“Uğur qazanmaq istəyən məktəblilərin əsas məqsədi mövzuları dərindən qavramaq olmalıdır”
Tarix: 03.08.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Fərid Çələbi: “İstərdim ki, bütün məktəblərin maddi-texniki bazasına xüsusi diqqət yetirilsin”

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan bilikli və istedadlı gənclərimizin sayı ildən-ilə daha da artır. Bu isə ölkəmizin insan kapitalının formalaşmasında vacib məqamlardan biridir. Bu il ən yüksək nəticələr göstərən abituriyentlərdən biri isə Fərid Çələbidir. Onun “Palitra” qəzetinə müsahibəsini oxuculara təqdim
edirik:


-Öncə özünüzü təqdim edərdiniz.
-Mən, Çələbi Fərid Namiq oğlu 1998-ci il avqust ayının 11-də Bakıda anadan olmuşam. İbtidai təhsilimi S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında almışam. 2008-ci ildən başlayaraq sonrakı təhsilimi Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində davam etdirmiş və oradan məzun olmuşam. Qəbul imtahanında 1-ci ixtisas qrupu üzrə 695 bal toplamış və respublika 2-cisi olmuşam. Əlavə olaraq qızıl medala namizədəm.
-Təhsil aldığınız məktəb və mühit barədə ətraflı məlumat verərdiniz.
- Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi 1994-cü ildən fəaliyyət göstərir və TQDK-nın hər il elan etdiyi nəticələrə görə, ümumi statistika üzrə ön pillədə yer tutur. Bu il də qəbul imtahanında liseyin 4 məzunu 700 bal toplamış və lisey tarixində maksimum nəticə göstərən məzunların ümumi sayı 12-yə çatıb. Müəllim-şagird münasibətində səmimiyyət bizim liseyin ən əsas meyarıdır. Bundan başqa, müəllimlərimiz çox savadlı və təcrübəlidir. Onlar şagirdlərə yalnız elmi deyil, həm də əxlaqi dəyərləri və milli-mənəvi köklərə bağlılığı öyrədirlər. Liseyin hədəfi təkcə yaxşı təhsilə malik məzunlar hazırlamaqla kifayətlənmir. Ümumi məqsədin əsasını, həmçinin milli ruhda tərbiyə alan, ölkənin tarixini, mədəniyyətini və s. bilən və bu mənəvi dəyərləri hər şeydən üstün tutan gələcəyin intellektual tələbələrinə zəngin baza təhsili vermək təşkil edir. Düşünürəm ki, liseyin uğurlarının başlıca digər önəmli səbəblərindən biri də, müdiriyyətin şagirdlərə bəslədiyi səmimiyyət və təhsil prosesini yaxından izləməsidir. Ümumilikdə müqayisə aparsaq, təhsil aldığım liseyin səviyyəsinin qabaqcıl ölkələrin eyni statuslu təhsil məktəbləri ilə eyni olması qənaətinə gəlmək olar. Lakin bir məqamı da qeyd etmək istərdim ki, uğurlu nəticəmə görə borclu olduğum Lisey yeniliyə meyilli olmaqla, təhsil vermək sistemində daim məqsədəmüvafiq islahatlar aparır.
-Yüksək nəticə göstərmənizi nə ilə izah edərdiniz?
- Yüksək nəticənin qazanılması nə qədər məzundan asılı olsa da, bir o qədər də təhsil aldığın mühitdən asılıdır. Qeyd etdiklərimi nəzərə alsaq, zənnimcə, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi məzunların uğurlu nəticə əldə etməsi üçün ən ideal məktəbdir. Burdakı tədris sistemini daha təfsilatlı təhlil etsək görərik ki, təhsil müddətində liseydəki şagirdlər təkcə testlərlə işləməklə imtahana hazırlaşmır. Onlar verilən mövzunu daha ətraflı anlamağa çalışmaq üçün sırf nəzəriyyə ilə məşğul olur və geniş müzakirəli dərslər alırlar. Qeyd etdiyiniz məsələdə bu amilin böyük təsirə malik olduğunu düşünürəm.
Digər tərəfdən uğurlu nəticənin bir qismi, həm də şagirdlərdən asılıdır. Əlbəttə, bu bir aksiomdur ki, çox böyük hədəfləri olan və bunun müqabilində çox çalışan şagirdlər əksər hallarda yüksək nəticə əldə edir. Bu məqsədə çatmaqdan ötrü heç də imtahana bir-iki il qalmış intensiv çalışmaq və hazırlaşmaq kifayət etmir. Məktəblilər çalışmalıdır ki, imkan düşdükcə onlar özlərini sınasınlar. Bu, həm də təcrübə və müsabiqələrə adaptasiya baxımından çox vacibdir. Bu məsələdə mən heç vaxt özümü istisna etmirdim. Necə ki, mən 2013-cü ildə 42 ölkənin nümayəndəsinin iştirak etdiyi “İnepo-Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının qalibi oldum. Daha sonra Araz kurslarının keçirdiyi bilik yarışlarında 2012-ci ildə Bakı şəhəri üzrə 3-cü, 2013-cü və 2014-cü ildə respublika üzrə 1-ci yeri tutdum. İnformatika Layihə Olimpiadasında 2012-ci ildə 2-ci, 2013-cü ildə 3-cü, 2014-cü ildə 2-ci yerə layiq görüldüm. 3 dəfə “Sabahın alimləri” Respublika Müsabiqəsində elmi layihələrlə iştirak edərək 3-cü yeri tutmağa müvəffəq oldum.
Verdiyiniz sualla əlaqədar bir məsələni də qeyd etməliyəm ki, yüksək nəticəmin əsas memarlarından biri də valideynlərimdir. Onların məni düzgün istiqamətləndirməsi bugünkü statusumda xüsusi paya malikdir.
-Bu nəticədə əsasən, kimlərin əməyi olduğunu
düşünürsünüz?

