“İxtisasını həm nəzəri baxımdan, həm də praktik olaraq dərindən bilən bir kadr işsiz qalmaz”
Tarix: 24.07.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Kamin Rəhmətov: “Ölkəmə insanlarımıza həkimlik fəaliyyətimlə yardımçı ola biləcək savadlı və praktik qabiliyyətli kadr kimi dönəcəm”

Rusiyada tibb təhsilini davam etdirən Kamin Rəhmətovla olan müsahibəni oxuculara təqdim edirik:
(Əvvəli ötən sayımızda)
-Kurskda soydaşlarımızın fəaliyyəti, diaspor işi necə qurulub?
-Kursk şəhərində, məndə olan məlumata görə, diaspor fəaliyyəti artıq qurulub, amma yenidir. Artıq bir neçə toplantıları olub və qarşıdakı dönəmdə aktiv fəaliyyət planı müəyyənləşdirilib. Hələ ki, diaspor tərəfindən tələbələrlə bağlı tədbirlər olmayıb, amma olduğu təqdirdə böyük məmnuniyyətlə iştirak edərəm. Üzv olub və tədbirlərdə aktiv iştirak etmək istədiyim təşkilat Rusiya Azərbaycanlı Gənclər Birliyidir. Leyla xanım Əliyevanın rəhbərliyi ilə RAGB-nin fəaliyyəti Rusiyada aktiv, hərtərəflidir və uğurları çox yüksək dəyərləndirilir. Bundan başqa, Kurskda olan soydaşlarımızdan həm şəhər administrasiyasında, həm də digər dövlət orqanlarında önəmli vəzifələrin icrasında olan şəxslər çoxdur. Həmçinin, çalışdığım əyalət xəstəxanasında bir neçə aparıcı klinisistlər, həkim-cərrah azərbaycanlıdır. Ciddi biznes və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan həmyerlilərimiz də çoxdur. Burada yeni olduğum üçün azərbaycanlıların fəaliyyətini tam dəyərli xarakterizə edə bilmirəm. Tələbələrimiz də aktivdirlər. Həm KDTU-da, həm də digər dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələr çoxluq təşkil edirlər. İctimai fəaliyyəti ilə fərqlənən, əla qiymətlərlə oxuyan tələbələrimiz var. Bir neçə soydaşımız KDTU-da diplom sonrası ixtisas pilləsi üzrə və aspirantura üzrə təhsil alır. Qürurverici məqamdır ki, hətta təyin olunan vaxtdan 1 il erkən elmi işini tamamlayan və artıq yaxın zamanda yekun elmi ad üçün müdafiəyə hazırlaşan aspirantımız var.
- Bəs, Azərbaycan gəncliyinin hazırkı durmunu necə xarakterizə edərdiniz?
-Hazırkı Azərbaycan gəncliyində baş qaldıran aktivlik gözəçarpan dərəcədədir və bunu görməmək mümkün deyil. Həm təhsil sahəsində gənclərin aktivliyi, əldə etdiyi uğurlar, dünyanın çox nüfuzlu tədris müəssisələrinə qəbul olmaları, orada müvəffəqiyyətlə təhsil almaları, həm də ictimai işlərdə aktiv iştirakları, ölkənin tanınması istiqamətində aparılan kampaniyalara verdikləri töhfələr təqdirəlayiqdir. Gənclərimizin istər Qarabağ məsələsi ilə bağlı çox insanların bilmədiyi gerçəkləri ortaya qoymaları, sərgiləmələri və bunun üçün irimiqyaslı tədbirlər təşkil edərək tutarlı faktlar göstərmələri, istərsə də Xocalı soyqırımının tanınması məsələsi ilə aparılan işləri alqışlayıram. Ələlxüsus, RAGB-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya Ədalət” kampaniyası dünya ictimaiyyətində rezonans yaradıb. Belə ki, illərlə erməni diasporları ayrı-ayrı ölkələrdə antiazərbaycan kampaniyası aparırdılar. Xocalı və Qarabağla bağlı məsələlərin real tərəfi işıqlandırılandan sonra insanlar gerçəkləri bildilər və Azərbaycan, azərbaycanlılar haqqında olan mənfi fikirlər tamam yeni müstəvidə olan müsbət fikirlərlə əvəz olundu. Ölkəmizin işğaldan əziyyət çəkdiyi bir daha geniş şəkildə vurğulanır. Ən başlıcası illərdir belə bir ağır situasiyanın mövcudluğuna baxmayaraq, yenə Prezident İlham Əliyevin bir daha günahsız insanlar ölməsin deyə, müharibəyə deyil, daha çox sülh yolunda israr etməsi ölkəmizin və insanımızın necə bir humanist və liberal dəyərlərə sahib olduğunu qətiyyətlə təsdiq edib. Bütün bu reallıq və həqiqətlərin əsasını gənclərin təşkil etdiyi kampaniyalarla dünya ictimaiyyətinə çatdırılmasından sonra hansısa erməniyə havadarlıq edən “şəxslər” müdafiə tipli çıxışları ilə özlərini daha gülünc duruma salırlar. Belə məqamlarda üstünlüyümüzü görmək qürurvericidir.
