Müxalifət niyə zəifdir?
Tarix: 30.01.2013 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Azərbaycan çoxpartiyalı sistemin qurulduğu çox az sayda ölkələrdən biridir. Hazırda siyasi partiyalar demokratik şəraitdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından kifayət qədər yararlana bilirlər. Lakin ölkədəki siyasi qüvvələrin çəkisi, gücü qeyri-bərabərliyi ilə fərqlənir. Siyasi qüvvələrin gücünü ölçən bir mexanizm düşünsək, müxalifət düşərgəsi bu mexanizmdə ən zəif yerləri paylaşar. Bunun hansı səbəblərdən irəli gəldiyi, siyasi proseslərdə müxalifətin hansı səhvlər buraxdığı, xalqın etimadını qazana bilməməsi maraqlı suallar yaradır. Bu sualların cavablarını siyasilərin fikirlərində tapmağa çalışacağıq.

“Xalq müxalifətin boş vədlərinə inanmır”
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov “Palitra”ya açıqlamasında deyib ki, müxalifətin zəif olmasının əsas səbəblərindən biri bu düşərgədə insan amilinin zəif olması, yəni burdakı insanların siyasi biliyinin, analiz qabiliyyətinin, dünyagörüşlərinin aşağı səviyyədə olmasıdır. Onun sözlərinə görə, hər bir siyasi təşkilatın gücü orda təmsil olunan şəxslərin gücü, nüfuzu ilə ölçülür: “Müxalifətdə, xüsusilə, radikal müxalifətdə özlərini lider adlandıran şəxslərin zəifliyinin nəticəsidir ki, bu qüvvələr gücsüz durumdadırlar. Bir siyasətçi o zaman güclü olur ki, o, öz xalqına arxalanır. Hansı xalqı təmsil edirsə, o xalqın səsini, maraqlarını hər şeydən üstün tutur. Vətənini, öz milətini sevir. Dövlətin maraqlarını düşdüyü bütün situasiyalarda hər şeydən üstün tutur. Azərbaycan müxalifəti isə bu dəyərlərdən uzaqdır və bundan kənar fəaliyyət göstərir. Digər tərəfdən, müxalifət özünü cəmiyyətdən təcrid etməklə, baş verən proseslərə qiymət verə bilməməklə və Azərbaycanın inkişafından xəbərsiz olmaqla fəaliyyət imkanlarını məhdudlaşdırıb. Belə bir təqdirdə onların hansısa gücə malik olmasından danışmaq, ümumiyyətlə, bunu düşünmək mənasızdır”.
A.Hüseynov qeyd edib ki, müxalifətin zəif olmasının başlıca səbəblərindən biri də mövcud iqtidarın, YAP-ın və xalqın lideri Prezident İlham Əliyevin uğurlu siyasəti, bir siyasətçi kimi malik olduğu potensialdır. Onun sözlərinə görə, ölkədə aparılan siyasətdən, iqtisadi və sosial inkişafdan razı qalan, Prezident İlham Əliyevin ətrafında birləşən xalq müxalifətin boş vədlərinə inanmır və bu səbəbdən də müxalifət siyasətdə əsas güc olan xalqın səsindən məhrum olub: “Müxalifət düşərgəsində qəribə bir yanaşma var. Onlar xalqa deyirlər ki, Azərbaycanın inkişafını görmə, bu dövlət, bu xalq üçün çalışanları, işləyənləri seçmə, boş vədlərə inan. Azərbaycan xalqı bu vədlərin nə olduğunu yaxşı bilir və ona görə də 20 ildir, bu qüvvələrə heç bir etimad göstərmir. Bu baxımdan, müxalifətin ən zəif nöqtəsi xalqın onlara dəstək verməməsidir”.
Siyasi Şuranın üzvü bildirib ki, müxalifət 20 il öncə hansı düşüncə tərzində idisə, siyasi proseslərə hansı meyarlarla yanaşırdısa, indi də elədir. O hesab edir ki, bütün bunlar müxalifətin zəifliyini şərtləndirən yox, birbaşa əsas səbəblərdir: “Bununla yanaşı, müxalifət fəaliyyətini şəxsi ambisiyalar üzərində qurur, bir-birini qəbul etmirlər. Onları birləşdirən yalnız bir məqam var: Azərbaycan dövlətinin və xalqının maraqlarının əksinə olan hansısa məsələ və yaxud bu istiqamətdə hansısa addım atmaq. Digər məsələlərdə isə öz ambisiya və istəklərinə uyğun hərəkət edirlər. Bu da özlərini qarşı-qarşıya qoyur”.
A.Hüseynov diqqətə çatdırıb ki, zəif durumda olan müxalifətin bundan sonra göstərə biləcəyi nəticə də özlərindən fərqlənməyəcək.

