N. Paşayeva: ”Elm olmayan yerdə təbii sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq”
Tarix: 31.07.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Dünya məktəblilərinin Bakıdakı həyəcanlı, gərgin mübarizə, güclü və ədalətli rəqabət şəraitində keçən yarış günləri başa çatdı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vuruldu. Bu möhtəşəm bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak edirdi. Qeyd edək ki, Olimpiada zamanı qapılarını 600-ə yaxın qonağın üzünə açan Moskva Dövlət Universitetinin Bakı filialı dünya miqyaslı bu yarışmanın tam yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyib. Yarışmanın tam qaydalara uyğun baş tutması üçün filial rəhbərliyi tərəfindən hər cür şərait, elmi baza yaradılıb. Olimpiada zamanı iştirakçılar verilən tapşırıqları yerinə yetirmək üçün heç bir korluq çəkməyiblər. Çünki filialın ən müasir avadanlıqlarla təchiz edilmiş kimya laboratoriyaları burada istənilən mürəkkəb elmi tədqiqatlarına aparılmasına imkan verir.
İyulun 28-də Heydər Əliyev Mərkəzində bu ümumdünya bilik yarışmasının bağlanış mərasimi baş tutdu. Mərasimin əvvəlində Olimpiadanın gedişini, imtahanları, iştirakçıların əyləncə saatlarını əks etdirən film nümayiş etdirildi. Olimpiadanın Elmi Komitəsinin sədri, professor Fikrət Quliyevin imtahanların keçirilməsi ilə bağlı hesabatı dinlənildi.

Ən yaxşı olimpiada

Olimpiadanın Rəhbər Komitəsinin sədri, Cənubi Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li olimpiada barəsində təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yüksək təşkilatçılıq fəaliyyətini qeyd edərək, olimpiadanın keçirilməsində əməyi olan hər bir kəsə, xüsusilə yarışmanın prezidenti, professor Nərgiz Paşayevaya təşəkkür edib. Dakvan Li yarışma iştirakçılarının Bakı ilə tanışlıqdan çox məmnun qaldığını, bu yarışmanın onların həyatında böyük iz buraxacağını bildirib.
O, Bakıdakı təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi “ən yaxşı olimpiada” kimi qiymətləndirib.

190 medal sahiblərini tapdı

Olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edilib. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə etmiş 10 məktəbli “Fəxri fərman”a və hədiyyələrə layiq görülüb. Daha sonra ən böyük medalçı qrupu - bürünc medal sahiblərinin adları açıqlanıb. Bürünc medallar olimpiadanın təşkilat komitəsinin üzvləri, akademik Akif Əzizov, YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova, BKO-nun elmi komitəsinin həmsədri, Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Aleksandr Qladilin tərəfindən təqdim olunub. Ümumilikdə 92 nəfərə bürünc medal təqdim olunub. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçisi var. 33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb. Nəhayət, olimpiadada ən yüksək nəticə göstərərək qızıl medal əldə edən məktəblilərin adları səsləndirilib. Onlara mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri, Cənubi Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li təqdim ediblər. Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib. Qızıl medal alan ölkələrə Çin (4 medal), Tayvan (4 medal), Koreya (4 medal), Hindistan (2 medal), Yaponiya (2 medal), Rusiya (2 medal), Rumıniya (2 medal), Sinqapur, Polşa, Qazaxıstan, Almaniya, ABŞ, Litva, Tailand, Estoniya, Vyetnam, Macarıstan, Slovakiya, Serbiya, Çex Respublikası, Türkiyə və İran daxildir.

Birincilərin birincisi

Ən yüksək bal toplayan məktəbliyə “Birincilər birincisi” mükafatını Bakıdakı Dünya Kimya Olimpiadasının bütün təşkilat yükünü öz çiyinlərində daşıyan, bu 10 gün ərzində gənc kimyaçıların doğma evinə çevrilən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim edib. Nəticələrə görə, Çin komandasının üzvü Yifu Ouyanq həm “Birincilər birincisi”, həm də “Ən yaxşı nəzəriyyəçi” adına layiq görülüb. ABŞ təmsilçisi David İ-Hsuan Vanq “Ən yaxşı təcrübəçi” adını qazanıb.
Bağlanış mərasimində həmçinin, müxtəlif kateqoriyalar üzrə ən yaxşı nəticə göstərən gənc kimyaçılar mükafat və sertifikatlarla təltif olunublar. Belə ki, iki imtahanda ən çox bal toplayan olimpiada iştirakçıları “Ən yaxşı nəzəriyyəçi” və “Ən yaxşı təcrübəçi” kimi xüsusi sertifikatlara layiq görülüblər.

Azərbaycanlı şagirdlər medalçılar sırasında

Qürurverici haldır ki, Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlərimiz olub. Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və “İstək” liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər. Mərasim zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, milli və müasir musiqi nümunələri ilə tanış olmaq imkanı yaradılıb. “Natiq” Ritm qrupunun sevilən kompozisiyaları, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı sürəkli alqışlarla müşayiət olunub. Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov və "Eurovision" təmsilçimiz Səbinə Babayevanın dueti maraqla qarşılanan musiqi nömrələrindən birinə çevrilib.
“Baş verən hadisələrin əsas katalizatoru – insandır”

