Tayfur Əliyev: “I Avropa Oyunları gələcək uğurlarıma açılan bir qapı oldu”
Tarix: 09.07.2015 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Artıq “Bakı 2015” ilk Avropa Oyunları arxada qaldı, nəinki Azərbaycan, bütünlükdə Avropa üçün möhtəşəm bir tarixə çevrildi. AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəylinin də dediyi kimi, dünya idman hərəkatı tarixində Avropa Oyunlarının Azərbaycan standartları kimi daxil oldu. Azərbaycan bu oyunlara layiqli ev sahibliyi etməklə, çox qısa zaman kəsiyində əsl möcüzə, əfsanə yaratdı. Ən müasir, gözoxşayan idman obyektləri tikildi, qitə olimpiadası əsl idman bayramı, idman festivalı səviyyəsində keçirildi. Azərbaycan öz siyasi iradəsini, iqtisadi qüdrətini, xalqla dövlət birliyini, əzmkarlığını, qonaqpərvərliyini, tolerantlılığını, yenilməzliyini insan əzminin, fantaziyasının ecazkarlığını dünyaya sübut etdi. Çağdaş inteqrasiya, qloballaşma əsrində Azərbaycan Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində öz varlığını zəngin və qiymətli milli varidatı, qədim milli-mənəvi dəyərləri ilə dünyaya qəbul etdirməyi, sevdirməyi bacardı. Lazım gələrsə, Nar kimi bir vahid, tam olaraq birləşməyə qadir olduğunu, müstəqillik toxunulmazlığını bəyan etdi. Çarpışmalar, müharibələr, terror və qətliyamlar əsrində Azərbaycan əfsanəvi Simurq quşu obrazı ilə dünyanı, bəşəriyyəti xilas etmək kimi sülhpərvər, tərəqqipərvər siyasətini, xoş məramını, xeyirxah niyyətini dünyaya çatdırdı. Əslində hər 4 ildən bir təşkil olunacaq yarışların məşəlinin Bakıdan, Atəşgah məbədindən alovlandırılması Azərbaycanın qitəmiqyaslı oyunların təşkili ənənələri ilə də bir məbəd, məktəb rolu oynayacağı deməkdir. Nəhayət, ilk Avropa Oyunları Azərbaycan idman əzmini, şücaətini göstərdi. Medal sayına görə ölkələrin reytinq cədvəlində 21 qızıl medalla 2-ci yeri tutduq. 56 medal qazanan milli komandanın aktivinə eyni zamanda 15 gümüş və 20 bürünc medal da yazıldı. Elə müsahibim də “Bakı 2015” ilk Avropa Oyunlarının bürünc medalçısı, Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə ”Tərəqqi” medalı ilə təltif olunan boksçu Tayfur Əliyevdir. Naxçıvan Boks Məktəbinin yetirməsi olan Tayfur Əliyev ali təhsil aldığı Naxçıvan Dövlət Universitetinin də fəxridir.
- Tayfur, əvvəlcə səni ilk Avropa Oyunlarında böyük uğur qazanmağın, eyni zamanda dövlət mükafatı ilə təltif olunmağın münasibətilə bütün azarkeşlərin, ali təhsil aldığın universitetin çoxsaylı kollektivi adından təbrik edirəm.
- Çox sağ olun, minnətdaram.
- Hər bir böyük uğura apara yolun, təbii ki, bir başlanğıcı da var. Nə vaxtdan idmanla məşğulsan?
- İdmana 4 yaşımda, 2001-ci ildən gəlmişəm. Məktəbdə çox fəal olub, məşqlərə həvəs göstərmişəm. İlk dəfə yarışlara 11 yaşımda, Naxçıvan üzrə regional turnirlərdə çıxmışam. Yəqin ki, boksa olan sevgi və marağım məni buraya qədər gətirib. - Yəqin razılaşarsan ki, istər sənətdə, istərsə də idmanda insanı duyan, ona dəstək olan, etimad göstərən, xüsusilə də bu işin peşəkarı olan bir ailənin olması məncə elə uğurun yarısıdır.
