Multikulturalizm Mərkəzi beynəlxalq yay məktəbi layihəsi həyata keçirəcək
Tarix: 08.07.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) cari ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələr üçün “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi həyata keçirməyi planlaşdırır.
İyulun 21-dən avqustun 1-dək keçirilməsi nəzərdə tutulan beynəlxalq yay məktəbində iştirakçılar Azərbaycanın tarixi, dili, etnoqrafiyası, mədəniyyəti haqqında biliklərə yiyələnməklə yanaşı, ölkəmizin regionlarına səfər edəcək, müxtəlif etnik qrupların adət-ənənələri ilə yerində tanış olacaqlar. Bu da nəticədə tələbələrə Azərbaycan multikulturalizmi haqqında praktik biliklərini zənginləşdirmək imkanı yaradacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Hikmət Babayev bildirib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinin əsas məqsədi xarici ölkə universitetlərində və yerli ali təhsil ocaqlarında “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələrin vahid bir şəbəkəsinin yaradılması və ya onların Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklərinin təcrübədə daha da möhkəmləndirilməsidir. Mərkəz beynəlxalq yay məktəbini Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirəcək. Ümumilikdə, yay məktəbinə 50 ölkədən 650-dən artıq müraciət daxil olmuşdu. Ancaq əsasən “Azərbaycan multikulturalizmi” fənninin magistr səviyyəsində tədris olunduğu 7 xarici ölkə universitetlərində təhsil alan və eyni zamanda, kənardan o universitetlərə cəlb edilərək həmin fənnin dinləyiciləri olan tələbələrə üstünlük verilib. Müraciətlərin arasından Rusiya, Gürcüstan, Belarus, Çexiya, Bolqarıstan, İtaliya, Litva, Polşa, İordaniya, Misir, Hindistan, Türkiyəni təmsil edən 50 nəfər iştirakçı seçilib.
Bundan əlavə, ölkəmizdə də “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu ali təhsil ocaqlarında təhsil alan 20 tələbə yay məktəbinin iştirakçısı kimi seçilib. Ümumilikdə, Azərbaycandan müraciət edənlərin sayı 250-dən artıq idi.
Yay məktəbi ilə bağlı elanda iştirak arzusunda olan tələbələrə dörd suala cavabdan ibarət kiçik esse yazmaları şərt kimi irəli sürülmüşdü. Esselərdə onların Azərbaycan haqqında bilikləri, ölkəmizə olan maraqları, ən əsası multikulturalizm ideyalarına münasibətləri və istəkləri tam əks olunur.
Diqqətə çatdırılıb ki, yay məktəbi Azərbaycanın bir neçə bölgəsində keçiriləcək. Ümumilikdə Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən ən mühüm yerlərdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ölkəmizin multikultural durumu ilə daha yaxından tanış olmaları üçün tələbələrə Azərbaycan dili, mədəniyyəti, incəsənəti, tarixi və respublikamızda formalaşmış tolerant ənənələr, onların kökləri, bugünkü tarixi reallıqlar barədə ətraflı məlumat veriləcək. Onlar mədəni və dini obyektlərlə tanış olacaq, müxtəlif görüşlərdə, debatlarda, “dəyirmi masa”larda, mühazirələrdə iştirak edəcəklər.
Yay məktəbi iştirakçılarının Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayevlə, görkəmli elm xadimləri, yazıçı və şairlər, Quba, Qusar və Xaçmaz rayonlarının gəncləri, ziyalıları ilə görüşlərinin təşkili də nəzərdə tutulub.
H.Babayev deyib: “Azərbaycan multikulturalizmi” fənninin dinləyiciləri olmuş bir çox xarici tələbələrdə ölkəmizə nəinki yüksək maraq, həm də bir sevgi yaranıb. Onlar bunu təkcə yay məktəbi üçün yazdıqları esselərdə deyil, bizimlə yazışmalarında da büruzə verirlər. Hədəfimiz də məhz budur: Azərbaycanı kor-koranə deyil, tanıdaraq, təqdim edərək sevdirmək və Azərbaycanın dostlarının sayını artırmaq. Yay məktəbi bitəndən sonra da BBMM həmin tələbələrlə əlaqələri davam etdirəcək, bəlkə də bu yay məktəbinin sonunda tələbələr Azərbaycan haqqında araşdırmalara başlayacaqlar. Çünki tələbələrin bir çoxlarının ixtisasları beynəlxalq münasibətlər, tarix, etnoqrafiya, coğrafiya və s. olduğundan onlar üçün Azərbaycanın multikultural mühitini, ölkəmizdəki milli azlıqların mədəniyyətini, həyat tərzini, dövlət tərəfindən təmin olunmuş hüquq və azadlıqlarını öyrənmək çox maraqlıdır. Onlar öz diplom, dissertasiya işlərində ölkəmizdə şahidi olduqları və yaşadıqları, yaxud təhsil aldıqları ölkələrdə olmayan məsələlərə daha çox üstünlük verəcəklər. Tələbələrin Azərbaycanla əlaqələri və gediş-gəlişi intensivləşəcək. Bu isə onların həm ölkəmizə olan marağını artıracaq, həm də Azərbaycanı onlar üçün doğmalaşdıracaq. Beləliklə, həmin tələbələr artıq Azərbaycanı öz ölkələrində təmsil və həm də təbliğ edən şəxslərə çevriləcəklər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info