“Xalqın səsini deyil, xarici güclərin
mövqeyini əsas götürmələri müxalifəti zəif duruma salıb”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında bildirib ki, uzun illərdən bəri yürütdükləri siyasət, Azərbaycan cəmiyyətinə fərqli ideyalar təqdim edə bilməmələri, kritik məqamlarda, xüsusilə də Azərbaycan dövlətçiliyi üçün önəmli olan məsələlərdə dövlətin maraqlarına uyğun, milli mənafeyi müdafiə edən mövqe sərgiləməmələri, müxtəlif dövrlərdə xalqa deyil, xarici qüvvələrə arxalanmaları və Azərbaycan xalqının səsini deyil, xarici güclərin mövqeyini əsas götürmələri nəticə etibarilə müxalifəti hazırki zəif duruma salıb. Onun sözlərinə görə, müxalifətdə ideya boşluğu da var: “Bu boşluq uzun illərdir, formalaşıb. Həmçinin ayrı-ayrı siyasətçilərin irəli sürdüyü iddialar onların intelektual səviyyələrini, bacarıqlarını qat-qat üstələyir ki, bu da düşərgədə zaman-zaman parçalanmalara gətirib çıxarıb. Səbəblər çoxdur. Lakin məsələnin ən problemli tərəfi bu qüvvələrin yürütdükləri siyasət nəticəsində Azərbaycanın çoxpartiyalı sistemində inkişaf üçün kifayət qədər çətinliklər yaratmasıdır. Ölkədə etimadlı, sivil münasibətlərin qurulmasına, dialoq mədəniyyətinin formalaşmasına bu qüvvələrin qərəzli və düşmənçilik siyasəti mane olur. Bu baxımdan, onlar təkcə özləri üçün deyil, ölkədəki siyasi sistem üçün də problemlər yaradırlar”.
E.Mirzəbəyli hesab edir ki, zəif müxalifətin bundan sonrakı fəaliyyəti də heç bir nəticə verməyəcək. Onun fikrincə, bütün faydalı əmsalı sıfıra bərabər olan radikalyönlü müxalifətin son nəticəsi də sıfırdan fərqli olmayacaq: “Çünki bir siyasi qüvvənin uğur qazanması üçün, ilk növbədə, xalqın dəstəyinə ehtiyac var. Azərbaycanın ictimai rəyində bu qüvvələrə olan münasibət isə aydındır. Hesab edirəm ki, bu il keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanın siyasi mühitində bir sıra dəyişiklər olacaq və bu qüvvələr siyasətdən getməyə məcbur olacaqlar”.
E.Mirzəbəyli hesab edir ki, radikal müxalifət partiyalarının zəif liderlərinin ətrafındakı kiçik elektorat da bundan sonra onların siyasi lider kimi yola davam etməsinə imkan verməyəcəklər.

