“Opera sənətindən ayrı qala bilmirəm”
Tarix: 07.07.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Afaq Abbasova: “Əsas odur ki, səsini və istedadını nümayiş etdirməyi bacarasan”
Müsahibimiz Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Afaq Abbasovadır.

- Afaq xanım, operaya gəlişinizi necə xatırlayırsınız?
- Operaya gəlişim yaddaşdan silinməz bir andır. O günü xatırlamamaq, yaddan çıxarmaq qeyri-mümkündür. Ali təhsilimi Bakı Musiqi Akademiyasında almışam. Professor Fidan Qasımovanın sinfini, rejissorluq üzrə respublikanın birinci xanım rejissoru professor Gülcahan Güləhmədovanın sinfini bitirdim. Mən təhsil aldığım illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrına tez-tez tamaşalar izləməyə gedirdim. Bir gün “Toska” tamaşasını izlədim. Həmin tamaşada Toska çox təsirləndirici obrazdır. Bu obrazı izlədiyim zaman düşündüm ki, mən də özümü bu səhnədə sınaya bilərəm. Müəllimlərim mənə hər zaman “Sən səhnə üçün yaranmısan” deyərdilər. Mən bir gün qərara gəldim ki, səhnədə özümü sınayım və Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbərliyinə yaxınlaşdım. Teatrın rəhbəri Akif Məlikova ömür boyu minnətdaram ki, mənə bütün imkanları yaratdı. Akif müəllim baş dirijor Cavanşir müəllimlə və truppa müdiri Tamara xanımla birgə məni dinlədilər. Dinləmədən sonra mənə partiya verdilər. İlk rolum Cüzeppe Verdinin “Traviata” operasından Violetta baş rolu oldu. Təbii ki, mən bu tamaşaya həm vokal, həm rejissor işləri baxımından çox hazırlaşdım. Bu işdə də müəllimim Gülcahan Güləhmədovaya minnətdaram ki, o obrazı yaşamağa mənə kömək etdi. Onun mənim üzərimdə olan zəhməti danılmazdı. Teatrda ilk rolum olmasına və yaşımın az olmasına baxmayaraq, ilk tamaşam çox uğurlu səviyyədə keçdi. Baxmayaraq ki, çox həyəcanlı idim, ilk tamaşamı çox uğurla ifa etdim. Uğurlu ifamdan sonra teatrın rəhbəri məni teatra solist kimi qəbul etdi. Bununla da teatrda böyük rollar oynamağa başladım.
- Tərəf-müqabilləriniz haqqında nə deyə bilərsiniz?
- İlk tərəf müqabillərim opera teatrının solistləri olublar. Daha sonra isə Moskvanın Böyük Teatrının solistləri, Ukrayna, Belarus opera teatrlarının solistləri ilə bir səhnəni paylaşmışam. İştirak etdiyim tamaşalarda respublikamızın, həmçinin Rusiyanın, Almaniyanın və digər ölkələrin görkəmli dirijorları məni müşayiət ediblər.
- Opera sənəti sizi nə ilə cəzb etdi ki, siz bu
sənəti seçdiniz?

- Opera sənəti musiqinin ən sintetik janrıdır. Xor, solist ifası, orkestr, rəqs bir yerdə cəmlənərək çətin, maraqlı bir janrı yaradır. Düşünürəm ki, opera cəlb etməyi tələb etmir. O, gərək insanın daxilində olsun. Operaya meyillilik, operanı sevmək insanın iç dünyasına aid olan bağlılıqdır. Mənim uşaqlıqdan operaya çox marağım olub. Mən kiçik yaşlarımda müəlliməm Fidan Qasımovanı efirdən izləyib-dinləyəndə səsinə heyran olurdum. Həmişə düşünürdüm ki, o səs insanda necə ola bilər? Opera ifaçıları belə, mənə maraqlı gəlirdi. Mən operanı sevirəm. Sizin dediyiniz kimi, sanki burada bir cazibə var idi ki, mən bu gün opera sənətindən ayrı qala bilmirəm.
Təbii ki, hər kəsin öz dövrü var. Zaman dəyişir. Təbii ki, məndən qabaq çox möhtəşəm ifaçılar olub və məndən sonra da olacaq. Amma hər şeyin öz vaxtı var. Mən də operanı sevirəm və çalışıram ki, bu sənətdə öz sözümü deyə bilim. Yaxşı opera ifaçısı kimi özümü göstərə bilim.
- İfa etdiyiniz rollarda özünüzə xas xüsusiyyətləri
görürsünüzmü?