- Vurğuladığım kimi, əldə etdiyim yüksək nəticədə təhsil aldığım liseyin, sevimli müəllimlərimin və xüsusən də valideynlərimin payı şərtsizdir. Fürsətdən istifadə edib mənə həmişə güvənmiş və dəstək olmuş valideynlərimə, müdirimiz Kadir Bektaşoğluna, Nigar Abdullayevaya, Vidadi Mirzəyevə, Kəmalə Bədəlovaya, Rəxşəndə Tağıyevaya, Dilşad Nuruzadəyə, Ramin Hüseynov və Ulduz Fətəliyevaya dərin təşəkkürlərimi bildirirəm. Onların üzərimdə çox böyük əməkləri və haqları var.
-Hansı ixtisası və ali məktəbi seçməyi düşünürsünüz?
- Əlbəttə, mən ali təhsilimlə əlaqədar, özüm üçün əvvəlcədən bir məqsəd müəyyənləşdirmişdim. Arzum elektrik-elektronika mühəndisliyi ixtisasına yiyələnməkdir. Hansı universiteti seçəcəyim barədə isə hələ düşünürəm.
-Məhz həmin ixtisas və ali məktəbləri seçəcəyinizi nə ilə izah edərdiniz?
- Yiyələnmək istədiyim sahə çox maraqlı və inkişaf etməkdə olan geniş bir sahədir. Bu sahə özündə yarımkeçiricilər fizikası, elektromaqnit, enerji sistemləri, kommunikasiya və idarəetmə sistemlərini ehtiva edir və qlobal miqyasda bununla əlaqədar fundamental və tətbiqi elmi-tədqiqat işləri daim aparılmaqdadır. Mənim bu sahəyə üstünlük verməyimə, heç şübhəsiz ki, qeyd etdiyim amillərin təsiri çox olub.
-Gələcək təhsil və ümumi planlarınız barəsində nələri
bilmək olar?

-Çalışacağam ki, indi əldə etdiyim uğuru bundan sonra da daim yüksələn tendensiya ilə davam etdirim. Yüksək səviyyəli təhsil almaqla ixtisasım üzrə peşəkar mütəxəssis kimi özümü formalaşdırım.
-Xarici təhsil planınız haqqında da ətraflı məlumatınız maraqlı olardı…
- Heç şübhəsiz ki, qəbul imtahanlarında yüksək nəticə göstərmiş çoxsaylı məzunlar kimi, mən də gələcək təhsilimi xariclə əlaqələndirirəm. Hədəflərimdə bir neçə ölkə var. Əlbəttə, qismət olsa öz məqsədimə çatacağam.
-Təhsil alan məktəblilərə tövsiyələriniz nə ola bilər?
- Əvvəldə vurğuladığım kimi, qəbul imtahanında uğur qazanmaq istəyən məktəblilərin əsas məqsədi mövzunu əzbərləmək olmamalı, əksinə onu daha dərindən qavramaq olmalıdır. Təcrübəmdən çıxış edərək bir məsələni qeyd edim ki, qəbul imtahanında bir sualı 2-ci dəfə yoxlayarkən gözümdən kiçik bir detalın qaçdığını sezdim və səhvimi düzəltdim. Bunları nəzərə alaraq deyə bilərəm ki, qəbul imtahanında diqqət və səbir ən vacib faktorlardır. İmtahana hazırlaşan şagirdlərə başlıca tövsiyəm özünə inamlarını heç zaman itirməməkdir.
-Təhsil sahəsində hansı yenilik və dəyişiklikləri görmək istərdiniz?
- İstərdim ki, bütün məktəblərin maddi-texniki bazasına xüsusi diqqət yetirilsin. Əgər bu reallaşarsa, onda müəllimlər şagirdlərə öyrətmək istədikləri hər hansı bir nəzəri məsələni təcrübə ilə göstərə biləcəklər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info