Heydər Əliyev adına Hərbi Liseyin məzunları bilik və bacarıqları ilə seçilirlər
Tarix: 02.07.2015 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazırlanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Müstəqil Azərbaycan Respublikasında bu sahəyə xüsusi diqqət yetirilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin timsalında bunu daha aydın görmək mümkündür.
Lisey hərbi kadr hazırlığı sistemini daha da təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında formalaşdırılıb. Bu əlamətdar hadisə ilə əlaqədar həmin il fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyə gələrək bu tarixi hadisə münasibətilə lisey kollektivini təbrik edib, kursantlara, müəllim-zabit heyətinə Ulu Öndərin adına layiq oxumağı, işləməyi, Vətənə və xalqa xidmət etməyi tövsiyə edib, kollektivə yeni-yeni uğurlar arzulayıb.
Dövlətimizin başçısının diqqət və qayğısı ilə Heydər Əliyev adına Hərbi Lisey qısa zamanda böyük inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris şəhərciyi yaradılıb, kursantların təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb. Hərbi Lisey ötən dövrdə tədris və tərbiyə sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün fəxrlə deyə bilərik ki, təhsil ocağı qısa zaman ərzində Azərbaycan, hətta Cənubi Qafqaz regionu səviyyəsində çox böyük uğurlara imza atıb. Ötən dövrdə Hərbi Liseyin məzunlarından 15 nəfər Rusiya Federasiyasının, 8 nəfər Türkiyə Respublikasının ali hərbi məktəblərində, Hərbi Liseyə qəbul olunan kursantlardan 12 nəfəri isə Türkiyənin hərbi liseylərində təhsillərini müvəffəqiyyətlə davam etdiriblər. Liseyi bitirən onlarla kursant ölkəmizin müxtəlif xüsusi təyinatlı ali məktəblərində təhsil alıb.
Təhsil ocağının kursantları muxtar respublikada keçirilən fənn olimpiadaları və idman yarışlarında fəal iştirak edərək yüksək nəticələr qazanıblar. Azərbaycan Prezidentinin 2009-cu il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən, 2008-2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Heydər Əliyev adına Hərbi Lisey müvəffəqiyyət qazanıb. Bu gün burada yüzdən çox müəllim, hərbi rəhbər-tərbiyəçi və zabit vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclərin yetişdirilməsi üçün səylərini əsirgəmirlər. Liseydə kursantların yaradıcılığını və fənlərə olan marağı artırmaq məqsədilə 19 dərnək fəaliyyət göstərir. Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırıb. Təsadüfi deyil ki, 2015-2016-cı tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmaq üçün 977 gənc sənəd verib, onlardan 603-ü qəbul imtahanlarında iştirak etmək hüququ qazanıb. Kursantların mənəvi tərbiyəsini yüksəltmək məqsədilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı, 8 muzey və 2 kitabxana ilə müqavilə bağlanaraq onların imkanlarından da geniş istifadə olunur. Bütün bunlar xüsusi hazırlığa malik peşəkar hərbi kadrların hazırlanması istiqamətində görülən məqsədyönlü işlərin tərkib hissəsidir.
Bu il iyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Ulu öndərin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələrin döyüş hazırlığı, şəxsi heyətin xidmət şəraiti ilbəil yaxşılaşdırılır. Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ötən dövrdə ölkə Prezidentinin diqqət və qayğısı ilə Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. 56 kursantla fəaliyyətə başlayan lisey bu gün gəncləri öz ətrafında birləşdirən mötəbər hərbi tədris müəssisəsidir. Hazırda liseydə 657 kursant təhsil alır. Ötən dövrdə Hərbi Liseyi bitirən kursantlardan 2072-si ali hərbi məktəblərə qəbul olunub. Liseyin minə yaxın məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, vətənə, ölkəyə, doğma torpağa sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq, mətinlik tələb edir”. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən vətənpərvər, dövlətinə və xalqına sədaqətli, mərd və cəsur Azərbaycan gəncliyini görür, gələcəyimiz olan bu gəncliklə qürur hissi keçiririk”.
