“Kitabi-Dədə Qorqud” dastanlarının dilində xitab
Tarix: 09.07.2015 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


|

"Kitabi - Dədə Qorqud"un poetikası üçün səciyyəvi hesab olunan əlamətlərdən biri də bədii xitabların işlənməsidir. Bədii xitablarsız dastanı təsəvvür etmək mümkün deyil. "Kitabi - Dədə Qorqud"un təsir gücünü obrazlılığını, emosionallığını artıran xitablara, demək olar ki, hər abzasda rast gəlmək olar. Hətta dastana daxil olan on iki boydan yeddisinin adında xitab (xanım hey!) işlənmişdir. Şübhəsiz ki, "Kitabi - Dədə Qorqud"un dilində xitab kimi işlənən leksik vahidləri çıxartsaq o, öz təsir qüvvəsini itirər. "Kitab"da elə məqamlar var ki, obrazın - qəhrəmanın münasibəti müəyyən şəxsli və təktərkibli cümlələrlə deyil, müraciət bildirən söz və ifadələrlə verilmişdir. Məsələn, "Salur Qazanın evi yağmalandığı boyu bəyan edər" adlı boyda yurdu - yuvası yağı tərəfindən talanmış Qazan xan su ilə belə xəbərləşir: Çağnam - çağnam qayalardan çıqan su, Ağac gəmiləri oynadan su, Həsənlə Hüseynin həsrəti su, Bağ və bostanın ziynəti su, Ayişə ilə Fatimənin nigahı su, Şahbaz atlar gəlüb içdigi su, Qızıl dəvələr gəlüb keçdigi su, Ağ qoyunlar gəlüb çevrəsində yatdığı su, Ordumuñ xəbərin bilürmisin, degil maña! Qara başım qurban olsun, suyum, saña! — dedi (s.41) Nümunədə axırıncı iki misranı çıxmaq şərtilə ("suyum" sözü istisnalıq təşkil edir) bütün misralar bədii xitablardan ibarətdir. K.Vəliyev bu münsibətlə yazır: "Dastanda ayrıca ritm və intonasiya ilə müşayiət olunan, uzun söyləmə şəklində olan xitablar mühüm yer tutur. Xüsusilə genişlənıniş bədii xitablar ekspressiv məna çalarlıqlarına malik olmaları, mətnə ayrıca bəzək vermələri ilə fərqlənirlər. Genişlənmiş bədii xitablar əksər boylarda eyni şəkildə işlənirlər”. Demək olar ki, boyların əksəriyyətində qadın eyni sözlərlə ərinə müraciət edərək onun xarakterik xüsusiyyətlərini sayır. “ Dirsə xan oglu Buğac xan boyını bəyan edər, xanım, hey!” boyunda Dirsə xanın xatını ona belə müraciət edir:
Bəri gəlgil başım baxtı, evim taxtı.
Xan babamıñ göygisi,
Qadın anamın sevgisi.
Atam - anam verdigi.
