Böyük arzularla yaşayan insan
Tarix: 31.01.2013 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Natiq Vəliyev 1971-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını musiqişünas kimi bitirib. Elə həmin ildə də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru vəzifəsinə işə qəbul edilib. O illər filarmoniyanın direktoru SSRİ xalq artisti, görkəmli dirijorumuz maestro Niyazi idi. Özünə və ətrafdakılara qarşı çox tələbkar və ciddi bir rəhbər olan Niyazinin iş üslubu, bir qədər sərt münasibəti gənc Natiqi qorxutmadı. Əslində o, dahi maestronun simasında böyük müəllim, işgüzar rəhbər, yüksək səviyyəli musiqiçi və nəhayət də əsl dost tapmış oldu. Niyazi özü bir məktəb idi. Hər gün onunla görüşmək, konsertlərin rəngarəng proqramını tərtib etmək, müxtəlif ölkələrdən, şəhərlərdən Bakıya gələcək dirijorlarla, musiqiçilərlə əlaqə saxlamaq, onların musiqiçi imkanlarını, bacarığını öyrənib yaxşı bir formada Bakı dinləyicilərinə təqdim etmək əslində iş yox, son dərəcə maraqlı və cəlbedici bir yaradıcılıq idi.

Təəccüblü deyil ki, Natiqin işgüzar münasibətini, öz işinə vurğunluğunu müşahidə edən Niyazi tezliklə onu filarmoniyanın baş musiqi redaktoru təyin etdi. Burda Natiq Vəliyevin bir keyfiyyəti də özünü göstərmişdi- bu da onun gənc musiqiçilərə qayğısı, diqqəti idi. Neçə-neçə gənc, tələbə-musiqiçilər o illər cəsarətlə, inamla ölkənin ən böyük musiqi salonunda-filarmoniyanın səhnəsində öz məharətini, istedadlarını nümayiş etdirə bilmişdi. Bəlkə də gənclərə olan sevgisi onu pedaqoji fəaliyyətə gətirib çıxardı. Natiq Vəliyev 1974-cü ildən Bakı məktəbəqədər pedaqoji texnikumuna şöbə müdiri vəzifəsinə dəvət olunur. Bu gəliş texnikumun həyatına bir dinamika, bir intibah nəfəsi gətirir. Tezliklə texnikumlararası müsabiqədə BMPT laureat diplomları qazanır. Texnikumda görkəmli bəstəkar və ifaçılarla görüşlər keçirilir. Midhət Əhmədov, Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Bəhram Mənsurov bu görüşlərin iştirakçısı olmuşdular.
Artıq Bakının musiqi ictimaiyyəti Natiq Vəliyevin hünərini, bacarığını, maarifçilik, təşkilatçılıq istedadını xüsusilə vurğulayırdı. Bəlkə də bunların nəticəsi idi ki, 1987-ci ildə Bakı şəhər Mədəniyyət idarəsinin rəisi tanınmış dövlət xadimi Fərəh xanım Şəkinskaya Natiq Vəliyevi öz rəhbərlik etdiyi idarəyə dəvət edir. Burda da Natiq Vəliyevin yenilikçi iş üslubu özünü büruzə verir. İlk dəfə Bakı şəhəri muzey və musiqi məktəblərində Q.Qarayevin xatirəsinə həsr olunmuş “Musiqi həftəsi” təşkil olunur.
1988-ci ildə Bakı Mədəni-maarif texnikumuna tədris üzrə direktor müavini təyin edilən N.Vəliyevin yaradıcı dəsti-xətti burada da gözəl nəticələr verir. Tədrisin göstəriciləri yaxşılığa doğru dəyişir, texnikumun mühitində ab-hava yaxşılaşır, yaradıcı şəxsiyyətlərlə görüşlər təşkil olunur. Bəstəkar Süleyman Ələsgərovla, tarzən Ramiz Quliyevlə görüşlər də bu dövrdə baş tutub.
1995-ci il Natiq Vəliyevin həyatına daha yeni bir mərhələ kimi daxil oldu. O, Bakı 22 №li uşaq musiqi məktəbinə direktor təyin olundu. Əslində bu təyinat məktəbin həyatında yeni bir mərhələ oldu. Çünki qısa zaman kəsiyində 22 saylı musiqi məktəbi öz göstəricilərinə görə, respublikanın ön sırada duran məktəblərindən birinə çevrilir. İstər beynəlxalq, istər respublika miqyaslı müsabiqələrdə məktəbin xoru və ya fərdi çıxış edən şagirdləri laureat adını qazanırdılar. 1997-ci ildə musiqi məktəbləri arasında ilk olaraq Natiq Vəliyev 22 saylı UMM-də xanəndəlik sinfi açdı və xalq artisti Mənsum İbrahimovu bu sinfin təşkilatçısı kimi məktəbə dəvət etdi. Zaman onun nə qədər düzgün addım atdığını bir daha sübut etdi. Az zamanda başqa məktəblərdə də xanəndəlik sinfi açıldı və yeniyetmə xanəndələr muğamların sirlərini daha erkən yaşlarından öyrənib əxz etmək imkanı qazandılar. Maraqlıdır ki, musiqi məktəblərinin xanəndəlik sinfi üzrə Astara şəhərində keçirilən beş Respublika müsabiqəsi dövründə 22 saylı məktəbin nümayəndələri Qran-Pri mükafatına layiq görülmüşdü. Lakin Natiq Vəliyevin arzuları tükənmək bilmirdi. Həm də bu arzular təkcə bir məktəbin divarlarına sığmayaraq bütün məktəblər üçün vacib olan bir amilə ünvanlanmışdı. Natiq müəllim nəzəriyyə sinifləri üçün ümumşəhər olimpiadası keçirmək niyyətində idi. 38 musiqi məktəbi və incəsənət məktəbləri arasında keçirilən bu olimpiada həm tələbə və şagirdlərin, həm də müəllimlərin nəzəri fənlərə ciddi münasibətini təmin etmiş oldu. Artıq 2 olimpiada keçirilib, III olimpiada yaxın zamanda baş tutacaq.
