“Biz Oyunlara həm də mədəniyyətlərin qovuşduğu arena kimi baxırıq”
Tarix: 13.07.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Röya Tağıyeva: “Oyunlarla bağlı mərasimlərdə xalça ornamentlərinin təsvir olunması xalçaçılıq sənətinə verilən yüksək dəyərin göstəricisidir”

Müsahibimiz Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevadır.

-Röya xanım, mətbuatda yayılan xəbərlərdə qeyd olunub ki, Respublikamızda keçirilmiş ilk Avropa Oyunları zamanı turistlər daha çox Azərbaycan Xalça Muzeyini ziyarət ediblər. Bu haqda nə deyə
bilərsiniz?

- Xalqımız üçün böyük əhəmiyyət kəsb edən bu idman və dostluq bayramı bir azərbaycanlı kimi mənim üçün də böyük fəxrdir. Bu əlamətdar hadisə uzun müddət yaddaşlardan silinməyəcək, tariximizdə dərin iz qoyacaq.
“Bakı-2015” ilk Avropa Oyunlarını uğurla başa vurduğumuza görə dövlət başçımız İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, rəhbərlik etdiyim kollektivə və o cümlədən bütün xalqımıza öz dərin təşəkkürümü bildirirəm. Bu tədbir zamanı idmançılarımızla bərabər, hər bir sahənin nümayəndələri öz işinin öhdəsindən layiqincə gəlib, ölkəmizi ön sıralara çıxardılar.
Bu böyük tədbir ərəfəsində hər bir incəliklərə diqqətlə yanaşan İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva 25 may 2015 - ci il tarixində ilk Avropa Oyunları Atletlər kəndində Azərbaycan Xalça Muzeyinin “El sənəti”adlı sərgisinə ilkin baxış keçirdilər. Onların öz təklif və tövsiyələrini verməsi biz muzey işçilərinə yüksək ruh, böyük həvəs verdi. Prezidentimizin maddi və mədəni irsimizə olan qayğısından biz də örnək götürərək tədbir çərçivəsində öz işimizə böyük məsuliyyətlə yanaşdıq.
Xarici ölkə vətəndaşlarının muzeyə intensiv gəlişi o deməkdir ki, Azərbaycan mədəni irsinin nadir incisi olan xalçalarımıza maraq ildən-ilə artır. Qeyd edim ki, qloballaşan dövrümüzdə müasir tələbatı nəzərə alaraq, muzeydə audiogidlərin mövcudluğu zəruridir. Bununla əlaqədar olaraq, ilk Avropa Oyunları zamanı muzeyə gələn çoxsaylı turistləri ekskursiya ilə təmin etmək üçün bizim əsas və ilkin işlərimizdən biri dörd dildə - azərbaycan, rus, ingilis və fransız dillərində 100-dən artıq audiogidin hazırlanması oldu. Belə ki, qrup şəklində gələn qonaqlar muzeylə bələdçi, fərdi şəkildə gələn qonaqlar isə onlara təqdim edilən audiogidlər vasitəsilə tanış oldular. Audiogidlər vasitəsilə tamaşaçıların muzeydə sərbəst davranışına və istədiyi istiqamətdə eksponatlar haqqında məlumat almasına şərait yaratdıq. Beləliklə də biz dünyanın hər bir yerindən muzeyə gələn geniş tamaşaçı kütləsini operativ olaraq lazımi səviyyədə Azərbaycanın dekorativ-tətbiqi-sənəti, xüsusilə xalça sənəti haqqında ətraflı məlumatlarla təmin etdik. Onu da vurğulayım ki, audiogidlərdən istifadə əksər ziyarətçilər tərəfindən müsbət qarşılandı.
Biz muzey işçiləri üçün də sevindirici haldır ki, ilk Avropa Oyunları ərəfəsində qədim irsimizi layiqincə təqdim edə bildik. Azərbaycan Xalça Muzeyi “Bakı-2015” ilk Avropa Oyunları əməliyyat komitəsinin üzvlərindən biri kimi Oyunlarla əlaqəli işə hələ 2014-cü ildən başlamışdıq. Fəaliyyət istiqamətimizə uyğun üzərimizə düşən hər bir işin öhdəsindən uğurla gəldik. Məlum olduğu kimi, açılış mərasimində əsas brend kimi Azərbaycan xalçasının ornamentləri nümayiş olundu. İlk Avropa Oyunları nəinki idman arenası, həmçinin, mədəniyyətlərin qovuşduğu arena idi. Bu arena xalqların bir-birini daha yaxından tanımasında, qarşılıqlı əlaqələrinin qurulmasında və mədəniyyətlərin qovuşmasında xüsusi rol oynadı.