Göz açıban gördügüm. Könül verib sevdigim A Dirsə xan...(s.8)
Bizim fikrimizcə, bu nümunədə ellips var. Çünki şeir dilinə uyğun olaraq və yersiz təkrarı aradan qaldırmaq üçün "A Dirsə xan" ifadəsi bütün misralarda düşmüşdür. "Kitab"dakı xitablar şərti olaraq iki yerə ayırmaq olar:a) Danışanın dinləyənə müraciəti cavab məqsədi güdmür. Məsələn: Məgər xanım, Bayındır xanın bir buğası vardı, bir dəxi buğrası vardı. (s.27), ....Saña bu yaradan qorxma, oğlan, ölüm yoqdur.(s.32), yüri oğul! Baban sana qıydısa, sən babana qıymağıl! - dedi.(s.32), Qaragünə oğlı Qarabudaq aydır: Ağam Qazan, məsləhətdir.(s.37), Oğul çoban, qarınım acdır.(s.43), Bəli, Ağam Qazan, gecədən bir quzu bişürib dururam.(s.43), Saqın, qadın ana! Mənim üzərimə gəlməyəsin, mənim için ağlamayasan. Qo bəni qadın ana, çəngələ ursunlar, qo ətimdən çəksünlər, qara qavurma etsünlər, qırq bəg qızınıñ öninə ilətsünlər.(s.45), Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!(s.56), Aydır: Oğul, Dəpəgöz, Oğuz əliñdə zəbun oldı, buañldı.(s.127) və s. b) Xitab sual məqsədi güdür. Məsələn: Görürmisin, Dirsə xan, nələr oldu? (s.28), Mərə aznavur, nə hayfımız qaldı? (s.38), Salur Qazan, bəg Qazan, ölümsin, dirimsin, bu işlərdən xəbərin yoqmıdır?(s.40), Qazan döndi baqdı, Oğul çoban, qanda gedərsin?-dedi.(s.43), Baybörə bəg, nə ağlayıb bozlarsan? Baybörə bəg aydır: Xan Qazan, necə ağlamayın, necə bozlamayın?(s.52), Dədə, qız qarındaşımıñ yolına bən nə istərsəm, verərmisən? (s.59), Oğlan, yüzügi alub taqındınmı? (s.130) və s. Dastanın poetikası üçün “mərə” sözlü bədii xitablar mühüm əhəmiyyət kəsb edir və bir növ çağırış bildirən nida kimi çıxış edir. Prof. Q. Kazımov "mərə" sözü haqqında yazır: "Özlüyündə müraciət bildirən, ədə, a gədə mənasını ifadə edən "mərə" sözünün mənşəyini müəyyən etmək çətindir, şivələrdə də izləri müşahidə edilmir". Lakin "Ensiklopediya"da "mərə" sözü "hey" mənasında işlənmişdir. "Kitab"da mərə sözü həm xitablarla birgə, həm də ayrılıqda işlənmişdir. Məsələn: Mərə ozan, qopuzun maña vergil, atumı saña verəyim (s.66). Mərə çobanlar, bir kişi yolda daş bulsa, yabana atar, siz bu yolda bu daşı neçün yığarsız?(s.66). Mərə oğlan, al şol barmağımdakı yüzügi parmağına taq, saña ox və qılıc kar eyləməsin (s.130), Qazan aydır; Mərə çoban, bu ağac nə ağacdır? (s.44), Mərə, varın, Qazanıñ oğlı Uruzı dartın çəngələ asuñ (s.44). Mərə, bənim oğlum başmı kəsdi. qanmı dökdi? (s.55), Mərə, qavat oğlı qavatlar! Ata dururkən oğul əlinmi öpərlər? (s.54) və s. Nəzmdə olduğu kimi nəsrdə də bədii xitablar emosiyalarını, hiss- həyəcanlarını ifadə etmək nöqteyi-nəzərindən obrazlar üçün mühüm əhəmiyyət kəsb edir. Məsələn: Qaba dizi üzərinə çökdi, ayıtdı; Ünüm añlan bəglər, sözüm dinlən bəglər! Yata - yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı: yüriyəlim a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlüm-içəlim, xoş keçəlim! Qıyan Selcuk oğlu Dəli Dondar aydır: Bəli, xan Qazan məsləhətdir. Qaragünə oğlu Qarabudaq aydır: Ağam Qazan məsləhətdir.