“İtaliya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmaq istəyir”
Tarix: 09.07.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Həyata keçirilən dövlət siyasəti, o cümlədən
iri regional layihələr, qəbul olunmuş dövlət proqramları
Azərbaycanı daha da uğurlu gələcəyə aparır”

Romada İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) üçillik fəaliyyəti və “İtaliyanın Latsio regionu - Azərbaycan: diplomatik iqtisadiyyat” layihəsinin təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov üç il ərzində İTAZERCOM-un gördüyü işlərdən danışıb.
Bildirib ki, qurum Azərbaycan ilə İtaliya arasındakı əlaqələrin inkişafı istiqamətində uğurla fəaliyyət göstərərək ölkəmizin təbliği istiqamətində keçirilmiş bütün tədbirlərdə fəal iştirak edir. Son illər İtaliyanın Azərbaycanın önəmli ticarət tərəfdaşına çevrildiyini deyən səfir vurğulayıb ki, ölkələrimiz arasında siyasi, mədəni və iqtisadi əlaqələr sürətlə inkişaf etməkdədir. İkitərəfli və çoxtərəfli münasibətlərimiz dinamik olaraq genişlənir. Xüsusilə TAP layihəsinin reallaşması ilə bu əməkdaşlıq daha da dərinləşərək, Azərbaycanı Avropanın əsas qaz təminatçısına çevriləcək. Bütün bunlarla yanaşı İtaliyanın bir sıra şirkətləri Azərbaycanın qeyri-neft sektoruna da maraq göstərirlər. Ölkələrimizin elmi, mədəni, akademik dairələri arasında da əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Regionlarımız arasında əlaqələrin genişlənməsi hər iki ölkənin prioritetlərindəndir. Bu baxımdan Latsio regionu ilə əlaqələr xüsusi önəm kəsb edir. Belə ki, ölkəmizin turizm potensialının öyrənilməsi, biznes imkanlarının araşdırılması və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından bu region İtaliyanın Azərbaycana önəm verən bölgələrindən biridir. Ötən ay Azərbaycanda keçirilmiş ilk Avropa Oyunları barədə məlumat verən V.Sadıqov diqqətə çatdırıb ki, bu tarixi tədbir mövcud potensialımızı və Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarında olduğumuzu bütün dünyaya gostərmək imkanı yaratdı. Bununla yanaşı Azərbaycan İtaliyada keçirilən önəmli tədbirlərdə uğurla təmsil olunur. Bu baxımdan “Milan Expo-2015” və 56-cı “Venesiya Biennalesi” beynəlxalq sərgilərini xüsusi vurğulamaq lazımdır. Bütün bunlar Azərbaycan ilə İtaliya arasında mövcud uğurlu əməkdaşlığın nəticəsidir. İTAZERCOM-un prezidenti Manuela Traldi rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, bu qurum Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsi kimi önəmli bir missiya üçün fəaliyyət göstərir. İki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlər TAP layihəsinin reallaşması ilə daha da genişlənməkdədir. İtaliya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmağa maraq göstərirlər. Bu baxımdan İTAZERCOM tərəfindən təşkil olunan ticarət missiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu cür missiyaların gələcəkdə daha tez-tez təşkil olunması planlaşdırılır. Son illərdə Azərbaycanın qazandığı uğurlardan danışan M.Traldi ölkəmizin mühüm iqtisadi göstəriciləri barədə statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, Azərbaycanda bütün sahələrdə inkişaf müşahidə olunmaqdadır: “Bu ölkədə həyata keçirilən dövlət siyasəti, o cümlədən iri regional layihələr, qəbul olunmuş dövlət proqramları Azərbaycanı daha da uğurlu gələcəyə aparır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş məsləhətçisi Adil Qurbanov təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, qurum bir sıra ölkələrin, o cümlədən İtaliyanın müvafiq strukturları ilə uğurlu əməkdaşlıq edir. İtaliyalı sahibkarlarla daha sıx görüşlər keçirməklə Azərbaycanda mövcud əlverişli biznes mühiti barədə onları daha ətraflı məlumatlandırmaq vacibdir. Sonra “İtaliyanın Latsio regionu - Azərbaycan: diplomatik iqtisadiyyat” layihəsinin təqdimatı olub. Roma və ətrafında 8 mindən çox şirkəti birləşdirən “Confartigianato Imprese” Assosiasiyasının prezidenti Mauro Manokki, “Lazio innova” şirkətinin prezidenti Stefano Fantaçone, italiyalı sahibkarlara yeni bazarlara çıxmaqda dəstək olan “Simest spa” korporasiyasının nümayəndəsi Massimo D’Aiuto və italiyalı iş adamı Stefano Albano çıxış edərək müvafiq layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, layihə Latsio regionunun və Azərbaycanın iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi baxımından önəmlidir. Bu təşəbbüs əsasında iş adamlarımız qarşılıqlı səfərlər edərək fəaliyyət dairələrini genişləndirmək, yeni əlaqələr qurmaq və təcrübə mübadiləsi həyata keçirmək imkanı əldə edəcəklər. Çıxışçılar İTAZERCOM-un fəaliyyətini yüksək qiymətləndirərək belə bir qurumun təsis olunmasının iki ölkə arasındakı əlaqələrə mühüm töhfəsini vurğulayıblar. Qeyd ediblər ki, təşkilat fəaliyyəti ilə hər iki ölkədə iqtisadi və ticarət, maliyyə və biznes sahələrində hazırkı durumu öyrənmək və bugünkü reallığa uyğun iş qurmaq, investisiya yatırmaq istiqamətində həm azərbaycanlı, həm də italiyalı iş adamlarına da böyük yardım göstərir. Daha sonra Azərbaycan və Latsio regionu ilə bağlı videoçarxlar nümayiş olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info