- Turistlərin daha çox marağını çəkən nə oldu?
- İlk Avropa Oyunları zamanı muzeylə yanaşı, Atletlər kəndində təşkil olunan “El sənəti” adlı sərgiyə də çoxlu sayda qonaqlar gəlirdi. Öz əsrarəngiz gözəlliyinə, zərif və incə naxışlarına, rəng çeşidlərinin müxtəlifliyinə, ən əsası dərin fəlsəfi məna kəsb edən simvollarına görə qonaqlar yüksək səviyyədə təqdim olunan Azərbaycan xalçalarına, misdən hazırlanmış sənət nümunələrinə, canlı şəkildə təqdim olunan xalçaçılıq sənətinə valeh olmuşdular.
Hər gün sərgimizə çoxlu sayda Böyük Britaniyanı, Fransanı, Portuqaliyanı, Yunanıstanı, Polşanı, Amerika Birləşmiş Ştatlarını və s. ölkələri təmsil edən idmançılar gələrək, xalqımızın qədim adət-ənənəsi, tarixi, zəngin mədəniyyəti və incəsənəti ilə tanış olur, maraqlı suallar verir, fikir mübadiləsi aparırdılar.
Xalçaçıların xana arxasında xalça toxuyaraq vurduqları ilmələri maraqla izləyən qonaqlar toxuculardan bu sənəti öyrənməyə çalışır, xalçaya bir-iki ilmə vurur və xalçaçıların söylədikləri el deyimlərini, inancları diqqətlə dinləyirdilər.
Qonaqlar üçün hazırladığımız proqramlardan biri də onların milli geyimlərimizdə şəkil çəkdirmələri idi. Bu qısa müddətdə adət-ənənələrimizə, qədim xalça sənətimizə heyran qalan qonaqlar milli geyimlərimizdə şəkil çəkdirərək əsl azərbaycanlı obrazını yaratdılar. Belə ki, kişilər çiyinlərində heybə, belində igidlik və mərdlik rəmzi olan qılıncla, qadın qonaqlarımız isə eynilə Azərbaycan xanımını əks etdirən uzun ətək, arxalıq geyib, başlarına araqçın qoyub şən əhvali-ruhiyyə ilə şəkillər çəkdirirlər. Bütün bunların fonunda isə Azərbaycan xalçası dururdu. Qonaqlarımızı milli geyimlərlə təmin etdiyinə görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilova və rəhbərlik etdiyi kollektivə dərin təşəkkürümü bildirirəm.
Sərgidə həmçinin, muzeyin kolleksiyasından olan xalça, xalça məmulatları, bədii metal, eyni zamanda zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər də maraqla qarşılanırdı. Bütün bu şux və əlvan görüntülər həm bizdə, həm də gələn turistlərdə xoş təəssürat yaratdı.
- Turistlərin ən çox sualı nə oldu?
- Məsələ orasındadır ki, gələn turistlər adi turistlər deyildi. Onlar idman yarışlarına gələn idmançılar idi. Ölkəmizə gələn qonaqlar idmanla əlaqəli gəldikləri üçün burada nə görürdülərsə, onları heyrətləndirirdi. Onlar hər şeyə maraqla yanaşıb, möcüzə kimi baxırdılar. Bir çox ölkələrdən olan nümayəndələr burada tanış olduqları sənətləri öz ölkələrində olan sənətlərlə müqayisə edirdilər.
Muzeyi ziyarət edən qonaqların arasında Rober Oseyni xüsusi qeyd etmək istəyirəm. Azərbaycana ilk dəfə səfər edən Rober Oseyn xalçalarımıza, adət-ənənələrimizə, milli geyimlərimizə, zərgərlik nümunələrimizə və s. maddi-mədəni irsimizə sevgi ilə yanaşır, hər bir əşyaya isti, doğma münasibət bəsləyirdi. O, tez-tez “Mən burdanam, mən burdanam.” deyirdi. Biz sonra bildik ki, o, əslən Şamaxı şəhərindəndir. Deməli qan çəkirmiş. Çünki, o, əslən azərbaycanlıdır. O, burada nümayiş olunan irsimizə tamaşa etməkdən doymurdu. Onun həyat yoldaşı bizə yaxınlaşıb “Rober 35 ildir ki, təyyarəyə minmirdi. Biləndə ki, Azərbaycana gedir çox həyəcanlandı” dedi. Rober Oseynin muzeyə gəlişi bizi çox sevindirdi və qürurlandırdı.