(s.37), Vay, al duvağım iyəsi! Vay alnum - başım umurı! Vay şah yigidim, vay şahbaz yigidim! Doyınca yüzinə baqmadığım, xanım yigit! Qanda getdin, beni yanluz qoyub, canım yigit?! Göz açuban gördigim, könül ilə sevdigim, bir yasdıqda baş qodığım! Yolunda öldügim! Qurban olduğum! Vay, Qazan bəgin inağı! Vay Qalın Oğuzun imrəncəsi Beyrək!...(s.62). Yaxud da Dədə Qorqud Beyrək üçün elçiliyə gedəndə Dəlü Qarçar ona belə müraciət edir. Ay əməl azmış, feli dönmüş, Qadir Allah ağ alnına qada yazmış! Ayaqlılar buraya gəldiyi yoq. Ağızlılar bu suyumdan içdigi yoq...(s.58) "Kitabi - Dədə Qorqud"un dilində eyni bir obyektə müxtəlif sözlərlə müraciət olunur. Prof. Q.Kazımov haqlı olaraq yazır ki, "oğul çoban qanda gedərsən?" cümləsində "oğul" sözündən sonra vergül qoyulmalıdır. Dastanda bu formada bir neçə cümləyə rast gəlmək olur. Məsələn: Oğul çoban, qarnım acdır, heç nəsnən varmıdır yeməgə? (s.43), Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar. (s.60) və s. Belə cümlələrdə müraciət bildirən sözlər eyni bir şəxsə ünvanladığı üçün sinonimlik keyfiyyətinə malik olub vergüllə ayrılır. "Kitab"ın dilində xitabın, xüsusən də genişlənmiş xitabın ifadə vasitələri arasında substantiv birləşmələr böyük rola malikdir. Bu haqda K.Vəliyev yazır: "Dədə Qorqudun dilində bədii təyinlərin substantivləşərərk, xitab rolunda çıxış etməsi geniş yayılmışdır. Bu, müraciətin daha bədii və təsirli formasıdır. Uyğun ritm və intonasiya ilə müşayiət olunan bu xitablarda müraciət edənin daxili aləmi, psixologiyası açılır. Dastanda bütöv parçalar belə genişlənıniş bədii xitablar üzərində qurulmuşdur. Substantivləşmiş bədii təyinlər bir-birinin ardınca gələrək müraciət ediləni bildirir." Məsələn;
Qaranqu axşam olanda güni doğan,
Qar ilə yağmur yağanda ər kibi duran,
Qaraquc atları gördügində kişnəşdirən,
Qızıl dəvə gördügində bozlaşdıran,
Ağca qoyun gördügində quyruq çırpub qamçılayan,
Arqasını urub bərk ağılıñ ardın sökən,
Qarma-bükəc səmüzin alub tutan,
Qanlu quyruq üzüb çap - çap yudan,
Avazı qaba köpəklərə ğavğa saları,
Çaqmaqluca çobanları dünlə yügürdən,
Ordumuñ xəbərin bilürmisin, degil mana!
Qara başım qurban olsun, qurdum, saña! - dedi.(s.41)
Dastan dilində işlənən müraciət bildirən sözlərin yeri haqqında da konkret fikir söyləmək mümkün deyil. Çünki ara sözlər kimi xitablar da cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilmir və cümlənin istənilən yerində gələ bilir. Məsələn:
Xitab cümlənin əvvəlində
Sultanım, bən varayın, ölüsi - dirisi xəbərin gətirəyin! - dedi.(s.62), Mərə ozan, nərəyə gedərsən? Ozan aydır: Bəg yigit, dügünə gedərəm.(s.66), Məgər xanım, Boyı uzun Burla xatun oğlarıcuğını andı, qərarı qalmadı.(s.91), Mərə dəli qavat, öginürdüñ, derdin, al qanatlu əzrayil mənim əlümə girsə, öldürəydim; yaxşı yigidin canın onun əlindən qurtaraydım - derdin.(s.96), Oğul, qız buldıñmı?