Rəsmi mərasimin yekun nitqi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva tərəfindən səsləndirilib: “İlk növbədə gənc, istedadlı və çalışqan Olimpiada iştirakçılarını təbik etmək istəyirəm! Beləliklə, gərgin, maraqlı, həyəcanlı, hər an dəyişən xəbərlər və çalarlarla dolu olan həftəni birlikdə başa vurduq. Bu həftə bizə nələri öyrətdi? Bir daha əmin olduq ki, Olimpiadanın devizində deyildiyi kimi, həyat doğrudan da böyük bir laboratoriyaya bənzəyir. Bu laboratoriyanın ən dəyərli, ən bahalı, ən əvəzedilməz cihazı - insan beynidir! Baş verən bütün hadisələrin əsas katalizatoru da insanın özüdür! Sizin imtahanlarda olduğu kimi, məcazi mənada desək, həyatın özü də 2 turdan ibarətdir – praktik və analitik, həyatda da nəzəri və praktik aspektlər var. Amma mühüm odur ki, gözəl nəzəriyyə gözəl əməllərlə üst-üstə düşsün və bir-birini tamamlasın. İmtahan zamanı mən sizin necə gərgin işlədiyinizi, diqqətinizi cəmləməyə çalışdığınızı müşahidə etdim. Sizin davranışınız mənə Azərbaycanın bir atalar məsəlini xatırlatdı: “Ehtiyat igidin yaraşığıdır”. Hətta mürəkkəb laboratoriya tapşırıqlarını izlərkən, bu məsəlin yeni variantını düşündüm: Ehtiyat igidin və kimyaçının yaraşığıdır. Həyatda da kimya laboratoriyasında olduğu kimi hünərli, riskli olmaqla yanaşı, eyni dərəcədə ehtiyatlı və hazırlıqlı olmalısan.
Əziz dostlar, yadımdadır, siz imtahana ayrılan zamanın – 5 saatın az olduğundan danışırdınız. Amma biz böyüklərin təcrübəsi göstərir ki, mətləb odur ki, zaman heç vaxt yetərli olmur. Böyük Dantenin dediyi kimi, zaman – müqəddəs kateqoriyadır. Zaman hər şeyi tərəziyə çəkir və dürüst qiymət verir. Zamanın sınağından çıxanlar əsas, ali, qlobal imtahandan da çıxmış olurlar. Arzulayırıq ki, zaman gələcəkdə sizi həmişə uğurlara bağlasın, həmişə ucaltsın. İlk görüşümüzdə demişdik ki, Azərbaycan, Bakı, Universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümid edirik ki, belə də oldu, bu evin divarları sizi darıxdırmadı, sıxmadı. Qonaqpərvər və xeyirxah olduğumuza inandınız. Azərbaycanı, bu qədim və gözəl diyarı xatirələrinizdə yaşadın, unutmayın. Uzaqdan-yaxından gələn gənc kimyaçılar və onları müşayiət edən heyət bizim şəhərin müasir simasını gördü. Köhnə Bakının, indikindən heç də az gözəl olmayan qədim simasını, əksini foyedəki sərgimizdən sizlərə hədiyyə etdiyimiz fotoşəkillərdən baxıb təsəvvür edə bilərsiniz. Doğmalarınızın yanına döndükdə, sizdən soruşanda ki, Bakının əsas simvolu nədir? Gözəl, sehrli, unikal, qədim Qız Qalasını Bakının əsas simvolu kimi göstərin. Romantizmi və qeyri-adiliyi hər kəsi heyran və məftun edən Qız Qalası sizin medallara da həkk olunub. Çünki bu yeganə, ölməz və qədim simvoldur. Biz pedaqoqlar, müəllimlər sizinlə fəxr edirik, çünki siz doğru seçim etmisiniz, elmin yollarını seçmisiniz. Arzum budur ki, heç zaman bu çətin və əziyyətli yoldan yorulub, usanıb dönməyəsiniz, bu şərəfli yolu axıra qədər davam etdirəsiniz, uğurlar və nailiyyətlər qazanasınız, sorağınız, adlarınız böyük dünya alimlərinin adları sırasında çəkilsin! Siz təmsil etdiyiniz ölkələrdə, əlbəttə ki, təbii sərvətlər mövcuddur: qaz, neft, qızıl, pambıq və s. Amma elm olmayan yerdə təbii sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq. İqtisadiyyat natamam və dayanıqsız olacaq, cəmiyyətdə doğru-dürüst tarazlıq yaranmayacaq. Bunların hamısı alimlərə, elmə, iti zehinə və ədalətli ürəyə bağlıdır. Məhz sizlər təbii sərvətləri milli nailiyyətlərə çevirəcəksiniz – mən buna inanıram!
Bu gün bu zalda qalibləri təltif etdik, alqışladıq. Bununla bərabər, burada medal almayan iştirakçılar da əyləşib, biz sizlərə də öz təşəkkürlərimizi və təbriklərimizi ünvanlayırıq. Kimya elmində olduğu kimi, siz əsas kütlənin tərkib hissəsi idiniz, sizsiz bu qaliblər də olmazdı. Şübhə etməyin ki, məhz siz bu günün qaliblərini qalibə çevirdiniz. Azərbaycandan hər biriniz uğur aparasınız! Sizlərə cansağlığı və ruh yüksəkliyi arzulayıram!”
Sonda N.Paşayeva təşkilat komitəsinə, elmi komitəyə, Azərbaycana təşrif buyuran alimlərə, pedaqoqlara, mentorlara və digər qonaqlara, MDU-nun kimya fakültəsinə, olimpiada keçirilməsində zəhmət çəkən hər bir kəsə və gənc kimyaçılara təşəkkürünü ünvanlayıb.
Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi növbəti ölkənin adı açıqlanıb. Bu ümumdünya elm müsabiqəsinin Rəhbər Komitəsinin yeni sədri – Macarıstandan olan Qabor Magyarfalvi növbəti yarışmanın Pakistanda keçiriləcəyini elan edib. Beləliklə, Bakıdakı olimpiadanın prezidenti Nərgiz Paşayeva müsabiqənin bayrağını Pakistandan olan baş mentor, professor Xalid Muhammed Xana ötürüb.


Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info