“Qərbdəki dairələrin işğalçı Ermənistanın yox, bizim üstümüzə gəlməsi anormallıqdır”
Tarix: 15.07.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Qabil Hüseynli: “Bir sıra dövlətlərdən fərqli olaraq, Azərbaycanda insanlar həyatlarından razıdırlar, stabillikdir,
təhlükəsizlik ən yüksək səviyyədə qorunur”


İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı iclasda xarici siyasət məsələlərinə xüsusi diqqət ayırdı: “Bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir”.
Prezident Azərbaycanın xarici siyasətində bir sıra maraqlı məqamlarla bağlı vacib mesajlar verdi: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Azərbaycana qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da güclənir.
İlk növbədə, dünya erməniliyi, erməni lobbisi Azərbaycanı hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər.
l Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Avropa Parlamentində antiazərbaycan qətnaməsinin keçməməsi Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Almaniya Bundestaqının qətnaməsi antiazərbaycan mövqe və yalan üzərində qurulubdur. Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Hamı onlara tabe olmalıdırmı? Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Barışa bilmirlər ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Şurası Parlament Assambleyasının antiazərbaycan qətnaməsi bizim üçün kağız parçasıdır. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.
Prezidentin çıxışındakı bu siyasi məsələlərlə bağlı artıq cəmiyyətdə də müsbət rəylər gəlməkdədir. Ziyalılar, politoloqlar Azərbaycana qarşı aparılan çirkin kampaniyaya ölkə başçısının layiqli cavab verdiyini söyləyirlər. Politoloq Qabil Hüseynli “Palitra”ya açıqlama verərək dedi ki, əslində Azərbaycan Prezidenti daim bu kimi təzyiq və haqsız mövqelərə dözümlü yanaşıb və onun bu mülayimliyinin arxasında dərin siyasi müdriklik dururdu. Bu gün isə artıq qarayaxma kampaniyaları, təzyiq və düşmənçilik mövqelərinə sərt cavab verilməyinin zamanı idi. Çünki hər kəslə öz dili ilə danışmaq lazımdır: “Ölkə başçısı bu çıxışında bir qədər sərt şəkildə ölkəmizə qarşı olan kampaniyalara toxundu və ümumilikdə xarici siyasətlə bağlı alqışalayiq fikirlər səsləndirdi. Bu konteksdə o, Qərb dövlətlərinin qüsurlu siyasətlərinə də toxundu. Bu qüsurlar da ondan ibarətdir ki, Qərb dövlətlərinin bir çoxu- başda Almaniya və onun təsiri altında olan Avropa Şurası, Avropa Birliyi Azərbaycana qarşı münasibətdə ikili standartlara yol verirlər. Onlar surətlə inkişaf edən regionun lideri olan bu ölkənin uğurlarına, loru dildə desək, gözügötürməzlik edirlər! Bunu hamı gördü və sadə bir misal da deyə bilərəm. Məsələn, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə keçirdi. Bəzi Avropanın aparıcı liderləri bu Oyunlara nəinki qatılmadılar, hətta göz önündə olan möhtəşəm təşkilatçılıqla bağlı rəy də bildirmədilər. Əksinə olaraq həmin bizə qarşı qara kampaniyaya qoşulan bəzi ölkələrdə həmin müddət ərzində tənqidi yazılar yazıldı. Ölkədə söz azadlığı, demokratiya və s. bu kimi məsələləri bəhanə edərək hakimiyyəti tənqid edirdilər, sanki təzyiq dili ilə bizimlə danışmaq istəyirdilər”.
