar döyülür, jurnalistlərə qarşı güc tətbiq edilir,
Avropa Parlamenti, Avropa Şurası, Almaniya Bundestaqı buna münasibət bildirmir”


Bugünlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə müzakirəyə çıxarılıb. Qeyd edək ki, iyunun 11-də Avropa Parlamentində, iyunun 12-də Almaniya Bundestaqında Azərbaycanla bağlı qəbul olunmuş qətnamələrin hamısı eyni tezisə, eyni qərəzə söykənirdi. Avropa Şurasının “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnaməsi də həmin xronologiyanın davamı idi.

Müzakirələrdə Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrexin AŞ PA-ya ünvanladığı suallarda da ölkəmizə qarşı yönəlmiş qərəzli mövqeyə cavab axtarılır. Qrexin “Mən anlaya bilmirəm, postsovet ölkələrində bu qədər problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə?” sualını AŞ PA tərəfi cavablandırmaqda çətinlik çəkir.
Millət vəkili Tahir Rzayev adıçəkilən qətnamənin müzakirəyə çıxarılması ilə bağlı bildirdi ki, Avropa Parlamentində, Avropa Şurasında, Almaniya Bundestaqında birinci dəfə deyil ki, Azərbaycan haqqında qarayaxma, şantaj kampaniyaları, böhtan və yalan fikirlər səslənir: “Bunların hamısı əslində bir mərkəzdən idarə olunur. Bir çox deputatlar var ki, onlar erməni lobbisinə, ayrı-ayrı böyük dövlətlərin mənafelərinə xidmət edir. Ona görə də Azərbaycan haqqında mənfi fikirlər formalaşdırırlar. Bunun səbəbi odur ki, Azərbaycan müstəqil dövlət kimi daxili və xarici siyasətində öz müstəqil siyasətini yeridir, heç kimlə hesablaşmır. Heç kimin diqtəsi ilə işləmir. Çünki Azərbaycana təsirlər çoxdur ki, hansısa bir bloka qoşulsun, hansısa bir ölkənin vassalına çevrilsin, dedikləri ilə oturub-dursun. Ancaq Azərbaycan Prezidenti bunu qəti inkar edir və dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan müstəqil dövlətdir və heç kimin diqtəsi ilə işləyə bilmərik, heç kim də bizə təsir edə bilməz. Bütün bunlar imkan, şərait yaradır ki, ölkədə demokratik təsisatlar qanunvericilik qorunsun, cinayətkarlara qarşı mübarizə gücləndirilsin, Azərbaycanın mənafeyi əleyhinə gedən adamlar haqqında tədbirlər görülsün. Ancaq buna Avropa Parlamenti, yeri gələndə özlərini demokratik institut adlandıran qurumlar da öz etirazlarını bildirirlər. Çünki istər burada, istərsə də xaricdə olan qüvvələrin məqsədi eynidir. Yəni Azərbaycan inkişaf etməmiş ölkə olsun, ictimai-siyasi sabitlik olmasın, ələ baxımlı ölkə olsun ki, istənilən vaxt müəyyən məsələlərin həllinə məcbur edə bilsinlər. Son illərdə Azərbaycana qarşı gedən kampaniyaları görürük. Avropa Parlamenti Avropa Oyunları başlanarkən onu boykot etmək çağırışları etdi. Mühüm bir qərar qəbul edə bilmədilər. Bunların sözünü sonra Almaniya Bundestaqı dedi. Bir qrup deputata yığışaraq Oyunların gedişi ərəfəsində Azərbaycanda insan haqlarının pozulması haqqında qətnamə qəbul etdilər”.

“Əgər onlar həqiqətən də demokratdırlarsa yaxşı olar ki, Avropadakı hadisələrə baxsınlar, elə öz ölkələrində baş verən çaxnaşmalara baxsınlar, ziddiyyətləri aradan qaldırsınlar. Bunlar hamısı ancaq Azərbaycanı təsir altına salmaq üçündür. Ancaq dünya oyanıb, Azərbaycan xalqı da bunu başa düşür”

