Rusiyada xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran siyahı
Tarix: 01.07.2015 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xarici qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran siyahının yaradılması ideyasını dəstəkləyir.
“Rusdey.com” yazır ki, bu barədə jurnalistlərə Vladimir Jirinovskinin özü məlumat verib. O, Beynəlxalq məsələlər üzrə Federasiya Şurası komitəsinin sədri Konstantin Kosaçevin bu barədə təklifini şərh edərkən belə deyib. O qeyd edib ki, ölkədə xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran siyahı hazırlanması ideyasını tamamilə dəstəkləyir: “Biz bunu tamamilə dəstəkləyirik, çünki biz bütün xarici təşkilatlarla bağlı siyahı hazırlamalıyıq, onlar bizə qarşı aqressiv siyasət aparırlar. Onlar destruktiv qüvvələri maliyyələşdirirlər. Yəni onlar Rusiyaya qarşıdırlar və hətta, pul da verirlər ki, burda bizə qarşı aqressiv fəaliyyət göstərən təşkilatların sayı çoxalsın”.
Qeyd edilir ki, mütəxəssislərə görə, 1996-2006-cı illərdə əcnəbi xeyriyyə fondları, ictimai təşkilatlar və xüsusi şəxslər Rusiya qeyri-hökumət təşkilatları sektorunun inkişafına və Rusiya QHT-lərinin dəstəklənməsinə 10 milyard dollar ayırıblar.
Jirinovski deyib ki, bu baxımdan məhdudlaşdırıcı siyahının hazırlanmasını onun partiyası Dövlət Dumasıın qeyri-hökumət təşkilatları ilə bağlı komitəsinə həvalə edəcək. Jirinovskiyə görə, həmin siyahıya daha aqressiv beynəlxalq təşkilatların adları salınacaq. RLDP sədri daha sonra həmin beynəlxalq qurumlardan bir neçəsinin adlarını çəkib: “Beynəlxalq Məsələlər üzrə Milli Demokratik İnstitut, Beynəlxalq Respublikaçılar İnstitutu, Açıq Cəmiyyət İnstitutu-Soros Fondu, Beynəlxalq Təhsil üzrə Amerika Şuraları və Demokratiyanın Dəstəklənməsi üzrə Milli Fond”.
Bəs daha aqressiv beynəlxalq təşkilatları necə müəyyənləşdirmək olar? Bu suala cavab olaraq Jirinovski deyib ki, həmin təşkilatların daha aqressiv olmasının birinci əlaməti onların ABŞ dövlət strukturları ilə bağlı olmasıdır. Onun fikrincə, “ən aqressiv təşkilatlar” amerikan QHT-ləri sayılırlar.
Əlavə edək ki, bir sıra məqamları qeyd etsək, Rusiya yetkililərinin xarici QHT-lərin aqressivliyindən şikayətçi olduqlarını tamamilə əsaslı saymaq lazımdır. Xüsusilə, Azərbaycan üçüncü sektorunun bununla bağlı məruz qaldığı təcrübələr də qeyd edilənlərin doğruluğunu təsdiqləyir.

