“Yeni turizm strategiyasında elektron viza şərtləri formalaşdırılmalıdır”
Tarix: 29.07.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Səbuhi Aslanov: “Elektron vizaların verilməsi, yaxud viza şərtlərinin sadələşdirilməsi fonunda da ölkə başçısının göstərişləri qısa müddətdə reallaşdırılarsa, turizm gəlirlərinin artacağı danılmaz
faktdır”

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev ölkədə turizmin inkişafı istiqamətində mövcud problemlərə toxunaraq onların həllinin vacib olduğunu bildirmişdi: “Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək”.
Qeyd edək ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra turizmin inkişafı prioritet olub. Turizmin inkişafı istiqamətində bir sıra dövlət proqramları təsdiq olunub, “Turizm ili” elan olunub. Bu sektorun inkişafı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilsə də bir sıra problemlərin hələ də həllini tapmaması turizmin istənilən səviyyədə inkişafına maneə yaradır. Son illər ölkəyə gələn turistlərin sayında artım müşahidə edilsə də hələ ki, bu rəqəm yetərincə deyil. Bu isə onu göstərir ki, ölkəmizi kifayət qədər turizm ölkəsi kimi tanıda bilməmişik. Turizmin inkişaf etdiyi ölkələrdə kiçik bir imkandan istifadə etməklə turist cəlbinə nail olurlar. Məsələn, Türkiyənin Gümüşhanə vilayətinin Torul qəsəbəsində dünyada mövcud olan bir neçə damçılı daş mağaraları arasında yer alan Karaca mağarasını təkcə Ramazan bayramı tətilində 4 min yerli və xarici turist ziyarət edib. 150 milyon il öncə ərimə nəticəsində yaranan Karaca mağarasını ötən il ərzində isə 22 min nəfər ziyarət edib. Mağaraya gələn hər 4 nəfərdən biri xarici vətəndaşdır ki, onların əksəriyyətini ərəblər təşkil edib. Məhz buna görə də mağaraya ərəbcə bilən xüsusi nümayəndə təyin edilib. Beləliklə, həm ingilis, həm də ərəbcə danışan rəhbərin olması nəticəsində ötən ilin Ramazan bayramı tətilinə nisbətən xarici turistlərin sayında 82 faiz, 7 aylıq müddətdə isə 100 faizdən artıq say çoxluğu müşahidə edilib. Beləliklə, buradan da görünür ki, turistləri daha çox cəlb etmək üçün onların maraq dairəsini düzgün seçmək lazımdır.

“Xüsusilə də bölgələrin turizm perspektivlərinin və turizm cəlbediciliklərinin rəqabətədavamlı olmaması kimi problemlərlə
rastlaşırıq”


