Ərzurum Universitetinin tələbəsi Heydər Abdullayev :“Biz Azərbaycana xidmət edən gənclərik”
Tarix: 27.07.2015 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan ölkə başçısı onu da qeyd etdi ki, bizim siyasətimiz Azərbaycanın maraqları üzərində qurulub və heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz: “Onu da deməliyəm ki, Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
Gənclərimiz də ölkə başçısının söylədiyi bu fikirlərdən çox razı qaldıqlarını və hər bir azərbaycanlı gəncin bu fikirlərə diqqət yetirməsinin vacibliyini deyirlər. Bu gənclərdən biri də Türkiyənin Ərzurum Universitetinin tələbəsi Heydər Abdullayevdir. H.Abdullayevin sözlərinə görə, ölkəmiz son illərdə sürətlə inkişaf edir və heç şübhəsiz ki, bu inkişafın başlıca səbəbi ölkə başçısının yeritdiyi uğurlu daxili və xarici siyasətdir: “Azərbaycan son illərdə mühüm enerji layihələrinin iştirakçısıdır. TAP və TANAP kimi mühüm enerji layihələri ölkəmizin bilavasitə iştirakı ilə həyata keçirilir və Avropanı enerji daşıyıcıları ilə məhz bizim ölkənin təmin etməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bakı-Tbilisi- Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr də məhz bizim ölkənin yaxından iştirakı ilə həyata keçirilir. Artıq heç kimə sirr deyil ki, ölkəmizdə aparılan uğurlu daxili siyasət nəticəsində bölgələrimiz xeyli dərəcədə inkişaf edib. Bölgələrimizdə olimpiya idman kompleksləri, təmir-abadlıq işləri, ölkəmizin təhsil sistemində yeni - yeni məktəb binaları, tədrisdə kurikulumdan geniş istifadə tədricən bəhrəsini verməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə aparılan iqtisadi, siyasi, sosial siyasət nəticəsində ölkəmiz hazırda dünyada güclü bir ölkə kimi tanınıb. Ölkəmiz idman sahəsində də gündən – günə daha böyük nailiyyətlər qazanan ölkə kimi məşhurlaşıb. Bu yaxınlarda ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında idmançılarımızın qazandıqları möhtəşəm qələbələr dediklərimizi bir daha təsdiq edir. Təhsil sahəsində də uğurlarımız həndəsi silsilə kimi artır. Bütün bunlar isə bir daha ölkə başçısının apardığı düzgün daxili və xarici siyasətdən xəbər verir. Ordu quruculuğunda da son zamanlar çox uğurlu nailiyyətlər əldə edilir. Bu barədə danışarkən təkcə onu demək kifayətdir ki, Azərbaycanın müdafiə sahəsinə ayırdığı vəsait düşmən ölkənin büdcəsindən çoxdur. Möhtərəm Prezidentimiz biz gənclərə də çox böyük diqqət və qayğı göstərir. Artıq xaricdə təhsil almaq üçün çox əlverişli şərait yaranıb. Ölkəmizin özündə də təhsil ildən-ilə inkişaf edir. Belə ki, bu gün ölkəmizdə Avropa standartlarına cavab verən çoxlu sayda orta və ali məktəblər var.
Hazırda Bakı dünyanın ən gözəl paytaxt şəhərlərindən biridir. Burada gəzib -görməli çoxlu sayda tarixi abidələr, muzeylər, ən son tələblərə cavab verən müasir tipli binalar və s. var. Hazırda ölkəmizə çoxlu sayda turistlər gəlir və onların demək olar ki, hamısı bir nəfər kimi Bakının əzəmətindən, gözəlliyindən, müasirliyindən ağız dolusu danışırlar. Əlbəttə, Bakının son dövrlər bu qədər gözəlləşməsi, ən müasir tipli binaların tikilməsi və tarixi abidələrimizin qorunması istiqamətində görülən tədbirlər bir daha ölkə başçısının yeritdiyi daxili və xarici siyasətin əyani təzahürüdür”.