Hər bir dövlət milli təhlükəsizlik maraqlarından çıxış edərək, xarici kəşfiyyatın əsas elementlərindən olan xarici qeyri-hökumət təşkilatlarının və eləcə də onların yerli əlaltılarının fəaliyyətlərini məhdudlaşdırmalı, onların antimilli, antidövlət, cəmiyyətdə özlərinə sərf edən iğtişaşlar yaratmağa hesablanmış planlarını vaxtında zərəsizləşdirməlidir

Belə ki, bu sahədə ötənm dövrün acı təcrübələri göstərir ki, QHT-lərin əsas problemlərindən biri də onların siyasiləşməsi, bu yöndə xarici mərkəzlərin sifarişlərini yerinə yetirmələri ilə bağlıdır. Dəfələrlə sübut edilib ki, xarici QHT-lər və donorları hər hansı bir ölkədə vətəndaş cəmiyyətinin inkişafı, problemlərin həlli yox, həmin ölkədə kəşfiyyat işləri aparmaq, intriqalar və qarşıdurma tərəfləri formalaşdırmaq, həmçinin özlərinə sərf edən “5-ci kolon” ərsəyə gətirmək maraqlandırır. Həmin beynəlxalq QHT-lər və donorlar xüsusilə də müstəqil inkişaf yolu tutmuş, inkişaf göstəricilərinə görə Qərbin inkişaf etmiş dövlətləri ilə rəqabətə başlayan ölkələri bu baxımdan içəridən “yeməkdə” böyük maraq göstərirlər. Bununla bağlı Azərbaycanı və ona qarşı bəzi xarici QHT-lər tərəfindən aparılan kampaniyaları misal çəkək. Məsələn, məlumdur ki, 2012-ci ildə “Eurovision” ölkəmizdə keçirilən ərəfədə həmin xarici donorlar “5-ci kolon” rolunu oynayan yerli QHT nümayəndələrinin əli ilə “Demokratiya naminə oxu” adlı təxribatçı layihə həyata keçirməyə çalışdılar. 25 min dollar dəyərində olan bu qrant layihəsinin məqsədi “Eurovision” ərəfəsində bütün dünyanın gözünün ölkəmizə dikildiyi bir zamanda, Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq idi. Bundan başqa, bu il ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsindən istifadə edən həmin antiazərbaycan qurumlar yenə də növbəti təxribata əl atdılar. Bu dəfə də “insan haqları” ilə bağlı “5-ci kolon”u bir araya gətieməyə çalışaraq, Azərbaycandakı inkişaf proseslərini və nailiyyətlərimizi kölgə altına almağa girişdilər. Bütün bunlar isə bir daha həmin xarici QHT-lərin və donorların necə desktruktiv rol oynadıqlarını ortaya qoyur.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində bu məsələyə xüsusi toxunub və konkret faktlar misal çəkib: “Azərbaycanda “beşinci kolon” yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsi sxemi təxminən belədir. Dövlət Departamenti demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz növbəsində rəngli inqilabların NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə, USAİD yerli QHT-ləri və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərini birbaşa maliyyələşdirir. Bununla yanaşı, Milli Demokratiya Fondu (NED) yerli QHT-ləri və xarici təşkilatların ölkəmizdəki nümayəndəliklərini bilavasitə özü maliyyələşdirir.
Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq məqsədilə “insan hüquqları”, “vətəndaş cəmiyyətinin azadlığı” və “demokratiya” haqqında standart demoqoqluğa keçiblər”.
Bundan başqa, Avropa Demokratiyaya Dəstək Fondunun yeganə məqsədinin Azərbaycana qara yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan Meydan TV layihəsinə təqribən 300 min dollar məbləğində qrant ayırdığı da qeyd edilir. Göründüyü kimi, bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.
Bundan başqa, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir müddət öncə jurnalistlərə açıqlamasında Azərbaycanda xarici sifarişlə işləyən QHT-lər olduğunu açıq şəkildə bildirmişdi. Ə.Həsənovun fikrincə, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT-lərlə yanaşı, sifarişlə işləyən QHT-lər mövcuddur:” Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır. Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara sayğı, hörmət göstərilsin”.
Bu fikirlərdən də göründüyü kimi, hər bir dövlət milli təhlükəsizlik maraqlarından çıxış edərək, xarici kəşfiyyatın əsas elementlərindən olan həmin xarici qeyri-hökumət təşkilatlarının və eləcə də onların yerli əlaltılarının fəaliyyətlərini məhdudlaşdırmalı, onların antimilli, antidövlət, cəmiyyətdə özlərinə sərf edən iğtişaşlar yaratmağa hesablanmış planlarını vaxtında zərəsizləşdirməlidir.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info