Mütəxəssislər də ölkədə turizmin inkişafı və bu istiqamətdə mövcud problemlərin həllinin vacib olduğunu deyirlər. Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Səbuhi Aslanov bildirdi ki, ölkəmizin turizm göstəriciləri üzrə son illərin statistik rəqəmlərinə baxdıqda ölkəmizə gələn turist sayında ciddi artımlar var: “Amma sərmayənin geri dönüşü aspektindən məsələyə münasibət bildirsək vəziyyətin arzuolunmaz olduğunu görərik. Xüsusilə də bölgələrin turizm perspektivlərinin və turizm cəlbediciliklərinin rəqabətədavamlı olmaması kimi problemlərlə rastlaşırıq. Problemin ikinci ciddi məqamlarından biri isə yerli turistlərin daha az məsrəfli olması səbəbindən kənd turizmi istiqamətində meyillərinin yüksəlməsidir. Bu kimi problemlərin həlli ilk növbədə turizm planlamasının strateji məqsədlər nəzərə alınmaqla operativ və real hədəflərə istiqamətlənməsidir. Lakin qeyd olunan turizm planlaması yalnız mərkəzdən - paytaxtdan müəyyənləşdirilən strateji kurs olaraq görülməməlidir. Ən yaxın inkişaf etmiş rəqabətədavamlı turizm ənənəsinə sahib Türkiyə nümunəsinə müraciət etsək bu mənada ölkənin ayrı-ayrı şəhər və rayon yerli özünüidarəetmə qurumları olan bələdiyyələrin master plan çərçivəsində dayanıqlı büdcə gəlirliliyi formalaşdırdığını görə bilirik. Məsələn, may ayının sonunda Konya şəhərində Avrasiya Turizm Konqresində məruzəçi olaraq dəvət olunmuşdum. Konya şəhər bələdiyyəsi və icra hakimiyyətinin eləcə də Səlcuq Universitetinin təşkilati dəstəyi ilə keçirilən konqresdə yerli və xarici ölkələrdən 200-dən çox elmi tədqiqatçı, alim, iş adamları iştirak edirdi. Qeyd edim ki, yerli rəsmilərin əsas diqqət mərkəzində olan məsələlərdən biri də Konyada din turizminin daha da inkişaf etdirilməsi, xarici investisiyaları bu istiqamətdə stimullaşdırmaq idi. Ümumilikdə göstərdiyim misal üzərindən fikirlərimi bu cür qruplaşdıra bilərəm. Belə ki, şəhər, rayon bələdiyyəsi və icra orqanı yerli turizm gəlirlərinin yüksəldilməsi üzrə xarici təcrübəni öyrənməyə maraqlıdır və bunu yerli, xarici akademik tədqiqatlara müraciət etməklə əldə etmək olar. Şəhər öz turizm imkanlarını beynəlxalq elmi konfransla təbliğ edir. Yerli və xarici iş adamlarının bu istiqamətdə sahibkarlıq meyillərini formalaşdırır. Həmçinin şəhər idarəetmə orqan və qurumları akademik qurum və müəssisələrlə əməkdaşlıq edir, nəticə əldə edir. Sıfırdan turizm resursları yaratmaq yerinə, "resurs əsaslı strategiya" yürüdərək özünün sahibi olduğu turizm imkanlarını inkişaf etdirməyə daha çox sərmayə ayırır. Turizm müəssisələrində çalışan, yaxud namizəd potensial kadrların elmi araşdırmalara həvəsləndirilməsi bas verir. Bütün qeyd olunan nəticələrdən irəli gələrək ölkəmizdə inkişaf edən davamlı turizm gəlirliyinin formalaşmasına əslində çox böyük maliyyə vəsaiti ayrılmadan da nail oluna biləcəyini deyə bilərik”. Bunun üçün zəruri turizm resurslarına sahib olduğumuzu deyən S.Aslanov deyir ki, problemin həlli üzrə strategiyanın akademik platformada qabardılması, bu istiqamətdə səylərə dəstək verilməsi vacib elementlərdəndir: “Xüsusilə qeyd edim ki, bütün müəssisə və qurumlar, istər yerli icra və özünüidarə qurumları, istərsə də turizm müəssisələri akademik çalışmalar ətrafında plan təşkil etməlidir. Mehmanxana və otellərin süni yüksək qiymət tariflərinin azaldılması, personal xidmət etikasının formalaşdırılması, rəqabətədavamlı, hətta özü tələb formalaşdıran turizm cəlbediciliklərinin artırılması məhz bu vəziyyəti nizamlamaqla daha da asanlaşacaq”.
Bu sahədə mövcud olan digər problemə gəldikdə isə S.Aslanovun fikrincə, bu, məhz viza problemi ilə bağlıdır: “Konyada həmin iştirak etdiyim konfransdan sonra elmi dərəcəsi olan müəllim heyəti ilə səmimi bir görüş təşkil etdik. Həmin görüşdə universitetlərarası qarşılıqlı əməkdaşlıqla bağlı müraciətimi xoş qarşıladılar, amma viza probleminin bu cür münasibətlərə ciddi zərər vurduğunu qeyd etdilər. Xüsusilə nəzərə alsaq ki, Türkiyəyə vizasız şəraitdə gediş-gəliş mümkündür, bu halda Azərbaycan turist kimi müraciət edən Türkiyə vətəndaşları çoxluğuna qarşı baryer təşkil edilmiş kimi görünə bilər. Ölkəmizdə təşkil oluna biləcək elmi-tədqiqat əhəmiyyətli beynəlxalq konfransların təşkili üçün daha asan prosedurlar müəyyənləşdirilə bilər. Elektron vizaların verilməsi, yaxud viza şərtlərinin sadələşdirilməsi fonunda da ölkə başçısının göstərişləri qısa müddətdə reallaşdırılarsa, turizm gəlirlərinin artacağı danılmaz faktdır. Belə ki, ölkəyə gələn turistlər viza problemini digər ölkələrdə olduğu kimi yaşamaqdadırlar. Viza baryeri xüsusilə xarici bədnam maraq dairələrinin mövcudluğu şəraitində təhlükəsizliyin təmin olunmasında ilkin şərtlərdəndir. Lakin artıq bir çox ölkələr bu baryeri elektron mühitə uyğun təşkil etməklə yanaşı, qonaqlama və digər xidmətlərlə koordinasiya ediblər. Bu da turistin qısa müddət ərzində elektron viza vasitəsilə uzunmüddətli səfərlər təşkil etməsində əhəmiyyətli stimul rolu oynayır. Fikrimcə, uzunmüddətli, strateji planların hazırlanması, yaxud yeni turizm strategiyasının müəyyənləşdirilməsində öncə turistik cəlbediciliyin yüksək olmasından asılı olmayaraq Prezidentin də qeyd etdiyi kimi elektron viza şərtləri formalaşdırılmalı və müvafiq qurumlar bu mənada fəaliyyətlərini sürətləndirməlidirlər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info