Hərbi Lisey müasir təlim və tədris vasitələri ilə təmin olunub. Burada təlim və tədris prosesi gündən-günə təkmilləşir və inkişaf edir, kursantların bilik səviyyəsi artır. Liseydə tədris müasir tələblərə cavab verir. Təhsil ocağında əsaslı təmir işləri aparılıb, kursant yataqxanası və tədris korpusu müasir tələblər səviyyəsində qurulub. Yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılıb, yeni yataq dəstləri qoyulub. Burada kursantların asudə vaxtının səmərəli təşkili də təmin edilib, istirahət zalında təbiət və idman guşələri yaradılıb. Kursantlar gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanlarına malikdirlər.
Hərbi dərslərin mütəşəkkil keçirilməsi üçün liseydə istifadə olunan əyani tədris vasitələri də diqqəti cəlb edir. Liseyin qərargah binasında yerləşən atəş hazırlığı sinfi və hərbi kabinə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Burada müasir avadanlıqlar, kompyuter dəstləri və iki atış monitoru quraşdırılıb. Monitorlarda real şəraitə uyğun olaraq hədəflərin yaxın və uzaqlığını, müxtəlif hava, məhdud görmə və relyef şəraitini, eləcə də avtomatik və tək-tək atəş rejimini seçmək mümkündür. Atış başa çatdıqdan sonra nəticələr monitorda əks olunur və kursantların nişanalma bacarıqları haqqında məlumat verilir. Bunlar, öz növbəsində, keçirilən dərslərin dərindən mənimsənilməsinə, qazanılan biliklərin möhkəmləndirilməsinə və kursantlarda ilkin peşə vərdişlərinin formalaşmasına kömək edir.
Təhsil prosesi daim yeniləşməyi, müasir dövrün tələblərinə cavab verməyi tələb edən strateji sahələrdən biridir. Sevindirici haldır ki, Heydər Əliyev adına Hərbi Liseydə də tədrisin keyfiyyətini daha da artırmaq üçün ardıcıl tədbirlər görülür. Binadakı sinif otaqları müasir avadanlıqlarla təmin edilib, ana dili kabinəsi, kimya, biologiya və fizika laboratoriyaları, kompyuterlər quraşdırılan xarici dil kabinələri, idman zalı, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilib. Hazırda kitabxana fondunda 17 mindən artıq ədəbiyyat və dərslik var. Hərbi Liseydə dərslərin interaktiv formada keçirilməsi də diqqət mərkəzində saxlanılıb, fənn kabinələrində və sinif otaqlarında 8 elektron lövhə quraşdırılıb, humanitar və dəqiq elmlər üzrə elektron dərslik bazası yaradılıb.
Müəllim peşəsi müqəddəsdir. Çünki müəllimlər bir millətin gələcəyini təyin edəcək bilikli, vətənpərvər gənclərin yetişdirilməsində, milli inkişaf strategiyamızın əsas tərkib hissəsi olan kadr potensialının formalaşmasında yaxından iştirak edirlər. Milli hərbi kadrların hazırlanmasında da müəllimlərin rolu əvəzsizdir. Bu, Vətən, millət, dövlət naminə görülən ən şərəfli işlərdən biridir. Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələyə diqqət çəkərək deyib: “Heydər Əliyev adına Hərbi Liseydə dərs demək böyük şərəf və bir o qədər də məsuliyyətdir. Çünki siz ölkəmizin gələcək müdafiəçilərini hazırlayırsınız. Yaradılan şərait, o cümlədən liseydə vətənpərvər kursantların təhsil alması pedaqoji heyətin üzərinə mühüm vəzifələr qoyur. Liseyin müəllimləri bundan sonra da kursantların təhsilinə, nizam-intizamına, fiziki hazırlıqlarının artırılmasına diqqət yetirməli, müəllim-kursant münasibətlərində fərdi yanaşma üstün istiqamət kimi götürülməlidir. Bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər”.
Bunun əsas səbəbi həm də odur ki, bu gün Azərbaycan dövləti Heydər Əliyev adına Hərbi Liseydə hərbi təhsil sisteminin daha da təkmilləşdirilməsi istiqamətində zəruri olan bütün tədbirləri çox yüksək səviyyədə həyata keçirir, burada ordumuz üçün nizam-intizamlı, vətənpərvər kadrların hazırlanması naminə hər cür şərait yaradır. Bunun nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ixtisaslı və peşəkar kadr təminatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info