X.Vəliyev: “ Cinayətlərin aşkarlanması sahəsində intensivlik artırılmalıdır”
Tarix: 24.07.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


“Ölkə başçısının korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi tapşırıqlar prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyur”

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2015-ci ilin birinci yarım ilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini, diqqətə çatdırıb. Bildirib ki, 2015-ci ilin birinci yarım ilində ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub. Ötən ay ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etdiyini xatırladan hərbi prokuror Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və fövqəladə xidmətləri sayəsində bu Oyunların yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayıb.
Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirib ki, son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərə nail olunub. Cari ilin altı ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.
Hərbi prokuror qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2015-ci ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma, qəsdən sağlamlığa ağır zərər vurma, eləcə də rüşvətxorluq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları ümumiyyətlə qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 98,8 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
Bildirilib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı qeydə alınıb. Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib.
Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarım ilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 25 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. Prezidentin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 13-də altı ayın yekunlarına dair iclasındakı nitqində korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən görülən tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.
Xüsusi vurğulanıb ki, 2015-ci ilin birinci yarım ilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.
Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 63 yoxlama keçirilib, nəticədə 1064 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 98 təqdimat göndərilib, 125 nəfərə xəbərdarlıq edilib, 30 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 76 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 203 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 20 apelyasiya protestinin 46,2 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 78 məhkəmə prosesi keçirilib.
Cari ilin birinci yarım ilində hərbi prokurorluq orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş mərkəzi aparatda qəbul edilib. Ərazi hərbi prokurorluğunda 1491 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.
Hərbi prokuror, ədliyyə general–leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.
Kollegiyada məruzə ətrafında çıxış edən respublika hərbi prokurorunun müavinləri Şəfahət İmranov, Rasim Kazımov, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov, Tərtər hərbi prokuroru Fuad Məmmədov, Füzuli hərbi prokuroru Natiq Həsənov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info