Azərbaycan dünyanın potensial investorlarından birinə çevrilməkdədir
Tarix: 30.01.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Azərbaycan sərmayəsini gözləyən müxtəlif xarici dövlətlərin sayı durmadan artır

Dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzi hesab edilir. Güclü iqtisadi potensial ölkəmizi investisiya ixrac edən ölkəyə çevirməklə Avropa İttifaqı və MDB məkanında irihəcmli investisiya layihələrinin iştirakçısı edib. Ölkədə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanları daha da genişləndirilir.
Real faktdır ki, hazırda Azərbaycan dünyanın ən aparıcı potensial investorlarından birinə çevrilməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan sərmayəsini gözləyən müxtəlif xarici dövlətlərin sayı durmadan artır, ölkəmizə sözügedən məsələ ilə əlaqədar ünvanlanan əməkdaşlıq təklifləri çoxalır. Böyük maliyyə imkanlarına malik Azərbaycan isə, öz növbəsində, maraqlarının təmin olunması şərtilə son bir neçə ildə ayrı-ayrı xarici ölkələrə artıq dəyəri milyardlarla dollar həcmində olan investisiyalar yatırır. Bununla bağlı Prezident İlham Əliyev deyib ki, ölkənin iqtisadi imkanları artdığından indi Azərbaycan xarici ölkələrə də sərmayələr qoyur: “Bu gün dünyanın bir sıra ölkələrində də Azərbaycan investisiyalarını gözləyirlər. Biz sərmayələr üçün nəinki enerji, digər sahələrdə də yeni yerlər axtarırıq. Bunu etmək üçün imkanlarımız var”. Dövlət başçısı əlavə edib ki, investisiyaları xaricə yönəltməkdə məqsəd Azərbaycanın iqtisadi maraqlarını daha da gücləndirmək, iqtisadiyyatı şaxələndirməkdir. Ölkə başçısının fikrincə, bütün bunların nəticəsində Azərbaycan daha uğurlu xarici siyasət aparacaq.
Hazırkı şəraitdə ölkəmizin sərmayə qoyduğu əsas dövlətlər sırasında Gürcüstan, Türkiyə, Rusiya və digərləri yer alır. Azərbaycanın sərmayə yatırdığı dövlətlər sırasında qonşu ölkələrin ilk yerdə olması isə təsadüfi xarakter daşımır. İlk növbədə, ona görə ki, Azərbaycanın investisiya üçün seçdiyi xarici dövlət və burada sərmayə qoyulan sahələr kifayət qədər düşünülmüş bir strategiya əsasında həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmiz qonşu dövlətlər olan Gürcüstan və Türkiyədə enerji infrastrukturuna kifayət qədər böyük sərmayələr yatırır. Bu həm də ondan irəli gəlir ki, Azərbaycanın dünya enerji bazarına çıxışının təminatı baxımından əsas tranzit ölkələr sırasında məhz adıçəkilən iki dövlət çıxış edir. Bu səbəbdən enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda, bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsi sayılır. Sözügedən ölkələrə investisiya yatırımı əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilir. Son məlumatlara görə, təkcə ARDNŞ vasitəsilə Gürcüstana qoyulan investisiyaların həcmi 500 milyon dolları keçir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası üçün isə Azərbaycan tərəfindən Gürcüstana uzunmüddətli kreditlər ayrılıb.

Azərbaycan beynəlxalq miqyasda kreditor ölkələrdən birinə çevrilməkdədir

Azərbaycanın xarici investisiya siyasətinin əsas mərkəzlərindən biri ölkəmizin strateji tərəfdaşı olan Türkiyədir. Artıq "SOCARTurcasInjaz" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət səhm paketinin həlledici hissəsinin sahibidir. 2017-ci ilədək ARDNŞ Türkiyəyə 17 milyard dollar investisiya yatıracaq.
Ötən il İstanbulda Azərbaycanla Türkiyə tərəfləri arasında “TransAnadolu” qaz boru xətti (TANAP) layihəsi üzrə bağlanan saziş də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Avropaya nəql edilməsini nəzərdə tutan TANAP layihəsi olduqca mühüm addımdır. Bu layihə Azərbaycan üçün ölkənin inkişaf perspektivi ilə bağlı böyük əhəmiyyətə malikdir.
Enerji ilə yanaşı, xaricə sərmayələrin qoyuluşunda Azərbaycan digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarır.
Azərbaycan tərəfindən xarici ölkələrdə investisiyalar təkcə Türkiyə və Gürcüstanla məhdudlaşmayaraq bir çox postsovet ölkələrini, məsələn, Ukrayna və Moldovanı da əhatə edir. Bir çox Şərqi Avropa dövlətləri, xüsusən də onların enerji infrastrukturuna sərmayə yatırımı Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məqamlar sırasında yer alır.

DNF yığılmış sərmayənin daha çox gəlir gətiməsi üçün təqdirəlayiq addımlar atır

Belə ki, ötən il Dövlət Neft Fondu Londonda, Parisdə və Moskvada daşınmaz əmlaklar alıb. Bunlara dəyəri 177 milyon 350 min funt sterlinq olan Londonun West End səmtində, dəyəri 135 milyon avro olan Paris şəhərinin Vandom meydanı 8 ünvanında, dəyəri 133 milyon ABŞ dolları olan Moskva şəhərinin “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzləri daxildir.
İqtisadçı-ekspert Natiq Cəfərli qəzetimizə bildirdi ki, dövlət yolu ilə xaricdə qoyulan çox böyük investisiyaların əksəriyyəti məhz DNF-in xətti ilə həyata keçirilir: “Azərbaycanın xaricdəki investisiyaları kifayət qədər artır. DNF yığılmış sərmayənin daha çox gəlir gətirməsi üçün təqdirəlayiq addımlar atır. DNF qiymətli kağızlar bazarında da aktiv rol oynayacaq. Ümumiyyətlə, DNF-in xarici partnyorların təklif etdiyi investisiya layihələrində iştirakçı kimi fəaliyyət göstərməsi gözlənilir”.
N.Cəfərli bu sahədə sırf kommersiya nöqteyi-nəzərindən xarici bazarda uğurlu addımların atıldığını vurğuladı: “Bu baxımdan ARDNŞ-in fəaliyyəti xüsusi qeyd olunmalıdır. ARDNŞ xarici ölkələrdə yanacaqdoldurma məntəqələri, neftayırma zavodlarının tikilməsində, eləcə də nəqliyyat dəhlizlərinin yaradılmasında da çox aktiv rol oynayır. Bunlar Azərbaycana uzunmüddətli yatırımlar baxımından yaxşı gəlir gətirə biləcək sahələrdir. Buna TANAP, İzmirdə tikiləcək böyük neftayırma zavodunu misal göstərmək olar. Bu layihələr gələcəkdə Azərbaycana ciddi şəkildə gəlir gətirəcək. Sadəcə olaraq bunun idarə olunması müasir bazar qaydalarına uyğun aparılmalıdır”.
Onun fikrincə, bu baxımdan Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, inkişaf etməkdə olan bölgələrdə də ciddi fəaliyyət göstərməlidir. “Çünki dünyanın iqtisadi xəritəsinin inkişaf dinamizmi onu göstərir ki, yaxın 10-15 ildə məhz inkişaf etməkdə olan ölkələrə qoyulan yatırımlardan daha çox müvəffəqiyyət əldə etmək olar”,-deyə o əlavə etdi.
FUAD




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info