- Əlbəttə. Atam xarici ölkədə keçirilən yaışlarda, Avropa Oyunları zamanı isə anamla birgə azarkeşlik etməklə mənim ən böyük dəstəkverənim, arxam olub. Atam Nəriman Əliyev boks məşqçisidir. Məni də, qardaşımı da idmana o gətirib. Qardaşım Sərxan Əliyev də boksçudur. O, dəfələrlə Azərbaycan çempionu və medalçısıdır. Son olaraq ötən ay gənclər arasında Azərbaycan birinciliyinin qalibi olub. Məşqlərimizi bir zalda, bir yerdə edirik. Atam hər məşqimizdə yanımızdadır, dəstəyini əsirgəmir. Çox etibarlı insandır və bizim üçün böyük dayaqdır. Həm valideyn, həm müəllim, həm də məşqçimiz və etibarlı dostumuzdur.
- Tələbəlik neçə keçir? İdman karyerana mane olmur ki?
- Yox. Tələbə adını daşımaq bir ayrı hissdir. Tələbəliyin öz gözəlliyi var. Mən də bacardığım qədər bu illərdən səmərəli faydalanmağa çalışıram. Çünki, tələbəlik illəri ömürdə insana bir dəfə verilən, gəncliyin ən qayğısız, ən mənalı, xatirələrlə dolu illərdir. Tələbə kimi universitet rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun, müəllilərimin hər zaman diqqət və qayğısını, tələbə dostlarımın dəstəyini görmüşəm. Hörmətli rektorumuz hər qələbədə sevincini mənimlə bölüşüb, məni ruhlandırıb. Fürsətədn istifadə edib, minnətarlığımı bildrirəm.
- Qayıdaq Avropa Oyunlarına. Bu yarışların iştirakçısı olmaq üçün belə, yetərincə nailiyyətlərin, nəticəlrin olmalı, özünü təsdiq etməli, seçilməli idin.
- Doğrudur. 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan çempionatına qatıldım. Gənc olduğumdan həyəcanım çempion olmağıma mane oldu və yalnız ikinci oldum. Bir il sonra eyni yarışda istəyimə çataraq qızıl medal əldə etdim. Bir il sonra yenidən ölkə çempionu olaraq Avropada döyüşmək şansı qazandım və ilk cəhddən gümüş medala sahib çıxdım. Ümumiyyətlə, yeniyetmə və gənclər arasında 6 dəfə Azərbaycan çempionu olmuşam. 2011-ci ildə Qroznıda keçirilən boks üzrə yeniyetmələr arasında Avropa çempionu oldum. 2013-cü ildə isə gənclər arasında Anapada keçirilən Avropa birinciliyində gümüş medal qazandım. 2012-ci ildə hər il keçirilən “Prezident Kuboku”nun qalibi oldum, 2013-cü ildə mənim üçün ən dəyərli kubokun – turnirin ən yaxşı boksçusu üçün təsis edilən kubokun sahibi oldum. Uzun müddətdir ki, kişilər arasında keçiriləcək ölkə çempionatında çıxış etmək üçün hazırlaşırdım. Karyeram ərzində ilk dəfə çıxış etdiyim turnirin qalibi adını qazanmaq məni çox sevindirdi. Dörd rəqibimi məğlub edərək 60 kq çəki dərəcəsində çempion oldum və bununla Avropa Oyunlarına vəsiqə qazandım. Bu, mənim üçün çox sevindirici oldu. Yarışa qədər Rusiyanın paytaxtı Moskvada beynəlxalq turnirdə çıxış etdm. Bununla yanaşı, Avropa Oyunlarından öncə millinin düşərgəsində təlim-məşq toplanışına qatıldım. İtaliyada keçirilən təlim-məşq toplantılarında koreyalı boksçular ilə yoldaşlıq görüşlərində, Meksikada keçirilən 24 günlük təlim-məşq toplantısında müvəffəqiyyət qazandım. Daha sonra aprel ayında 16 dövlətin iştirakı ilə ilk Avropa Oyunlarının “Böyük ipək yolu” adlı test xarakterli beynəlxalq turniri keçirildi. Orada da qalib oldum. - Yarışlara qədərki gərgin məşqlər, hazırlıq və nəhayət məsuliyyət, həyəcan dolu yarışılar... “Qıraqdqan baxana döyüş asan gəlir” deyirlər. Çoxmu çətin keçdi yarışlar, rəqiblərin çoxmu peşəkar, güclü idi?