Ümumiyyətlə, 2002-ci ildən bəri uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının müəllifi Natiq Vəliyevdir. Pedaqoji sahədə gördüyü dəyərli işlərinə görə, 2006-cı ildə Natiq Vəliyev ölkə prezidenti tərəfindən “əməkdar müəllim” fəxri adına layiq görülüb.
2001-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının həqiqi üzvü olan Natiq Vəliyev rəhbərlik etdiyi 22 saylı məktəbdə tez-tez bəstəkar və musiqişünas həmkarlarının müəllim və şagirdlər ilə görüşlərini təşkil edir. Oqtay Zülfüqarov, Musa Mirzəyev, Sərdar Fərəcov, Rəşid Şəfəq və başqaları 22 saylı məktəbin qonaqları olublar. Məktəbdə böyük yubiley tədbirləri sırasında - Q.Qarayev-90, Niyazi-100, Xan Şuşinski-100, Səid Rüstəmov-100, Vasif Adıgözəlov-75 kimi maraqlı xatirə-konsertlər keçirilib. 2002-ci ildə Natiq Vəliyev ən böyük arzularından birini həyatda gerçəkləşdirdi. Rəhbərlik etdiyi 22 saylı UMM-ə öz sevimli ustadı və dostu maestro Niyazinin adının verilməsinə nail oldu və bu gün bu məktəbə qədəm qoyan hər kəsi unudulmaz maestronun vüqarlı portreti qarşılayır.
Natiq Vəliyev uzun illər Bakı mədəniyyət idarəsi yanında Bakı musiqi və incəsənət məktəblərinin müəllimlər şurasının sədri olub. Artıq iki ildir ki, o, bu qurumda direktorlar şurasına rəhbərlik edir. Yola saldığımız 2012-ci ilin son günlərində - daha dəqiq 25 dekabrda Natiq Vəliyev “Müəllim və yeni təhsil konsepsiyası” adlı geniş və maraqlı bir konfransın keçirilməsinə nail oldu. Hər gün qəlbi yeni-yeni arzular və ideyalar ilə alışıb yanan Natiq Vəliyev bu gün haqlı olaraq ölkəmizin sayılıb-seçilən və sevilən ziyalılarındandır - desək, heç də yanılmarıq. Keçirilən bütün tədbirlərdə gözümüz onu axtarır və o da həmişə olduğu kimi bütün baş verənlərə canlı reaksiyası ilə, mühakiməsi ilə, obyektivliyi ilə, doğru-düzgün münasibəti ilə hamının ürəyindən xəbər verir.
Natiq Vəliyevin bir insan kimi də dostları çoxdur və əslində o, özü ən böyük dost və xeyirxahdır. Natiq Vəliyevin bu gün həyatda qazandığı ən böyük sərvət yəqin ki, onun gözəl ailəsidir. Olduqca səmimi və canıyanan bir ailə başçısı olan Natiq Vəliyev qəlbinin ən ülvi, nəcib və kövrək hisslərini öz ailəsi ilə paylaşa bilib. Bu gün onun musiqiçi estafetini davam etdirəcək qız övladı - Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin solisti, mahir skripka ifaçısı və gözəl pedaqoq - Nigar Vəliyeva və hələ məktəbliykən Prezident təqaüdçüsü kimi fəxri mükafata layiq görülmüş nəvəsi, truba ifaçısı Nəcəf Vəliyev vardır. Hər zaman yenilik sorağında olan, yeni fikirlərin, ideyaların carçısı kimi tanıdığımız, əziz dostumuz Natiq Vəliyevin dünən 65 yaşı tamam olub. 65 yaşın zirvəsindən geriyə baxdıqda onun mənalı ömrünün əhatəli, geniş və dərin izlərini görə bilərik. Lakin Natiq Vəliyevi tanıyanlar yaxşı bilir ki, o, zirvədən geriyə yox, daha böyük, daha uca zirvələrə baxmağı sevir. Arzular da çoxdur, görüləcək işlər də...
Yeni arzulara, yeni uğurlara doğru bütün qəlbi ilə can atan əziz dostumuz, Natiq Vəliyev, 65 yaşın mübarək! Arzuların çin, uğurların bol olsun!
Sərdar FƏRƏCOV
Bəstəkar, əməkdar incəsənət xadimi




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info