(s.104), Qadın ana, bəg baba, əsən qaluñ! - dedi.(s.105), Oğul, sən varacaq yerüñ: Dolamac - dolamac yolları olur. (s.105), Məgər, xanım, təkür peşman oldu. (s.113), Oğlanım, sən insansan. (s.125), Xanım, sazdan bir aslan çıqar, at urar, apul - apul yüriyişi adam kibi. (s.125), Pəri qız gəldi. Aydır: Çoban, əmanətin gəl, al! Amma Oğuzun başına zaval gətürdüñ!- dedi. (s.126), Dəpəgözin pəri anası gəlüb oğlanın parmağına bir yüzik keçürdi. Oğul, saña ox batmasın, tənüni qılıc kəsməsün! - dedi. (s. 126), Oğlan, qurtuldunmu? (s. 131), Xatun aydır: Yigidim, bəg yigidim! Padşahlar Tañrının kölgəsidir. (s.137), Hay Dirsə xan, baña qəzəb etmə. (s.26), Dirsə xan, görürmisin oğlanı, yazıda - yabanda keyiki qovar, sənin önüñə gətürər. (s.30), Ay oğul, Banıçiçəgin bir dəli qardaşı vardır, adına Dəli Qarçar derlər; qız diləyini öldürər.... Oğul, Qalın Oğuz bəglərini odamıza oxuyalım... (s.57), Dədə, oğlanımısan, qızmısan? (s.59) və s. Xitab cümlənin ortasında Qalqubanı, yigitlərim, yerüñizdən uru durun, bu qərayib baña ya xatundadır-dedi. (s.25), Görürmisin, Dirsə xan, nələr oldu? (s.28), Böylə digəc, xanım, ol namərdlərin yigirmisi dəxi çıqa gəldi və bir quv dəxi gətürdilər. (s.28), Saña bu yaradan qorxma, oğlan, ölüm yoqdur. (s.32), Görürmisin, ay oğul, nələr oldu? (s.34), Görəlim, xanım, necə xəbərləşdi. (s.41), Çal qılıcın, ağam Qazan, yetdim! - dedi. (s.49), Vallah, sultanım, bu yigit yüzi niqablu yaxşı yigitdir. (s.56), Dügün qanlu olsun, xan qızı!-deyü barmağından altun yüzügi çıqardı, qızın parmağına keçürdi. (s.57), Beyrək baqdı gördi kim, kiçi qız qarındaşı biñar su almağa gəlür qardaş Beyrək! deyü ağlar-bozlar. (s.67), Dur qız, oyñarsan-oyñamazsan, cəhənnəmdə oyna! (s.43), Alan sabah, xan qızı, yerimdən durmadımmı? (s.45), Qazan bəg aydır: Muştuluq, Baybörə bəg! Oğlun gəldi!-dedi. (s.76) və s. Xitab cümlənin axırında. Qadir Tañrı səni namərdə möhtac eyləməsün, xanım, hey! (s.36), Başındağı tuğulğanı nə ögərsən, mərə kafir, Başımdağı börkümcə gəlməz maña! (s.39), Ölmüşmiydin, yitmişmiydin, a Qazan! (s.42), Ağzıñ qurusun, çoban! Dilin çürisün çoban! (s.43), Uruz aydır: Ağzuñ qurusun, ana! Dilün çürüsün ana! (s.45), Qova - qova bir yerə gəldi. Nə gördi sultanım?! (s.55), Ya nə məsləhətə gəldiñ, yigit?-dedi. (s.56), Bəli, ağ saqallu əziz baba. (s.57), Çal, mərə, dəli ozan! (s.73), Ünüm añla mənim,sözüm dinlə, ağam Qazan. (s.80), Ğafil olma, qara başıñ qaldır, yigit! Ala qıyma görklü gözün açğıl, yigit! (s.113), Yum verəyim, xanım! (s.144), Günahmızı adı görklü Məhəmmədə bağışlasun, xanım hey!!! (s.144), Ağzıñ içün öləyim, qardaş! (s.152) Nümunələrdən göründüyü kimi, müraciət bildirən sözlər cümlənin axırında az işlənir. Cümlənin axınnda işlənənlər də daha çox sadə, təyinsiz, genişlənməmiş olur.Xitab quruluşca sadə və geniş olur. Lakin xitabın quruluşca növü cümlə üzvlərindən əsaslı şəkildə fərqlənir. Belə ki, cümlə üzvləri bir leksik vahidlə (sadə, düzəltmə və mürəkkəb) ifadə olunduqda sadə, söz birləşmələri