- Muzeyə gələn qonaqların təəccübünə nə səbəb oldu?
- Muzeyimiz gələn qonaqların və turistlərin böyük marağına səbəb oldu. Belə ki, birinci mərtəbədən başlayaraq, ikinci və üçüncü mərtəbələrini gəzdikcə, sanki bu sənətə yiyələnmiş olursan. Bizim muzeyin belə cazibədarlığı var. Bu, təkcə mənim sözüm deyil. Bura gələnlər bu sözləri hər zaman qeyd edirlər. Biz ekspozisiyada əksəriyyəti xalça olmaqla, 700-ə yaxın eksponat nümayiş etdirməklə xalça sənətini dolğun şəkildə təqdim edə bilirik. Hər bir turisti heyrətə gətirən məqamlardan biri də məhz xalçalarımızdakı rəngarənglik və milli naxışlarımız oldu.
- Mədəni əlaqələrin prinsipi olaraq, dünya mütəxəssislərinin Azərbaycan xalçaları üzərində araşdırmaları olub?
- Əlbəttə, araşdırmalar aparılır. Məlumat üçün bildirim ki, Azərbaycan Xalça Muzeyi artıq elmi status alıb. Bu elmi statusla əlaqəli 1983-cü ildən dünya muzeyləri ilə əlaqə saxlayırıq. Muzey bir çox Avropa qurumlarının, o cümlədən Amerikanın Tekstil muzeyinin üzvüdür. 1983-cü ildən başlayaraq Azərbaycan Xalça Muzeyində mütəmadi olaraq, beynəlxalq simpoziumlar keçirilir. Yaxın gələcəkdə növbəti simpoziumu keçirməyə hazırlaşırıq.
Muzey avqust ayında Vaşinqtonda ICOC-un (Şərq xalçaları üzrə Beynəlxalq konfrans) keçirəcəyi konfransa dəvət alıb. Həmin konfransda Azərbaycan Xalça Muzeyinin fəaliyyət istiqamətləri,yeni layihələri və s. haqqında məruzə ilə çıxışımız nəzərdə tutulub.
Bizi təəssüfləndirən məsələlərdən biri də bəzi dünya muzeylərində Azərbaycan xalçalarının ümumi Qafqaz xalçaları adı altında təqdim olunması idi. Bu da təsadüfi deyil. Burada bir çox obyektiv səbəblər var idi. Sevindirici haldır ki, müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan xalçalarının atributlarının özünə qaytarılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Xalça Muzeyi mütəmadi olaraq bu sahədə işi davam etdirir və müsbət nəticələr əldə edir.
Azərbaycan Xalça Muzeyi bir çox dünya muzeylərilə sıx əməkdaşlıq edir. Biz Ukraynanın Boqdan və Varvara Xanenko adına İncəsənət Muzeyi ilə də əlaqə saxlayırıq. Belə ki, 2007-ci ildə burada mühafizə olunan Azərbaycan xalçasına öz adı qaytarılmış və onun Qazax məktəbinin “Dağkəsəmən” xalçası olduğu qeyd edilib. Artıq xalça öz adı ilə bu muzeydə qorunur.
Hörmətli Mehriban xanım Əliyevanın dəstəyilə Azərbaycan xalçası beynəlxalq miqyasda tanıdılaraq 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu, Azərbaycan xalçasının özünü bütün dünyada sübut edə bilməsi üçün geniş imkan yaradır.
- İlk Avropa Oyunlarının keçirilməsi haqqında təəssüratınız
necə oldu?

- Təəssüratlarımız çox böyükdür. Düşünürəm ki, qədim xalçaçılıq sənətimizi, adət-ənənələrimizi, tariximizi dünya tamaşaçısına layiqincə təqdim etdik. Hər gün öz tamaşaçısına yeni-yeni sirlər açan Azərbaycan xalçası beynəlxalq aləmdə bir daha tanındı, sevildi, təbliğ olundu. Deməli, neçə illər çəkdiyimiz zəhmət yerdə qalmadı. “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimində, həmçinin qaliblərə təqdim edilən medalın üzərində xalça ornamentlərinin təsvir olunması dövlətimizin xalçaçılıq sənətinə verdiyi yüksək dəyərin göstəricisidir. Azərbaycan xalçasına verilən bu dəyər bizim üçün böyük fəxrdir. Bu böyük tədbir bir daha xalqımızın yüksək mədəniyyətə sahib olmasını sübut etdi.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info