Fransanın “Technip” neft-qaz servis şirkəti “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini həyata keçirəcək. Bu barədə “Technip” məlumat yayıb. Bildirilir ki, tərəflər arasında bununla bağlı müqavilə imzalanıb.
Müqavilə TAP-ın Yunanıstan, Albaniya və İtaliyanın quru hissəsini əhatə edəcək. Xidmətlər isə TAP-ın İsveçrənin Baar şəhərindəki qərargahında, "Technip"in Romadakı ofisində, həmçinin Yunanıstan, Albaniya və İtaliyada fəaliyyət göstərəcək digər mərkəzlərdə reallaşdırılacaq. Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
|