Ancaq gəlin görək Almaniyada, yoxsa Azərbaycanda insan haqları pozulur? Millət vəkilinin sözlərinə görə, bir neçə gündür ki, Almaniyada kütləvi tətillər başlayıb, eləcə də insan hüquqları ciddi şəkildə pozulmaqdadır, jurnalistlər təqib edilirlər, onlar incidilirlər, dövlətin əleyhinə çıxan adamlar həbs edilirlər: “Bu gün Almaniya demokratiyadan danışır, ancaq bu ölkə özü dünyada iki böyük müharibənin bilavasitə təşkilatçısı olub. 80 milyondan artıq insanlar həlak olub, milyonlarla insan yaralanıb, şikəst olub, şəhərlər, kəndlər məhv və qarət olunub. Almaniya dövlətinin başında duranların haqqı yoxdur ki, bu gün insan haqlarından danışsınlar, çünki onlar insanların qarşısında borcludurlar. Gərək insan haqlarından danışdıqda müəyyən dərəcədə sussunlar, sözlərini götür-qoy etsinlər. Çünki bu qədər insanlara zülmlər yaşadıblar. Bu gün də alman millətçiləri həmin yolu gedir. Almaniyada hazırda irqi ayrı-seçkilik baş alıb gedir, müsəlmanlara qarşı mitinqlər keçirirlər ki, çıxıb getsinlər, həmçinin İslamı hörmətdən salmaqdan ötəri hər cür vasitələrə əl atırlar. Eləcə də bu gün əgər Avropa Birliyinə, AŞ-a, Avropa Parlamentinə istiqamət verilirsə, bilavasitə həmin məsələlərdən qaynaqlanır. Çünki Azərbaycan Almaniyanın dedikləri ilə oturub-durmur. Ona görə Almaniya tərəfdən də Azərbaycana qarşı təsirlər var. Alman kansleri öz çıxışlarında bunu qeyd edib. Orada bir çox fondlar var ki, dünyadakı terroru maliyyələşdirirlər, ölkələrdə iğtişaşların salınmasına bilavasitə rəhbərlik edir, vəsaitlər ayırırlar. AP, Almaniya Bundestaqı, eləcə də demokratik institutlar, fondlar hakimiyyət orqanlarının dediklərini edirlər. Bu da bizi narahat edir, ancaq əsassız qarayaxmadır”.
Ermənistanda baş verən hadisələrə beynəlxalq təşkilatların səssiz qalmasına gəldikdə isə T.Rzayev bildirdi ki, artıq bir neçə gündür Ermənistanda mitinqlər gedir, insanlara qarşı kobud davranışların şahidi oluruq: “Bunu Rusiya və eləcə də bəzi xarici ölkələrin televiziya kanalları yayımlayır. Ancaq heç demokratik institutlar buna münasibətlərini bildirmirlər. Neçə gündür ki, orada polislə qarşıdurma yaranıb, insanlar döyülür, jurnalistlərə qarşı güc tətbiq edilir. Lakin neçə gündür ki, nə AP, AŞ, Almaniya Bundestaqı buna münasibət bildirmir. Amma Azərbaycanda neçə ay bundan əvvəl dövlətə xəyanətdə günahlandırılan kimsə tutulub, yaxud hansısa bir dələduz istintaqa cəlb edilirsə, Almaniya Bundestaqı bunu müzakirə edir. Həm də məhz Avropa Oyunları başlanması ərəfəsində bunu edir. Əgər Aİ, AP, Almaniya ümumavropa dəyərlərini qiymətləndirirlərsə, Azərbaycanda keçirilən Oyunlara yüksək dəyər verəydilər ki, bu dostluqdur, birlikdir, idmandır, Avropa ölkələrinin birliyinə xidmət edən bir tədbirdir. Ancaq təəssüflər olsun ki, onlar bunun əksinə olaraq boykot çağırışına getdilərsə, demək onları öz mənafeləri düşündürür, nəinki insan haqları. Başqa ölkələrdə olan vəziyyətə nəzər saldıqda görürük ki, Yunanıstanda, Macarıstanda, Polşada, İtaliyada, İspaniyada əhali pis vəziyyətdə yaşayır, iqtisadi böhran gedir. Bu onun əsasıdır ki, AB və onun başında duran Almaniya həmin ölkələri soyub-talamaq, iqtisadi sanksiyalar tətbiq etmək, iş yerlərini azaltmaq, vergiləri artırmaq istəyir. Ancaq Almaniya silah satışını azaltmaq istəmir. Çünki orada mənafeyi var. Bu demokratiya deyil. Əgər onlar həqiqətən də, demokratdırlarsa, yaxşı olar ki, Avropadakı hadisələrə baxsınlar, elə öz ölkəsində baş verən çaxnaşmalara baxsınlar, ziddiyyətləri aradan qaldırsınlar. Bunlar hamısı ancaq Azərbaycanı təsir altına salmaq üçündür. Ancaq dünya oyanıb, Azərbaycan xalqı da bunu başa düşür. Düzdür, bütün dünyada olduğu kimi ölkəmizdə də bəzi qüvvələr, əlaltıları onlara dəstək verirlər. Çünki eyni mərkəzdən idarə olunan adamlar ara qızışdırmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaq, yeri gəldikdə dövlət çevrilişi etmək üçün hazırlanan qruplardır. Bunlar heç də demokratiyaya, insanların yaxşı yaşamasına, söz azadlığına xidmət edən adamlar deyillər. Əgər fondlar, təşkilatlar, institutlar ədaləti seçsəydilər, 20 ildən artıqdır ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilə bağlı 1 milyon qaçqınları müdafiə edərdilər, tədbir görərdilər, Ermənistana qarşı təsir mexanizmi hazırlayardılar, sanksiya tətbiq edərdilər. Əksinə, bu gün onlar bir faşist dövləti müdafiə edir, yardımlar ayırırlar. Ona görə də ölkəmizə qarşı səsləndirilən fikirlər Azərbaycan xalqının ünvanına deyilən sadəcə bir böhtandır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info