- Bu yarış mənim üçün təcrübə baxımından çox önəmli idi. Çünki kişilər arasında ilk olaraq beynəlxalq turnirdə iştirak edirdim. Yarışlarda Avropanın ən güclü boksçuları iştirak edəcəyini bilir və çox ciddi hazırlaşırdım. Kənardan baxanda mənə də başqa idman növləri asan gəlir. Lakin bütün idman növləri kimi boks da mürəkkəbdir, çətindir. Boksda müdafiəni qorumaq, gücünü ağılla işlətmək lazımdır. boks demək o demək deyil ki, hardan gəldi yumruq zərbələri vurasan. Bu, şahmat kimi bir idmandır. Hər bir hücümünü, yumruğunu, zərbəni düzgün hesablamalı, müdafiəni düzgün qurmalısan. Rəqiblərimə gəlincə, döyüşlərini görməsəm də blirdim ki, hamısı güclü rəqiblərdir, yarış güclü mübarizə şəraitində keçəcək. Belə də oldu. Rəqiblərimdən ikisinə - Rumıniya boksçusu Nikolae Andreianaya və Danimarka idmançısı Frederik Yansenə qalib gələ bildim. Yarımfınalda Rusiya təmsilçisi Baxtovar Nazirova uduzdum. Rəqiblərimin hamısı güclü idi. Gərgin keçdi. Rəqiblər hamısı öz takikasını qurmağa çalışırdılar. Sonuncu döyüşdəki rəqibim – rusiyalı boksçu çox təcrübəli idi. Mənim döyüş stilimi bilir, bilirdi ki fəal hücuma keçməsə uda bilməyəcək. Mən isə yaram olduğuna görə orxurdum ki, zədəm daha da ağırlaşar, növbəti döyüşlərdə iştirak etməkyimə mane olar. Ona görə də, mümkün qədər özümü qorumağa çalışırdım. Rəqib də bundan istifadə etdi. Düzdur, bilirəm ki, mən ondan güclüyəm, amma uduzdum. Gələn yarışlarda da yəqin ki, həmin boksçu ilə qarşılacaq və daha yaxşı taktika işlədəcəm. Məşqlərimin nəticəsində bürünc medal qazandım. Gücümün təqribən 50- 60 faizini ortya qoya bildim. Gələn yaşlarda çalışaçam ki, bu, heç olmasa 80-90 faizə qalxsın. Ümumiyyətlə, yarışlardan böyük təcrübə qazandım. Bu təcrübə mənə gələn yarışlarda da kömək edəcək.
- Istənilən idman növündə məncə yüksək fiziki hazırlıqla bərabər ağıllı manevr, düşünülmüş taktika da qələbə üçün vacib amildir. Bəs bokçu Tayfur Əliyevin döyüş taktikası necədir? Müdafiəyəmi daha çox üstünlük verirsən, yoxsa fəal hücuma?