Həmçinin, Azərbaycan gəncinin bu yaxınlarda baş tutan, doğma Vətənimin möhtəşəm şəkildə ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında iştirakı, həm könüllülər dəstəsi, həm uğur qazanan idmançılarımızın timsalında layiqli mövqelərə çatmasını bariz şəkildə sübut etdi. İlk dəfə olmasına baxmayaraq, gənclərimiz aldıqları təlimlər sahəsində özlərini kifayət qədər səriştəli və təşkilatçılıq aspektindən doğrultdu. Bu böyük təcrübə ölkə gənclərinə gələcəkdə bu tipli kütləvi xarakterli tədbirlərin keçirilməsində çox yardımçı olacaq deyə, düşünürəm.
Onu da deyim ki, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bütün strukturların bu tədbir üçün sinxron şəkildə uğurla çalışmasını sadəcə bir sözlə ifadə etmək olarsa, təqdirə və alqışa layiq idi. Ölkədən kənarda olmağıma baxmayaraq, açılış və bağlanış təbdirini, yarışları izləyərkən qürurlanırdım, hətta universitetdə mənim Azərbaycandan olduğumu bilən şəxslər Oyunlar barədə, Azərbaycan haqqında öz gözəl, müsbət, dəyərli fikirlərini mənimlə bölüşürdülər. Hər dəfə belə insanlarla ünsiyyətdə olduqca, bir az daha qürurlanırdım və açığı həmin məqamda ulu öndərimizin söylədiyi tarixi ifadə yadıma düşürdü- “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
-Rusiyada oxuyan azərbaycanlı gənclərdən söz açdınız. Bəs son illərdə xaricdə oxuyan tələbələr ordusunun sırasının genişlənməsini necə dəyərləndirərdiniz?
-Bir milləti ancaq onun savadlı insanları xilas edə və qoruya bilər və bu danılmaz reallıqdır. Ölkəmizdə təhsilə bununla bağlı verilən dəstək heç də anlamsız deyil. İstər dövlət dəstəyi, istərsə də digər. Son dövrlər üçün artan tendensiya-tələbələrin xarici universitetlərə qəbulu və ya diplom sonrası təhsil üçün müraciət edən şəxslərin çoxluğu və hər il bir az daha artması ölkənin gələcəkdə savadlı kadr çatışmazlığı problemini həll etmiş olur və həm də yüksək ixtisaslı kadrların formalaşaraq, öz ölkəsinə qayıdıb xidmət etməsi hər baxımdan təqdirəlayiqdir. Məsələn, şəxsi müşahidəmdən söyləyə bilərəm ki, qardaş Türkiyədə, Almaniyada tibdə uzmanlıq təhsili üçün uğurlu imtahan vermiş tələbələrin sayını 10 il əvvəlki rəqəmlərlə müqayisə etdikdə sadəcə heyrətlənməmək mümkün deyil. Həm də uğurlara görə heyrətlənirsən-bir neçə dəfə ardıcıl olaraq xarici tələbələr arasında ilk yerləri tutan azərbaycanlı gənclər olurlar.

“Bir neçə soydaşımız KDTU-da diplom sonrası ixtisas pilləsi və aspirantura üzrə təhsil alır. Qürurverici məqamdır ki, hətta təyin olunan vaxtdan bir il erkən elmi işini tamamlayan və artıq yaxın zamanda yekun elmi ad üçün müdafiəyə hazırlaşan aspirantımız var”.

Gənclərin dövlət proqramına müraciət etməsi və dövlət tərəfindən prioritet ixtisas üzrə dəstək görməsi əlbəttə sevindiricidir və bu gənclərimizin bütün potensialının öz ixtisasına sərf etməsinə birbaşa yardım edir. Həm də daim dövlət qayğısını hiss etməsi onun özgüvəncini artırır. Axırıncı söylədiyim məqam xaricdə təhsil alan tələbələr üçün çox önəmli psixoloji dəstək faktorudur.
