“Bundan sonra yalnız 2-3 ulduzlu otellər tikintisini stimullaşdırmaq lazımdır”
Tarix: 22.07.2015 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“Düşünürəm ki, artıq viza dəllallarının bazarı bağlanacaq, ölkəmizə səfər etmək istəyən əcnəbilər çox rahat və əlavə xərc çəkmədən bu istəklərini reallaşdıra biləcəklər”

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev ölkədə turizmin inkişafı istiqamətində bir sıra məsələlərə toxunub: “Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək”. Mütəxəssislər də ölkədə turizmin inkişafı və istiqamətdə mövcud problemlərin həllinin vacib olduğunu deyirlər. Müsahibimiz Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovdur:

- Məlum olduğu kimi, ölkəmizdə turizmin inkişafı üçün çox böyük ehtiyatlar mövcuddur. Buraya həm təbii, həm də insan əli ilə yaradılan, zaman-zaman turistləri cəlb etməyə qadir, nəinki daxili turistlərin, eyni zamanda xarici ölkələrdəki müxtəlif xarakterli turistlərin tələbatlarını ödəyə biləcək ehtiyatlar daxildir. Lakin bütün bu ehtiyatların mövcudluğuna baxmayaraq Azərbaycan dünya turizm bazarında az paya malik olan ölkələrdəndir. Bir çox auditoriyalarda qeyd etdiyim kimi Azərbaycan turizminin inkişaf etdirilməsində bir nömrəli baryer neftimiz olub. Baxmayaraq ki, hələ ötən əsrlərin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə ölkə turizminin maddi-texniki bazasının formalaşdırılmasına başlanılıb, hakimiyyətə qayıdışından sonra "Əsrin müqaviləsi" imzalanandan sonra da turizmin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən xüsusi önəm verilib, yenə də neft faktoru turizmi kölgədə qoyub. Dünyada baş verən geosiyasi hadisələr, neftlə bağlı proseslər, Azərbaycan turizminin inkişaf etdirilməsini, ölkəyə turist axınının və bununla da əlavə valyuta daxilolmalarını labüd edib. Qeyd etməliyəm ki, dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkədə turizmin inkişafı üçün mütləq siyasi iradə ortaya qoyulmalıdır. Məlumdur ki, belə bir siyasi iradə Azərbaycanda mövcuddur. Bildirdiyim kimi, ulu öndərimiz turizmin inkişafına xüsusi önəm verirdi və onun təşəbbüsü ilə sovet Azərbaycanında turizmin inkişafı ilə əlaqədar 4 plan, müstəqillik dövründə isə bir plan qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı ilə turizmin inkişafı üçün ikinci Dövlət Planı qəbul edilib, 2011-ci il "Turizm ili" elan edilib və qəbul olunmuş planlara əsasən bir sıra işlər həyata keçirilib. Bütün bunlar turizmin inkişafı üçün siyasi iradəyə bariz nümunələrdir.
- Ölkə başçısı tərəfindən bu istiqamətdə səsləndirilən problemlər barədə nə deyərdiniz?
- Beynəlxalq təcrübə göstərir ki, turizmin inkişafına mütləq kompleks yanaşma lazımdır. Yəni siyasi iradəni kompleks işlərlə gücləndirmək lazımdır. Bunların ən mühümləri: kadr təminatı, gecələmə yerlərinin standartlara uyğunluğu və onların qiyməti, nəqliyyat və onların qiyməti, vizaların alınması prosedurudur.
Nazirlər Kabinetinin son toplantısında möhtərəm İlham Əliyev cənabları məhz bu məsələləri ciddi tənqid edib. Kadr təminatı probleminin aradan qaldırılması üçün hörmətli Prezidentin təşəbbüsü ilə Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb, ötən ilin dekabr ayında imzaladığı sərəncamla bu sahədə kadr hazırlığını dünya standartları səviyyəsinə çatdırmaq üçün ATMU-nun kampusunun yaradılması və bununla əlaqədar digər məsələlərin həllini Nazirlər Kabinetinə həvalə edib. Müasir turizmdə istifadə edilən əsas nəqliyyat vasitəsinin aviasiya olduğu şəksizdir. Bu da bir faktdır ki, bizim milli daşıyıcımız olan "AZAL"ın müəyyən etdiyi qiymətlərlə avropalı turistlər məsələn, qardaş Türkiyədə bir həftə istirahət edə bilirlər. Bu nöqteyi- nəzərdən ölkəmizə bir qayda olaraq işgüzar məqsədli insanlar səfər edə bilirlər. Hesab edirəm ki, möhtərəm Prezidentin tənqidindən sonra "AZAL" rəhbərliyi qiymətəmələ gəlmənin "Havadan götürmə" metodundan klassik metoduna keçəcək və ölkəyə turist axına öz töhfəsini vermiş olacaq.