- Mən rəqibdən asılı olaraq döyüşürəm. Çalışıram, əvvəlcə onun zəif və güclü yerlərini öyrənəm, yetərincə məlumat toplayam. Buna görə də ilk raundda kəşfiyyat xarakterli döyüşürəm və yalnız bundan sonra mübarizə aparam. Məsələn, görsəm ki, rəqib əsasən üstümə gələcək və aktiv döyüş nümayiş etdirəcək, blokda qalmaq, mövqeyimi bir qədər müdafiədən qoymağa üstünlük verirəm. Rəqib geri çəkilərsə, hücum etməyə başlayıram. Ümumiyyətlə, döyüş sirlərini öyrənməyə çalışıram. Deyim ki, yetərincə güc, dayanıqlılıq da lazımdır. Yaxşı fiziki hazırlıq olmadan ilk raundu dözmək, sonra isə hücum üçün qüvvə tapmaq mümkün deyil. Buna görə də çox ciddi hazırlaşıam, 3 raundluq bir döyüş üçün 7, bəzən 8 raundluq rejimdə ağır məşqlər edirəm. O dərəcəyə qədər ağır çalışıram ki, yarışlardakı 3 raund demək olar ki, adi gəlir. - Avropa ouyunları ilə bağlı həm iştirakçı, həm də bir vətəndaş olaraq təəssüratların da bizim üçün maraqlı olardı. Sənin üçün ən yaddaqalan, maraqlı hadisə nə oldu? - İlk Avropa Oyunlarının doğma Vətəndə, özü də belə möhtəşəm, mütəşəkkil şəkildə keçirilməsi hər bir azərbaycanlı kimi, xüsusilə də bir idmançı olaraq məndə də çox böyük fəxr, qürur duyurmuşdu. Məşqlərə görə bütün yarışları izləyə bilməsək də, hər qələbə xəbərini, millimizin medallarının sayının artması sevincini birgə bölüşürdük. Azərbaycanlı idmançılar vahid bir ailəyə çevrilmişdi. İnanın, hər dəfə rinqdə döyüşərkən məhz öz doğma torpağımda mübarizə aparmanın, öz xalqımın azarkeşlik etməsinin sevincini yaşayırdım. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Danimarkalı idmançı Frederik Yansenlə keçirilən II görüşümü şəxsən izləməsi mənə ayrı bir güc, enerji, stimul verdi. Azərbaycan Respublikası Prezidentinin yarışlardan sonra qaliblərlə görüşməsi və bizi təltif etməsi idmançılarımıza göstərilən böyük qayğı və etimadın təzahürü idi. Bu bizi daha böyük qələbələrə səsləyir. 17 gün ərzində Avropanın ən məşhur idmiançıları ilə bir yerdə olmaq özü elə böyük təcrübə idi, unudulmaz xatirələrlə ayrıldıq yarışlardan. Avropalı idmançıların Azərbaycan haqqında xoş, zəngin təəssüratlarının da şahidi olmaq sevindirici idi. I Avropa Oyunları mənim üçün indiyəqədərki gərgin məşqlərimin ilk bəhrəsi, gələcək uğurlarıma açılan bir qapı oldu. Bu yarışlarda çox böyük təcrübə qazandım. Bu təcrübə mənə gələn yarışlarda da kömək edəcək.
- Belə bir məhşur deyim var: “Mənə dayaq nöqtəsi verin, yeri məhvərindən oynadım”! Sözsüz ki, bu zirvəyə gəlib çatmağında əməyi, payı olanlar da az deyil.
- Bu səviyyəyə çatmaq tək mənim bacaracağım bir iş deyidi. Təbii ki, ilk növbədə Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı, bu cür şərait olmasa idi, yəqin ki, nəticələrimiz də olmazdı. Biz bu qayğıdan ruhlanaraq mübarizə aparırdıq. On il əvvəl istər boks, istərsə də digər idman bövlərinin bu səviyyəyə gəlib çatacağı heç kimin ağlına belə gəlməzdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin bölgədə idmanın bütün növlərinin inkişafı istiqamətində gördüyü işlər də bizdə inam yaratmış, üzərimizə böyük məsuliyyət qoymuşdu. Məşqçilərimdən hədsiz qayğı və tələbkarlıq görmüşəm. Bir bokçu kimi yetişməyimdə, uğurlarımda Naxçıvan Dövlət Universitetinin müəllimi, boks üzrə idman ustası, Valeh Əlixanov, Naxçıvan MR-nın “Təhsil” Respublika İdman Mərkəzində boks üzrə məşqçi-müəllim Məmmədəli Eyvazov, Naxçıvan MR Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri Cavanşir Salayevin xüsusi rolu var.
- Belə bir ənəvi sual: idman kumirlərin kimlərdir?