- Bəli. İfa etdiyim müəyyən rollarda bəzi xüsusiyyətlərimi görürəm. Amma tam deməzdim. Bilirsiniz ki, hər opera fərqlidir. Hər bir rolun da öz xarakteri var. Çalışıram ki, ifalarımda da fərqliliyi göstərim. İfa etdiyim rollar da bir-birinə bənzəməsin. Adətən qadınların həyatı bir-birinə oxşar olur. Amma fərqli oxşarlıqdır. Bu fərqli oxşarlığı da bənzətməmək şərtilə fərdi yaratmaq, yanaşmaq lazımdır.
Hər rolda öz xarakterimi çox az məqamda görə bilirəm. Amma tam deməzdim ki, bütünlüklə xarakterimi görürəm.
- Sizin “Payatsi” operasında ifa etdiyiniz Nedda qadın obrazını canlandırdığınızı izlədim. Nedda kimi qadının xüsusiyyətləri haqqında hansı düşüncədəsiniz?
- Rol elə bir aləmdir ki, gərək onu qavraya biləsən. Aktyor ifa edəcəyi obrazın xasiyyətini, xüsusiyyətini, kimliyini, tamaşa zamanı rolun iç dünyasını anlayıb dərk etməlidir. Obraz var ki, ikilidir. Bunu göstərə bilmək lazımdır. Əsas odur ki, bunu yaşayasan. Aktyor da tamaşaçıya bunu çatdırmalıdır.
Məhz “Payatsi” operasındakı Nedda da əslində bədbəxt bir qadın obrazıdır. O, hər kəsi əyləndirir və güldürürdü. Lakin içində bədbəxt insan yaşadırdı. Bu obrazda da mən ikili xarakteri canlandırdım. Mən dramatik rolları çox sevirəm. Nedda da məhz bu rollardan biridir.
- Necə düşünürsünüz, dünya arenasına çıxdığınız zaman dünya klassiklərindən ifa etmək uğur gətirər, yoxsa milli klassiklərimizdən?
- İstər milli operalardan, istərsə də dünya klassiklərindən uğurlu çıxış, sözsüz ki, ifaçıdan asılıdır. Şərt deyil ki, milli, yaxud dünya klassiklərindən ifa edəsən. Bütün dünyada musiqinin dili yoxdur. Hansı dildə oxusan, hər kəs onu qavrayacaq. Bizim bəstəkarlarımızdan Üzeyir Hacıbəyli, Fikrət Əmirov elə operalar yazıblar ki, dünya operaları ilə eyni səviyyədədir. Məsələn, Fikrət Əmirovun “Sevil” operasının adını qeyd edə bilərəm. Bu, elə möhtəşəm bir opera və möhtəşəm musiqidir ki, dünyanın böyük bəstəkarlarının əsərləri ilə müqayisə etmək olar. Düşünürəm ki, dünya arenasında fərq etmir, hansı əsəri və kimin əsərini ifa edirsən. Əsas odur ki, səsini və istedadını nümayiş etdirməyi bacarasan.
- Azərbaycan opera səhnəsində arzu etdiyiniz rol varmı?
- Məndə elə bir xasiyyət var ki, arzu etdiyim heç nəyə tələsmirəm. Çünki hər bir şey öz zamanında olur. Sevdiyim operalar, əlbəttə ki, var. Lakin gənc olduğum üçün mənə bəzi rolları ifa etmək hələ tezdir. Bir neçə müddətdən sonra, əlbəttə ki, həmin rolları ifa etmək qismət olar. Təbii ki, tələsmək yox, mükəmməl ifa və mükəmməl obraz göstərmək lazımdır. Fərq etməz, böyük, yaxud kiçik rollarda.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info