“Müxalifətin zəif olmasının səbəbi iqtidarın düşünülmüş siyasət aparmasıdır”

“Azərbaycanda müxalifətin zəif olmasının birinci səbəbi bu düşərgədə vahid planın, taktikanın, strategiyanın olmamasıdır. İkinci səbəb düşərgədəki şəxslərin şəxsi maraqları dövlət və millətin maraqlarından üstün tutmalarıdır. Üçüncüsü şəxsi ambisiya və həddindən artıq eqoist olmalarıdır. Dördüncüsü düşərgədəki partiya sədrlərinin hamısının yaşının 40-dan artıq olmasıdır ki, onlar da kommunist dövründə formalaşmış təfəkkürlə kommunistcəsinə, neocəbhəçilik səviyyəsində düşünürlər”.
Bu barədə “Palitra”ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq hesab edir ki, müxalifətin ən böyük zəifliyindən biri də xalqla əlaqələrinin olmamasıdır. Onun sözlərinə görə, bu qüvvələr hər şeyi 20 il öncəki səviyyədə düşünürlər və o səviyyədə həyata keçirməyə çalışırlar: “Səbəblərdən biri düşərgədəki partiya sədrlərinin siyasi cəhətdən yetkin olmamasıdır. Onların heç bir elmi işlə, politoloji araşdırmalarla məşğul olmur. Ancaq və ancaq söz oynatmaqla məşğuldurlar. Düşərgədəki şəxslərin əksəriyyəti müxalifətçiliyə biznes kimi baxır, seçkilərdə növbəti illər üçün resurs toplamağa çalışırlar. Burda məqsəd müxalifətçilik etmək deyil, biznes qurmaqdır”.
Politoloq diqqətə çatdırıb ki, müxalifətin zəif olmasının əsas səbəblərindən biri isə iqtidarın ağıllı və düşünülmüş siyasət aparmasıdır.

“Müxalifətin zəifliyi siyasi fəaliyyətdən çox bir-birilə mübarizə aparmasıdır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifətin zəif olmasının bir çox səbəbləri var. Onun sözlərinə görə, bura müxalifət qüvvələrinin arasında etimadın olmaması, adamların bir-birindən şübhələnməsi daxildir: “Digər tərəfdən, müxalifət düşərgəsində nailiyyətsizlik mühiti hökm sürür. Belə ki, uzun müddət mübarizə aparılır, lakin heç bir ciddi nailiyyət yoxdur. Düşərgədəkilər günahları digərlərinin üzərinə atır, başqalarını günahlandırırlar. Səbəblərdən biri də müxalifətin demokratik düşüncəsinin zəifliyi, bu dəyələrdən uzaqlaşmasıdır. Nəticə etibarilə də müxalifət pərakəndə halda fəaliyyət göstərir. Bu da güclərin parçalanması deməkdir”. ADP sədri qeyd edib ki, müxalifətin əsas zəifliyi bir araya gələ bilməməsi, siyasi fəaliyyətdən çox bir-birilə mübarizə aparmasıdır.
“Gücü çatmayan daşı götürməyə
cəhdlər edən müxalifət xalqın gözündən daha da düşür”

Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifətin zəifliyinin fəaliyyətin yanlış bünövrə üzərində qurulmasından qaynaqlandığını hesab edir. Onun sözlərinə görə, yanlış bünövrə milli xilaskar kimi qəbul edilən Heydər Əliyevə qarşı süni müxalifətçilik aparmaqla qoyulub: “Digər tərəfdən, daim xalqa vədlər vermək, lakin heç bir əməli iş görə bilməmək müxalifəti zəif duruma salıb. Həmçinin partiya sədrlərinin şəxsi ambisiyaları, birinci olmaq arzuları, digərlərini açıq və ya gizli formada gözdən salmaq cəhdləri, təşkilati strukturların möhkəmləndirmək bacarıqlarının olmaması, seçkilər zamanı düzgün taktika, düzgün strategiya seçə bilməmələri, öz ideologiyalarına deklorativ sədaqət göstərmələri, ideologiyanı məqsəd deyil, vasitə seçmələri müxalifəti heç bir nəticəsi olmayan, getdikcə zəifləyən, xalqın dəstəyindən uzaq vəziyyətə salıb”.
T.Kərimli qeyd edib ki, gücü çatmayan daşı götürməyə, “böyükdürlər, dahidirlər, əvəzolunmazdırlar, doğrudurlar, düzgün yoldadırlar” fikrini yaratmağa cəhdlər edən müxalifət xalqın gözündən daha da düşür.
Asif NƏRIMANLI




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info