ilə ifadə olunduqda mürəkkəb olur. Xitab isə bir leksik vahid və ya söz birləşməsi ilə ifadə olunmasından asılı olmayaraq quruluşca sadə hesab olunur. Ona görə də başqa prinsiplərdən istifadə etmək lazım gəlir. Onu da qeyd edək ki, xitabların quruluşu haqqında dilçilikdə bir-birinə zidd olan müxtəlif mülahizələr mövcuddur. Bir qrup dilçilər söz birləşmələri ilə ifadə olunan xitabları mürəkkəb götürdüyü halda Q.Kazımov onları sadə xitab kimi qəbul edir. Q.Kazımov bu haqda yazır: "Xitabların quruluşunu müəyyənləşdirmək üçün başqa prinsipdən istifadə etmək lazım gəlir, çünki xitabların əsasında isimlər, isimləşmiş sözlər və ismi birləşmələr dursa da, onlar çox zaman təyinedici sözlər hesabına genişlənir və nəticədə həcm etibarilə iki üzvə mübtəda və onun təyininə uyğun gəlir. Ona görə də bir üzv həcmində olan xitablar müxtəsər (sadə) iki üzv həcmində olan xitablar geniş (mürəkkəb) xitab hesab olunur". Biz də Q.Kazımovun bölgüsün məqbul hesab edir və xitabların quruluşunu alimə istinadən təsnif edirik. Sadə - müxtəsər xitablar. Andan dəxi sizi, xanum, Allah saqlasın! Ocağıñıza buncılayın övrət gəlməsün. (s.23), Ayıtdılar: "Xanım, bu gün Bayındır xandan buyruq şöylədir kim oğlı - qızı olmayanı Tañrı Taala qarğayıbdır, biz dəxi qarğarız demişdir" - dedilər. (s.25), Xan qızı, yerimdən durayınmı? (s.26), Məgər xanım, Bayındır xanımıñ bir buğası vardı, bir dəxi buğrası vardı. (s.27). Məgər, sultanım genə yazın buğayı saraydan çıqardılar. (s.27), Görürmisin, Dirsə xan , nələr oldu? (s.28), Ana ağlamağıl, maña bu yaradan ölüm yoqdur, qorxmağıl! (s.33), Xanım, oğlanıñ qırq gündə yarası oñladı, sapasağ oldı. (s.33), Yata - yata yanımız ağrıdı, dura - dura belimüz qundı; yüriyəlim a bəglər, av avlayalım, quş quşlayalım, sığın - keyik yıqalım, qayıdayım, otağımıza düşəlim, yeyəlim - içəlim xoş keçəlüm! (s.37), Ölmüşmiydiñ, yıtmişmiydiñ, a Qazan! Qanda gəzərdiñ, nerədəydin, a Qazan! (s.42), Qazan döndi baqdı, oğul çoban, qanda gedərsin?—dedi (s.43), Mərə çoban! Qarnıñ acıqmamışkən, gözin qararmamış ikən bu ağacı qoparı gör, yoxsa səni bunda qurtlar - quşlar yer dedi. (s.44), Bəglər! Bilürmüsüz, Qazana necə heyf eyləmək gərək? (s.44), Mərə çoban, bu ağac nə ağacdır (s.44), Ağzun qunsun, ana! Dilün çürisün, ana! (s.45), Hey, ana! Ərəbi atlar olan yerdə; Bir qulunı olmazmı olur.(s.46) Bəglər, mənim dəxi haqqıma bir dua eyləñ. (s.52), Ünüm anla, sözüm dinlə, Baybörə bəg! (s.55), Dəli Qarçar aydır: Hay Dədə Sultan, Tañrı bunuñ simüzin də alsun, arığun da alsun. (s.60), Oğul, oğul deyübən bögürdü, zarlıq qıldı. (s.60), Hey, mənim qırq yoldaşım! Bilürmisiz, nələr oldı? (s.64), Mərə ozan, qopuzuñ mana vergil, atumı saña verəyim. (s.66), Burla xatun aydır: Qız, qalq oyna, əlündən nə gəlür? (s.74), Beyrək gedəli Bam - bam təpə başına çıqdınını, qız?! (s.74), Dilin için öləyin, gəlincigüm! Yoluña qurban olayın, gəlincigüm! Yalansa bu sözləriñ, gerçək ola, gəlincigüm! (s.75), Qazan aydır; Oğul, biñ kafır öldürsəñ, kimsə