- İclasda səsləndirilən fikirlərdən biri də mehmanxanaların baha qiymətə olması ilə bağlı idi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Mehmanxana qiymətlərinə gəlincə onu qeyd etmək istəyirəm ki, zaman -zaman bu məsələ ekspertlərin tənqid hədəfi olsa da, sahibkarlar tənqiddən nəticə çıxarmağa həvəs göstərmirdilər. Bunun da obyektiv və subyektiv səbəbləri olduğunu dəfələrlə bildirmişəm. Möhtərəm Prezidentin də qeyd etdiyi kimi, bu sahədə ciddi pozuntular "krışalıq", sahibkarların işinə yersiz müdaxilələr, haqq almalar və s mövcuddur. Təbii ki, bütün bunlar sonda qiymətlərə çox ciddi təsir edir. Düşünürəm ki, eksperiment kimi, 2016-cı ildə bir il müddətində bütün gecələmə yerləri vergilərdən azad edilməli, lakin onların düzgün uçot aparmalarına ciddi nəzarət tətbiq edilməlidir. Belə olarsa onda ölkə üzrə düzgün aparılan turizm statistikasının təməlini qoymaq olar. Hazırda isə mən deyərdim vəziyyət gülməli bir hal alıb. Rəsmi məlumatlara görə, ölkə üzrə gecələmə yerlərinin sayı 35 mindir. Bu o deməkdir ki, bir il ərzində 100 faiz dolma ehtimalı ilə təxminən 13 milyon gecələmə olmalıdır. Amma Statistika Komitəsinin rəsmi hesabatında gecələmələrin bundan 10 dəfədən az olduğunu görürük. Buradan belə nəticə çıxarmaq olar ki, ölkəmizdə mehmanxana biznesi rentabelli deyil və buraya sərmayə yatırmaq olmaz. Amma. hər il yeni 30-40 gecələmə yeri inşa olunur.
Digər bir məsələ, yeni tikilən gecələmə yerlərinin 4-5 ulduz dərəcələrinə iddialı olmalarıdır. Fikrimcə, bu məsələ Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tənzimlənməlidir. Qayda müəyyən edilməlidir ki, ulduz məsələsi tikinti başa çatdırıldıqdan sonra deyil, planlaşdırma zamanı həll edilməlidir. Eyni zamanda hər hansı bir bölgədə, ərazidə hansı ulduzlu otelin tikilməsinə mütləq Mədəniyyət və Turizm Nazirliyi razılıq verməlidir. Möhtərəm Prezidentin qeyd etdiyi kimi ölkəmizdə xarici brendləri təmsil edən kifayət sayda 5 ulduzlu otellər mövcuddur. Bundan sonra yalnız 2-3 ulduzlu otellər tikintisini stimullaşdırmaq lazımdır.
- Ölkə başçısı bildirib ki, turistlərin ölkəyə cəlb edilməsində ilk növbədə yer alan məsələlərdən biri viza ilə bağlıdır. Bu istiqamətdə hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Birləşmiş Millətlər Təşkilatının İxtisaslaşmış qurumu olan Ümümdünya Turizm Təşkilatı hələ ötən əsrin 80-ci illərindən turizmin inkişafı üçün dövlətlərə, hökümətlərə vizaların verilməsini sadələşdirməyi tövsiyə edib. Məlumdur ki, bir zamanlar ulu öndərimiz də ABŞ, Yaponiya və Avropadan gələnlər üçün hava limanında vizaların rəsmiləşdirilməsi barədə göstəriş vermişdi və bu məsələ həllini tapmışdı. Bir müddət bundan öncə möhtərəm Prezidentimizin sərəncamı ilə bu məsələ beynəlxalq təcrübə əsasında reallaşmağa başladı. Yəni bu məsələdə turizm şirkətlərinin tövsiyəsi nəzərə alınmaqla elektron vizaların verilməsinə başlandı. İki həftə bundan əvvəl isə Nazirlər Kabineti bu məsələnin daha da təkmilləşdirilməsi üçün yeni qaydalar müəyyən etdi. Düşünürəm ki, artıq viza dəllallarının bazarı bağlanacaq, ölkəmizə səfər etmək istəyən əcnəbilər çox rahat və əlavə xərc çəkmədən bu istəklərini reallaşdıra biləcəklər.
Bütün qeyd olunanlarla yanaşı, dəfələrlə tənqid etdiyim bir məsələni bir daha qabartmaq istəyirəm. Otel, aviabilet qiymətləri ucuzlaşa bilər, asan formada viza verilməsi mümkün olar, amma nə qədər ki, bəziləri gələn turistə "pul dağarcığı" kimi münasibət göstərəcək, ölkəmizdə turizm inkişafında problemlər olacaq. Hesab edirəm ki, münasibət dəyişməli, hər bir əcnəbiyə ölkəmizin, daha doğrusu Prezidentimizin qonağı kimi münasibət göstərməliyik. Birinci Avropa Oyunlarında olduğu kimi. Bax o zaman qısa bir zamanda ölkə turizmi inkişaf edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info