Müsahibimiz onu da bildirdi ki, ölkəmizin belə yüksək səviyyədə inkişaf etməsi istər ölkə daxilində, istərsə də ölkə xaricində bir çox dairələrin heç də ürəyincə deyil: “Onlar müxtəlif bəhanələrlə ölkəmizə qara yaxır, ayrı - ayrı böhtanlarla bacardıqları qədər ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuza xələl gətirmək istəyirlər. Ölkəmizin bu il I Avropa Oyunlarını keçirməsi ilə bu böhtanlar, qərəzkarlıq, intriqalar daha da güclənib. Belə ki, onlar bir çox Avropa ölkələrində özlərinə “isti yuva” quran erməni lobbisinin əli ilə demokratiya və insan hüqüqları arxasında gizlənərək ölkəmizə qarşı öz məkrli siyasətlərini, böhtanlarını iyrənc şəkildə davam etdirirlər. Bu barədə danışarkən bir sıra Qərb ölkələrinin mətbu orqanlarının ölkəmizə qarşı xüsusilə qərəzli, qeyri- konstruktiv mövqe tutmasını ayrıca qeyd etmək istərdim. Halbuki, bu Avropa ölkələrinin Azərbaycana ehtiyacı var. Elə bu yaxınlarda möhtərəm Prezidentimiz nazirlərlə görüşündə də bu məsələyə ciddi şəkildə toxundu. Prezident bildirdi ki, kimliyindən asılı olmayaraq Azərbaycanı nahaqdan tənqid etməsini, bizə qarşı qərəzkar mövqeyini normal hal kimi qəbul edə bilmərik. Əlbəttə, bu ciddi mesajdır. “Bəzi göylə gedənlər” indi Azərbaycanın necə güclü bir liderə sahib olduğunu bildilər. Xüsusilə Prezidentimizin “Almaniya Bundestaqı özünü nə zənn edir?!” cümləsi bir Azərbaycan vətəndaşı kimi məndə qürur hissi yaratdı ki, ölkəmiz necə də güclü bir liderə sahibdir. Prezidentimiz sanki bütün dünyaya mesaj verdi ki, Azərbaycan bəzi ölkələrdən fərqli olaraq müstəqil xarici siyasət yeridir və heç kimin Azərbaycan xalqının iradəsinə müdaxilə etməyə nə haqqı, nə də hüququ var. O, daha sonra fikrinə davam edərək bildirdi ki, bizim Avropa Şurası kimi bir quruma ehtiyacımız yoxdur. Qərb dövlətləri özləri bu gün biabırçı vəziyyətdədir. Avropa ölkələrində işsizlik tüğyan etməkdədir. Həmin ölkələrdə kasıblıq, insanların həyat səviyyəsinin çox aşağı olması diqqəti cəlb edir”. Onun sözlərinə görə, Avropa ölkələrinin özündə də polis zorakılığı və irqçilik var və bu özünü bir çox hallarda kifayət qədər qabarıq şəkildə göstərir:” Almaniya sakinlərindən artıq polis zorakılığına görə Avropa məhkəməsinə yüz mindən çox şikayət olunub. Almaniyanın özündə hazırda işsizliyin artdığını deyən müsahibimiz deyir ki, İngiltərədə də iqtisadi böhran sürətlə artmaqdadır.
Onu da qeyd edim ki,bu yaxınlarda Kanadada Azərbaycana qarşı pozuculuq işləri aparmaq üçün xüsusi qrup yaradılıb. Son məlumatlara görə isə bu qrup üzvlərinə hər bir yazıya görə 10 min avro məbləğində pul veriləcəyi deyilir. Məbləğin bu qədər yüksək olması Azərbaycanın bəzi dairələr üçün necə də dəyərli bir ölkə olduğunun əyani göstəricisidir.
Yuxarıda dediklərimi yekunlaşdıraraq bildirmək istərdim ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar, ölkəmizi haqq işində ləkələyənlər, xalqımızın torpaqlarımız uğrunda apardığı mübarizədə ona badalaq vuranlar, beynəlxalq mübarizədə məğlubiyyətimizi istəyən ölkələr hökmən qarşılarında Azərbaycan gəncliyini görəcəklər. Çünki biz Azərbaycana xidmət edən gənclərik”.

Nigar Abdullayeva







 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info