səndən qan dəviləməz (s.81), Oğul, oğul, ay oğul! Mənim ünüm añla, sözüm diñlə! (s.82), Sam yelləri əsmədin, Qazan, qulağım çinlar. Sarımsaq atın yemədin. Qazan, içüm göynər. (s.85) və s. Müxtəsər xitablar dastanın şeir dilində də geniş işlənərək güclü təkrir, xüsusən də təkrir-epifora sistemi yaradır. Məsələn, "Qam Börəniñ oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım, hey" boyunda dəli ozan qiyafəsində Banıçiçəyin toy mərasiminə gələn Beyrək ona belə müraciət edir: Beyrək gedəli Bam - bam dəpə başına çıqdıñmı, qız?! Qarılatıb dört yanıña baqdıñmı, qız?! Qarğu kibi qara saçın yoldıñmı, qız?! Qara gözdən acı yaş dökdüñmi, qız?! Güz alması kibi ol yanağıñ yırtıñmı, qız?!... Geniş xitablar "Kitabi - Dədə Qorqud"un poetikasında geniş - mürəkkəb xitablar öz səciyyəvi xüsusiyyətləri ilə müxtəsər xitablardan köklü şəkildə fərqlənir. Əvvəldə qeyd etdiyimiz kimi mürəkkəb xitablar iki üzv həcmində olur və daha çox substantiv birləşmələr və tərkiblərlə ifadə olunur. Müxtəsər xitablar həm nəsr, həm də nəzm dilində müvazi olaraq işləndiyi halda geniş xitablara daha çox dastanın şeir dilində təsadüf olunur. Həmçinin müraciət və təsvir obyekti kimi götürülən obrazların, əşyaların xarici görkəmi, xarakteri, əlamət və keyfıyyəti poetik bir dillə mübaliğəli şəkildə vəsf olunur.Və şübhəsiz ki, bu xalqın öz qəhrəmanını necə görmək istəməsindən irəli gəlir.Məsələn, Beyrəyin sağ-salamat olması xəbərini alandan sonra Baybörə bəy Beyrəyə belə deyir: Oğul! Dünlügi altun ban evimiñ qəbzəsi oğul! Qaza bəñzər qızumuñ - gəlinimiñ çiçəgi oğul! Görər gözüm aydını oğul! Tutar belüm qüvvəti oğul! Qalın Oğuz imrənəsi, canım oğul!.... (s.76) Hətta bəzi məqamlarda azğın kafirin dilindən də belə müraciətlər eşitmək mümkündür. Məsələn: Qaranqu axşam olanda qayğulu çoban Qarla yağmur yağanda çaxmaqlu çoban, Südi - pendiri bol qaymaqlu çoban Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz...(s.38) Dastanın poetikasında I növ təyini söz birləşmələri ilə ifadə olunan geniş xitablar mühüm əhəmiyyət kəsb edir. Məsələn: Səni yağı nerədən darımış, gözəl yurdum?! (s.40), Ağam Qazan, bu ağac ol ağacdır kim, sən kafir basırsan, qarnıñ acığar, mən saña bu ağacla yemək bişürərin. (s.44), Bəli, bəs ağ saqallu əziz baba. Evərmax gərək!-dedi. (s.57), Vay, bəgim qardaş! Muradına-məqsuduna irməyən yalñuz qardaş! - deyüb ağlaşdılar-bögirişdilər. (s.61), Bəri gəlgil, qulunum oğul. (s.79), A bəg baba! Dəvəcə böyümişsən, köşəkcə aqlın yoq! (s.79), Bəg yigidim Qazan! Qalqubanı yerindən uru durduñ. (s.84), Bəri gəlgil a bəg baba!