- Tanınmış amerikalı boksçu Mayk Tayson. Mənim elə boksçu olmağımın əsas səbəbkarlarından biri o olub. Uşaqlıqdan onun yarışlarına baxa-baxa boksa gəlmişəm. Döyüş stiliimiz də bir-birinə oxşayır, oxşadanlar az deyil. Hücumu, yumruğunun sürətliliyi, zərəbəyə davamlılığı, əks-zərbələri məni valeh edir. Azərbaycanda birinci Avropa Oyunlarının qalibləri Pərviz Bağırov, boks üzrə dünya və Avropa çempionu Albert Səlimov, Teymur Məmmədov, Elvin Məmişzadə kimi peşəkar boksçuların da döyüş taktikalarını, zərbə buraxmamalarını çox bəyənirəm. Onlardan nələrisə götürməyə, amma onlara oxşamamağa çalışıram.
-Uğur... Şöhrət.. Fanatlar... Bunlar səndə özünəarxayınlıq yaratmayıb ki? Hədəf və məqsədlərin, gələcək planların?
- Qətiyyən yox. Belə olsa, hissə qapılsam, idman karyeramı, gələcəyimi qura bilmərəm. Elə yarışın səhəri mən növbəti yarışlar barədə düşünərəm. Növbəti hədəfim oktyabr ayında Qətərdə keçiriləcək dünya birinciliyində qaib olmaq, Braziliyanın paytaxtı Rio de Janeyroda keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq, oradan da, inşallah, qızıl medalla qayıtmaqdır. Deyim ki, bu olimpiadada dünyanın ən seçmə idmançıları iştirak edəcək. Qarşıda o qədər yarış var ki... Məqsəd olmalı, mübarizə aparmalı, daim çalışmalısan ki, hədəfə çatasan, qələbə əldə edəsən. Ümumiyyətlə, boks mənim həyat tərzim, bir nömrəli məqsədimdir. Yaxın 4-5 ildə boksdan başqa heç nəyi fikirləşməyəcəyəm.
- Naxçıvan boks məktəbinin gələcəyini necə görürsən?
- Düzü, gənclər arasında elə güclüləri var ki... Bir az öz üzərlərində işləsələr, taktiki cəhətdən formalaşsalar, güclü, peşəkar boksçu ola bilərlər. Naxçıvan boks məktəbinin yetirmələrindən Sərxan Əliyev, Yuris Allahverdiyev, Nihad Quliyev, Nihad Orucov potensialı olan boksçular kimi ümid verirlər.
- Son olaraq idmanla məşğul olan yeniyetmələrə, həmkarlarına nə tövsiyyə edərdin?
- İradəli, mübariz olmağı. Uduzarkən ruhdan düşməyib daha qətiyyətlə mübarizə aparsınlar, məğlubiyyətdən sarsılmasınlar. Heç bir idmançı deyə bilməz ki, mən yüksək zirvəyə gəlincə heç bir vaxt uduzmamışam. Bir də öz üzərlərində ciddi çalışsınlar, nəticəsini mütləq görəcəklər. Hansı xalqa və dövlətə mənsub olduqlarını da heç vaxt unutmasınlar. Müsahibə zamanı saf, çəkingən, hələ uşaqlıq məsumiyyəti simasından silinməyən Tayfurun nə qədər ağıllı, ciddi, qətiyyətli, prinsipial, iradəli olduğunu gördüm. Fəxr etdim və düşündüm ki, Azərbaycanın gələcəyi, sabahı olan belə gənclərimiz nə qədər çox olsa, azdır. Belə gənclərimiz, Birinci xanım, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təbirincə desək, şərəfli kapitanı olan, gələcəyə inamla irəliləyən Azərbaycan xalqı adlı bir komandanın qələbə rəhnidir. Bizlərə də Mehriban xanımım bu xeyir-duasına qoşulub, “Qoy, Tanrı Azərbaycanı, Azərbaycanın adını şərəflə ucaldan övladlarını hər zaman qorusun!” demək qalır.

Mehriban SULTAN
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info