Politoloq deyir ki, təkcə Bundestaqdakı məlum olay deyil, ümumilikdə son zamanlarda Almaniyanın Azərbaycanın üstünə bu qədər gəlməsində siyasi səhvlər çoxdur: “Zənnimcə, Almaniya bu kampaniyada rol almaqla doğru addım atmadı. Almaniya Azərbaycanla çox uğurlu ticarət əlaqələri qurub axı. Almaniya ölkəmizdən neft alır, hətta ola bilsin yaxın gələcəkdə böyük həcmdə qaz da alsın. Bu ölkə Azərbaycanın geosiyasi məkanından da yararlanır, bizdən neçə illərdir istifadə edir. Əfqanıstana gedən yolda qapı rolunu oynayan Azərbaycanı yüksək dəyərləndirmək lazım idi. Belə bir şəraitdə Azərbaycanın uzun illər Qərb ölkələrinə, xüsusən də Almaniyaya yaxınlıq göstərməsinin necə dəyərləndirildiyi aşkar göründü. Azərbaycanda iki-üç nəfərin müəyyən kriminal hərəkətlərinə görə, qanun pozuntularına yol verdiyi üçün barəsində cinayət işi açılması faktı, doğrudanmı, bütün bu münasibətlərdən vacib idi? Bunu ölkənin bir nömrəli probleminə çevirmək ağılsızlıq idi ki, bəzi Qərb liderləri bu ağılsızlığa gedirlər. Qısası, ölkə başçısının da vurğuladığı Bundestaqla bağlı haqsızlıq və digər məsələlərə baxanda təəssüf hissi keçirirsən. Azərbaycanla Almaniyanın münasibətləri yaxşı olub və indi onların digər təsir altında olan ölkələri də tovlayıb bizə qarşı yönləndirmək cəhdi xoşagəlməz proseslərə gətirib çıxara bilər. Haqlı olaraq Prezident tərəfindən bu müşavirədə məlum kampaniyalar, bəyanatlar pisləndi, tənqid edildi. Azərbaycanda, bir sıra dövlətlərdən fərqli olaraq, insanlar həyatlarından razıdırlar, stabillikdir, təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Bir ölkədə vətəndaşın yaxşı yaşaması üçün başqa hansı şəraitlər olmalıdır? Biz müharibə şəraitində yaşayırıq, ərazilərimiz işğal olunub, amma Avropanın dərdinə baxın! Bizim torpağımızı ilhaq edən Ermənistanda bəyəm demokratiya bizdən yaxşıdırmı? Ermənistanı qoyub, bizim üstümüzə gəlmək doğrudan da, böyük anormalıq idi. Hamı gözəl bilir və erməni rəsmilər də etiraf edirlər ki, onlarda sosial vəziyyət ölçüyəgəlməz dərəcədə Azərbaycandan pisdi və son olaylar da göstərdi ki, ermənilər hakimiyyətdən nəinki beziblər, liderlərindən iyrənirlər artıq... Sarkisyan hakimiyyətə gələndə bu cür kütləvi mitinqlər olmuşdu. O zaman mitinqçilərə qarşı qanlı güc tətbiq edilmişdi. Özləri rəsmi şəkildə elan etdilər ki 31 nəfər etirazçı ölüb. Əslində isə itki çox idi. Müxalifət o zaman da, bu gün də israrla deyir ki, əslində ölənlərlə bağlı statistika 51 nəfər idi. İndi də son bir ayda ermənilər ayağa qalxıblar, haqlarını tələb edirlər və bunun fonunda xeyli həbslər və polis zorakılığı oldu, əvəzində isə bu ölkəyə nə təzyiqlər olmadı, nə də bəyanatlar qəbul edilmədi. Yəni, belə bir qanlı hadisəyə qiymət vermədilər, indi də mitinqlərə zəif reaksiya verirlər. Amma Bakıda hansısa mitinqdə bir nəfər həbs olanda, ya da kimsə vergidən yayındığı üçün cinayət işi açılanda bar-bar bağırırlar. Bizdə indi bir nəfər Qərbin müdafiə etdiyi vətəndaşın məhkəməsi hələ yekunlaşmayıb, indidən üstümüzə gəlirlər. Məhkəmə bitsin, sübutlar olmasa, bəlkə, adam azadlığa çıxacaq? Prezidentdən xahiş edib kimisə əfvə salmağa çalışa bilərsiniz. Amma hansısa ölkə başçısı ilə diktə dili ilə danışmağa çalışmaq, nəyisə tələb etmək beynəlxalq diplomatik protokol qaydalarına sığmır və tamamilə Avropa mədəniyyətinin özünə də uyğun gəlmir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info