- Bəs, ölkəmizdə necə, gənclərimizə təhsil üçün yaradılan şərait sizi qane edirmi?
- Mən deyərdim ki, normal maddi-texniki bazaya malik təhsil müəssisələrimiz kifayət qədərdir. Buna bir misal söyləmək istərdim. Son 6 il ərzində mənim təhsil aldığım Azərbaycan Tibb Universiteti üçün Prezident İlham Əliyevin bilavasitə dəstəyi ilə iki böyük və ən müasir təchizata malik Tədris Terapevtik və Tədris Cərrahiyə Klinikası inşa edilərək, tələbə-müəllim heyətinin istifadəsinə verilib. Bu yeni format dünyada olan aparıcı tibb təhsili verən tədris müəssisələrinin təcrübəsidir. Yəni, özünün sərbəst əsaslarla idarə olunan tədris-klinik bazasının olması! Həmçinin, ölkənin digər aparıcı klinikalarında yaradılan mövcud şərait də bunu deməyə əsas verir. Bildiyim qədəri ilə,digər universitetlərimizin yenidən maddi-texniki bazasının qurulması, həmçinin gənc elmi tədqiqatçılar üçün şəraitin yaradılması aktual məsələlərdəndir. Azərbaycan Diplomatik Akademiyası, Bakı Ali Neft Məktəbi, Qafqaz Universiteti kimi reytinqli universitetlərimizin olmasını unutmaq olmaz. Universitetlərimizdə mövcud tədrisin səmərəliliyi bilavasitə professor-müəllim heyətindən asılıdır. Əgər tələbkarlıq olarsa, adekvat cavab əldə olunar, bu da yaxşı təhsil almaq, real savadlanmaq deməkdir. Düşünürəm ki, bu və ya digər əsassız bəhanələr gətirərək tədrisə laqeydlik göstərilməsi sadəcə faciəyə gətirib çıxara bilər. Ələlxüsus, tibb sahəsindən- insanların həyat və yaşamını həvalə etdiyi şəxslərin peşəkarlığından söhbət gedirsə. Ən dəyərli faktor insan faktorudur!
Əsas məqamlardan biri də diplom sonrası əlavə təhsil və işləməklə bağlı olan məsələlərdir. Artıq bir neçə ildir ki, keçirilən dövlət qulluğuna qəbul imtahanları, tədris və iş sərgiləri, müəllimlərin işə qəbulunda təkmilləşən sistem bu yolda kifayət qədər irəliləyişin olmasını göstərir. Bir məqamı vurğulamaq istərdim ki, bəzi insanlarımız hər şeyin, bütün problemlərin bir göz qırpımında, bir əmr və ya sərəncamla həll olunmasını gözləyir. Amma azacıq dünyagörüşü olan insan gözəl anlayır ki, bunun üçün zaman lazımdır, məsələnin insanımızın da üzərinə düşən məsuliyyətli tərəfləri vardır. Məsələn istədiyin ixtisas üzrə çalışmaq üçün o sahənin parametrlərinə cavab verən kadr olmaq kimi. Mən şəxsən inanmıram və bu günədək görməmişəm ki, ixtisasını həm nəzəri baxımdan, həm də praktik olaraq dərindən bilən bir kadr işsiz qalsın... Düşünürəm ki, bir vətəndaş olaraq orta və ali məktəbdə oxuyarkən belə, öz məsuliyyətimizi dərindən dərk etməliyik.
-Müsahibə maraqlı alındı, oxucularımız üçün gələcək həkimin planları, arzuları maraqlı olar.
- Mən sizə müsahibəni maraqlı edən suallar verdiyiniz üçün təşəkkür edirəm. Gələcək planlarıma daxil olan bir neçə məqamı sadalamaq istərdim- ölkə üçün prioritet olan ixtisas üzrə formalaşmaq və həmçinin paralel olaraq elmi klinik çalışmaları davam etdirmək və müvafiq elmi dərəcələri müdafiə etmək. Həmçinin, arzum əldə etdiyim elmi nəticələr barədə beynəlxalq elmi konfranslarda çıxışlar etmək, ölkəmizi layiqincə təmsil etməkdir. Ən başlıcası, ölkəmin insanlarına həkimlik fəaliyyətimlə yardımçı ola biləcək savadlı və praktik qabiliyyətli kadr olmaqdır!
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info