(s.88), Çal qılıcıñ, ağam Qazan, yetdim!.. (s.93), Ağ saqallu əziz, izzətlü, canım baba! Bilürmisən nələr oldı? (s.98), Yucalardan yucasan, kimsə bilməz necəsən! Görkli Tañrı... (s.102), Mərə dəlü ozan! Məndən nə dilərsən? (s.72) və s. Dastan üzərində aparılan tədqiqat göstərir ki, emosionallığı, obrazlığı artırmaq məqsədilə bir çox hallarda həmcins bədii xitabların sonuncusunda təyin olunan saxlanılmaqla əvvəlkilər ixtisar oluna bilir. Məsələn: Alar sabah sapa yerdə dikiləndə ağ - ban evli, Atlasla yapılanda gög sayvanlu, Tavla - tavla çəkiləndə şahbaz atlu, Çağıruban dad verəndə yol çavuşlu, Yayqanduğında yağ dökülən bol nemətlü! Qalmış yigit arxası! Bizə miskin umudı! Bayındır xanıñ göygüsi! Tülü quşuñ yavrsı! Türkistanıñ dirəgi! Amit sayınıñ aslanı, Qaraçuğun qaplanı! Qonur atıñ ayası, Xan Uruzun babası Xanım Qazan, üñüm anla, sözüm diñlə... Genişlənmiş bədii xitabların təyinedici tərəfi həm ismi, həm də feli birləşmələrlə ifadə olunur. Məsələn: Bərü gəlgil, Salur bəgi, Salur görgi. Başım baxtı, evim taxtı! Xan babamın göygüsü Qadın anamm sevgisi, Atam - anam verdügi, Göz açuban gördügim. Könül verüb sevdügim. Bəg yigidim Qazan! Qalqubanı yerindən uru durdıñ... Dastanın dilində yalnız insanlara deyil, müxtəlif heyvanlara habelə cansız varlıqlara da müraciətə də rast gəlmək olur. Əgər insanlara aid edilən bədii xitablar müraciət, bəzən də münasibət funksiyasını daşıyırsa, heyvanlara və cansız varlıqlara aid edilən bədii xitablar müraciətlə yanaşı obrazlılıq, emosionallıq, ekspressivlik funksiyasını icra edir. Təbii ki, bu da dastanın təsir gücünü artırır. "Kitabi - Dədə Qorqud"da müxtəlif cansız varlıqlara, heyvanlara edilən müraciət bildirən sözlər qədim insanların, əcdadlarımızın müxtəlif totemlərə inamı ilə əlaqədardır. Məsələn, "Salur Qazanın evi yağmalandığı boyı bəyan edər" boyunda Qazan oğlu Uruz ağaca aşağıdakı kimi müraciət edərək onun səciyyəvi keyfiyyətlərini sadalayır:
Ağac, ağac! Dersəm saña, ərlənmə ağac!
Məkkə ilə Mədinənin qapusı ağac!
Musa Kəlimün əsası ağac!
Böyük - böyük sularıñ körpisi ağac!
Qara-qara dəñizləriñ gimisi ağac!
Şahi - mərdan Əlinin Düldülinin əyəri ağac!
Zülfiqarıñ qınıyla qəbzəsi ağac!
Şah Həsənlə Hüseynün beşigi ağac!
Əgər ərdir, əgər övrətdir, qorxusı ağac! Başın ala baqar olsam, başsız ağac! Dibiñ ala baqar olsam, dibsüz ağac! Məni saña asarlar, götürməgil ağac! Götürəcək olursañ, yigitligim səni tutsun, ağac! Bizim eldə gərək idin, ağac! Qara hindu qullarıma buyuraydım, Səni para-para doğrayarlardı, ağac! (s.46)
"Dədə Qorqud"da işlədilən xitablar bəzən çağırış bildirən nidalarla birgə işlənir. Bu halda onlardan sonra fasilə olmadıqda durğu işarəsinə ehtiyac olmur. Məsələn: Mərə Qısırca yengə, dur sən oyna... (s.72), Mərə yigit, mənim atumı kimsə keçdügi yoq. (s.56), Ay oğul, Banıçiçəgin bir dəli qardaşı vardır, adına Dəli Qarçar derlər; qız diləyəni öldürər. (s.57), Oğul, oğul, ay oğul! Yağıya girüb baş kəsmədiñ. (s.82)
Nida ilə xitab arasında fasilə edildikdə, tonun hansı səviyyədə olmasından asılı olaraq, yazıda vergül, yaxud da nida işarəsi qoyulur. Məsələn: Hey, mənim qırq yoldaşım! Bilürmisiz, nələr oldı? (s.64), "Hey, hey, dayələr, babam maña bən səni yüzi niqablu Beyrəgə vermişəm"-derdi. (s.56), Hay, bəg yigitlər, kafiri kim öldürdi.(s.123) Qeyd: Məqalədə dastanın 2004-cü il nəşrindən istifadə edilmişdir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info